Mübariz Həmidov: “İstənilən halda tamaşaçı tamaşadan narazı gedirsə, onlar haqlıdırlar, günah bizdədir”

Layihə çərçivəsində müsahibimiz Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovdur:  

 

- Dövlət Gənc Tamaşaçılar Teatrı 2009-cu ildə başa çatan əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir texniki imkanlarla, müasir dizaynlı  binada fəaliyyətini davam etdirir. Həmin il aparılmış islahatlar nəticəsində teatrımız daha iki kollektiv - Dövlət Gənclər və Bakı Kamera Teatrı ilə birləşdirilib. Bu gün teatr vahid truppa kimi fəaliyyət göstərir. Azərbaycan klassik dramaturqlarının əsərləri ilə yanaşı Avropa, dünya dramaturqlarının əsərləri də böyük müvəffəqiyyətlə səhnələşdirilir. Ötən dövrdə teatr bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək nailiyyətlər əldə edib. 2008-ci ilin martında kollektiv R.Rzanın “Ana qaz” və S.Marşakın “Pişiyin evi” tamaşaları ilə Belarusun paytaxtı Minsk şəhərində, həmin ilin aprelində Ə.Orucoğlunun ”Nənənin kələyi” tamaşası ilə Türkiyənin Ankara və İğdır şəhərlərində ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Bayramında (23 aprel), həmin ilin may ayında İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” və S.Marşakın “Pişiyin evi” səhnə əsərləri ilə Moskvanın Dmitrov, TaldomDubna şəhərlərində müvəffəqiyyətlə çıxış edərək fəxri diplomlara layiq  görülüb. Teatr 2009-cu il mayın 26-dan iyunun 6-dək Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Türkdilli Ölkələrin ənənəvi IX Beynəlxalq Teatr Festivalında Ə.Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə respublikamızı uğurla təmsil edib.Uğurlarımız sonrakı illərdə də davam edib. 2010-cu ilin iyununda Simferopol  şəhərində keçirilən XII Beynəlxalq Antik İncəsənət Festivalında G.Fiqeyredonun  Ezop” tamaşası ilə çıxış edərək festivalın mükafatına layiq görüldük. 2011-ci il 4-8 fevral tarixlərində İranın Qurqan şəhərində keçirilən 32-ci Beynəlxalq “Fəcr” Teatr Festivalında kollektivOtellotamaşası ilə çıxış edərək nailiyyətlə vətənə döndü. Bundan başqa 84-cü mövsümə uğurla start verən teatrın yaradıcı  kollektivi 2011-ci il noyabrın 10-20-də Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkrainaMono və Kiçikhəcmli Tamaşaların Festivalında P.Züskindin  Kontrabas” monotamaşası ilə uğurla çıxış edib. Bir sözlə, hər ötən ilə nəzər salarkən xarici ölkələrdə və beynəlxalq teatr tədbirlərində əldə etdiyimiz  nailiyyətlərlə qürur duyuruq. Teatrın yaradıcı heyəti müxtəlif tədbirlərdə, müsabiqələrdə fəxri fərmanlara, diplomlara layiq görülüb. Bundan başqa teatrımız  Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan vətənpərvərlik  mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalına ev sahibliyi etdi.  Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyilə həyata keçirilən festivala 4 bölgə və 8 paytaxt truppası - ümumilikdə 110 gənc qatılmışdı. Layihə çərçivəsində İsmayıllı, Ucar, Zaqatala və Mingəçevirdə yaradıcı gənclərlə görüşlər keçirildi. Festivalın qala-konserti 2011-ci il dekabr ayının 1-də gerçəkləşdi. Teatrda gerçəkləşən layihələrdən biri də “British Council” ilə birgə həyata keçirilib. Belə ki, böyük ingilis yazıçısı Çarlz Dikkensin 200 illik yubileyi münasibətilə “British Council” Azərbaycanda 2012-ci iliDikens ilielan edərək Gənc Tamaşaçılar Teatrı və “Park Bulvar” ticarət mərkəzi ilə birlikdə tədbirlər proqramı tərtib edib. İngilis ədəbiyyatının ən güclü simalarından biri haqqında oxucuları və tamaşaçıları məlumatlandırmaq məqsədi daşıyan layihə çərçivəsində “Park Bulvarda Ç.Dikkensin teatrımızın repertuarında olanOliver Tvistin  macəraları” tamaşasından parçalar nümayiş etdirilib. Kollektivimiz bu ilin  yanvarında Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq  Teatr Festivalında iştirak edərək Avstriya dramaturqupublisisti Peter Turrininin “Axır ki...” adlı monotamaşası ilə ölkəmizi layiqincə təmsil edib. Yanvarın 28-dən fevralın 2-dək teatrın başqa bir heyəti İranda ənənəvi olaraq  keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış edib. Festivalda  yaradıcı heyət görkəmli italyan aktyorudramaturqu Peppino De Filipponun  Don Rafael trombonçu” tamaşasını təqdim edib.

