Gənclər xaricdə ümumi
maraqlar naminə yaxşı konsolidasiya olunurlar
Rüfət Əzizov: “Bu sahədə
proseslərin sürətlə inkişafı ilk olaraq gənclərimizin
dövlətimizə, dövlətimizin də gənclərimizə
olan güvənindən irəli gəlir
Müsahibimiz Xəzər Mühəndisləri
İctimai Birliyinin həmtəsisçisi, Azəri Metal
Şirkətinin icraçı sədri və London Materiallar
İnstitutunun peşəkar üzvü Rüfət
Əzizovdur. İctimai aktiv və qabaqcıl bir gənc
olan Rufət Əzizov müsahibəsində
son dövrlərdə Azərbaycan gəncliyinin
inkişafı, onların xarici ölkələrdə
ölkəmizi daha layiqincə təmsil
etməsi məsələlərindən
danışdı.
- Azərbaycan gəncləri son
zamanlar xarici ölkələrdə ölkəmizi daha layiqincə
təmsil edirlər. Onlar bu məqsədlə daha
yaxşı təşkilatlanıblar. Bu
barədə dövlət səviyyəsində siyasət yürüdülür ki,
gənclər xaricdə ümumi maraqlar naminə yaxşı konsolidasiya
olunsunlar. Bu barədə
fikriniz nədir?
- Bəli, bu gün demək olar ki, xaricdə olan gənclərimiz
hər zamankından daha aktivdirlər.
Əlbəttə ki, bu
sahədə proseslərin sürətlə inkişafı ilk olaraq gənclərimizin
dövlətimizə, dövlətimizin də gənclərimizə
olan güvənindən irəli gəlir.
Dövlətimiz xaricə təhsil almaq üçün çox sayda tələbə göndərir, onlara hər zaman sahib çıxır, qaldıqları yerlərdə,
təhsil aldıqları universitetlərdə heç
kimdən əskik olmamaları üçün
daim addımlar atılır. Bu isə öz növbəsində
keyfiyyətli təhsil almağa böyük təsir göstərir. Bundan əlavə yenə də dövlətimizin
dəstəyi ilə xaricdə gənclərimizin şəbəkələşməsi
üçün hər cür
şərait yaradılır. Bu gün gənclərimizin şəbəkələşməsini,
diaspor və lobbi fəaliyyətlərinin
inkişaf etməsini sürətləndirən
ən uğurlu və alternativi
olmayan platforma xaricdə
təhsil alan azərbaycanlı tələbələri
birləşdirən forum olan
ASAİF-dir (Azerbaijan Students & Alumni International Forum). ASAİF-in
ideyalarının və konkret gördüyü işlərin dövlətimiz,
millətimiz, vətənimiz, ümummilli
məsələlərimiz üçün
böyük əhəmiyyəti var, məhz bunun üçün də ASAİF-in
irəli sürdüyü təklif və
təşəbbüslərin əksəriyyəti dövlət
səviyyəsində dəstəyini tapmaqdadır. ASAİF uzun illərdən bəri fəaliyyət
göstərməsinə baxmayaraq son 2 ildə özünün
ən aktiv və faydalı dövrünü yaşayıb. Bakıda, Strasburqda,
Macarıstanda keçirilən forumlar,
Türkiyədə “Hamımız Xocalılıyıq”
aksiyası, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Kanada və digər
ölkələrdə aktiv fəaliyyət,
yeni gənc simaların yetişməsi ASAİF-in əldə
etdiyi çox dəyərli
uğurlardır. Əlbəttə, bu
uğurların əldə olunmasında müstəsna xidmətləri
olan ASAİF sədri Orxan
Əkbərovun dinamik fəaliyyətini vurğulmaq çox vacibdir, məhz onun aktiv və səmimi fəaliyyəti gənclərimizdə
ASAİF-ə qarşı güvən yarada
bilib. ASAİF-in təsisçilərindən olan
millət vəkilimiz Ceyhun Osmanlı daim təşkilatın inkişafı üçün əlində olan
bütün imkanları səfərbər
edib və etməkdədir.Dövlət rəsmilərinin,
gənclər və idman naziri
Azad Rəhimovun digər rəsmilərin
ASAİF tədbirlərində iştirakı, həmin tədbirlərə
dəstəyi də gənclərimizin qısa zamanda
uğurlu fəaliyyət üçün
şəbəkələşməsində böyük
əhəmiyyətə sahib olub. Bütün bunlar dövlətimizin bu
sahəyə olan dəstəyinin göstəricisidir.
