“Məktəblər indi sanki uşaqları instituta hazırlamaq kimi bir məqsədə yönəlib”

 

Layihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır. 

- “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bugünlərdə yeni bir layihəyə start verib. Bu layihənin məqsədi ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Hər bir insanın gələcəyi mütləq onun keçmişdə topladığı təcrübə, onun mədəni, tarixi təcrübəsini nə dərəcədə qoruyub saxlaması və tətbiq edməsindən asılıdır. Ona görə ki, o, bizim köklərimizdir və kökləri kəsmək mümkün deyil. Ona görə də biz belə qərara gəldik ki, bu istiqamətdə layihə həyata keçirək. Bu layihə “Milli sərvətimiz” adlanır. Bizim Bakı Slavyan Universiteti ilə çox yaxşı əlaqələrimiz var. Həmin ali təhsil ocağında təhsil alan tələbələrin də iştirakı ilə belə bir layihəyə başlamağımızın səbəbi o idi ki, gənclərlə ünsiyyətdə olduqda bir faktı müşahidə etdik. Belə ki, gənclərin savadı, təhsil almaq istəyi var, amma şeir, söz, ədəbiyyat qavrama imkanları çox aşağı səviyyədədir. Biz həmin layihəyə start verməklə istədik ki, onlar müdrik söz eşitsinlər və eyni zamanda onu həm söz, həm poetik formada qəbul etsinlər. Ona görə ki, insanın beyni musiqiyə yaxın bir ahəng olan şeiri axıcılığına görə daha rahat qavrayır. Biz istədik ki, həmin sözü yaradanlarla görüşdə olub müəyyən bir informasiya alsınlar, onlarla ünsiyyətdə olsunlar. İlk görüş olaraq bugünlərdə Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri ilə “Mənəvi sərvətimiz” adlı silsilə görüşlər çərçivəsində Xalq şairi Vahid Əzizlə  Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş keçirildi. Bu görüş çox maraqlı oldu və tələbələr üçün sanki başqa bir dünya açılmışdı. Tədbirdə 50 nəfər iştirakçının 30 nəfəri tələbələr idi. AncaqBu tədbirdə maraqlı nəsə əldə etdinizmi?” sualına tələbələrdən iki nəfəri tam səmimi olaraqyoxdedi. Bunu isə başa düşməmələri ilə əlaqələndirdilər. Halbuki şair V.Əzizin şeirləri qəliz deyil, asan başadüşülən şəkildədir. Bu o deməkdir ki, bu şeirə marağı olan, qavrayan gənclərin sayı daha çoxdur, lakin buna hazır olmayan, onların arasında bunu eşitmək istəməyənlər də var. Həmin tələbələrlə işləmək lazımdır. Çünki həmin qavramayanların gələcəkdə dünyaya gətirəcəyi övladları da bunu qavraya bilməyəcək və belələrinin sayı getdikcə artacaq. Ona görə də bu istiqamətdə tədbirlərə başlamaq lazımdır. Xüsusilə də korifeylərlə belə tədbirlərin keçirilməsinə üstünlük verilməlidir. Yalnız yazıçılar, şairlər deyil, bəstəkarlar,  ictimai xadimlərlə də gənclərin görüşlərini təşkil etmək, ünsiyyət qurmasına kömək etmək lazımdır. Həmin gənclər vasitəsilə digər kütləyə təsir göstərmək olar. Ona görə ki, hər bir gənc görüşdə qəbul etdiyi informasiyanı həmyaşıdları arasında bölüşərək onun yayılmasına kömək edir.

- Sizə elə gəlmirmi ki, bu, bir vaxtlar yazıçılar, şairlərlə təşkil olunan görüşlərin hazırda olmamasından irəli gəlir?