 

 

- Teatr məkanı üçün ən mühüm xəbərlərdən biri də Gənc Tamaşaçılar Teatrının  Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasına - ASSİTEJ-ə üzv olmasıdr. Bununla bağlı nə deyərdiniz?

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz tamaşaçılarını bir sıra yeni layihələrlə sevindirdi. Bunlardan da ən birincisi uşaq və gənclər teatrlarını birləşdirən Beynəlxalq ASSİTEJ- ə üzv olmaq idi. İdeya Mədəniyyət və Turizm Nazirliyindən gəldi. Biz beynəlxalq təşkilatlarla maraqlandıq. Uşaq və gənclər teatrlarını birləşdirən ASSİTEJ-ə sənədlərimizi göndərdik. Arxiv materiallarını qaldıranda məlum oldu ki, bizim teatr vaxtilə hələ sovet dövründə, yəni 1960-65-ci illərdə ASSİTEJ-in üzvü olub. O illərdə Zaqafqaziya gənc tamaşaçılar teatrlarının bir neçə dəfə ASSİTEJ-in fəaliyyət proqramları çərçivəsində müxtəlif tədbirləri, treninqləri keçirilib. Hətta hazırda bizdə çalışan aktyorların bir neçəsi həmin tədbirlərin iştirakçıları da olublar. İndi həmin aktyorlar yeni seçilmiş idarə heyətinin tərkibindədirlər. İndiki üzvlük isə tam başqadır. Dünyanın 85 ölkəsi belə bir təşkilatın üzvüdürsə, Azərbaycan kimi iqtisadi, mədəni cəhətdən iri addımlarla inkişaf edən bir ölkə niyə ASSİTEJ-in üzvü olmasın? Çünki buna bizim bütün imkanlarımız var. Mədəni ocaqlarımız, xüsusən teatr binalarımız ən yüksək səviyyədə təmir-bərpa olunubyeni avadanlıqlarla təchiz edilib. Bizim kifayət qədər istedadlı aktyorlarımız, rejissorlarımız var. Sənədlərimizi göndərəndən sonra çox qısa müddətdə bizə məktub gəldi ki, Fransada keçirilən ASSİTEJ-in növbəti qurultayında böyük səs çoxluğu ilə Azərbaycan quruma üzvlüyə qəbul olunub.

- Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-in Azərbaycanda Milli Mərkəzi elan edilib. Bu, teatr üçün hansı imkanlar açır?

- Bununla Gənc Tamaşaçılar Teatrının dünyaya açılan pəncərələrinin sayı daha da artıb. Üzvlüyə qəbul olunandan bir neçə gün sonra hər gün müxtəlif ölkələrdən məktublar gəlir. Bizi tədbirlərə, seminarlara dəvətlər edirlər. Onu da qeyd edim ki, biz ASSİTEJ-in Milli Mərkəzi olaraq yeganə ölkəyiq ki, ilk toplantımızı ASSİTEJ- in prezidenti İverta Hardinin iştirakı ilə keçirdik. ASSİTEJ-in prezidenti İverta xanım da bildirdi ki, bu gün Azərbaycan teatrlarından öyrənilməli şeylər çoxdur. Azərbaycanda elə peşəkar rejissorlar var ki, onları dünyanın istənilən ölkəsinə tamaşalar hazırlamaq məqsədilə göndərmək olar inanıram ki, uğurlu ortaya çıxacaq. Bundan əlavə qeyd edim ki, Milli Mərkəz olaraq 2014-cü ildə Gənc Tamaşaçılar Teatrlarının Beynəlxalq Teatr Festivalını keçirməyi planlaşdırırıq. Bu barədə nazirlikdə razılığa gəlinib. Artıq bizim festival təşkil etmə təcrübəmiz var. Bundan əvvəl Kukla Festivalını, I   II Teatr festivallarını keçirmişik. Yəni təcrübə artıq toplanır. Kukla Festivalı çərçivəsində ölkəmizə gələn qonaqlardan biri, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Seyf-əl-Alhamla çox maraqlı söhbətlərimiz oldu həmin teatrla yaradıcılıq mübadiləsinin baş tutması ehtimalı var. Gürcüstanın Batum Dövlət Teatrı bizimlə qarşılıqlı yaradıcılıq əlaqələri qurmaq istəyir. Yəni ASSİTEJ-ə üzv olan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq etmə şansımız var.

