“Azərbaycan folklorunun
əsasları” adlı çoxcildliyin
yazılmasına ehtiyac var”
Layihə çərçivəsində müsahibimiz AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru
Muxtar İmanovdur:
- Dövlət səviyyəsində
folklorumuzun qorunması istiqamətində atılan addımlar
institutun fəaliyyətində hansı rolu oynayır?
- Gördüyümüz işlərin hamısını dövlət qayğısı hesabına həyata keçiririk. Bildiyiniz kimi, dövlət səviyyəsində folklorun, adət-ənənələrin öyrənilməsinə xüsusi diqqət yetirilir. Ayrı-ayrı regionların inkişafı ilə bağlı dövlət proqramı var. Proqramda mədəniyyət, o cümlədən xalq mədəniyyəti məsələləri xüsusi yer tutur. Həmin proqrama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizim bəzi bölgələrimizə müxtəlif adlar verilib. Məsələn, bu il Masallı “Folklor paytaxtı”, Gədəbəy “Əfsanələr paytaxtı”, Quba “Sənət paytaxtı” elan olunub. Bu dövlət proqramı çərçivəsində biz Masallı rayonu ilə əməkdaşlıq addımları atmışıq. Masallı Rayon İcra Hakimiyyəti bizi folklorla bağlı tədbirə dəvət edib və oradakı müzakirənin nəticəsi olaraq belə qərara gəlmişik ki, Folklor İnstitutu Masallıda folklor ezamiyyələri təşkil etsin və oradan toplanmış folklor materiallarını ayrıca “Folklor antologiyası” şəklində çap etsin. Əməkdaşlarımız Masallıda iyulun 14-də konfransda da iştirak ediblər. Bu əlaqələri Quba, Gədəbəy və başqa bölgələrlə də qurmaq istəyirik. Dövlət proqramı çərçivəsində biz Azərbaycanda yaşayan azsaylı xalqların folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması işi ilə də məşğul oluruq. Azsaylı xalqların folklorunun öyrənilməsi ilə bağlı olaraq institutumuzda “Azsaylı xalqların folkloru” adlı ayrıca bir bölmə yaratmışıq. Bu bölmənin əsas işi odur ki, azsaylı xalqların yaşadığı bölgələrdə folklor materialları ilə yerindəcə tanış olsun, həmin materialları qeydə alsın, toplayıb gətirsin, toplanmış materiallar əsasında kitablar çap edək, tədqiqat işləri aparaq və göstərək ki, azsaylı xalqların mədəniyyəti Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Yeri gəlmişkən qeyd edim ki, bugünlərdə bizim bir ezamiyyə qrupumuz azsaylı xalqların folklorunu öyrənmək məqsədilə Zaqatala, Şəki bölgələrinə yola düşüb.
-
Folklor İnstitutunun yerlərdə şöbələri
varmı və onların fəaliyyəti sizi qane edirmi?
-
Folklor İnstitutunun bölgələrdə
Qazax-Borçalı və Şəkidə bölmələri
var. Həmin bölmələr bizim burada gördüyümüz
işləri bölgələrdə davam
və inkişaf etdirirlər. Bugünlərdə
Qazax bölgəsindən bir
xeyli folklor
materialı toplanıb və instituta təqdim
olunub. Nəzərdə tuturuq
ki, həmin materiallar əsasında
antologiya hazırlayaq. Şəki bölməsinin
də fəaliyyəti səmərəlidir. Biz
həmin bölgə ilə bağlı artıq bir neçə kitab nəşr
etmişik. Bir
neçə kitab da
hazırlanmaq üzrədir. Bölgələrdə
çalışan əməkdaşlarımız yalnız toplama işi ilə deyil, həmçinin elmi
araşdırmalarla da məşğul olurlar. Ümumiyyətlə, toplama
işi araşdırma işinə kömək
edir. Bütün
bölgələrdə Folklor İnstitutunun şöbəsinin fəaliyyət
göstərməsi şərt deyil. Qeyd edim ki,
Gəncə və Naxçıvanda akademiyanın bölmələri
fəaliyyət göstərir. Həmin bölmələrin əməkdaşlarından
bir neçəsi elə
folklorşünaslıq fəaliyyəti ilə məşğuldur.
