Paytaxtda ümumxalq yürüşü keçirildi

 

Fevralın 26-da Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürüşdə iştirak etdi.

Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Ön sırasında Prezident İlham Əliyevin olduğu yürüş iştirakçıları “Azadlıq” meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Bu izdihamlı yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, ”Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” və sair şüarlar  yazılmış plakatlar tutan gənclər düzülmüşdü. Eyni məzmunlu transparantlarplakatlar yürüş iştirakçılarının əllərində də var idi. Xüsusilə əlamətdar idi ki, Azərbaycan gəncləri bu yürüşdə çox aktiv çıxış etdilər, onlar çox mütəşəkkil və eyni zamanda emosional, fəal bir şəkildə yürüşə qatılmışdılar. Bu cür müşahidələr isə gənclərimizin son zamanlarda milli problemlərimizin, ümummilli məsələlərin çözülməsində daha da aktivləşdiyini bir daha göstərir.  

İnsanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən 20 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətləri yaddaşlardan silinməyib. Bircə gecədə yerlə yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, LiditseSonqmi ilə qoşa çəkilir.

Bütövlükdə bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

Ümumxalq yürüşündə iştirak edən insanlar abidə önündə soyqırımı qurbanlarının xatirəsini hüznlə yad edərək, “Xocalıya ədalət”, “Xocalını unutmayın”, “Xocalı - əsrin soyqırımı” şüarlarını səsləndirdilər.Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edibonun dinc əhalisinə amansızcasına divan tutublar. Aylarla blokadada qalaraq zəifləmiş Xocalı şəhərinin müdafiəçiləri sayca onlardan qat-qat çox olan, təpədən-dırnağa qədər silahlanmış ermənilərin hücumunu dəf edə bilməyiblər. Xocalı soyqırımının qanlı statistikasına görə, hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanlığı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilmişdir – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundurdünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Xocalı faciəsi beynəlxalq hüquq normalarına və eləcə də dəhşətli faktlarına görə, xüsusi qəddarlıqla törədilmiş soyqırımdır – onu törədən erməni vəhşiləri isə gec-tez tarix qarşısında, eləcə də qanun, dünya və Azərbaycan xalqı qarşısında cavab verməli olacaq. Xocalı soyqırımını törədən qeyri-bəşərlərin, Zori Balayan kimi “erməni ziyalılarının”, adam maskası taxmış qaniçənlərin törətdiklərinin əvəzini ödəməsi üçün birinci növbədə dünya birliyi biganə qalmamalıdır. Çünki bu soyqırım uydurma “erməni genosidi”ndən tam fərqli olaraq cəmi iyirmi il öncə bütün dünya ictimaiyyətinin, xarici diplomat və jurnalistlərin gözü qarşısında baş verən, onların özləri tərəfindən dəhşətləri etiraf olunan bir soyqırımdır. Bu gün dövlətimiz Xocalı soyqırımının, erməni cəlladları tərəfindən azərbaycanlıların başına gətirilən                    digər müsibətlərin, Azərbaycan həqiqətlərnin dünya tərəfindən qəbul edilməsi üçün xüsusi siyasət yürüdür. Bu barədə diplomatiyamızın, Heydər Əliyev Fondunun, diaspor qurumları və vətəndaş cəmiyyəti institutlarının gücü səfərbər edilib.

Faciənin 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğulandığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olub. Dövlət başçısının müraciətində deyilir: “Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.

Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günüelan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. PakistanMeksika parlamentləri də bu qırğının soyqırımı aktı kimi tanınması haqqında qətnamələr qəbul ediblər.

Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlarkitablar paylanılır.

Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur. Qardaş Türkiyədə, Böyük Britaniyadabir sıra digər Avropa dövlətlərində, müsəlman ölkələrinin çoxunda keçirilmiş anım tədbirləri ictimaiyyət arasında böyük əks-səda doğurub.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Onu da qeyd edək ki, fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. Beləliklə, yüz minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu. İnsanlarımız inanır ki, Azərbaycanın haqq səsi eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq, Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2012.-28  fevral.- S.4.