- Müəyyən tədbirlər vardı ki, ədəbiyyatı, mədəniyyəti cəmiyyətə daha yaxın edirdi. Məktəb illərindən başlayaraq insanların həyatında müəyyən bir faktor kimi iştirak edirdi. Lakin hazırda bu yoxdur. Nəinki məktəblərdə görüşlər keçirilirdi, hər ay klublardan birində yazıçılarla görüş keçirilirdi. Yaradıcılıq görüşləri ilə yanaşı televiziyaradioda müəyyən proqramlar vardı. İndi ancaq “Səhər ovqatı”, bir də “Ovqatverilişi var. Həmin verilişdə hər bazar günü belə görüşlər olur. Ancaq əvvəllər yazıçıların öz əsərlərini oxuduğu, fikirlərini bölüşdüyü proqramlar hazırda yoxdur. Həm KİV kənarda qalıb bu işdən, yəni müntəzəmlik yoxdur, həm də auditoriya. Yəni bu istiqamət daha çox böyüklər auditoriyasına ünvanlanıb, nəinki gənclər və uşaqlar. Bir də həmin yaradıcılıq gecələri hazırda yoxdur. Ona görə ki, həmin yaradıcılıq gecələri pulsuz olurdu. Əvvəlcədən elanlar olurdusöz sevənlər oraya gəlirdi. Hazırda həmin imkanlar yoxdur. Eləcə də tələbələrin bir qismi bu gün kitabxananın yolunu tanımır. Bəs həmin tələbə ədəbiyyatla necə tanış olur? Demək, ədəbi əsərin yanlız film formatını görür. Mən birinci sinifdə oxuyarkən, əlifba bayramından sonra müəlliməmiz bizi filarmoniyanın arxasında yerləşən kitabxanaya apardı və orada adımızı yazdırdı. Ondan sonra hər şənbə günləri xüsusi saat vardı ki, dərsdənkənar oxu vaxtında hansı kitabı oxumuşuqsa, növbə ilə həmin kitab haqqında danışırdıq. Bu bir stimul idi, çünki orada hər kəs danışmaq istəyirdi, oxuduğunu göstərmək istəyirdi. Beləliklə, bizə kitab oxumağı öyrədirdilər. İndi bu yoxdur.

- Bu istiqamətdə QHT-lərin rolunu necə qiymətləndirirsiniz?

- Məni təəccübləndirən odur ki, həmin tədbirdə əgər Füzulinin qəzəlləri səslənsə, bəlkə də onu başa düşməkdə çətinlik çəkənlər ola bilər. Amma V.Əzizin şeirləri çox sadə dildə yazılıb. Bunu ancaq o cür dəyərləndirmək olar ki, onların beyni buna hazır deyil. Onlar dərk etmirlər ki, bu, nə qədər vacibdir, əhəmiyyətlidir.  Belə görüşlərin keçirilməsi vacibdir. Hər bir QHT heç olmasa il ərzində min nəfəri əhatə edərsə, onların da hər biri maarifləndirci mənbə kimi digərləri arasında işləyəcək. Biz bu layihəni başlamışıq, hazırda yay fəsli olduğuna görə tələbələr tətildədir. Nəzərdə tutmuşuq ki, N.Həsənzadə, O.Rəcəbov, O.Zülfüqarov, B.Vəziroğlu ilə görüşlər təşkil edək. Ola bilər ki, format dəyişsin. Mən Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbəri F.Quliyevaya təşəkkür edirəm, həmin tədbiri biz kitabxana ilə birgə keçirdik. Orada həm də kitabların sərgisini təşkil etdilər. Kitabxana adından Vahid Əzizə simvolik bir hədiyyə təqdim etdilər. Ancaq mən istərdim ki, gələcəkdə auditoriya bir qədər böyüsün. Eyni zamanda digər QHT-lər də belə aksiyalar keçirsələr, yaxşı olardı. Onu da qeyd edim ki, bizim ev muzeylərimiz var. Məsələn, onlardan biri A.Şaiqin ev muzeyidir ki, mən orada olmuşam. Çox gözəl ev muzeyidir, lakin buraya məktəblilərin gəlişi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Həmin maraq, əvvəlki ənənələr yoxdur. Məktəblər indi sanki uşaqları instituta hazırlamaq kimi bir məqsədə yönəlib. Valideynlər başlayır repetitorlar axtarmağa. Uşaq yaradıcılıq mərkəzlərində olan uşaqlar 13-14 yaşına qədərdirlər. Ondan yuxarı yaş həddinə rast gəlmək olmur. Valideynlər artıq onların vaxtlarının çatmadığını bir səbəb kimi göstərirlər. Halbuki bu, uşaqlar üçün çox vacibdir. Uşaq yaradıcılıq mərkəzlərinin mövcudluğu haqqında informasiya çox az olduğu kimi, kitabxanalar barədə də informasiya olduqca azdır. Biz uşaq internet portalında həmin kitabxanalarla bağlı məlumat yerləşdirmişik, ancaq həmin portala daxil olanların da sayı o qədər də çox deyil.      Televiziya, radio, eləcə də yaradıcılıq görüşlərinin təşkili, məktəblərdə həmin tədbirlərin təşkili, onun gücləndirilməsi vacibdir. Gələcəkdə bəlkə də yalnız Bakıda deyil, regionlarda incəsənət xadimləri ilə görüşlər təşkil etmək olar. Ancaq hər halda burada hamı, həm QHT-lər, həm məktəblər, həm də KİV-lər iştirak etməlidir.  

 

 

Nigar Abdullayeva 

Palitra.-2012.-24 iyul.-S.11.