“Gənclərin necə tərbiyə
olunması qarşıda duran mühüm vəzifələrdən biridir”
Azərbaycan gəncləri son
zamanlar daha çox ictimai fəallıq
sərgiləməkdədirlər. Gənclərin ictimai aktivliyi çox müsbət istiqamətdə özünü göstərməkdədir.
Belə ki, ölkə gəncləri
getdikcə daha çox
milli məsələlərin həlli ilə
bağlı aksiyalara qoşulur,
kütləvi şəkildə bu məsələlərin
həllini tapmasında töhfələrini verməyə
çalışırlar. Onlar Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı informasiya
savaşının aparılmasında, Azərbaycan mədəniyyətinin
dünyada təbliğində, Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında, diaspor və
lobbiçilik işində dövlətin
apardığı siyasətdə önəmli yer tuturlar.
Bu isə milli məsələlərin həllini tapmasında həlledici məqamlardan biridir. Sevindirici haldır ki, Azərbaycan gəncləri bu məsələlərlə bağlı, əsasən həmrəydirlər. Bu isə ilk növbədə ondan irəli gəlir ki, dövlətin gənclər siyasəti çox korrekt və məqsədyönlü şəkildə yürüdülür. Bu isə ümumi Azərbaycan mənafeləri və ümumi inkişaf hədəfləri naminə gənclərimizin güclərini və səylərini birləşdirməsinə əlverişli zəmin yaradır. Qeyd edək ki, son dövrlərdə ölkədə gənclərlə bağlı formalaşan qurumların effektiv fəaliyyəti də bu işə öz önəmli töhfəsini verməkdədir. Bu mövzuda müsahibimiz Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir. Fərhad Hacıyev bizimlə söhbətində icraçı direktoru olduğu fondun gənclərin vətənpərvərlik ruhunun, dövlətçilik şüurunun yüksəldilməsi yönündə həyata keçirilən tədbirlər barəsində danışdı.
- Fərhad
müəllim, fondun gənclər təşkilatları ilə
işi necə təşkil olunub? Fond
yalnız gənclər təşkilatları ilə işləyəcək,
yoxsa gənclər sahəsi ilə
bağlı təkliflər verən təşkilatlarla da əməkdaşlıq nəzərdə tutulub?
- Azərbaycan
Gənclər Fondu artıq gənclər təşkilatları
və fərdi gənclər ilə sıx əlaqələr
qurub, onlar üçün davamlı info-seminarlar keçirərək
fonda müraciətetmə qaydaları haqqında məlumat
verib. Bunun
nəticəsidir ki, 100-dən artıq gənclər
təşkilatı və gənclər qeydiyyatdan
keçərək layihə təklifləri ilə bizə
müraciət etmək imkanını əldə etmişlər.
Bizim istəyimiz - gənclər üçün
imkanlar yaratmaq, gənclərin
layihələrini maddi baxımdan dəstəkləməkdir.
Əgər hər hansısa bir təşkilat
gənclər təşkilatı deyil, lakin təqdim etdiyi layihə
gənclər üçündürsə, gəncləri əhatə
edirsə, biz o layihələri
də qəbul edəcəyik və Müşahidə
Şurasının müzakirəsinə
çıxaracağıq.
- Gənclərin vətənpərvərlik
məsələləri ilə bağlı maarifləndirilməsi
yönündə fondun hansı planları var?
-
Fonda müraciət formaları haqqında danışarkən
qeyd edim ki, gənclər 5 kateqoriya üzrə müraciət
edə bilərlər. Bu baxımdan
“A” kateqoriyası yerli layihələrin dəstəklənməsi
üçün nəzərdə tutulub. Bu kateqoriya
regionlarda gənclərin təşəbbüskarlığına
əsaslanan vətənpərvər ruhda
fəaliyyətlərin inkişaf etdirilməsi
ilə gənclər sahəsində sosial-ictimai
fəallığın inkişafına öz
dəstəyini verəcək. Bununla
yanaşı Azərbaycan Gənclər Fondu
regional layihələrə xüsusi diqqət yetirəcək. Eyni zamanda onu
da qeyd edim
ki, Gənclər Fondu
vətənpərvərlik mövzusunda
keçiriləcək bir sıra
irimiqyaslı tədbirlərin təşkilatçısı
qismində də çıxış edəcək.
- Gənclərin dövlətçilik
şüurunun yüksəldilməsi ilə bağlı fond tərəfindən
nələr düşünülür? Bu yöndə
hansı tədbirlərin keçirilməsi aktualdır?
