2012-ci il
"İdman ili”dir: fiziki və mənəvi kamilləşməyə
aparan yol
Ölkəmizdə idmanın inkişafı istiqamətində
həyata keçirilən işlər Azərbaycan
idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və
nüfuz idmançılarımızın beynəlxalq
yarışlarda əldə etdiyi medalların və ölkəmizdə
keçirilən beynəlxalq turnirlərin sayında əksini
tapıb. Bu iki bir-birinə bağlı olan məsələnin
arxasında Azərbaycan dövlətinin gördüyü nəhəng
iş və əmək dayanır. Azərbaycan
dövləti idmanın inkişafında nə qədər
maraqlı olduğunu həyata keçirdiyi siyasət və bu
sahəni prioritetlərindən biri elan etməsi ilə ortaya
qoyub. Bu bir aksiomadır ki, idmanın
inkişafının arxasında dayanan ən əsas amil
dövlətin inkişafı, iqtisadi cəhətdən
güclü olmasıdır. İqtisadi cəhətdən
inkişaf etməyən dövlətin idman sahəsini bu səviyyədə
inkişaf etdirməsi mümkün deyil. Çünki
dövlət güclü, iqtisadiyyatı sağlam
olmalıdır ki, idmanın inkişafını təmin edən
infrastruktur bazasını yarada bilsin. Azərbaycan
Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri İlham Əliyev
bu hədəfi vaxtında düzgün müəyyənləşdirərək
adım-addım məqsədə çatmaq siyasəti həyata
keçirdi. Hansı ki, böyük əzmlə
həyata keçirilən siyasət bu gün öz bəhrəsinin
verməkdədir. Nədir həmin hədəflər?
Siyasi və iqtisadi cəhətdən
güclü dövlət
Əvvəla, Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasət Azərbaycanı
dünyanın lider dövlətlərindən birinə
çevirib. Siyasi və iqtisadi cəhətdən güclü
dövlətə çevrilən Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməklə
nə qədər böyük beynəlxalq nüfuza malik
olduğunu bütün dünyaya nümayiş etdirdi. Güclənən Azərbaycanın digər sahələri
kimi, idman sektoru da böyük inkişaf dövrünü
yaşayır. Dövlətin
inkişafı, iqtisadiyyatının daha da güclənməsi,
möhkəm dayaqlara əsaslanması idmanın da
inkişafında həlledci rol oynayıb. Paytaxt
Bakı və bölgələrdə inşa edilərək
idmançılarımızın ixtiyarına verilən
müasir Olimpiya İdman kompleksləri, müxtəlif idman
arenaları və bazalar ölkədə həyata keçirilən
nəhəng infrastruktur bazası yaradılması siyasətinin
tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb
edir. Dünyada çox az rast gəlinən
haldır ki, qısa müddət ərzində 30-dan çox
müasir Olimpiya İdman Kompleksi inşa edilərək
idmançılarımızın ixtiyarına verilib. Məntiq aydındır - idman bazası olmadan
idmançı da yetişdirmək mümkün deyil. Yəni idmanı inkişaf etdirmək, dövləti
beynəlxalq arenada təmsil edəcək, himnini səsləndirəcək,
bayrağını ucaldacaq idmançını yetişdirmək
üçün ona şərait yaradılmalı, məşq
etmək üçü müasir baza ilə təmin edilməlidir.
MOK və dövlət başçısı
kimi İlham Əliyev bu həqiqəti yaxşı bildiyi
üçün ümumi infrastruktur layihələrinin tərkib
hissəsi kimi müasir idman bazasının yaradılmasına
xüsusi diqqət ayırıb.
Beynəlxalq arenada ölkəmizi təmsil
edən idmançılar dövlətin müsbət imicinin
formalaşdırılmasını təmin edir
Dövlət başçısının bu sahədəki
siyasətinin əsas hədəflərindən biri idmanı
inkişaf etdirməklə beynəlxalq arenada ölkəmizi təmsil
edən idmançılar yetişdirməkdir. Bu isə
ölkə daxilində genişmiqyaslı işlərin həyata
keçirilməsi sayəsində mümkün olmaqla
yanaşı dövlətin dünyadakı müsbət
imicinin formalaşdırılmasını təmin edir. Həmin işin nəticəsidir ki, bu gün
Bakı Avropanın idman mərkəzlərindən biri kimi qəbul
edilir. 10-15 il əvvələ diqqət
etsək, bu sahədə nə qədər böyük
işlər görüldüyünün mənzərəsi aydın
şəkildə göz önündə canlanar. Adi beynəlxalq yarışın keçirilməsinin
sahiblik hüququnu Azərbaycana vermək istəməyən
beynəlxalq idman federasiyaları bu gün tamamilə əks
mövqe tutaraq yarışlarının məhz Azərbaycanda,
Bakıda keçirilməsini istəyirlər. Bakı dövlətin həyata keçirdiyi siyasətin
nəticəsi olaraq nəhəng idman və digər
infrastrukturu ilə istənilən yarışı qəbul
etmək iqtidarındadır və beynəlxalq
federasiyaların seçimi zamanı bir addım öndədir.
