Türkiyə həmkarlar ittifaqları ilə əlaqələr güclənir

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə Bakıda keçirilən “Türk metal” sendikasının toplantısının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. 

Sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.Toplantı iştirakçıları Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül qoyublar. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  təşkilatçılığı ilə Xətai adına Mədəniyyət Mərkəzində “Türk metal” sendikasının toplantısı keçirilib. AHİK-in sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyev Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının iki qardaş ölkənin həmkarlar ittifaqları təşkilatları arasında əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. AHİK sədri Türkiyənin iri həmkarlar təşkilatının sonuncu qurultayından sonra ilk Direktorlar Şurasının yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. S.Mehbalıyev iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində ölkəmizdə mindən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Azərbaycana yeddi  milyard dollardan çox sərmayə qoyulub. Eyni zamanda, son 20 ildə Azərbaycan şirkətləri Türkiyəyə səkkiz milyard dollar həcmində investisiya yatırıblar. Bu sərmayənin yeddi milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına düşür. Ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən AHİK sədri diqqətə çatdırıb ki, hazırda Türkiyədə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir. Tədbirdə çıxış edən “Türk metal” sendikasının baş direktoru Pevrul Kavlak Bakıda keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən P.Kavlak deyib ki, bu toplantı ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə töhfəsini verəcək. Tədbirdə “Türk metal” sendikasının növbəti dörd il üçün fəaliyyət planı müzakirə olunub, gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul edilib. İclasda konfederasiyanın bölgə komitələrinin fəaliyyəti və inkişafına dair fikir mübadiləsi aparılıb. Sonda xatirə hədiyyələri təqdim olunub. 

Fərdi uçot sisteminə duran əcnəbilərin 58,2 faizi Türkiyə vətəndaşlarıdır   Qeyd edək ki, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelik də müvafiq Azərbaycan hökumət qurumlarında görüşlər keçirib. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Müslümov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişin 1998-ci ildə imzalandığını xatırladıb. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan həmin sazişə uyğun olaraq Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır. S.Müslümov nəzərə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş ölkənin vətəndaşları digər ölkələrlə müqayisədə çoxdur. Ümumilikdə fondun fərdi uçot sistemində 92 ölkənin vətəndaşları qeydiyyatdadır və onların 58,2 faizi Türkiyə vətəndaşlarıdır. Öz növbəsində F.Çelik dostqardaş Azərbaycanda səfərdə olmağından məmnunluğunu bildirib. O, iki ölkə arasında sosial sığorta və pensiya təminatı sahəsində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. Türkiyəli nazir Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatları, əldə olunun nəaliyyətləri yüksək dəyərləndirdiyini bildirib. Görüşdə ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemlərində baş verən dəyişikliklər nəzərdən keçirilib və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələr aparılıb.  

“Türkiyədə 17 minə yaxın azərbaycanlı miqrant çalışır” 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Faruk Çelik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan şəraitlə, o cümlədən binada ölkənin müxtəlif bölgələri ilə distant video-əlaqə yaratmağa, yerlərdən məlumatları dərhal qəbul etməyə, paytaxta gəlmək imkanı olmayan vətəndaşların suallarını videoəlaqə vasitəsilə cavablandırmağa imkan verən VS (videokonfrans) sistemi ilə tanış olublar. Videokonfrans zalında nazir Faruk Çeliklə bir sıra bölgələrin sakinləri arasında birbaşa videoəlaqə yaradılıb. Qonaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələri üçün müxtəlif bölgələrdə inşa etdirilən yaşayış evlərinin, eyni zamanda sosial cəhətdən həssas əhali qruplarının daha dolğun şəkildə tibbisosial reabilitasiyasına xidmət edəcək yeni sosial obyektlərin maketləri ilə də tanış edilib, bu istiqamətlərdə görülən işlər barədə məlumat alıblar. Daha sonra iki qardaş ölkənin nazirlikləri arasında  Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçirilib. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə Ankarada keçirilən altıncı iclasının protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə edilib.İclasın yekunlarına dair protokol imzalanıb. Qeyd edək ki, F.Çelik açıqlamasında bildirib ki, hazırda Türkiyədə 17 minə yaxın azərbaycanlı miqrant çalışır. Onun sözlərinə görə, Türkiyə hökuməti sözügedən miqrantlar üçün qanun çərçivəsində bütün şəraiti yaradır. O deyib ki, hazırda Türkiyədə fəaliyyət göstərən Azərbaycan müəssisələrinin sayının artacağı gözlənilir. 

 

İlkin AĞAYEV 

Palitra.-2012.-13 iyul.-S.4.