“Bu il
Qarabağ folklorunun
toplanması, sistemləşdirilməsi, öyrənilməsi
ilə bağlı bir layihə üzərində
işləyirik”
Layihə çərçivəsində
müsahibimiz AMEA Folklor
İnstitutunun direktoru,
filologiya üzrə elmlər doktoru Muxtar İmanovdur:
- AMEA Folklor İnstitutunda son zamanlar hansı tədbirlər həyata keçirilib?
- Azərbaycan Milli
Elmlər Akademiyası
Folklor İnstitutunda görülən işlərlə
bağlı ilk növbədə
onu deyə bilərəm ki, burada struktur dəyişiklikləri etdik. Bu dəyişiklik iki istiqamətdə aparıldı.
Bəzi şöbələrin öz
mahiyyətinə uyğun
olaraq adları dəyişdirildi. Eləcə də
institutun kadr potensialı hesabına bəzi yeni şöbələr yaradıldı.
Məsələn, bizdə Azərbaycan
folkloru şöbəsi
var idi. Bu ad institutun adı
ilə toqquşurdu.
Ona görə həmin şöbənin adını
dəyişib Klassik folklor şöbəsi etdik. Klassik folklor anlayışı
varsa, onun yanında müasir folklor anlayışı da var. Dünyanın bir çox folklor qurumlarında müasir folklor bölmələri fəaliyyət
göstərir. Mövcud təcrübəni nəzərə alaraq yeni bir Müasir
folklor şöbəsi
yaratdıq. Bundan başqa
bizdə mərasimlərlə,
etnoqrafiya ilə bağlı şöbənin
təsis edilməsinə
çox böyük ehtiyac var idi.
Bilirsiniz
ki, dünyada folklor etnoqrafiya ilə vəhdətdə öyrənilir. Bir çox
qurumların adında
da bu, ehtiva
olunur. Məsələn, dünyanın ayrı-ayrı
yerlərində folklor
və etnoqrafiya mərkəzləri, qurumları
var. Folklorun etnoqrafiya ilə, mərasimlərlə
qarşılıqlı əlaqəsini
nəzərə alıb
yeni bir şöbə təsis etdik. Onun adı Mərasim
folklor şöbəsi
oldu. Yaxud Azərbaycan folklorunun yazılı ədəbiyyatla
əlaqələri ənənəvi
elmi-tədqiqat mövzularından
biridir və Ədəbiyyat İnstitutunda bu
istiqamətdə bir şöbə var. Ancaq bu şöbə Folklor və yazılı abidələr
şöbəsi adlanır.
Bizim institutda da bu
istiqamətdə şöbəyə
ehtiyac var idi. Bunu nəzərə alıb Folklor və yazılı ədəbiyyat şöbəsi
yaratdıq. Bundan başqa
biz yeni bir şöbənin də yaranmasına ehtiyac olduğunu düşündük.
Bu, Folklorun toplanması
və sistemləşdirilməsi
şöbəsi idi.
Folklor yalnız tədqiq olunub araşdırılmır,
həm də toplanır. Folklor İnstitutunun əsas istiqamətlərindən biri
folklor materiallarının
ayrı-ayrı bölgələr
üzrə toplanması
və sistemləşdirilib
araşdırılmasıdır. Bu, çox vacib
elmi istiqamətlərdən
biridir. Yeni yaratdığımız Folklorun toplanması və sistemləşdirilməsi
şöbəsi hazırda
çox qızğın
şəkildə fəaliyyət
göstərir. Akademiya rəhbərliyi
bizə maliyyə vəsaiti ayırdı və biz bunun əsasında mütəmadi
olaraq hər ay müxtəlif bölgələrə,
ilk növbədə Qarabağın
ayrı-ayrı rayonlarına
folklor ezamiyyələri
təşkil etdik.
Qarabağın Tərtər,
Ağcabədi, Bərdə
rayonlarına, Füzulinin
işğal olunmamış
ərazilərinə olan
ezamiyyələrin çox
gözəl nəticələri
olub. Qarabağın adıçəkilən ərazilərindən indiyədək
toplanmamış folklor
materialları toplanıb.
Eləcə də indiyə
qədər toplanan folklor materiallarının
bir çoxunun yeni-yeni variantları qeydə alınıb.
Yaxud bizim üçün çox maraqlı olan faktlar meydana
çıxıb. Bizdə
belə bir təsəvvür
var idi ki,
professional söyləyicilər çox az sayda
qalıb. Yəni barmaqla sayılacaq dərəcədə az sayda folklor biliciləri qalıb. Amma belə bir fakt
bizi sevindirdi ki, Bərdədə 90 yaşında bir kişi çoxlu
maraqlı folklor materialları söyləyib.
