Azərbaycan mədəniyyəti elmi-tədqiqatlarda
AMEA-nın
birinci vitse-prezidenti, akademik Arif Həşimov: “Müvafiq elmi tədqiqat
institutları öz spesifikalarına uyğun olaraq bu və ya
digər baxımdan mədəniyyəti tədqiq edirlər”
Layihə
çərçivəsində Azərbaycan mədəniyyətinin
elmi tədqiqi ilə bağlı bizə fikirlərini Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti,
akademik Arif Həşimov bildirdi.
Akademik
öncə qeyd etdi ki, Azərbaycan Milli Elmlər
Akademiyasının müxtəlif
institutları mədəniyyətin müxtəlif sahələrini
də ehtiva edən elmi-tədqiqatlarla məşğul olurlar:
“Məsələn, Abbasqulu Ağa Bakıxanov adına Tarix
İnstitutu bununla bağlı qədim dövrlərdən
başlamış müasir dövrə qədər olan tarixi
faktları araşdırır. Aydın məsələdir
ki, hər hansı bir
dövrün tarixini
araşdıranda o dövrün
bütün sahələri və eyni zamanda da
mədəniyyəti əhatə olunur. Hər
dövrün tarixini
araşdırarkən o dövrün
əhalisinin məşğuliyyəti, həyat səviyyəsi,
yaradıcılığı, güzəranı, inkişaf səviyyəsi və eyni zamanda onun
mədəniyyəti kimi sahələr ön planda durur. Bu baxımdan hər bir dövrün mədəniyyətini
araşdırarkən öz növbəsində,
həmin dövrə aid şairlərin, ədiblərin,
digər sahələrə aid mədəniyyət
nümayəndələrinin fəaliyyəti tədqiq olunur. Bu
baxımdan hər bir elmi-tədqiqat institutu öz spesifikasına uyğun
olaraq bu və ya digər baxımdan mədəniyyəti tədqiq
edir. Amma təbii ki, bu institutlar
yalnız mədəniyyətin tədqiqi ilə məşğul
olmurlar, onlar
ixtisaslaşdıqları sahələr üzrə daha əhatəli fəaliyyət göstərirlər”.
Bu
baxımdan Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyəti
də diqqət çəkir: “Məlumdur ki, Arxeologiya və
Etnoqrafiya İnstitutu akademiyamızın ən qabaqcıl
institutlarlından biridir. Son illərdə
institutun apardığı fəaliyyətlər
və nəticələr də göz qabağındadır.
Həmçinin Azərbaycan Prezidenti
İlham Əliyevin Arxeologiya
və Etnoqrafiya İnstitutunun
apardığı fəaliyyət və əldə etdiyi nəticələrlə yaxından
tanış olması, bu instituta
dövlət tərəfindən xeyli miqdarda vəsaitlər ayrılması da institutun gördüyü
işlərin önəmini göstərir. İnstitutuun apardığı ekspedisiyalarda
və əldə etdikləri tapıntılarda mədəniyyətin
də izləri əks olunur. Məsələn,
bu tapıntılarda əks olunur ki, müəyyən
dövrlərin insanları, cəmiyyəti hansı mədəniyyətlərin
daşıyıcıları olublar. Yəni
keçmişimizin yaddaş
elementləri kimi o
dövrdə tapılan maddi mədəniyyət
nümunələri, qalalar, saxsı qablar, əşyalar, yaraq-əsləhə, pullar və sair
tapıntılardan həmin dövrün mədəniyyətini
xarakterizə etmək olur. Bu
zaman həmin qazıntılarda aşkara çıxarılmış
memarlııq abidələrinin tədqiq olunması da böyük əhəmiyyət
kəsb edir. Belə ki,
bu cür memarlıq
abidələrini tədqiq edərkən, onların
orijinallığı, yüksək sənətkarlıqla ərsəyə
gəlməsi və sair göstəricilər
eyni zamanda yüksək
mədəniyyətdən xəbər verir.
Yaxud antik dövrə
aid mədəniyyəti tədqiq edərkən,
antik dövrdə baş
vermiş döyüşlərin səhnələşdirilməsi
belə, həmin dövrün müharibə
sənəti, qaydaları barədə elmi
informasiyaları formalaşdırmış olur.
Bütün bu cür tədqiqatlar qədim dövrlərin mədəniyyətini
xarakterizə edən amillər rolunda
çıxış edir. Yaxud bu cür dövrlərin mədəniyyəti tədqiq
edilərkən, o dövrlərin nəqqaşlığı
tədqiq olunur, yaxud qədim
yazılar açar sözlər vasitəsilə
oxunarkən bəlli olur ki,
həmin dövrün yazı və
yazılı mədəniyyəti hansı səviyyədə
olub, bu mədəniyyətin
yayılma arealı hansı əraziləri əhatə edib və sair. Elmi-tədqiqatlar
zamanı həmin dövrlərin tarixi bu cür qiymətləndirilərkən
eyni zamanda o dövrlərin mədəniyyətinə də
qiymət vermək olur. Bu
baxımdan öz spesifikasına görə
mədəniyyəti də tədqiq edən
institutlarımız çoxdur, bunları
sadalamağa ehtiyac yoxdur. Burada Şərqşünaslıq,
Fəlsəfə, Sosiologiya və Hüquq institutları və digər
institutların da adını çəkmək
olar ki, onlar da öz
ixtisas sahələrinə uyğun
olaraq tədqiqatlarında mədəniyyətə
spesifik yanaşma nümayiş etdirirlər. Yaxud
Azərbaycan Milli Tarix
Muzeyi, Ədəbiyyat Muzeyi,
Hüseyn Cavidin Ev Muzeyi və sair muzeylərimiz fəaliyyət göstərir.
