Ünvan axtarışı asanlaşacaq
Əgər əvvəllər
binaya yalnız bir ünvan verilirdisə, yeni dəyişikliyə
müvafiq olaraq giriş qapılarına da ünvan veriləcək
Elektron xidmətlər sahəsində və daşınmaz əmlak sektorunda həyata keçirilən layihənin - Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirildi. Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirdi ki, layihənin əsas məqsədi ölkədə ünvan məlumatlarının vahid və dürüst bazasının yaradılması, ünvan məlumatlarının toplanılması və mütəmadi yenilənməsinin təmin edilməsi, bu sistemdən digər əlaqədar dövlət qurumlarının, bələdiyyələrin və vətəndaşların istifadəsinə şəraitin yaradılmasıdır. Qeyd edildi ki, Prezidentin 10 fevral 2012-ci il tarixli “Azərbaycan Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Fərmanı xüsusi əhəmiyyət kəsb edir. Bu fərmana əsasən, Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsinə, ünvan reyestrinin tərtibi və aparılmasına yeni yanaşmalar, qabaqcıl dünya və Avropa təcrübəsi tətbiq olunacaq. Ən inkişaf etmiş dünya ölkələrində tətbiq olunan ünvan reyestrinin Azərbaycanda da yaradılması ilə bağlı layihə həyata keçirildiyni deyən R.Cəlilov bildirdi ki, Azərbaycanda Ünvan Reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan hökuməti ilə Norveç hökuməti arasında ünvan reyestrinin yaradılması məqsədilə qrant sazişi imzalanıb. Bu sazişə görə, 1,5 il ərzində Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur. Bu sazişə əsasən beynəlxalq ekspertlər Azərbaycanda ünvan reyestri ilə bağlı təhlillər aparıb və texniki tapşırıq hazırlayıblar. Həmin texniki tapşırığa əsasən sistemin yaradılması işlərinin satın alınması üzrə açıq tender elan edilib və tender nəticəsində irəli sürülmüş tələblərə cavab verən cənubi Koreyanın «SK C & C Co.LTD» şirkəti qalib gəlib. R.Cəlilovun sözlərinə görə, yaradılacaq Ünvan Reyestrinin məlumatlarının dövlət və qeyri-hökumət müştərilərinə paylanılması internet xidmətlərindən istifadə etməklə sistemlərarası kommunikasiya vasitəsilə həyata keçiriləcək: “Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması bir çox sahələrdə həm dövlət qurumlarına, həm vətəndaşlara, həm də bələdiyyələrə yardım edəcək. Belə ki, bu sistemin yaradılması ilə ondan təcili yardım, yanğınsöndürmə, poçt rabitə xidməti də yararlanacaqlar. Bundan başqa Prezidentin tapşırığı ilə ölkədə “Elektron hökumət” yaradılır, əhaliyə elektron ximət həyata keçirilir. Ünvan reyestrinin yaradılması böyük iqtisadi önəm kəsb edir. Onun məlumat sisteminin yaradılmasından sonra dövlət strukturları "Elektron hökumət" çərçivəsində ona qoşula biləcək və lazımi informasiyanı götürə biləcəklər. Bu sistem ölkədəki başqa məlumat bazaları, axtarış-informasiya sistemləri, eləcə də əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqədə fəaliyyət göstərəcək”. Həmçinin bildirildi ki, sistem Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun regional ofislərində fəaliyyət göstərən Ünvan Reyestri üçün nəzərdə tutulan bütün məlumatları, komponentləri və funksiyaları əhatə edir. Sistem komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaq və mərkəzləşdirilmiş formada texniki xidmət göstəriləcək. Nəticə etibarilə bu məlumat bazası bütövlükdə Azərbaycanın bütün ünvanlarının saxlanılması üçün istifadə ediləcək. Belə ki, sistemin ümumi konsepsiyasına əsasən, Ünvan İnformasiya Sistemi mərkəzləşdirilmiş bir sistem olacaq. Bütün istifadəçilərin ünvan məlumatı üçün nəzərdə tutulan mərkəzi serverdən istifadə imkanı yaranacaq. R.Cəlilov onu da qeyd etdi ki, bu imkan dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə reallaşacaq: “Bütün ünvan məlumatları ümumi mərkəzi məlumat bazasında saxlanılacaq. Bütün proqramlar mərkəzi serverə yüklənəcək və həmin mərkəzdən idarə olunacaq. Ünvan reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri və nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi və dəyişdirilməsinin əsasları və tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanacaq. Bu məlumatlar həm mətn, həm də ünvan-xəritə materialları şəklində saxlanılacaq”.
Ünvan reyestrinin yaradılmasının böyük iqtisadi önəm kəsb etdiyini deyən R.Cəlilovun sözlərinə görə, ölkədə əmlakın qeydiyyatı üzrə işlər genişlənir. Belə ki, 2011-ci ildə rekord sayda, yəni 147,3 daşınmaz əmlak obyekti qeydiyyatdan keçib. Reyerstrin yaradılması bu işlərin əhatəsini genişləndirəcək. Layihə üzrə işlər 2012-ci ilin avqust ayında tamamlanacaq və 2013-cü ilin yanvarından sistem tam istifadəyə veriləcək.