- Bu gün teatra tamaşaçı marağından razısınızmı?

- Bildiyiniz kimi, əvvəllər teatrımızda rus bölməsi fəaliyyət göstərirdi. Həmin tamaşalara gələn rusdilli tamaşaçılarımız belə deyildi. Onlar bunu çox gözəl bilirdilər. Uşağını teatra gətirir, tamaşaya yola salır, gedir işini görür, sonra gəlir uşağını aparır. Amma mən həmişə deyirəm ki, istənilən halda tamaşaçı tamaşadan narazı gedirsə, onlar haqlıdırlar, günah bizdədir. Zal soyuqdursa, demək, tamaşaçı haqlıdır. Bayaqkı fikrimin davamı olaraq deyim ki, məktəb şagirdləri bu gün Gənc Tamaşaçılar Teatrına gəlmirsə, sabah Akademik Dram teatrlarının tamaşaçısı olmayacaq. Bu, tamaşaçını yetişdirmək məsələsidir. Bu teatr 1928-ci  ildə Xalq Maarif Komissarlığının nəzdində yaranıb. İndi pedaqoqlar burada fəaliyyət göstərirlər. Amma nədənsə bəzi şəxslər məktəb-teatr əlaqələrinə əngəl olurlar. Konkret olaraq məktəb direktorlarına tapşırıq verilib ki, teatr biletləri alınmasın. Söhbət məcburi bilet satışından getmir. Sadəcə bizim teatrın pedaqoqlarına siniflərdə şagirdlərə tamaşalar barədə məlumat verməyə şərait yaradılmasını istəyirik. Mən birdəfəlik tamaşaçının əleyhinəyəm. Məcbur gələn adam ikinci dəfə gəlməyəcək. Biz ona çalışırıq ki, bir dəfə gələn adam ikinci dəfə teatra gəlsin gəlirlər . Bundan başqa hazırlanan tamaşaların reklam olunmasında, yayılmasında isə sosial şəbəkələr köməyimizə gəlir. Teatrımızın özünün «Facebook» səhifəsi var. İstənilən teatr həvəskarı ora daxil olub tamaşalarımız barədə məlumat ala bilər. Eləcə baxdığı tamaşalar haqqında fikir yaza bilər. Hesab edirəm ki, bu da müasir texnologiyanın uğurudur. Tamaşalarımızı televiziyalarla da reklam edirik. Konkret olaraq bizim «Lider» kanalı ilə müqaviləmiz var. Yeni tamaşaların çəkiliş hüququnu onlara həvalə etmişik. Eyni zamanda həmin televiziya kanalı hər həftə  göstərilən tamaşanın anonsunu edir. Aylıq repertuarlarımızı yenə sosial şəbəkələrdə, portallarda, müxtəlif  KİV-lərdə yerləşdiririk. Nəticəyə gəldikdə isə artıq teatrlara tamaşaçı axını başlayıb. Məsələn, şənbə-bazar günləri bizim gündüz tamaşalarımızda anşlaq olur. Axşam tamaşalarında isə 70-80 bilet mərkəzləşmiş kassalarda satılır. Bu, başlanğıc üçün böyük göstəricidir. Həm bu tamaşaçılar real tamaşaçılardır. Tamaşanı bəyəndisə, özü ilə əlavə adamlar da gətirir tamaşaçı şəbəkəsi genişlənir.

 

Nigar Abdullayeva 

Palitra.-2012.-4 iyul.-S.11.