Beləliklə, onların fəaliyyəti birbaşa,
yaxud dolayısı ilə bizim
işimizə kömək edir.
- Xarici ölkələrdə
folklorumuzun təbliği, institutun xarici əlaqələri
istiqamətində işlər necə qurulub?
- İnstitutda Xarici əlaqələr adlı xüsusi bölmə var. Bölmə, adından da göründüyü kimi, başqa ölkələrdəki müvafiq qurumlarla əməkdaşlıq işlərini həyata keçirir. İnstitutda Türk xalqları folkloru adlı şöbə var. O şöbənin əsas işi türk xalqlarının folklorunu öyrənməkdən ibarətdir və o istiqamətdə xeyli iş görüb. Nəzərdə tutmuşuq ki, türk xalqları folkloru seriyasından kitablar çap edək. O kitablardan artıq birincisi hazırdır. Bu, “Tuva nağılları”dır. Eyni zamanda nəzərdə tutmuşuq ki, dünya xalqlarının mifologiyası və folkloru seriyasından kitablar hazırlayaq. Eləcə də dünya folklorşünaslığı seriyasından elmi kitablar nəşr edək. Folklor İnstitutu beynəlxalq əlaqələrə xüsusi fikir verməlidir ki, Azərbaycan folkloru yalnız ölkə ərazisində yox, dünya miqyasında da tanınsın.
- Bu gün gənclərin
folklorşünaslığa, ümumiyyətlə, elmə
marağı sizi qane edirmi?
- Gənclərimiz əvvəlki qədər elmə maraq göstərmirlər. Yaxud elmə gələnlərin bir çoxu orta səviyyədən yuxarı qalxa bilmirlər. Bizim gənclərin tədqiqat işlərinə maraq göstərməməsinin, elmdən kənar düşməsinin bir səbəbi də, yəqin ki, maddi çətinliklə bağlıdır. İmkan daxilində akademiya işçilərinin, ümumiyyətlə, elmlə məşğul olanların əməkhaqqının artırılması istiqamətində işlər görülsə, çox yaxşı olar. Yəqin ki, o istiqamətdə işlər nəzərdə tutulur. Əlbəttə ki, bizdən də çox şey asılıdır. Ali məktəblərlə sıx əlaqə saxlamalıyıq, marağımız olmalıdır ki, gedib onların imtahanlarında iştirak edək. İstedadlı tələbələrlə aşağı kurslardan əlaqələr quraq, onları akademiyanın ayrı-ayrı qurumlarına cəlb edək. Bizim ali məktəblərlə əlaqələrimiz yavaş-yavaş güclənməkdədir. Məsələn, biz Qafqaz Universitetinin bir sıra tədbirlərində iştirak etmişik və onlar da gəlib bizdə görüşlər keçiriblər. Artıq biz həmin ali təhsil ocağından bir neçə istedadlı tələbəni instituta cəlb etmək barədə düşünürük. O cümlədən BDU, BSU ilə əlaqələrimiz var. Bu gün gənclərin inkişafına daha böyük imkan yaranıb. İstedadlı gənclərin heç biri kənarda qalmır, ali məktəblərə daxil olur, onlar istəsələr, xaricə gedirlər, orada təhsil alırlar. Belə imkan sovet dövründə olmayıb.
- Folklorla
bağlı dərs vəsaitləri sahəsində problem varmı?
- Folklor dərslikləri sahəsində elə bir problem görmürəm.
Amma bütün bu dərsliklər və digər tədqiqatlar əsasında “Azərbaycan
folklorunun əsasları”
adlı çoxcildliyin
yazılmasına ehtiyac
var. Belə bir çoxcildliyin yaranması
həm də azərbaycanşünaslığın bir hissəsi olardı.
Nigar Abdullayeva
Palitra.-2012.-17 iyul.-S.7.