Toy adət-ənənələrinin dəyişilməsi, deqradasiyaya uğraması müşahidə olunur

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanovadır.  

- Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolunu necə qiymətləndirirsiniz?

-  Azərbaycan bu il sübut etdi ki, ən yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər. Bunlardan biri də “Eurovision-2012” mahnı müsabiqəsi oldu. Bu kontekstdə eyni zamanda milli mentalitet məsələsinə toxunmaq istəyirəm. Bu ərəfədə Azərbvaycanda çoxlu müzakirələr getdi ki, “gey-paradkeçirilsin yoxsa yox. Bu paradın keçirilməsinin lüzumsuz olduğunu Azərbaycan gəncləri özlərinin müsabiqədə, onun aparılmasında yüksək səviyyədə iştirakları ilə sübut etdilər. Dünyaya göstərdilər ki, belə bir parad olmadan da müsabiqənin maraqlı və çox orijinal bir səviyyədə keçirilməsi mümkündür. Bunu Azərbaycan gəncləri bütün dünyaya sübut etdi. Mən inanıram ki, Azərbaycan gəncliyi milli mentalitet məsələlərində əsasən düzgün yoldadır. Doğrudur, bəzən deyirlər ki, indiki gənclik əvvəlkilərlə müqayisədə çox dəyişib. Bu barədə xüsusilə yaşlılar fikirlər bildirirlər. Amma bu cür fikirlər bildirilməsi çox normaldır. Çünki hər zamanın öz gəncliyi var. Ona görə də hər zamanlarda gəncliyin dəyişilməsi ilə bağlı fikirlər yaşlılar tərəfindən söylənilib. Bu baxımdan indi də gənclərimizin mentalitet baxımından dəyişilməsi ilə bağlı ciddi bir tendensiya görmürəm.  İndi də gənclərimiz yaşlı və ağsaqqalların öyüd-nəsihətlərini, onların tövsiyələrini önəmli sayır. Konkret olaraq bu gün Azərbaycanda elə gənclərimiz var ki, doğrudan da Azərbaycanı dünyada çox gözəl təbliğ edirlər. Onlar öz mədəniyyətləri, davranışları və təşəbbüsçüləri olduqları tədbirlərlə ölkəmizin mədəniyyətini yüksək səviyyədə tanıtmağa nail olurlar. Bu tanıtma müxtəlif sahələrdə, xüsusilə də qabiliyyət tələb edən sahələrdə özünü bariz göstərir. Məsələn, qəzetlərin  birində oxudum ki, on iki yaşlı soydaşımız xarici ölkədə pianoda məharətlə ifa etməklə dünyanı heyran qoyub. Bu cür gənclərin daha da inkişafına, onların gələcəkdə Azərbaycanı daha da yaxşı təmsil etməsinə hər kəs çox ciddi yanaşmalıdır. Birinci növbədə cəmiyyət bu cür yeniyetmə, uşaq və gəncləri ciddi qiymətləndirməlidir. Onlara istedadlarını Azərbaycanın tanıdılması yönündə lazımınca sərf etmələri üçün şərait yaratmaq lazımdır.

- Milli mentalitet və dəyərlərlə bağlı gənclərin maarifləndirilməsinə necə yanaşırsınız?

- Azərbaycanın milli mentalitet məsələsinə gəldikdə isə, bizim özəl milli mentalitet və adət-ənənələrimiz var, Azərbaycan gəncləri də bu adət-ənənələrin daşıyıcılarıdırlar. Bu, həm məişətdə, həm rəqs, folklorsair məsələlərdə özünü  ciddi göstərir. Burada əsas problem kimi gənclərimizin toy adət-ənənələrinə münasibəti üzərində bir az ətraflı dayanmaqbu sahəyə diqqət yetirmək daha yaxşı olar. Baxın, konkret olaraq toy adət-ənənələrinin dəyişilməsi, burada deqradasiyaya uğrama müşahidə olunur. Gənclərimiz bu məsələ ilə bağlı ciddi düşünməlidirlər. Bu cür israfçı adət-ənənələr əslində mədəniyyətimizə yaddır. Toy yalnız yeyib-içmək, eyş-işrət və oynamaqdan ibarət olmamalıdır. Bu məsələ üzərində ciddi düşünmək lazımdır. Bu barədə vətəndaş cəmiyyəti institutlarının da ciddi layihələr həyata keçirməsi və geniş ictimai müzakirələrə nail olmaları günün tələbidir. Xüsusilə də gənclər bu məsələyə ciddigeniş miqyasda cəlb olunmalıdırlar. Xüsusilə, KİV, qəzetlər bu sahədə intensiv müzakirələr aparmalı və gəncləri müzakirələrə cəlb etməlidirlər. Bu müzakirələrdə toyların eybəcər şəkildə keçirilmə tərzinin müsbət mənada dəyişilməsi ilə bağlı gənclərin təklif və fikirləri, təşəbbüsləri nəzərə alınmalıdır. Xüsusilə də konkret KİV-lər, məsələn, elə sizin qəzetinizdəki layihə çərçivəsində gənclər bu məsələ ilə bağlı öz təkliflərini bildirsələr, yaxşı olar.  Məncə, bu toyların hazırkı səviyyədə keçirilməsi gənclərimizin  çoxunu narahat edir. Gənclər istəyirlər ki, toylarımız daha maraqlı, orijinal və ənənələrə uyğun keçirilsin. Toylarda milli geyimlərdən, yemək növlərindən və sair elementlərdən harmonik olaraq istifadə edilməlidir. Halbuki hazırda milli geyimlərdən toylarda istifadəyə bir çox hallarda yaxşı baxmırlar, Avropa geyimlərinə daha çox üstünlük verirlər. Bu istiqamətlərlə bağlı milli toy adət-ənənələrimizin dirçəldilməsinə ciddi fikir verilməlidir.

