Sevinc Tofiqqızı: “Bakıda
“Eurovision-2012” peşəkarlıq, yaxşı səs,
yaxşı mahnı təntənəsi kimi
qeyd olundu”
Gulyaz Məmmədova: “Ən əsası
Avropaya sahib olduğumuz dəyərləri nümayiş
etdirməyimiz məni qürurlandırdı”
“Eurovision-2012” Mahnı Müsabiqəsi bitsə
də, istər Türkiyə, istərsə də Rusiya mətbuatı hələ də
Bakıda keçirilən bu müsabiqə
haqqında şərhlər yazır, məşhur
insanların fikirlərini gündəmə gətirir. Görünür, Azərbaycanın ev sahibliyi etdiyi
bu müsabiqənin möhtəşəmliyi
çoxları üçün gözlənilməz
olub. Mövzunun hələ də aktual olduğunu nəzərə alıb bizim incəsənət adamlarının
müsabiqə ilə bağlı fikirlərini öyrənmək
qərarına gəldik. İlk həmsöhbətimiz,
bəstəkar Sevinc Tofiqqızı
müsabiqə ilə bağlı bunları söylədi:
“Bilirsiniz,
bu yarışmada qalib olduqdan sonra yarışmaya ev sahibliyi edəcəyimizə
görə çox sevinmişdim. Mətbuatdan müsabiqəyə
hazırlıq mərhələsini böyük
bir maraqla izləyirdim.
Amma düşünmürdüm
ki, biz belə bir müsabiqəni lazımi səviyyədə
hazırlaya bilərik. “Eurovision”
maraqlı bir yarışmadır və
gözlənilməz olaylarla yadda qalır. İstər yarımfinallar, istərsə
də final gecəsi çox
zövqlə hazırlanmışdı. Bir
çox sosial şəbəkələrdə
avropalılar həmin görüntüləri hələ də
paylaşırlar. “Eurovision” elə bir yarışmadır ki,
burda müxtəlif ölkə musiqiləri
bir-biri ilə yarışır. Məncə,
hamı bir-birindən, həmin ölkələrin musiqisindən
nəsə öyrənir. Biz finalda və yarımfinallarda intervallar
üçün çox
uğurlu və maraqlı musiqi
nömrələri hazırladıq. Milli musiqi alətlərimizlə Dima
Bilan, Lena Mayer, Aleksandr
Rıbakın ifa etdikləri
mahnıların müşayiəti, milli
rəqqasların heyrətamiz rəqsləri həqiqətən
gözəl seçim idi.
Natiq Şirinovun qavaldaşda ifası da yəqin
ki, uzun müddət
avropalıların yaddaşında qalacaq.
Xüsusilə mənim üçün Emin Ağalarovun
çıxışı maraqlı və yaddaqalan
oldu. Gənc olmasına baxmayaraq
səhnədə olduqca rəngarəng şou və təkrarolunmaz performans
nümayiş etdirdi. Builki təmsilçimiz Səbinə
Babayevanın Alim Qasımovla bir səhnəni paylaşması isə məncə,
hamının ürəyindən oldu. Azərbaycan
mötəbər bir müsabiqəyə öz musiqi töhfəsini
verdi. Məncə, biz
Avropaya göstərdik ki,
əsl şou belə olmalıdır.
İnanırsınız, hər il bu yarışmaya tamaşa
edənlərin çoxu intervalları izləmirdi.
Ancaq Azərbaycan hər şeyi
elə gözəl hazırladı ki,
hamı intervalları izləməyə böyük
maraq göstərirdi. Məncə,
artıq sözə ehtiyac yoxdur.
Biz “Eurovision” tarixinə
maraqlı çıxışlarla öz
möhürümüzü vurduq. Səbinə Babayeva
və Alim Qasımovun ifası bir çox böyük sənətçilərin
ifasını geridə qoydu. Bu da onu
sübut etdi ki, Avropanın dinlədiyi 5 mahnı
sırasında Azərbaycanın da
adı var. Bu
müsabiqədə səhnə performansına, səhnədə
qurulan tamaşaya həmişə
önəm verilirdi. Bu
il çox
ağır mübarizə gedirdi, böyük bir rəqabət
var idi. Lorinə rəqib
olacaq iştirakçılardan biri də Səbinə idi.
Bakıda “Eurovision-2012” peşəkarlıq, yaxşı səs,
yaxşı mahnı təntənəsi kimi
qeyd olundu. Münsiflərlə
tamaşaçıların rəyi üst-üstə düşdü”
Əməkdar
artist Gülyaz Məmmədova da “Eurovision”
yarışmasından böyük zövq
aldığını bildirdi: “Düzünü deyim, orda
İsveç təmsilçisindən daha güclü ifalar
vardı. İndi qismət elə gətirdi
ki, səsvermələrə görə Lorin qalib oldu.