Bakıda bir-birini əvəzləyən dünya və Avropa
çempionatları, nüfuzlu beynəlxalq yarışlar bir
daha təsdiqləyir ki, beynəlxalq qurumlar ev
sahibliyini Azərbaycana etibar etdikləri turnirlərin yüksək
səviyyədə keçiriləcəyinə əmindirlər.
Çünki Azərbaycan siyasi sabitliyi, iqtisadi
inkişafı, idman və digər infrastrukturu ilə bu sahədə
artıq böyük təcrübə qazanıb. Qeyd edək
ki, beynəlxalq idman federasiyaları öz bayraqları
altında keçirilən yarışın ev
sahibini seçərkən əsasən həmin ölkədəki
siyasi sabitliyi, inkişaf səviyyəsini və müasir
infrastruktur bazasının olmasını nəzərə
alırlar. Müasir Azərbaycan dünya standartlarına
uyğun müasir infrastruktur yaradıb və proses davamlı
şəkildə davam etdirilir. Bu gün
Bakıda müasir standartlara uyğun nəqliyyat infrastrukturu
yaradılıb. Dövlət
başçısının rəhbərliyi ilə ölkədə,
xüsusilə Bakıda müasir şəhər, idman, yol,
hotel infrastrukturu yaradılıb ki, bu da Azərbaycana
dünyanın ən güclü idman mərkəzlərindən
biri kimi böyük nüfuz qazandırıb. İdmançılarımızın
müxtəlif turnirlərdə qazandığı medallar, nəhəng
idman infrastrukturu, Bakının Avropanın idman mərkəzlərindən
birinə çevrilməsi dövlətin həyata
keçirdiyi siyasətin nə qədər doğru
olduğunu ortaya qoyur. İkinci ayını
yaşadığımız cari il
başlayandan ölkəmizin idman həyatı zənginliyi ilə
seçilir. Artıq ölkəmiz bu ay karate üzrə gənclər
və yeniyetmələr arasında Avropa çempionatına ev
sahibliyi edib və bədii gimnastika üzrə Avropa
çempionatının da Bakıda, inşası davam edən
müasir Gimnastika Olimpiya Kompleksində keçirilməsi ilə
bağlı qərar qəbul edildiyi elan olunub. Dövlət
başçısı tərəfindən 2012-ci ilin
«İdman ili» elan olunması cəmiyyətin fiziki kamilləşməsinə
istiqamətlənən bu siyasətin addım-addım hədəflənən
məqsədə doğru getdiyini göstərir.
Dövlət başçısının bildirdiyi kimi,
artıq idman həyatımızın ayrılmaz hissəsinə
çevrilib: «İdman həyatımızın ayrılmaz hissəsidir.
İdmanın inkişafı hər bir ölkənin
ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə
ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə
kifayətlənə bilmərik. Yalnız
və yalnız gələcəyə baxmalıyıq ki, daha
da böyük qələbələr əldə edək».
Mənfi vərdişlərdən
uzaq sağlam nəsil
Dövlətin həyata keçirdiyi idman siyasətinin
digər məqsədlərindən biri sağlam nəsil
yetişdirməkdir. İşin fiziki tərəfi ilə
yanaşı mənəvi məsələ də ön planda
tutulur. Məlumdur ki, idmanla məşğul
olanların böyük əksəriyyəti gənclərdir
və bu sahədə böyük gənclik ordusu cəmləşib.
Deməli, idman cəmiyyətin ən aktiv təbəqəsi
olan gəncləri öz ətrafına cəmləməklə
pis vərdişlərə meyillənməyin
qarşısın alır. Müasir
dövrümüzün tələbləri elədir ki, mənfi
vərdişlərin qarşısını almaq çox
çətinləşib. Xüsusilə gənclər
arasında müxtəlif mənfi vərdişlərin
yayılma arealı və təsir vasitələri çox
artıb. İnternetin həyatımıza
bu qədər sürətlə daxil olduğu,
qloballaşmanın mənfi təsirlərindən qorunmağın
bu qədər çətin olduğu bir zamanda idmanın
inkişaf etdirilməsi çox aktualdır. Belə ki, idmanı kütləviləşdirməklə,
bu sahəyə daha çox yeniyetmə və gənci
toplamaqla həm dünyada ölkəmizi təmsil edən
idmançılar ərsəyə gətirmək, həm də
mənfi vərdişlərdən uzaq, sağlam gənc nəsil
yetişdirmək mümkündür. Dövlət
başçısı bu məsələni belə dəyərləndirib:
«Azərbaycanda bu sahədə də çox böyük
işlər görülür. Son illər ərzində
ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi,
idman meydançaları tikilib. Ümumiyyətlə,
ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul
olmaq üçün çox gözəl şərait
yaradılmışdır. Biz gəncləri
idmana cəlb etməklə bir neçə məqsədi
güdürük. Birinci növbədə,
onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri
pis vərdişlərdən də çəkindirməliyik».
