Bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır və qəbul olunur

 

Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət, incəsənət xadimlərinə, turizm işçilərinə ordenmedallar təqdim edib. Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğinə kömək edib. Nazir deyib ki, yalnız son 1 ayda dünyanın üç ölkəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi təqdirəlayiq bir haldır və bu tədbirlər daha da genişlənəcək.  

O qeyd edib ki, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyilə bir sıra layihələr həyata keçirilib və bunun sayəsində Azərbaycan mədəniyyəti çox geniş şəkildə təbliğ olunub. Ə.Qarayev mədəniyyət sahəsində aparılan siyasət nəticəsində Azərbaycanın yalnız neft ölkəsi olaraq deyil, həm də mədəniyyət ölkəsi kimi tarixə düşməsinə çalışdıqlarını vurğulayıb. Nazir onu da bildirib ki, bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır və qəbul olunur. Ə.Qarayevin sözlərinə görə, yalnız son bir ayda 3 ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlərin xarici ölkələrdə çox uğurla təşkil edildiyini vurğulayan nazir qeyd edib ki, artıq Azərbaycanda sərgi mədəniyyəti inkişaf edir.  

Gələn il Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, gələn il Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan Mədəniyyəti Günlərinin Kolumbiya, Ekvador kimi ölkələrdə keçirilməsi nəzərdə tutulur. Nazir bildirib ki, həmin ölkələrdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ölkəmizin tanınmasına kömək edəcək. 

“Şahdağ” Qış-Yay Turizm Kompleksi ilk xizəksürənləri bu ilin sonunda qəbul edəcək  

Jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu ilin sonunda Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatacaq. Onun sözlərinə görə, bu qışdan etibarən kompleks ilk xizəksürənləri qəbul edə biləcək: “Orada xidmətlər yüksək, şərait çox yaxşı olacaq. İnfrastruktur da çox yüksək şəkildə qurulacaq”. Ə.Qarayev deyib ki, hazırda Qəbələdə də qış turizminin təşkili üçün işlər aparılır. Bununla yanaşı Şəkidə qış turizminin təşkili nəzərdə tutulur.Şəkidə də yeni obyektlərin qış mövsümündə çalışması nəzərdə tutulur: “Ümumiyyətlə, regionlarda, şəhərlərdə və mövcud olan turizm obyektlərində qışda da turizm xidmətlərinin göstərilməsinin tərəfdarıyıq. Amma bunun üçün kifayət qədər ölçülmüş siyasət həyata keçirilməlidir. Çünki qışda səyahətə çıxan insanların sayı yayla müqayisədə daha azdır”. 

Azərbaycanın regionlarında turistlərə təqdim edilən xidmətlərin səviyyəsi artır 

Nazir açıqlamasında onu da bildirib ki, Azərbaycanın turizm obyektlərində təqdim edilən xidmətlərin qiymətləri ötənilki səviyyədədir. Onun sözlərinə görə, ötən il turizm xidmətlərinin qiymətləri 2010-cu illə müqayisədə 20 faiz enmişdi: “Bu il də keçənilki qiymətlər qalıb. Amma o sevindiricidir ki, artıq müxtəlif ulduz alan hotellər xidmət üçün ödənilən vəsaitin müqabilində yaxşı xidmətlər təqdim etmək iqtidarındadırlar. Bu, bizi sözsüz ki, sevindirir. Biz orada işləyən kadrların hazırlığını, onların peşə hazırlığını, dil bilmə bacarığını, rayonun mövcud potensialı ilə tanış olub-olmamasını yoxlayırıq. Sözsüz ki, əsas olan servisdir”. Ə.Qarayev deyib ki, Azərbaycanın turizm obyektlərində yay turizm mövsümünün əvvəlində başlamış monitorinqlər hazırda da davam edir. İndiyədək aparılmış monitorinqlərlə bağlı daxil olan məlumatlar isə onu göstərir ki, turizmin infrastruktur baxımından inkişafı ümidvericidir.Nazir onu da qeyd edib ki, bəzi hallarda turizm xidmətlərinin səviyyəsi bizi qane etmir: “Biz həmişə istəyirik ki, daha yaxşı xidmətlər göstərilsin. İldən-ilə sayı artan turizm müəssisələrinin kadrlara da ehtiyacları olur. Ona görə də şərt qoymuşuq ki, mütləq bütün turizm təşkilatları, müəssisələrində turizm üzrə təhsil alan kadrlar olmalıdır”. O deyib ki, iyulun 12-də Azərbaycan Turizm İnstitutunun üçüncü məzun buraxılışı olacaq. Nazirin sözlərinə görə, ötən il Azərbaycanda 42 hotel açılıb və yeni açılan turizm obyektlərinin kadr hazırlığının təkmilləşdirilməsi ATİ-nin və Bakı Turizm Peşə Məktəbinin üzərinə düşür. Artıq növbəti ildən turizm sənayesinə müxtəlif sahələr və servislər, o cümlədən mətbəx xidməti, servis, bələdçilik və digər sahələrdə bu sənaye üzrə 500 məzun daxil olacaq. Nazir  hesab edir ki, bu yolla turizm sahəsində kadr hazırlığının təkmilləşdirilməsi mümkün olar: “Yalnız bu yolla xidmət səviyyəsində inkişaf ola bilər. Hər bir müəssisə keyfiyyətli xidmətlərin təqdimatında maraqlı olmalı, rəqabət pis xidmətləri sıradan çıxarmalıdır. Artıq belə faktlar var”.Məzuniyyətini harada keçirməsindən söz açan nazir istirahətini iki yerə böldüyünü deyir: “Hər zaman öz məzuniyyətimin bir hissəsini Azərbaycanda keçirirəm. Daha çox meşələrə, göllərə üstünlük verirəm. Sözsüz ki, dəniz qırağında olmaq da bizim üçün vazkeçilməzdir. Xəzər dənizindən kənara çıxmaq bəlkə də düzgün deyil. Amma bir yerdə oturmaqla yeni məlumatları almaq çətindir. Bu baxımdan Türkiyəyə, Avropaya da gedirəm. Bu il də Türkiyədə yeni açılmış hotelə türkiyəli həmkarım Ərtoğrul Günayla birgə gedib baxacağıq və üç gün orada istirahət edəcəyik”.

 

Nigar Abdullayeva

Palitra.-2012.-11 iyul.-s.6.