ANAMA dünyada mina təmizləmə sahəsində ən yaxşı təşkilatlardan biri sayılır

 

Bakıda Azərbaycan Pespublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən ANAMA-NATO/NAMSA birgə layihəsi olanCeyrançöl Təmizləmə Layihəsi”nin rəsmi açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, müxtəlif hökumət strukturlarının nümayəndələri, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, baş nazirin müavini Abid Şərifov iştirak edirdi. İştirakçılar əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanış oldular.  

ANAMA-nın Beynəlxalq Təlim Bazası yaradılıb 

Açılış mərasimində çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirdi ki, layihə üzrə işlərə aprel ayında başlanıb. Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir. N. İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və partlamamış hərbi sursatlarla çirkləndiyini bildirdi: “Saloğlu” layihəsindən fərqli olaraq bu ərazi keçmiş sovet ordusunun hərbi təlim poliqonlarıdır. Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Həmin ərazidə çoxsaylı sursatlar, mina təlim sahələri və digər ərazilər var. Bu ərazilər 10 ildən çoxdur ki, istifadə olunmur. Ona görə hökumətin tapşırığı əsasında biz bu layihəyə başladıq. Hazırda əməliyyatlar gedir. Ötən müddət ərzində ANAMA böyük təcrübəyə nail olub. Hökumətin dəstəyi və BMT-nin köməyi ilə biz ANAMA-nın Beynəlxalq Təlim Bazası yaratmışıq. 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, Türkiyədən, İordaniyadan olan mütəxəssislərə təlimlər keçir. Bu əlaqələr genişlənir”.   

Təmizlənmiş ərazilər yerli icra orqanları və sakinlərin ixtiyarına verilir  

Baş nazirin müavini Abid Şərifov isə Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində bundan əvvəl “Saloğlu” layihəsinin həyata keçirildiyini və bu layihənin icrası nəticəsində bölgədə mina, PHS təhlükəsinin aradan qalxdığını bildirdi: “Keçmiş hərbi bazaların və poliqonların ərazisi sovet ordusundan miras qalmış minalar, partlamamış hərbi-sursat problemlərinin aradan qaldırılması Azərbaycan hökumətinin həyata keçirdiyi proseslərdən biridir. ANAMA və NATO Təhcizat Agentliyi arasında imzalanmış və 67 ay davam edən “Saloğlu” layihəsi çərçivəsdində 568 hektar ərazi təmizlənib, 640 mindən çox, 240 növdə sursat aşkar edilərək zərərsizləşdirilib. NATO, ABŞ, Latviya, Litva, Kanada, Yaponiya, Böyük Britaniya, İsveç, Norveç və digər ölkələrə təşəkkür edirəm. “Saloğlu” əhəmiyyət daşıyan bir layihədir və bu layihə nəticəsində çoxsaylı insanların həyatı xilas edilib. Hazırda agentlik tərəfindən təmizlənmiş ərazi yerli icra orqanları və sakinlərin ixtiyarına verilib. Torpaqdan istifadə ilə bağlı minlərlə adam işlə təmin olunub”. Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biriGürcüstanla sərhədboyu ərazilər, Ceyrançöl ərazisi olduğunu deyən A.Şərifov bildirdi ki, Prezidentin sərəncamı ilə Ağstafa rayonu ərazisində “Keşikçidadağ” sistemlərinin bir hissəsini əhatə edən mağaralar kompleksiKeşikçidağ” Dövlət - Tarix Mədəniyyət Qoruğu elan edilib. Adıçəkilən ərazilərdəki mövcud vəziyyət həmin sahələrin minalardan təmizlənməsi zərurətini ortaya çıxarıb. Qeyd edildi ki, ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan kəşfiyyat zamanı xeyli miqdarda mina və müxtəlif çaplı tank, artilleriya mərmiləri, aviasiya bombaları və başqa növlərdə üzərində zədələnmiş döyüş başlıqları olan partlamamış hərbi sursatlar aşkarlanıb. Problemin aradan qaldırılması məqsədilə hökumət ərazinin təmizlənməsinə dair layihənin hazırlanmasını ANAMA-ya tapşırıb. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun təlimatı əsasında bu layihə təsdiqlənib. Ceyrançöl layihəsinin əhəmiyyətindən danışan A. Şərifov qeyd etdi ki, layihənin birinci mərhələsinin xərci 3 milyon 90 min avro müəyyənləşib ki, bunun 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunub: “Bu layihədə ABŞ aparıcı dövlət olmağı öz öhdəsinə götürüb və artıq layihəyə 730 min avro vəsait ayırmağa razılıq verib. Eyni zamanda donor ölkə olaraq Böyük Britaniya da layihəyə qatılıb. 1998-ci ildə yaradılan ANAMA-ya görə  Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf ərazilər işğal olunub, minlərlə insan öz yurdundan didərgin düşüb ki, bu illər ərzində mina hadisəsi nəticəsində 1840 nəfər mülki şəxs minadan zərər çəkib, 521 nəfər həlak olub. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükə ANAMA yaradılması zərurətini meydana gətirmişdi. ANAMA-nın mütəxəssisləri tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərir. Uzun müddət mütəxəssislərin hazırlanmasına NATO böyük dəstək olub. 2000-ci ildən etibarən sahələrdə real təmizləmə əməliyyatları nəticəsində 19 min hektar ərazi təmizlənib, 10 minlərlə hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Təmizləmə əməliyyatları bu sahədə ən müasir avadanlıqlardan istifadə ediliməklə icra olunub. Bu da öz növbəsində işlərin təhlükəsizliyinə yüksək zəmanət verir. ANAMA fəaliyyət müddətində cəmi bir dəfə bədbəxt hadisə ilə üzləşərək öz əməkdaşını itirib. Dünyada bu sahədə fəaliyyət göstərən təşkilatlarla müqayisə edildikdə beynəlxalq mütəxəssislərin rəylərinə əsasən bu yaxşı hal kimi diqqəti çəkməklə bərabər, agentlik dünyada mina təmizləmə sahəsində fəaliyyət göstərən ən yaxşı təşkilatlardan biri sayılır”. 

