Ağdamın işğalından 19 il ötür
Dünən Şəhidlər xiyabanında Ağdam rayonunun işğalının 19-cu ildönümü anılıb. Bu münasibətlə Ağdam rayonunun ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatların üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Ümumilikdə ziyarət mərasimində 3 minə yaxın insan iştirak edib. Ziyarətə Ağdam Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Ağdamdan olan parlament üzvləri, «Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin rəhbərliyi qatılıb. Tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edib, əbədi məşəl kompleksi önünə əklil qoyublar. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, rayonun işğaldan azad olunmuş ərazilərində 17 yeni qəsəbə inşa olunub və burada 40 mindən çox əhali məskunlaşıb. Ümumilikdə Ağdamın işğal altında olmayan ərazilərində 90 min əhali yaşayır. İcra Hakimiyyətinin başçısı son zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın işğal altındakı ərazilərində təlimlərin keçirilməsinə də münasibət bildirib: «Hər dəfə regiona beynəlxalq təşkilatlardan yüksək səviyyəli qonaqlar gələndə ermənilər belə addımlar atırlar. Son zamanlar baş verənlər də onların təmas xəttində növbəti təxribatıdır”. Tədbir ikinci Fəxri xiyabanda dəfn edilmiş ağdamlı şəhidlərin məzarlarının ziyarəti ilə başa çatıb. Qeyd edək ki, Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi. Ağdam rayonunun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kv.kilometrdir. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkar edib. Belə ki, işğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib. Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.