- Bu
barədə bildirim ki, fond gənclərdən gələcək
təklifləri dəyərləndirməyi üstün
tutaraq bu və ya digər mövzu üzrə onlar tərəfindən
təqdim ediləcək layihələri maliyyələşdirməyi
planlaşdırır. Kommunikativ vasitələr, yeni media və gənclər, liderlik
məktəbləri, gənc liderlərin yetişdirilməsi,
gənc kadrların peşəkarlığının
artırılması və gənclərdə menecment
bacarıqlarının inkişafı , ekoloji
maarifləndirmə istiqamətində olacaq
layihələr məhz gənclər arasında dövlətçilik
ruhunun inkişaf
etdirilməsini ön planda
tutacaq və bununla da fond tərəfindən
dəstəklənəcək. Bundan başqa “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı çərçivəsində
keçiriləcək bir sıra tədbirlərdə
də fond iştirak
edəcək.
“Gənclərə
milli mənlik şüurunun aşılanmasını intensiv
həyata keçirmək lazımdır”
- Gənclərin milli dəyərlərlə
bağlı maarifləndirilməsi və qloballaşma prosesində
lazımi və məqsədyönlü səviyyədə mənəvi
baxımdan hazırlanması ilə bağlı nələri
demək olar? Ümumiyyətlə, ölkəmiz
üçün bu məsələ nə dərəcədə
aktualdır?
- Hər bir ölkə üçün milli-mənəvi dəyərlər önəmlidir. Eləcə də Azərbaycan kimi qədim mədəni irsə malik olan bir ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması çox vacib amildir. Dövlətimiz tərəfindən xüsusi diqqət yetirilən bu məqam hər zaman aktual olub və indi də belədir. Dövlətimizin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunlar ümumilikdə dövlətin milli ideologiyasını təşkil edir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlamaq, böyüməkdə olan gənc nəslə ötürmək mümkün olsun. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını intensiv həyata keçirmək lazımdır. Hər bir gənc, vətəndaş onu dərk etməlidir ki, hansı dövləti, milləti, milli xüsusiyyətləri təmsil edir. Bütün bunlar hansı əsaslara söykənir. Milli mənlik şüurunun nə dərəcədə mənimsənilməsi xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü büruzə verən məsələdir. Buna görə də sözügedən ideya gəncliyə çatdırılmalıdır. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Digər tərəfdən, unutmayaq ki, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün də öz bəhrəsini verir. Gənclərimiz getdikcə daha çox kökünə, milli dəyərlərinə bağlı şəkildə inkişaf edir.
“Milli
ruhda tərbiyə istiqamətində olan layihə təkliflərinə
xüsusi diqqət yetirəcəyik”
- Fond gənclər arasında milli
dəyərlərin təbliği, zərərli və yad vərdişlərdən
yayınmaq məsələləri ilə bağlı
hansı işlər görə bilər?
- Azərbaycan
Gənclər Fondu olaraq biz milli-mənəvi dəyərlərin
təbliği, zərərli vərdişlərdən gəncləri
çəkindirmək yolları haqqında bir sıra maarifləndirici
tədbirlərin təşkilində iştirak edəcək,
gənclərin milli ruhda tərbiyə olunması istiqamətində
bir sıra real addımlar atacaq, o cümlədən bu
mövzuda gələcək layihə təkliflərinə
xüsusi diqqət yetirəcəyik.
-
Milli dəyərlərlə bağlı müxtəlif
yaradıcı sahələrdə gənclərin fəaliyyəti
hansı formada dəstəklənə bilər? Məsələn,
ədəbiyyatda, incəsənətdə, elmdə və sair
sahələrdə...
- Fondumuza müraciət edərkən gənclər qeydiyyatdan keçdikdən sonra “C” kateqoriyası üzrə yaradıcı fəaliyyətlərinin inkişafına dəstək ala bilərlər. Yaradıcı gənclərin layihələri bu kateqoriya üzrə qəbul olunacaq. Belə ki, xüsusi istedada malik olan gənclər bu kateqoriyadan yararlanaraq bizə müraciət edə və ideyalarını gerçəkləşdirə bilərlər. Sonda istərdim ki, bir daha gənclərimizi aktiv olmağa, yaradılmış fürsətdən lazımınca istifadə etməyə çağırım. Biz gənclər üçün çalışırıq. Sizdən təkliflər gözləyirik.
İlkin AĞAYEV
Palitra.-2012.-11 iyul.-S.11.