İnsanlar
vaxtlarına və xərclərinə qənaət edəcəklər Daha sonra Koreyanın “SK C & C
Co.LTD” şirkətinin nümayəndəsi tərəfindən
layihə üzrə geniş təqdimat keçirildi. Şirkətin
meneceri Kin Qyu Su Azərbaycanda həyata keçiriləcək
Ünvan Reyestri Sisteminin böyük əhəmiyyətə
malik olacağını bildirdi: “İndiyədək Azərbaycanda
təkmilləşdirilmiş ünvan sistemi olmayıb və
bir sıra uyğunsuzluq halları mövcud olub. Məqsədimiz
vahid sistemi yaradıb təkmilləşdirməkdir. Bu layihə
avqustda tamamlanıb əhaliyə təqdim olunacaq. Burada
insanlar vaxtlarına və xərclərinə qənaət edəcəklər,
ünvan axtarışı asanlaşacaq. Eyni zamanda şirkətlərin
də iqtisadi məhsuldarlığı artmış olacaq. Bu
layihə Azərbaycanın inkişafına çox
böyük töhfə verəcək. Layihə çərçivəsində
ünvanlar haqqında məlumat toplamışıq və
pilot sistemi hazırlamışıq”.
Ünvanvermə sisteminə
dəyişiklik ediləcək
Əmlak
Məsələləri Dövlət Komitəsinin
Daşınmaz Əmlakın Kadastrı və Texniki
İnvertarlaşma Mərkəzinin direktoru Ramiz Quliyev bildirdi
ki, 10 fevral 2012-ci il tarixli fərmanla ölkədə
mövcud ünvanvermə qaydalarına dəyişiklik edilib:
“Bu dəyişikliklər ondan ibarətdir ki, sovet
dövründən qalmış ünvanvermə sisteminə
yanaşma metodologiyası başqadır. Əvvəllər
mövcud qaydalara görə, daşınmaz əmlak obyektlərinə
ünvanvermə zamanı bina konsepsiyasından
yanaşılırdısa, yeni qaydalara əsasən, giriş
konsepsiyası tətbiq olunacaq. Bunun mahiyyəti ondan ibarətdir
ki, əgər əvvəllər bir binaya yalnız bir
ünvan verilirdisə, yeni dəyişikliyə müvafiq
olaraq giriş qapılarına ünvan veriləcək. Məsələn,
Ü.Hacıbəyov, 40 ünvanında yerləşən
Hökumət Evinin yalnız bir ünvanı olduğu halda bu
bina bir neçə giriş qapısına malikdir və yeni
yanaşmaya görə, həmin qapıların
açıldığı hər bir girişə ünvan
veriləcək”. R.Quliyev onu da bildirdi ki, digər tərəfdən,
dəyişikliklərə müvafiq olaraq nəqliyyat
infrastrukturu obyektləri, küçələrin, prospektlərin
kodlaşdırılması nəzərdə tutulur. Yəni hər
bir küçə, prospekt dəyişməz, unikal rəqəmlərlə
ifadə olunmuş koda malik olacaq. Bu da insanların ünvan dəyişməsi
zamanı üzləşdiyi bir çox problemlərin aradan
qaldırılmasına köməklik edəcək. Belə
ki, küçənin, prospektin adı dəyişildikdə o
sənədlərin dəyişdirilməsinə ehtiyac
olmayacaq. Çünki həmin kodlar dəyişməz qalacaq.
R.Quliyevin sözlərinə görə, yeni yanaşmaya
görə nəzərdə tutulur ki, giriş
qapılarının koordinatları müəyyənləşdirilsin:
“Bu da bizə imkan verəcək ki, hamının CPS
adlandırdığı cihazlardan istifadə etməklə
koordinatlara müvafiq olaraq ünvanlara tez, vaxt itirmədən
çatılmasına şərait yaradılsın. Bu dəyişikliklərin
2013-cü ilin yanvarın 1-dən qüvvəyə minməsi
nəzərdə tutulur. Artıq Azərbaycanda Ünvan
Reyestri İnformasiya Sistemi yaradılır və bütün
daşınmaz obyektlərə yeni ünvanlar veriləcək.
Pilot layihə kimi bu gün Sumqayıt şəhər elektron
kadastrının məlumat bazasının yaradılması ilə
məşğuluq. Həmin layihədə də bilavasitə
nəzərdə tutulur ki, giriş qapıları da müəyyənləşdirilsin.
Həm informasiya sisteminin yaradılması, həm dəyişikliklərin
həyata keçirilməsi ilə ünvanvermədəki bir
çox problemlər aradan qaldırılacaq. Bu ünvanvermə
sistemi Avropa standartlarına cavab verir”. R.Quliyev onu da bildirdi ki, yeni şəxsiyyət
vəsiqələrində ünvan göstərilməyəcək:
“Lakin orada ünvanla bağlı məlumatlar elektron mətn
şəklində olacaq. Orada küçələrin
adları ilə bərabər kodları göstəriləcək”.
Nigar Abdullayeva
Palitra.-2012.-29 fevral.- S.10.