Göründüyü kimi, Azərbaycanda həyata
keçirilən idman siyasətinin əsas məqsədlərindən
biri də sağlam nəsil yetişdirmək, mənəvi
kamilliyi təmin etməkdir. Dövlət
başçısının paytaxt Bakı ilə
yanaşı bölgələrin inkişafını daimi
olaraq diqqətdə saxlaması, regionlarımızda
böyük infrastruktur, o cümlədən idman
bazasının yaradılmasını təmin etməsinin
arxasında dayanan əsas məqsədlərdən biri də
Azərbaycanın gələcəyi üçün fiziki və
mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir.
Azərbaycan gəncləri müasir Olimpiya
İdman Komplekslərində idmanla məşğul olaraq
sağlam nəsil kimi formalaşırlar. Deməli,
dövlət başçısının həyata
keçirdiyi siyasət idmanın inkişafını, idman,
eyni zamanda digər infrastrukturun
formalaşdırılmasını, sağlam nəsil
yetişdirilməsini və ümumilikdə Azərbaycanın
inkişafını hədəfləyib. Bu
siyasət həm də idman sahəsini hərtərəfli
inkişaf etdirməklə fiziki və mənəvi kamilləşməyə
aparan yoldur. Dövlət başçısı bu məsələni
belə dəyərləndirib: «Mən çox şadam ki, bu
komplekslərdə həm idmançılar, həm yeniyetmələr,
gənclər, uşaqlar məşq edir. Uşaqlar
bizim gələcəyimizdir. Azərbaycanda
çox gözəl gənc nəsil yetişir. Yeniyetmələr arasında Ümumdünya Olimpiya
Oyunlarında Azərbaycan çox ləyaqətlə təmsil
olunmuşdur. Bu proses artıq uzun illərdir ki,
aparılır. Azərbaycanda həm peşəkar
idmançılar öz imkanlarını göstərirlər,
Azərbaycanın idman şöhrətini yüksəklərə
qaldırırlar, həm gənc idmançılar, uşaqlar
yetişir. Bu sahədə kütləvilik
təmin edilmişdir. Bu, çox gözəl
hadisədir, bizi çox sevindirir. Bizim gənc
nəsil sağlam olmalıdır. Həm
fiziki cəhətdən sağlam olmalı, həm ölkə
vətəndaşı kimi çox böyük mənəvi
dəyərlərə malik olmalıdır». Artıq hədəf
çox böyükdür - 2020-ci il
Olimpiya Oyunlarını qəbul etmək. Azərbaycan
inkişafına, gücünə arxalanaraq Olimpiya Oyunları
kimi dünyanın ən nüfuzlu idman yarışını
qəbul etmək iddiasını ortaya qoyub. Dünya,
Avropa çempionatlarını, A
kateqoriyalı beynəlxalq yarışları uğurla qəbul
edən ölkəmiz idman sahəsində Avropanın mərkəzlərindən,
iqtisadi inkişafa görə dünyanın lider dövlətlərindən
biridir. Rəsmən namizədliyini irəli
sürmüş Bakıda bir neçə möhtəşəm
idman kompleksinin tikintisi planlaşdırılır. Olimpiya Oyunlarında bir sıra su idman növlərinə
aid yarışların keçirilməsi üçün
Xocasən qəsəbəsi yaxınlığında, göl
kənarında bazanın tikintisi planlaşdırılır.
Paytaxtda hazırda iki böyük idman
qurğusunun – 65 min nəfərlik Bakı Olimpiya Stadionu və
Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Hər
iki obyekt metronun “Koroğlu” stansiyası
yaxınlığında inşa edilir. Olimpiya
Oyunlarının Bakıda keçiriləcəyinə qərar
verilərsə, bir sıra iri idman qurğuları da inşa
olunacaq. Həmin idman qurğuları arasında tennis
üçün 22 min nəfərlik mərkəz, digər
idman növləri üçün 15 min nəfərlik
Bakı Çoxməqsədli Arenası, 12 min nəfərlik
Milli Su İdman növləri Mərkəzinin və digər
qurğuların istifadəyə verilməsi
planlaşdırılır. Həmçinin «Baku Cristall Hall»,
«Baku Expo Center» kimi qeyri-idman qurğularının da
yarışların keçirilməsi üçün
idmançıların ixtiyarına verilməsi
mümkündür. Həyata keçirilən və keçirilməsi nəzərdə
tutulan nəhəng infrastruktur layihələri ölkəmizin
Olimpiya Oyunlarını qəbul etmək iddiasını
gücləndirir. Fiziki və mənəvi
kamilləşməni təmin edən dövlət siyasəti
ölkəmizi addım-adım bu hədəfə doğru
aparır. Bunun üçün hər birimizin üzərimizə
düşən iş dövlət
başçısının qeyd etdiyi kimi, fəallıq, fədakarlıq,
vicdan və qələbə əzmidir.
Anar Miriyev
Palitra.-2012.-29 fevral.-S.11.