Azərbaycan ictimai asayişin qorunmasında Avropa və MDB məkanında lider dövlətlərdəndir

 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə çıxış edən daxili işlər naziri Ramil Usubov ötən 94 il ərzində Azərbaycan polisinin keşməkeşli olduğu qədər şərəfli bir yol keçdiyini, müxtəlif mərhələlərdə hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq, Vətənə, xalqa, anda sədaqətlə, ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb.  

Nazir qeyd edib ki, polis və Daxili Qoşunlar dövlətin və xalqın ən çətin anlarında Vətənin müsəlləh əsgəri olub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən respublikamızın ərazi bütövlüyünü mərdliklə qoruyub. Bu döyüşlərdə 1695 əməkdaş və hərbi qulluqçu şəhid olub, 76 nəfər «Milli Qəhrəman» adına layiq görülüb. Bununla bərabər, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında 94 əməkdaşımızın həlak olması, 1778 nəfərin xəsarət alması da - vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən müdafiə etməyə həmişə hazır olan, zəruri anda xidməti borcunu layiqincə yerinə yetirmək naminə həyatını belə əsirgəməyən asayiş keşikçilərinin gərgin əməyinin və əzmkarlığının əyani təsdiqidir. R.Usubov vurğulayıb ki, artıq uzun illərdir ki, respublikamız ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində Avropa və MDB məkanında lider dövlətlərdəndir.  

1994-cü ildən bu günədək 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib  

Nazir ölkədə son 18 ildə baş verən cinayətlərin statistikasını açıqlayıb. Ramil Usubov bildirib ki, 1994-cü ildən bu günədək olan dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, 6 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. R.Usubov bildirib ki, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlars. əksər Avropa, AmerikaAsiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.Nazir Prezidentin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, bir neçə gün öncə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində də dövlət başçısının gənc kadrların hazırlanması prosesini əsas amillərdən biri kimi vurğuladığını xatırladıb.  Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi ortaböyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib. Həyata keçirilən kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluq da əhəmiyyətli dərəcədə möhkəmlənmiş, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunub. Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıb.

Maaşların artırılması ilə bağlı 2004-2011-ci illərdə 10 sərəncam imzalanıb  

Həmçinin qeyd edilib ki, ölkə rəhbərliyinin diqqəti və qayğısı sayəsində şəxsi heyətin vəzifə və rütbəyə görə maaşlarının artırılması ilə bağlı 2004-2011-ci illərdə 10 sərəncam imzalanıb, əlavə sosial ödənişlər müəyyən edilib. 1991-ci illə müqayisədə nazirliyin büdcəsi 12 dəfə artıb ki, bu  dəyişikliklərin də əsas xəttini maddi-texniki bazanın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi, müasir infrastrukturun yaradılması təşkil edib. Mərasimdə bildirilib ki, 2011-2012-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 192, ümumilikdə, 314 məzun bitirir. Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Mətləb Ağagülova, Eldar Qədimova, Şöhrət HüseynovaHüseyn Mənsimliyə diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib. Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Eldar Qədimov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub. Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib.Dünən Azərbaycanın rayonlarında, o cümlədən Ağcabədidə də Polis Günü ilə bağlı böyük tədbir keçirilib.

 

Anar

Palitra.-2012.-3 iyul.-S.6.