“Çalışacağıq ki, gənclər üçün
məhz gənclər tərəfindən gələn
ideyaları gerçəkləşdirək”
Son dövrlərdə gənclər sahəsinə olan diqqət və qayğı artmaqdadır. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizini təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb. Qeyd etmək lazımdır ki, dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır.
Çünki
Prezident İlham Əliyev Azərbaycan gənclərinin bilik və
vərdişlərinin, bacarıqlarının hərtərəfli
formalaşmasını, ölkədə bacarıqlı kadr və
mütəxəssis ordusunun yetişməsini, bir sözlə,
neft kapitalının insan kapitalına çevrilməsini ən
əsas prioritetlərdən biri olaraq elan edib. Təsadüfi
deyil ki, son dövrlərdə gənclər sahəsində
intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Məsələn,
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
dövlət proqramı uğurla həyata
keçirilir və 2015-ci ilə qədər
təkcə bu proqram
çərçivəsində 5 minə qədər gənc
inkişaf etmiş xarici ölkələrdə mükəmməl
ali təhsil alacaqlar. Bu cür proqram
və tədbirlərdən başqa
ötən il “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edildi və bu proqram da çox
effektiv bir şəkildə
həyata keçirilir. Həmin proqram çərçivəsində həyata
keçirilən ən uğurlu və gəncləri
davamlı, kütləvi şəkildə ehtiva
edəcək layihələrdən biri Azərbaycan
Gənclər Fondunun
yaradılmasıdır. Gənclər Fondunun
fəaliyyətə başlaması ilə kütləvi sayda gənclərin fəaliyyət və təşəbbüsləri
dövlət tərəfindən dəstəklənəcək.
Bəs sözügedən fondun fəaliyyət
istiqamətləri konkret
hansılardır? Fond gəncləri konkret olaraq hansı formalarda dəstəkləyəcək?Bu barədə
qəzetimizə eksklüziv olaraq Azərbaycan Gənclər Fondunun icraçı direktoru
Fərhad Hacıyev müsahibə
verdi.
- Fərhad müəllim, ölkədə
gənclərlə bağlı bir sıra təşkilatlar və
hökumət qurumu fəaliyyət göstərir. Ayrıca
olaraq Gənclər Fondunun yaranması zərurəti nədən
irəli gəldi?
- Azərbaycan gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir. Gənclərin inkişafına dövlətimizin dəstəyi əvəzolunmazdır. Gənclər siyasəti dövlətimizin ən vacib prioritetlərindən birinə çevrilib. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti öz nəticələri ilə göz önündədir. Bir il ərzində Prezident gənclərlə 2 dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib və gəncliyimizə tam dəstək verdiyini bir daha söyləyib. Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı özündə gənclərlə bağlı bir sıra mühüm məsələləri ehtiva edir. Hal-hazırda ölkəmizdə gənclərlə bağlı fəaliyyət göstərən çoxlu sayda təşkilatlar, hökumət qurumları mövcuddur. Gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq, həyata keçirmək istiqamətində atılan addımları daha da sürətləndirmək, daha çox gəncə dəstək olmaq, gənclər üçün elə məhz gənclər tərəfindən gəlmiş layihələri reallaşdırmaq üçün belə bir fondun yaradılması zərurəti var idi. Bunun üçün də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu məhz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tərkib hissəsi kimi yaradıldı və fonda Prezident tərəfindən 5 (beş) milyon manat büdcə ayrıldı.
- Gənclər Fondunun fəaliyyətə
başlaması ilə gənclər sahəsində hansı dəyişikliklərin,
yeniliklərin olması gözlənilir?
- Biz Gənclər Fondu olaraq gənclərin maraqlarına cavab verəcək, onların inkişafına xidmət edəcək və ictimai fəallığını artıracaq layihələrə dəstək göstərəcəyik. Çalışacağıq ki, gənclər üçün məhz gənclər tərəfindən gələn ideyaları gerçəkləşdirək. Biz gənclərə öz fikirləri və təklifləri ilə çıxış etmək imkanı yaradırıq. Mühüm məqamlardan biri də odur ki, ölkəmizdə ilk dəfə olaraq Gənclər Fondu gənclərin fərdi layihələrini də dəstəkləyəcək. Yəni gənclər yalnız təşkilat qismində deyil, individual şəkildə də bizə müraciət edərək ideyalarını reallaşdıra biləcəklər. Biz gənclər üçün belə bir şərait yaratdıq, indi isə onlardan aktiv olaraq layihələrini təqdim etmələrini gözləyirik.
- Fond yaranan andan gənclərlə
bağlı hansı fəaliyyətləri həyata
keçirib və ən yaxın zamanlarda hansı fəaliyyətlər
həyata keçiriləcək?