Bu muzeylərlə
tanış olanda görürük
ki, onlar müəyyən
dövrlərin mədəniyyətini, incəsənətini,
müəyyən dövrlərdə yaşamış sənətkarların,
ədəbiyyat nümayəndələrinin və sair şəxslərin
yaradıcılıqarını əks etdirən
eksponatları, mədəniyyət nümunələrini
saxlayırlar.
Həmçinin
bizim Əlyazmalar İnstitutumuz var, Əlyazmalar İnstitutu
bütün Azərbaycanın ən qədim incilərini
özündə toplayan, Azərbaycanın mədəni, ədəbi
keçmişini özündə saxlayan, qoruyan bir institutdur,
qiymətli mənbədir. Bu institutun əməkdaşları həmişə
çalışırlar ki, qədim əlyazmaları
toplamaqla gələcək nəsillərə
çatdırsınlar, dünyaya təqdim
etsinlər. Bu institutda
bu baxımdan çox
nadir əlyazmalar, nüsxələr qorunub saxlanılır ki, bunlar elmi və mədəni
aləm üçün böyük
önəm daşıyır. Bilirsiniz ki, qədimdə yazıların, əsərlərin
yayılması üçün əlyazmalardan
istifadə ediblər və bu zaman çalışıblar ki,
həmin əlyazmalar yaxşı oxuna, hər
kəs tərəfindən anlaşıla bilsin.
Bu baxımdan da xəttatlıq
sənəti inkişaf edib.
Həmçinin bu zaman
müəyyən təbii boyalardan və
sairdən istifadə edilib. Bu tip əlyazmalar
dövrümüzə qədər gəlib çatıb və
hazırda Əlyazmalar İnstitutunda qorunub saxlanılır”.
Akademik
qeyd edir: “Bütün bu faktların, qədim mədəniyyət
nümunələri və abidələrin hamısını
sərfnəzər edəndə yekunda bir daha o nəticəyə
gəlmək olur ki, Azərbaycan mədəniyyəti çox
qədim və orijinal köklərə, zəngin və qədim
tarixə malikdir. Min illər ərzində
Azərbaycan ərazisində dünyanın mədəniyyət
xəzinəsinə daxil olmuş
zəngin mədəni irs yaradılıb.
Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri
aparılan elmi tədqiqatlarla müəyyən
edilib. Məsələn, hələ
eramızdan əvvəl III minillikdə burada
qəbilələrin formalaşması prosesi
gedib, eramızdan əvvəl I minillikdə
isə ilk siyasi qurumlar meydana gəlib.
Orta əsrlərdə də Azərbaycan mədəniyyəti böyük inkişaf yolu keçib. Məsələn, 3-5-ci əsrlərdə Azərbaycan dövlətçiliyi möhkəmlənib, Azərbaycanda xristianlıq yayılmağa başlayıb, Zaqafqaziyada ilk apostol kilsələrindən hesab edilən kilsələr meydana gəlib, mənəvi və dünyəvi mədəniyyət inkişaf edib.
8-ci əsrin
əvvəllərində Azərbaycan İslam dünyasına
qovuşub, xilafətin tərkibinə daxil olub. İslam Azərbaycanda hakim
dinə çevrilib. Yeni
ənənələr və mədəniyyət təşəkkül
tapıb. Orta əsrlərdə Azərbaycanda Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvilər dövlətləri
yaranıb, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları kimi
möhtəşəm sənət abidələri, dahilər Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, Qətran Təbrizi,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin
yaradıcılığı bəşəri ideyaların tərənnümünə, ədalətin, humanist
ideyaların bərqərar olmasına xidmət edib.
Səfiyəddin Urməvinin, Əbdülqədir Marağainin Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər dünyanı indi də heyran qoyur. Elm sahəsində Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov və sair mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı məlumdur. 20-ci əsrdə Azərbaycan mədəniyyətinin inkişafında rol oynayan şəxslərdən Cəlil Məmmədquluzadə, Sabir, Haqverdiyev, Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Hüseyn Ərəblinski, Mustafa Mərdanov, Əli Qurbanov, Şıxəli Qurbanov, Səməd Vurğun, Mikayıl Müşfiq və başqalarının adlarını şəkmək olar ki, bunlar dünya mədəni və ədəbi irsinə layiqli töhfələrini veriblər.Həmçinin zəngin musiqi irsimizi tədqiq etmək üçün muğamın və Seyid Şuçinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül kimi muğam ustadlarının, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi vokal sənəti nəhənglərinin yaradıcılığı qiymətli mənbə rolunu oynayır”.
İlkin AĞAYEV
Palitra.-2012.-8 iyun.-S.6.