“Xarici ölkələrin
mədəni təsiri daha çox
kinolar, seriallar vasitəsilə
özünü göstərir”
Müsahibimiz
“İRƏLİ” Ədəbi Məclisinin sədri Orxan Muxtarlıdır. O, bizimlə söhbətində
dəyərlər və müasir zamanda onların dəyişilməsinə təsir
edən amillər barədə danışdı:
-
Sovetlər dağıldıqdan sonra dəyərlər
sisteminin dəyişilməsi nəzərə
çarpmağa başladı. Sovetlər dövründə
böyümüş nəsil sovet vətəndaşı
düşüncəsi ilə tərbiyələndirilirdi. Bir sıra
çərçivə və əndazələr də bu düşüncə əsasında
formalaşırdı. 90-cı illərdə isə dəyərlər
müstəvisində “ağ vərəq”
nəzərə çarpmağa
başladı. Yəni bu zaman
dəyərlər sistemində olan boşluqlar açıq müşahidə olunmağa başladı. Köhnə ideologiya dəbdən düşdükdən sonra yeni ideologiyanın
formalaşması prosesi yavaş-yavaş
baş verdi. Burada həm milli, həm də dini dəyərlərin
formalaşmasından danışmaq olar.
Əlbəttə, burada da
müəyyən ziddiyyətlərdən və təzadlardan
söhbət gedə bilər. Çünki
dini dəyərlər də cəmiyyətdə
hələ tam olaraq özünü tapa bilmirdi. Ona görə ki, dini
düşüncə üzərində bir
vaxtlar ekstremizm meyilləri
bizə ayaq açmağa
çalışdı, burada xaricdən gələn
şiəçilik, vəhhabilərin və sair
dini sektaların xəfiyyəçilik rolunu oynaması və sair
məsələlər nəzərdə tutulur.
Bunlar cəmiyyətin sərbəst şəkildə
dini-mənəvi dəyərləri əxz etməsinə,
dirçəltməsinə mane olmağa çalışırdılar. Bu cür proseslər digər postsovet
və dünya ölkələrində də
baş verdiyi üçün adi hal alıb. Hazırda da dini düşüncənin ölkəmizdə
düzgün formalaşması və
yayılmasında bəzi xarici maneələrə
rast gəlinir. Bu cür halların aradan
qaldırılması üçün bir çox işlər
görülməlidir. Bu işlərin biri bizim ədəbiyyatımıza,
yazılı abidələrimizə və sovet
dönəmindən öncəki din
yaddaşımıza qayıtmaq olmalıdır. Füzulinin, Nəsiminin,
Nizaminin və sair
korifeylərin dini görüşlərinin
qabardılması və aydın bir şəkildə
cəmiyyətə geniş miqyasda çatdırılması
lazımdır. Məsələn, Türkiyə
öz Mövlanəsini necə yeni düşüncə ilə cəmiyyətə
aşıladısa, onun kəlamları ilə
müasir türk vətəndaşının
dini məfkurəsini
formalaşdırdı. Məsələn, “Olduğun
kimi görün və
göründüyün kimi
ol” düşüncəsi artıq
Türkiyədə çox
yayılmış bir fikirdir.
Mövlanənin sözləri ilə islamiyyətin sufizmi artıq qabarmağa,
ideyaları yayılmağa başlayıb. Biz
də məsələn, Nəsimidə insan
sevgisi, insan
saflığı və sair ümumbəşəri
hisslərin dini müstəvidə
aydın izah olunmasına
çalışmalıyıq. Bu cür axtarışlarla dini
ekstremizmdən uzaq, real
və həqiqi dini məfkurəni gənclərimizə
daha geniş miqyasda aşılaya bilərik. Bu da mənəvi
saflaşmanı daha da
artırmış olar.
- Gənclərin etik
davranışlarla bağlı maarifləndirilməsi
üçün hansı məsələlərə diqqət
yetirmək lazımdır?
-
Etik davranışlarla bağlı onu deyə bilərəm
ki, bu məsələdə bizdə “atalar və oğullar”
problemi yoxdur. Çünki bizdə
cəmiyyətdə hazırda ciddi ideoloji problem yoxdur. Amma əgər cəmiyyətdə
qeyri-etik davranışlarla
qarşılaşırıqsa, bunun məsuliyyəti
hər iki nəslin - həm
gənc, həm də yaşlı nəslin üzərinə düşür. Yəni adi
bir maşında və ya
ictimai nəqliyyatda olduğumuz
zaman gənc insan
yaşlı insana yer verdiyi zaman, bəzi
yaşlı insanlar təşəkkür
bildirmir. Yaxud da gənc bir insan yaşlı bir qocaya oturmaq üçün yer vermək
istəmir, hətta bəziləri ağır vəziyyətdə
olan qoca, yaxud qadına belə məhəl qoymur. Bu cür
hallar hər iki nəslin
günahıdır. Avropa dəyərləri
isə bu barədə tamam
başqadır. Məsələn, Avropada əbəs
yerə durub
qadına yer verəndə, o, bunu özünə təhqir
sayır. Bu cür
davranış bizdə hələki oturuşmayıb, amma bəzən bu cür davranış olanda
başqaları tərəfindən qəribə
qarşılanır, çünki təzadlar
yaranır. Ona görə də hər iki halda təmkini qorumaq və
nəzakətliliyi gözləmək lazımdır. “Əli və
Nino”da deyildiyi
kimi, Qərb dəyərləri artıq
Azərbaycana yaxınlaşıb və bu
zaman artıq bəzi məqamları nəzərə
almaq lazımdır. Bu
dəyərlər sistemində isə biz öz mövqeyimizi hər
halda qorumalıyıq ki,
kimik, hansı düşüncənin və
əxlaqın sahibiyik.
