Türkiyə 2015-ci ilə kimi Dağlıq Qarabağ və erməni problemini həll etməyə çalışmalıdır

 

Türk politoloq Bəkir Çinar ölkəsini 2015-ci ildə gözləyən təhlükə barədə xəbərdar edib. O bildirib ki, Qarabağ münaqişəsi və türk-erməni münasibətləri ilə bağlı problemlər həll olunmasa, Türkiyə 2015-ci ildə ərazilərinin beynəlxalq hüquq normaları çərçivəsində Ermənistana birləşdirilməsi ilə bağlı qərarlarla mübarizəyə başlamaq məcburiyyətində qalacaq.  

Çinar, hazırda Türkiyənin nə yolla olursa olsun Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasına çalışması lazım gəldiyini vurğulayıb. «Ermənilərin sözdə «soyqırımı»  adlandırdıqları hadisələrin yüz illiyi ilə bağlı hazırladıqları sonuncu zərbədən Türkiyənin ayağa qalxması  çətin olacaq. Hazırda Suriya böhranı ilə bağlı Türkiyənin hədəf seçilməsi, Avropa Birliyinin Türkiyəyə qarşı bir sıra sərt addımlar atması, yaxın gələcəyi türklər üçün sürprizlərlə dolu edir» deyən politoloqa görə, Türkiyə ona qarşı qurulmuş kombinasiyanı darmadağın etmək üçün yollar fikirləşməlidir. Bu sırada türk dünyası ilə sıx əlaqələrin qurulmasının, İsraillə münasibətlərin yumşaldılmasının önəmli olduğunu bildirən Çinar, rəsmi Ankaranın İslam dünyası ilə sıx təmaslarının Qərbdə birmənalı qarşılanmadığını düşünür. Onun fikrincə, Türkiyə ya Suriyada, ya da Qarabağda fürsəti fövtə verməyib öz hərbi gücünü qısa zaman kəsiyində olsa da nümayiş etdirməlidir. «NATO-nun Türkiyənin hərbi hərəkətlərinə qarşı çıxacağını düşünmürəm. Əslində Türkiyənin Suriya böhranını silah yolu ilə yumşaltması, Ermənistana qarşı hədə tonunda danışması Rusiyanı qıcıqlandıra bilər. Lakin Moskvanın tikanlarını çıxarmaq üçün də əvvəlcə bir sıra sahələrdə anlaşma əldə etməyə ehtiyac var» - deyə Çinar əlavə edib. O, Rusiya ilə anlaşmalara Azərbaycanın asan bir şəkildə vasitəçilik edə biləcəyini düşünür. Türk politoloq Azərbaycanın İsraillə hərbi müstəvidə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, rəsmi Bakının Ankara-Təl-Əviv münasibətlərinin yaxşılaşmasına da töhfələr verə biləcəyini qeyd edib. Bu arada ermənilərin 2015-ci il qondarma genosidin 100 illiyinə möhkəm hazırlaşdıqları barədə məlumatları digər mənbələr də təsdiqləyib. Qəribədir ki, bu yüzilliklə bağlı hazırlıq işlərini təkcə ermənilər aparmır. Dünyada onların tərəfini tutan, çörəyini yeyib konyakından içən hər kəs, bu prosesə hazırlaşır. Nə qədər qəribə olsa da, erməni nəşrləri ABŞ-ın Ermənistandakı səfiri Con Xeffernin Türkiyənin Today’s Zaman qəzetinə müsahibəsinə istinad edərək 2015-ci ilə qədər Türkiyə və Azərbaycana qazılan quyulardan yazıb. Nəzərə alsaq ki, səfir erməni qəzetlərində gedən (Today’s Zaman-da həmin müsahibəni tapa bilmədik-m.) həmin məlumatı təkzib etmədiyindən, demək ki, o, bu barədə danışıb. Con Xeffern bildirib ki, ABŞ irəlidə erməni-türk iqtisadi əlaqələrini tənzimləyəcək. Xüsusilə Qars-Gümrü dəmir yolunun açılışına diqqət çəkən səfir «Əgər dəmir yolu açılsa, ticarət və turizm sahəsinə böyük təkan verəcək» deyib. O, bildirib ki, dəmir yolu ola bilsin  sərhədlərdən əvvəl açıldı.  Dəmir yolunun sərhəddən əvvəl açılması məsələsi danışıqların əsasını təşkil edir.  Bir sıra erməni analitikləri hesab edirlər ki, Ermənistan və Qarabağdan enerji və nəqliyyat kommunikasiyalarının keçməsi, Cənubi Qafqazı Qərb üçün vacib dəhlizə çevirərdi. Qərb Türkiyə və Azərbaycanı Qarabağya bir neçə rayonun müqabilində kommunikasiyaları açmağa razı salmağa çalışır. ABŞ, Hillari Klintonun da konkret surətdə söyləyidi kimi erməni-türk məsələsinin Qarabağ məsələsindən ayrı götürülməsini istəyir. “Qeyri-real sakitlik üçün bir neçə rayonun Azərbaycana  verilməsinə tərəfdar olan bir çox ermənidən fərqli olaraq ABŞ başa düşür ki, hər bir rayonun hərbi-strateji əhəmiyəti var. Hətta kiçik bir geri çəkilmə qüvvələr balansını dəyişə bilər” - deyə “Lragir” yazıb. “Bəs ABŞ və Avropa Türkiyə ilə Azərbaycanın Ermənistan və Qarabağla bağlı blokadasını yara biləcəkmi?” sualına cavablandıran erməni nəşri bununla bağlı iki variantın olduğunu qeyd edib: Güc və şirnikləndirmə. Burada iddia olunur ki, Avropa Birliyi hələlik Türkiyə ilə  Şengen razılaşmasına qoşulmaq barədə saziş imzalamaq istəyir. “Buna paralel olaraq Avropa Suriya böhranının ağırlığını Türkiyənin çiyinlərinə qoymaq istəyir. Həmçinin qeyri-leqal şəkildə Yunanıstana daxil olan türklərə qarşı sərt miqrasiya rejimi tətbiq etməyə çalışır” - “Lragir” yazıb. Burada qeyd olunub ki, ekspertlərin fikrincə, Türkiyə ABŞ və Avropanı Qarabağın 1-2 rayonuna güzəşt etməyə razı salmağa nail olmaq istəyir. Bu isə regionda «kiçik müharibə» ilə nəticələnə bilər, eynilə 2008-ci ildə Rusiyanın Cənubi Osetiyaya çağırılmasında olduğu kimi.  Daha sonraLragir” yazıb: “Bütün bu məsələlərin 2015-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Səfir Xeffern isə düşünür ki, 2015-ci il regiondakı bütün ölkələr üçün vacib təqvimdir: «2015-ci ildə 1915-ci ildə baş verən hadisələrin yüz ilinin tamam olması Türkiyəyə Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün bir fürsətdir». Əlbəttə səfir əgər Türkiyə buna razı olmasabaş verəcəyinə aydınlıq gətirməyib. Amma əgər Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmasa, 2015-ci ildə ABŞ erməni genosidini tanıyacaq. Bu isə Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını rəsmiləşdirəcək. Vudro Vilsonun bu barədə layihəsi birdən-birə aktuallaşacaq”.

 

Möhtərəm

Palitra.-2012.-6 iyul.-S.9.