Ancaq mənim fikrimcə, ondan
daha güclü səs
və gözəl ifalar vardı. Elə bizim təmsilçimiz Səbinə
Babayevanın ifası çox gözəl
idi. Ancaq yəqin ki, dalbadal iki
dəfə qalib olmaq
şansı çətin olduğu üçün bu il qalib ola
bilmədik. Ancaq yenə də ilk beşlikdə olduq. Bu da əla nəticədir.
Müsabiqəyə olduqca tanınan
müğənnilər gəlmişdi. Mən şəxsən
olduqca böyük zövq aldım. İndi
müsahibə verirəm deyə bu fikirləri
səsləndirmirəm. Mən həqiqətən bu müsabiqəni izləyəndə böyük zövq
aldım. Evdə əyləşib böyük
bir konserti izlədik.
Ən əsası Avropaya sahib
olduğumuz dəyərləri nümayiş etdirməyimiz məni
qürurlandırdı.
Biz hər
il başqa dövlətlərdə keçirilən
yarışmaları izləyirik. Vətənimizdə keçirildiyi üçün
demirəm, ancaq həqiqətən bu il Bakıda keçirilən
“Eurovision” çox
möhtəşəm idi. Hər şey yüksək səviyyədə
hazırlanmışdı. Başqa
dövlətlərdə yaşayan həmyerlilərimiz
zəng vurub bildirirdilər ki, Azərbaycan necə də gözəlləşib.
Xüsusilə reklam çarxlarını
izləyənlər heyranlıqlarını gizlədə
bilmirdilər. Hər halda yarış günü və sonrakı günlər
müsabiqə ilə bağlı mənə çoxlu
zənglər gəldi. Məncə, bu, Azərbaycanın
mədəniyyət sahəsindəki böyük
qələbəsi idi. Bizim
müsuqi alətlərimizin müşayiəti
ilə “Eurovision”
qaliblərinin səhnədəki çıxışları
olduqca maraqlı oldu. Çox gözəl idi. Alim Qasımovun, elə böyük
bir sənətkarın səhnədəki
çıxışı zala xüsusi bir rəng
qatdı. Yəni Azərbaycanın tanıtımı üçün bu çox gözəl bir tədbir
idi. Biz müxtəlif
sahələrlə dünyada
tanınırıq. Ancaq bu
tədbir bizə böyük bir şans verdi.
Mən televiziyadan izlədim. Çünki məncə, evdə izlədikdə
daha diqqətlə hər bir
anı izləmək olur. Bir
daha qeyd edim, biz Avropaya
möhtəşəm musiqimizlə yanaşı qonaqpərvərliyimizi,
millətimizə xas olan
müsbət keyfiyyətlərimizi nümayiş
etdirdik. Azərbaycanı hər cəhətdən
sevdilər”
Bəstəkar Nailə Mirməmmədli: “Mən nadir hallarda belə fikirlər səsləndirirəm və məncə, yarışmadan sonra səslənən bütün müsbət fikirlər heç də boğazdan yuxarı deyilməyib. Bu, patriotik sözlər də deyil. Həqiqətən hər şey gözəl alınmışdı. Bilirsiniz, elə qüvvələr var idi ki, gözləmirdilər belə bir şey olsun. Ola bilməz balaca bir dövlət, müharibə bölgəsi belə bir müsabiqəyə ciddi hazırlaşsın. Həm də varlığımızla belələrinə göz dağıyıq. Buna görə fəxr edirəm. Bilirsiniz, evə qonaq gələndə qonağın rahatlığı üçün ev sahibi olaraq azuqəmizin ən yaxşısın qonaq üçün saxlayırıq. Dövlətimiz qonaqları yüksək səviyyədə qarşıladı. Yenə də deyirəm ki, bizim dövlətimiz kiməsə nəyisə sübut etmək üçün deyil, sadəcə belə bir dövlətin mövcud olduğunu göstərdi. Müsabiqəyə gəlincə, bu il layiqli iştirakçılar da çox idi. Lorin birinciliyə layiq idi. Onun ifası mənim çox xoşuma gəldi. Səbinə Babayeva da çox yaxşı ifa nümayiş etdirdi. Ancaq daha çox Albaniya təmsilçisinin ifasını bəyəndim. Mənim balaca oğlum isə Can Bonomonun ifa etdiyi mahnını çox bəyənib. İndi də bütün günü həmin mahnını pianinoda ifa edir. Mən deyim ki, Albaniyanın mahnısına mənim 6 yaşlı oglum diqqətlə qulaq asır və ifasını təkrarlayır. Bizim sənət dostlarımızın bir çoxu deyirdi ki, Albaniya təmsilçisi nə oxudu, o ki qışqırırdı. Ancaq olduqca maraqlı ifa idi. Albaniya təmsilçisi Rona müxtəlif səslərlə ifa nümayiş etdirdi. Ancaq qalibin, Lorinin qələbəni çox qəribə tərzdə qarşılamasını anlaya bilmədim. Bilmirəm, bəlkə şok keçirdiyi üçün, bəlkə də qalib olacağını əvvəlcədən bildiyi üçün onun belə qəribə reaksiyası məni çox təəccübləndirdi”.
Nüşabə
Palitra.-2012.-6 iyun.-S.6.