İstanbulda mədəniyyət bayramı
Türkcə Olimpiadalar
çərçivəsində İstanbulda
təşkil edilən mədəniyyət bayramına 5 qitədən
135 ölkə qatılıb. 2010-cu ildə Avropa
Mədəniyyət Paytaxtı olan İstanbul bu dəfə İstanbul Sərgi Mərkəzində reallaşan mədəniyyət bayramı vəsiləsilə
dünyaya paytaxtlıq etdi.
Beynəlxalq
Türkcə Dərnək (TÜRKCƏDƏR) tərəfindən
təşkil edilən X Beynəlxalq Türkcə
Olimpiadaları çərçivəsində iyun
ayının ilk günlərində reallaşan mərasimə
dünyanın dörd bir yanından ziyarətçi axın
edib. İstanbul Sərgi Mərkəzində baş
tutan mərasimə Türkiyə daxilindən
və xaricdən 600 minə yaxın ziyarətçi gəlib.
Mədəniyyət bayramı üçün
gələn yüz minlərlə insan adını belə eşitmədiyi
ölkələrlə tanış olmaq
fürsətini əldə edib, həmin
ölkələrin mədəniyyətləri haqqında məlumat
sahibi olub. Səhər
saat 10.00-dan axşam
21.00-dək ziyarətçiləri qəbul edən mədəniyyət bayramına vətəndaşlar
böyük maraq
göstərib. Mərasimə çox sayda xarici ölkə səfir
və konsulları, rəsmi nümayəndələr də
qatılıb. Türkcə Olimpiadalar
çərçivəsində təşkil edilən mədəniyyət
bayramına qatılan Yaponiya, Azərbaycan,
Rumıniya və Çin kimi
fərqli ölkələrdən jurnalist
və bürokratlar ölkə stendlərini
gəzərək şagirdlərlə söhbət ediblər.
Rumıniyada fəaliyyət göstərən səfirlər də türk məktəblərinin stendlərinə və şagirdlərinə heyran qalıb. Mədəniyyət bayramında rəqs edən kiçik uşaqları görən xarici missiya rəhbərləri onlarla xatirə fotoşəkli də çəkdirib. Bu bayramda Azərbaycanı təbliğ edən stend isə hər kəsin marağına səbəb olub. “Çağ Öyrətim” Şirkətlər Qrupunun dəstəyilə Azərbaycandan da 500-ə yaxın nümayəndə heyəti bu tədbirdə iştirak etmək üçün İstanbula səfər edib. Ötən il Ankara Altınparkda yüz minlərlə insanı qonaq edən mədəniyyət bayramı bu il İstanbulu rəngləndirib. 135 ölkə qurduğu stendlərdə öz mədəniyyətini, geyimini, kulinariyasını, musiqisini tanıtma fürsəti əldə edib.
Tədbirdə
iştirak edən nümayəndəmiz Namiq Əliyev tədbirlə
bağlı təəssüratlarını
bölüşdü: “Türkiyədə keçirilən bu
tədbir doğrudan da yüksək səviyyədə təşkil
olunmuşdu. Bizim üçün
sevindirici hal o oldu ki,
135 ölkə stendi arasında Azərbaycanın stendi
xüsusilə seçilirdi. Stend böyüklüyü,
zənginliyi, dekorasiyasına görə sərgiyə gələnlərin
diqqətini cəlb edirdi. Stendin qarşısında həddən
ziyadə qələbəlik yaşanırdı. Eyni, yaxın xalq olduğumuz üçün
insanlar doğmalıq hiss
edib stendə yaxınlaşırdı.
Üstəlik, təqdimatın yüksək səviyyədə
olması da istər-istəməz
qonaqların diqqətini cəlb edirdi.
Azərbaycanın milli mədəniyyəti,
kulinariyası, musiqilərimiz yüksək səviyyədə
nümayiş olunmuşdu.
İnsanların sıxlığından hərəkət etmək
mümkün deyildi. Orada həmçinin olimpiadada
iştirak edən ölkələrin
musiqiçilərinin təqdimatı oldu.
Azərbaycanı təmsil edən
uşaqların çıxışları ayaqüstə
alqışlandı. Artıq uşaqlardan
biri şeir müsabiqəsində
qızıl mükafat
qazanmışdı. Və mən deyərdim ki,
musiqi yarışmasında iştirak edən qız da
əslində ən azından bu mükafata iddialı idi.
Bəlkə də bir ölkənin
nümayəndə heyətinin ikinci
mükafatı əldə etməsi bir qədər
çətin ola bilər. Ancaq
onun da
çıxışı olduqca maraqla qarşılandı və mükafata layiq idi. Sonda onu
da qeyd etmək istərdim
ki, bu cür
tədbirlərin dünya
xalqlarının bir-birini
tanımasında, yaxınlaşmasında, bir-birinin
adət-ənənələrinə bələd olmasında da böyük rolu var. Bir
növ bəşəriyyətin gələcəyi
əslində belə tədbirlərə yönəlməlidir.
İnsanlar bu şəkildə
əlaqə qurmalı və sülh şəraitində
sivilizasiyalar arasında dialoq
qurulmalıdır. Bu tədbirdə o da diqqətimi cəlb etdi ki, istər Avropa, istər Afrika və
istərsə də Şərq ölkələrindən gələnlər
arasında bir bərabərlik vardı.
Hamı sanki bir-birinə qarşı bir doğmalıq hiss edirdi”.
Aylar əvvəl başlayan mədəniyyət bayramına hazırlıq həyəcanı beləcə bitdi. 600 min nəfər ziyarətçinin qatıldığı bu bayramda 135 ölkədən 1500 şagird və 500 müəllim iştirak edirdi. Tədbirdə 600 min təqdimat broşürü paylanıb. Onu da bildirək ki, “haberler.com” portalının məlumatına görə, Türkcə Olimpiadalar çərçivəsində ifaçıların mahnı ifa etmək üzrə yarışması bu gün baş tutacaq. Final həyəcanını yaşayan həmyerlimiz Səma Sultanova ifa etdiyi “Könül yarası” mahnısı ilə finalda çıxış edəcək. Türk mətbuatı onu birinci yerə iddialılar sırasında görür.
Nüşabə
Palitra.-2012.-5 iyun.-S.7.