“ABŞ ANAMA ilə əməkdaşlıqdan qürur duyur” 

NATO-nun insan həyatına daha da önəm verdiyini deyən NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirdi ki, Azərbaycanda həyata keçirilən tədbirlər bu sahədə ən böyük töhfədir. Lakin bunun  təhlükəli və gərgin bir olduğunu deyən nümayəndə qeyd etdi ki, bu işə bir sıra müttəfiqlər cəlb olunub. “Ceyrançöltipli layihələrin insanların həyatında böyük önəm kəsb etdiyini söyləyən C. Appaturay bildirdi ki, bundan əvvəlki “Saloğlu” layihəsi yüksək səviyyədə icra olunub: “O layihədə yaxşı nəticələr əldə olundu. Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz-üzə qalırlar. “Ceyrançöl” layihəsi də əvvəlki layihə qədər böyük əhəmiyyətə malikdir”. C. Appaturay qeyd etdi ki, ANAMA Gürcüstan və Əfqanıstanla birgə çalışır və bu qurumun təşəbbüsləri Azərbaycanın hüdudlarından kənara da yayılır.ABŞ-ın Azərbaycandakı səfirinin müvəqqəti işlər vəkili Adam Sterlinq bildirdi ki,  Amerika ANAMA ilə 2001-ci ildən əməkdaşlıq edir: “Bu gün ANAMA peşəkar bir agentlikdir. Humanitar partnyorlar kimi təlimlər keçirlər. ABŞ ANAMA ilə əməkdaşlıqdan qürur duyur”.   Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirdi ki, görülən işlər NATO ilə Azərbaycan arasında olan sıx münasibətlərin nəticəsidir: “ Bu əməkdaşlıq Azərbaycandakı əməliyyatlara töhfə verib. Bundan sonra bu əməkdaşlıq davam edəcək”. ANAMA-nın informasiya üzrə meneceri Murad Rəhimov “Ceyrançöl” layihəsinin təqdimatını keçirməklə yanaşı agentliyin fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.Tədbirdə həmçinin Litvanın NATO yanında nümayəndəliyinin rəhbəri Kestutis Cakauskas, NATO-nun Təminat Agentliyinin ümumi xidmətlər proqramının rəhbəri Devid Toundrou, Ruminiya səfirliyinin NATO yanında əlaqələndirisi Radu Qorincioi layihə ilə bağlı fikirlərini bildirdilər.  

 

 

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-6 iyul.-S.7.