Onun söylədiklərinin içərisində
18 nağıl da qeydə alınıb.
Ağcabədidə ezamiyyədə olan
əməkdaşlarımız indiyə qədər qeydə alınmamış
tərəkəmə oyunları
yazıb götürüblər.
Bu tərəkəmə oyunları at üstündə
keçirilən oyunlardır
və çovqan oyunlarına bənzəyir.
Çox
təəssüf ki, indiyədək heç bir etnoqraf, folklorşünas
bu oyunları qeydə almayıb. Bundan başqa bizim bir əməkdaşımız
Borçalıda ezamiyyədə
olub və orada şahidi olub ki, 86 yaşlı
məşhur Aşıq
Aslanın repertuarında
nə qədər maraqlı dastan var. Belə qərara qəlmişik ki, dastan məclislərini videolentə alaq. Aşıq Aslanın söylədiyi bir çox dastanları yazıya almışıq və onları kitab şəklində çap
etmək istəyirik.
Amma ehtiyac var ki,
yalnız sözlü
mətnlərlə kifayətlənməyək,
ayrı-ayrı folklor
mərasimlərini, həmçinin
dastan gecələrini
də yazıya, lentə alaq. İnstitutda əvvəldən Aşıq
yaradıcılığı və musiqisi şöbəsi fəaliyyət
göstərirdi. Həmin şöbənin
adını dəyişdirdik
və istiqamətində
də kiçik bir dəyişiklik edərək Musiqi folkloru şöbəsi yaratdıq. Bu istiqamətdə də əməkdaşlarımız müəyyən
işlər görürlər.
Məsələn, biz istəyirik ki,
Lənkəranın “Halay”
ansamblının musiqi
nömrələrini yazıya
alaq. Eləcə də bölgələrimizdə
müəyyən etnoqrafik
musiqili mərasimlər
var ki, onları
qeydə alaq. Şərur rayonunda xalqın
çox gözəl musiqi fokloru, yallılar hifz olunub, bu gün
də yaşayır. Onları lentə almaq istəyirik.
- Folklor materiallarının müasir
standartlara uyğun şəkildə qorunması
istiqamətində hansı
tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulur?
- İnstitutda əvvəldən
bir arxiv var idi. Biz həmin arxivin adında dəyişiklik etdik və Folklor
Fondu adı ilə yeni qurum
yaratdıq. Belə nəzərdə
tutduq ki, qurumun işini yenidən qurmalıyıq.
Mahiyyəti ondan ibarət olmalıdır ki, səliqəli şəkildə folklorun indiyə qədər və bundan sonra toplanan
nümunələri dünyanın
müasir folklorşünaslıq
standartlarına uyğun
şəkildə sistemləşdirilsin,
kataloqlaşdırılsın. Əgər imkan olsa, gələcəkdə
onları elektron varianta çevirək və bu şəkildə
fondda yerləşdirək.
Yəni Folklor Fondu o şəkildə qurulsun ki, hər hansı
tədqiqatçı istədiyi
folklor materialını
çox asanlıqla oradan tapa, araşdıra
bilsin. Görəcəyimiz
işlər sırasında
konfransların təşkili
məsələləri də
var. Qeyd edim ki, biz bu il Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi, öyrənilməsi
ilə bağlı bir layihə üzərində işləyirik.
Nəzərdə tutmuşuq ki,
Qarabağdan folklor materiallarını toplamaqla
bərabər payızda
konfrans keçirək.
Konfransın başlıca işi
Qarabağ folklorunun və etnoqrafiyasının
əsas istiqamətlərini
araşdırmaqdan ibarət
olacaq. Bundan başqa nəzərdə
tutmuşuq ki, Qarabağla bağlı musiqi albomu yaradaq.
Yəni Qarabağın musiqi folklorunu toplayaq, yazıya alaq və onun əsasında
xüsusi bir musiqi albomu hazırlayaq.
Onu deyim ki, bizdə artıq belə bir iş həyata
keçirilib. Biz ötən ilin sonunda Azərbaycan aşıq musiqisi albomu hazırlamışıq.
Həmin
albomu ayrı-ayrı qurumlara, mütəxəssislərə
göndərmişik və
çox yaxşı qarşılanıb. Müxtəlif bölgələrdən olan
görkəmli sənətkarların
ifasında aşıq
havalarını, eləcə
də iki dastanın ifasını musiqi albomuna daxil etmişik. Bu il Qarabağ
musiqi albomunu həmin təcrübəyə
əsasən hazırlamağı
planlaşdırırıq.
Nigar Abdullayeva
Palitra.-2012.-13 iyul.-S.7.