Bayrağımızda əksini tapan üçlüyü götürərək ən
gözəl şəkildə cəmiyyətin bütün
təbəqələrinə çatdırmalıyıq. Bu məfkurə hərtərəfli şəkildə
işlənməlidir.
- Ədəbiyyat sahəsində bu
məsələ ilə bağlı hansı axtarışlar
gedir? Ədəbi yaradıcılıqda milli-mənəvi dəyərlər
mövzusuna yer verilirmi?
-
Ədəbiyyat sahəsində bu məsələ ilə
bağlı müəyyən axtarışlar aparılır.
Amma ədəbiyyatımıza da müasir dönəmdə
yönləndirici, etik baxımdan təsir
edəcək bir qüvvə yoxdur. Bəlkə də gələcəkdə
bu baxımdan ədəbiyyatımıza təsir
edəcək bir mexanizm
formalaşa bilər. Amma
onu deyə bilərəm ki,
hazırda ədəbi düşüncəmizə təsir
göstərən üç xarici amil var.
Məsələn, Türkiyə
ədəbiyyatının müasir ədəbiyyatımıza,
oxucularımıza təsiri var. Orxan Pamuk
yaradıcılığının ən azından oxucu kütləmizə təsiri duyulur. Amma bunu
təəssüfləndirici hal
sayıram. Bundan başqa Avropa
yazarlarının, rusdilli ədəbiyyat
nümayəndələrinin əsərləri də çox oxunur. Ədəbiyyatdan
başqa qeyd edilən
ölkələrin Azərbaycan mühitinə mədəni təsiri
də duyulmaqdadır ki, bu
barədə də yuxarıda qeyd etdim. Bu təsir daha çox kinolar, seriallar vasitəsilə
özünü göstərməkdədir
ki, burada da mənfi məqamlar barəsində çox danışmaq olar.
Bildiyimiz kimi,
serialların həyatımıza mənfi təsiri barəsində
çoxlu ictimai
müzakirələr aparılımaqdadır ki,
bu barədə dövlət rəsmiləri
də dəfələrlə fikirlərini bəyan ediblər.
Bizə xarici seriallar doğrudan da çox təsir göstərməyə başlayıb
ki, bu da
düşündürücüdür. Bunlar gənclərin
təfəkkürünün dəyişməsində, yeni davranış və əxlaq tərzlərinin
əxz edilməsində kifayət qədər böyük
rol oynayır. Əgər köhnə nəsil
uşaq olarkən sovet
cizgi filmlərinin təsiri altında
böyümüşdüsə, artıq yeni nəsil “Ben10”, “Bakuqan”,
“Avatar” və sair filmlərin
təsiri altında formalaşır. Xeyir
və Şər dilemması məsələlərində indiki uşaqlara daha çox aqressivlik, qəddarlıq, xaotik
reaksiyalar və sair
aşılanır...
- Yeri gəlmişkən, indiki
uşaqların formalaşması üçün milli
uşaq telekanalının yaradılması məsələsi
tez-tez gündəmə gətirilir. İlk
dəfə qəzet olaraq biz
belə bir təkliflə
çıxış etmişdik. Bu barədə nə düşünürsünüz?
- Belə bir telekanalın olması əlbəttə ki, vacibdir. Amma burada bir sıra maneələr var. Birinci olaraq mən bu məsələdə kadr problemini görürəm. Doğrudur, telekanallarda işləyən çoxlu sayda savadlı və istedadlı jurnalistlərimiz var. Onların təcrübəsindən yararlanmaq olar. Amma bir nüans var ki, onların bir çoxunun işlədiyi iş təcrübəsi müasir informasiya dönəmi baxımından bir o qədər də uyğun deyil. Bir çoxları hələ də sovet dövrünün jurnalist kadrı kimi düşünür və hərəkət edir. Bu gün telekanallarımız daha aşağı səviyyədə izlənilir. İstər uşaqlar, istərsə də böyüklər xarici telekanalları seyr etməklə izləyici tələbatını ödəyirlər. Cizgi filmlərimiz o zaman da rus cizgi filmlərindən kifayət qədər geridə qalırdı. İndi isə demək olar ki, cizgi filmi sahəsi yoxdur. Eləcə də uşaqlar üçün əyləncəli, intellektual, idman verilişləri yox səviyyəsindədir. Qeyd etdiyim kimi, burada kadrların, rejissorların, eləcə də maddi-texniki bazanın, avadanlığın olmamasından söhbət gedir. Bunlar hamısı ona gətirib çıxarır ki, sözügedən məsələdə bizim telekanallarımız və ümumiyyətlə, televiziya sahəmiz müasir tələblərə cavab vermir, nə uşaqların, nə də böyüklərin tələbatını tam ödəyə bilmir. Bu da öz növbəsində dolayı olaraq dəyərlər və davranış baxımından yeni nəslin formalaşmasına təsirsiz ötüşmür. Bu baxımdan düşünürəm ki, sözügedən məsələdə yaxın ölkələrin müsbət təcrübəsindən çox geniş yararlanmalı və bu sahəni dirçəltməliyik. Əslində bu, bir strateji məqamdır.
İlkin AĞAYEV
Palitra.-2012.-6 iyul.-S.11.