-
Fondun bütün fəaliyyəti saytımız üzərində
qurulduğu üçün ilk iş olaraq Azərbaycan Gənclər
Fondunun saytını iki dildə - Azərbaycan və ingilis
dillərində istifadəyə verdik. (“www.youthfoundation.az”
-İ.A.). Bununla yanaşı gənclər
arasında müsabiqə elan edərək
fondun loqosunu seçdik. Gənclər təşkilatları
vasitəsilə və eləcə də fərdi şəkildə
saytımızda qeydiyyatdan keçərək
öz layihələrini təqdim edə
biləcəklər. Qeydiyyatdan
keçdikdən sonra gənclər təşkilatları
və ya fərdi gənclər fonda layihə təklifi ilə müraciət
edə bilərlər. Layihələrə qrantların
ayrılmasını 5 kateqoriya üzrə
müəyyən etdik. Bu kateqoriyalar
A-yerli layihələr, B-beynəlxalq layihələr,
C-fərdi gənclərin layihələri, D-beynəlxalq tədbirlərdə
iştirak qrantları və E-xarici vətəndaşların tədqiqat layihələri
üzrə bölünür. 8 iyun tarixində elan etdiyimiz qrant müsabiqəsi
üçün artıq 107
qeyri-hökümət təşkilatı, 39 nəfər
gənc isə individual şəkildə qeydiyyatdan keçərək layihələrini
təqdim ediblər. Elan olunan
layihə müsabiqəsi 15 iyul tarixində
başa çatacaq və
fondun Müşahidə Şurası tərəfindən
layihə təkliflərinə baxılacaq. Daha
sonra isə qalib layihələrin
icrasına başlanılacaq.
- Fondun fəaliyyət istiqaməti
daha çox hansı kateqoriyadan olan gəncləri əhatə
edir?
- Gənclər
Fondu bütün Azərbaycan gəncləri üçün
fəaliyyət göstərir. Biz bütün gənclərdən layihə təklifləri
gözləyirik. Gəncləri əhatə edəcək və
onların inkişafına yönələcək bütün təkliflər bizim
marağımızdadır. Lakin Azərbaycan
Respublikasının qanunvericiliyinə görə gənclik
yaşı 14-29 müəyyən olunduğu
üçün bu yaş kateqoriyasına aid olan gənclərin müraciət etməsi
arzuolunandır. Onu da qeyd edim ki,
yaşı 29-u keçmiş bir gəncin layihəsi maraqlı, gəncləri
əhatə edəcək olarsa biz onu da
Müşahidə Şurasının müzakirəsinə
çıxaracağıq. Bütün gəncləri
bu fürsətdən yararlanmağa
dəvət edirik.
- Gənc alimlərlə
bağlı hansısa layihələrin həyata keçirilməsi
gözlənilirmi? Fond gənc alimlərə hansı formalarda
dəstək göstərə bilər?
- Gənc alimlərin, ixtiraçıların fəaliyyətlərinə dəstək göstərilməsi Gənclər Fondunun fəaliyyət istiqamətlərinə daxildir. Saytımızda yaradıcı gənclər üçün C kateqoriyası mövcuddur. Gənc alimlər və ixtiraçılar bu kateqoriya üzrə müraciət edərək layihələrini təqdim edə bilərlər. Bundan əlavə D kateqoriyası üzrə müraciət edərək gənc alimlər beynəlxalq elmi konfranslarda, seminarlarda, təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarının artırılması istiqamətində yeniliklər əldə edə bilərlər.
-
Yaradıcı gənclərin xarici səfərlərinin, beynəlxalq
konfranslarda iştirakının dəstəklənməsi ilə
bağlı nələri demək olar? Bu
iş fondun fəaliyyət
istiqamətlərinə daxildirsə, mümkünsə, bu barədə təfərrüatı ilə
fikirlərinizi bildirərdiniz.
- Daha öncə qeyd etdiyim kimi, C kateqoriyası məhz yaradıcı gənclər üçündür. Bu kateqoriyaya gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və filmləri, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri aiddir. Yaradıcı gənclər istər C kateqoriyası üzrə, istərsə də D kateqoriyası üzrə müraciət edərək fonddan dəstək ala bilərlər. Beynəlxalq səfərlərə ayrılan qrantlar D kateqoriyası üzrə verilir. Bu kateqoriyaya müraciət edərək istər yaradıcı gənclər, istərsə də digər gənclər fondun köməkliyi ilə beynəlxalq səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər.
İlkin AĞAYEV
Palitra.-2012.-10 iyul.-S.5.