- Hazırkı situasiyada Azərbaycan
gənclərinin, xaricdəki gənclər təşkilatları
və diasporun Azərbaycan həqiqətlərini yayması və
ölkəmizi təbliğ etməsi daha çox aktualdır.
Xüsusən də bəzi xarici qərəzli
media orqanlarının Azərbaycanın
müstəqil inkişafı və tərəqqisinə
qısqanclıqla yanaşdığı, qərəzli kampaniya apardıqları bir
vaxtda. Siz bu məqamla bağlı nə düşünürsünüz?
-
Müxtəlif xarici informasiya vasitələrinin Azərbaycana
qarşı qərəzli mövqe tutmaları yenilik deyil və
biz demək olar ki, buna alışmışıq, heç
onlara əhəmiyyət verməyə belə dəyməz. Hər
zaman nədənsə xaricinin
dediyini, xaricinin özünü, xaricinin əməlini
özümüzə üstün tuturuq. Məsələn, hələ də bəzi
sektorlarda elə fikirləşirlər ki, xarici işçi
“akademikdir”, lakin tam əminliklə deyə bilərəm ki, bizim gənc mütəxəssislər
heç kimdən geri
qalmır. Türklərin çox
yaxşı bir sözü
var “özgüvən”, yəni
özünə güvənmək. İnsanlarımız
özünəgüvənlərini artırmalıdır, digərlərinə
deyil, məhz özümüzə güvənməliyik.
Ölkəmizin inkişafı bizdən başqa
heç kimə lazım deyil
və çoxlarına da sərfəli
deyil. Bu prizmadan baxsaq,
bu gün xarici mediada fürsətcil
səs-küy salan azərbaycanlılarımızın
atdıqları addımlar heç cür xalq dəstəyi qazana bilməz, heç cür düzgün qəbul
edilə bilməz. Əlbəttə, heç
kim deyə bilməz ki,
ölkəmiz nöqsansız işləyir, heç bir sahədə problem yoxdur. Əksinə,
diqqət tələb edən problemlər çoxdur,
lakin bu problemlərin
həllinə başlanılıb və hər gün inkişaf baş verdiyi danılmazdır. Dövlətin bütün sahələrə diqqəti göz qabağındadır. Xaricdə
təhsil alan gənclərimizin fəaliyyəti
daim yüksələn xətt üzrə
inkişaf etməlidir, yəni hər
hansı bir vaxtda, hər
hansı bir məsələyə reaksiyadan asılı olmayaraq,
biz daim aktiv olmalıyıq, rekaktiv
deyil, proaktiv
olmalıyıq. Aktivləşməyimiz üçün
nələrinsə olmasını gözləməməliyik.
- Azərbaycan gənclərinin,
xaricdə təhsil alan azərbaycanlıların, diasporun və
tez-tez xarici səfərlərdə, konfranslarda olan gənclərin
Azərbaycanla bağlı yalan informasiyaların
qarşısını almaqda,Azərbaycanın əleyhinə
olan bəzi xarici mediaları və onların zərərli
informasiyalarını neytrallaşdırmaqda rolunu necə
görürsünüz? Sizin bir qabaqcıl gənc və təşkilat rəhbəri,
eyni zamanda tez-tez xarici səfərlərdə
olan gənc kimi bu sahədə hansı təklifləriniz,
iradlarınız ola bilər?
- Bu suala artıq cavab verdim yuxarıda.
Lakin bir daha vurğulamaq
istərdim ki, bizim öz yolumuz,
gənclərimizin davamlı
aktiv fəaliyyəti üçün özümüzün
strategiyamız olmalıdır
və var. Biz öz mədəni, yüksək
intellektə və faktlara, peşəkar yanaşmaya əsaslanan yolumuza davam etməliyik. Nöqtəvari həmlələr deyil, daim hücümda olmalıyıq. Bəzən vurulan
zərbələrdən sarsılmamalıyıq,
yolumuzdan çəkilməməliyik
və hətta bəzən fikrimizi belə yayındırmamalıyıq.
Bu yolu davam
etdirən və etdirəcək kifayət qədər yeni simalarımız var, onların zəkaları, vətənpərvərlikləri, insani dəyəri yaxın gələcəkdə
xaricdə gənclərimizin
sürətli hücum
taktikasının daha
da inkişaf edəcəyinə əminlik
yaradır.
İlkin AĞAYEV
Palitra.-2012.-8 iyun.-S.11.