- Vətəndaş cəmiyyəti institutlarının bu sahədə həyata keçirdikləri layihələrlə bağlı nə deyə bilərsiniz?

- Bu gün ayrı-ayrı təşkilatlar Azərbaycan mədəniyyəti və dəyərləri ilə bağı layihələr həyata keçrirlər. İstər ölkə daxilində, istərsə də ölkədən xaricdə bu cür layihələrin həyata keçirildiyinin şahidiyik. Mənə belə gəlir ki, bu sahə ilə bağlı əlahiddə qurum yaradılmalıdır. Yəni Azərbaycandan kənarda ölkəmizin təbliği ilə bağlı olan layihələrə aid ayrıca bir komissiya yaradılmalıdır. Orada mədəniyyət, ədəbiyyat, Azərbaycan həqiqətləri, faciələrimizlə bağlı ayrı-ayrı komissiya üzvləri olmalıdır. Belə bir halda layihələr həyata keçiriləndə görərik ki, bu cür layihələr daha effektli və təsirli, davamlı ola bilər. Həmin komissiya üzvləri tərəfindən layihə icraçılarına təlimlər keçirilsə, onlar layihələri daha peşəkar səviyyədə həyata keçirə biləcəklər. Bu cür layihələri həyata keçirən gənclər xarici ölkələrdə ölkəmizi daha peşəkarca təmsil edəcək, mədəniyyətimizi bütün çalarları ilə təqdim edə biləcəklər. Doğrudur, indibu sahədə peşəkar gənclərimiz var, dövlətimiz bu sahəyə ciddi diqqət və vəsait ayırır və effektli layihələr həyata keçirilir. Hər halda, bu cür peşəkar layihə həyata keçirən gənclərin daha da kütləvi olması və onların eyni zamanda xaricdə təhsil alan, işləyən azərbaycanlı gəncləri də yaxşı koordinasya edə bilmələri üçün qeyd etdiyim tədbirlərə ehtiyac var. Bildirdiyim kimi, konkret, ayrı-ayrı mədəniyyət, incəsənət sahələrinə aid sahələrdə bu cür peşəkar təmsilçilik ümumi işin daha çox xeyrinə olar. Bu sahələrdə layihələr həyata keçirən gənclərə həmin sahələr üzrə öncədən təlimlər keçilməlidir.  

- Gənclərin dövlətçilik şüurunun inkişaf etdirilməsi üçün hansı işlər görülməlidir?

- Bu məsələ doğrudan da çox vacibdir. Gənclərimizdə dövlətə, bayrağımıza, dövlət gerbimizə və sair dövlət rəmzlərimizə olan diqqət və sayğının daha da artıtılması vacibdir. Gənclərimiz bu vətənin, onun nemətlərinin, cəmiyyətin və dövlətin sayəsində ərsəyə gəldiklərini daim bütün fəaliyyətlərində sərgiləməlidirlər. Dövlət rəmzləri ilə bağlı uşaq və yeniyetməlik dövrlərindən kütləvi ciddi maarifləndirmələr aparılması çox vacibdir. Bu məsələdə birinci yerdə əslində təhsil gəlir. Təhsil müəssisələrində şagirdlər bu məsələ ilə bağlı çox ciddi bir şəkildə hazırlanmalıdırlar. Eyni zamanda vətəndaş cəmiyyəti institutları bu sahə ilə bağlı yeni-yeni, orijinal layihələr həyata keçirə bilərlər. Bütün bunlar uşaq, yeniyetmə və gənclərin dövlətçilik şüurunun yüksəlməsinə xidmət etməlidir. Müasir qloballaşma şəraitində gənclərin milli mənafeyə əsaslanan məfkurəyə, düşüncəyə sahib olmaları çox vacib bir amildir. Gəncliyin formalaşması prosesində bu amil ciddi nəzərə alınmalıdır. Çünki Azərbaycan əhalisinin əksəriyyəti gənclərdir və onlar cəmiyyətimizin əsas hərəkətverici qüvvəsidir. Deməli, əhalinin əksəriyyətini təşkil edən enerjili bir təbəqənin milli məfkurəyə yüksək səviyyədə sahib olması, milləti və dövləti üçün nəyin pis, nəyin yaxşı olduğunu dəqiq fərqləndirməsi çox məqsədəuyğundur.

 

 

 

İlkin AĞAYEV          

Palitra.-2012.-25 iyul.-S.11.