Gənclərin mədəniyyətin təbliği
və inkişafında rolu artır
Layihə
çərçivəsində müsahibimiz AMEA Şərqşünaslıq
İnstitutunun elmi işçisi, Şərqşünaslıq
İnstitutu Gənc Alimlər Şurasının sədri,
Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət
kafedrasının müəllimi Sübhan
Talıblıdır.
Sübhan
Talıblı gənclərin mədəniyyətin təbliği
və inkişafında rolunun daha da artırılması
üçün bir sıra təklif və fikirlərini
bildirdi. Onun sözlərinə
görə, mədəniyyət sahəsində uğurlar qazanmış gənclərin beynəlxalq
tədbirlərdə iştirakına şərait yaratmaq əsas məsələlərdəndir:
“Xatırladım ki, Azərbaycan
Respublikası Prezidentinin “Gənclər
siyasəti haqqında” qanunun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun
tətbiq edilməsini təmin etmək məqsədi
daşıyan 6 may 2002-ci il
tarixli qərarı var.
Əlbəttə ki, qanun
dövlətin mədəni siyasətinin uğurlu
başlanğıcıdır. Qanunda Azərbaycan
Respublikasında bütün cəmiyyətin
mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə
edilməsi üçün social-iqtisadi, siyasi-hüquqi,
təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür.
Qanunda gənclər
siyasətinin prinsipləri və məqsədləri müəyyən
edilib, dövrün tələblərinə
cavab verə biləcək müddəalar
əlavə edilib. 5 fəsil və 21 maddədən
ibarət olan qanunda
dövlət gənclər siyasətinin mahiyyəti və
prinsipləri aşağıdakı kimi göstərilib: xalqın gələcəyini
müəyyən edən xüsusi ictimai qrup kimi
gənclərin özünəməxsus mənafe və
ehtiyacları olduğunun etiraf
edilməsi, cinsindən, milliyyətindən, dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından
asılı olmayaraq gənclərin cəmiyyətdə
hüquq bərabərliyinə təminat
verən hüquqi və sosial
statusunun müəyyənləşdirilməsi,
gənclərin hərtərəfli mədəni, sosial, mənəvi və fiziki
inkişafina, onların hüquq
və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin
yaradılması, gənclərdə xalqın mənəvi
irsinə və ənənələrinə, nəsillərin
mənəvi əlaqəsinə qayğıkeş münasibətin
tərbiyə edilməsi, gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti,
gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların
yaradılması. 1994-cü il iyulun 26-da Gənclər və İdman
Nazirliyi yaradıldıqdan sonra
dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilib, nazirliyin yerli strukturları formalaşıb, gənc nəslin
mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının
müdafiəsi, onların beynəlxalq qurumlarda
iştirakı və gənclər təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsi sahəsində
lazımi tədbirlər görülüb,
bir sıra dövlət proqramları
hazırlanıb. 1996-cı il fevralın
2-də müstəqil Azərbaycan Respublikası gənclərinin
birinci forumunun
keçirilməsi respublikanın həyatında müstəsna
əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil
Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin
həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə
canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də isə
Azərbaycan Respublikası Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə
görüşündə forumdan
keçən bir il ərzində
görülmüş işlər təhlil
olundu və gəncliklə bağlı əsas
problemlərin həlli yolları müəyyən edildi. Respublika Prezidentinin elə həmin gün
imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan
Gəncləri Günü elan
edildi”. S.Talıblı qeyd edir ki,
bütün bu tədbirlərin
həyata keçirilməsi ilk növbədə
gənclərin mədəni və intellektual
inkişafına, onların Azərbaycan cəmiyyətinin, mədəniyyətinin,
təhsilinin inkişafında mütəşəkkilliyinin və
aktivliyinin artırılmasına xidmət
edir: “Hər bir
ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı, intellektual
səviyyəli potensial kadrların
yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında, o
cümlədən, mədəniyyət sferasında iştirakından, onların aparıcı qüvvəyə
çevrilməsindən çox
asılıdır. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər
siyasətinin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün
Azərbaycan gəncləri ictimai-siyasi,
sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin inkişafına təkan verməklə
yanaşı, onların mədəniyyət, təhsil və
digər sahələrin inkişafında rolunu
da xeyli gücləndirib.
Bu isə gənclərin digər sahələrlə
yanaşı, mədəniyyət sahəsində də
özlərini təsdiq etməsində böyük
rol oynayıb. Artıq respublikamızda fəaliyyət
göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş
cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər. Bu baxımdan Azərbaycan gəncləri
artıq dünyada da özünü isbat etməklə
daha da güclü
təşkilatlanır. Məsələn, Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması çox
mühüm bir hadisədir
və mən inanıram ki, bu, xarici ölkələrdə
yaşayan, təhsil alan
azərbaycanlı gənclərin bir araya gəlməsinə, onların Azərbaycan
mədəniyyətini daha ciddi
və sistemli bir
şəkildə təbliğ etməsinə ciddi
şərait yaradacaq, onların bu sahədə
fəaliyyətinə böyük təkan
verəcək”.
S.Talıblı qeyd edir ki, Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır: “Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyev hələ 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. 2 fevral 1996-cı ildən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi”. Azərbaycan Prezidentinin 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzalanmış sərəncamı barədə danışan S.Talıblı bunun da ciddi önəmini bldirdi. Azərbaycanda muğamın, musiqinin və digər mədəniyyət sahələrinin inkişafına hazırda ciddi fikir verildiyini bildirən S.Talıblı dedi ki, muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir: “Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edir. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunub. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan edib”. S.Talıblının sözlərinə görə, bütün bunlar göstərir ki, gənc nəsil bizim zəngin və qədim mədəni irsimizin təbliği və inkişafında səylə çıxış etməyə borcludur. Bu baxımdan son dövlərdə muğam irsinin yaşadılmasında, muğam müsabiqələrində gənclərin rolunun xeyli artırılması və onların bu işdə xüsusi aktivlik göstərməsi xeyli sevindiricidir. Bu işdə xüsusilə dövlətin, həmçinin Heydər Əliyev Fondunun xidmətlərini vurğulamaq lazımdır.
İlkin
Palitra.-2012.-5 iyun.-S.12.