Mədəniyyətin maddi-mənəvi varlıq kimi qiymətini dərk etmək lazımdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov: “Azərbaycan mədəniyyətin bütün sahələrindəki inkişafda özünün qədim, orijinal və zəngin ənənələrinə əsaslanır”

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik Arif Həşimovdur. Arif müəllim bizimlə söhbətində Azərbaycan mədəniyyətinin qədimliyi, orijinallığı və son dövrlərdə mədəniyyətimizin hərtərəfli inkişaf etdirilməsi ilə bağlı dövlət qayğısından danışdı: 

- Azərbaycan ən qədim yaşayış məskənlərindən biri olduğu kimi, eyni zamanda qədim, zəngin və orijinal bir mədəniyyətə malikdir. Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxarətə layiqdir. Azərbaycan xalqının, eyni zamanda ,gözəl bədii təfəkkürü və yüksək yaradıcılıq qabiliyyəti var. Xalqımıza məxsus müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq birlikdə vəhdət təşkil edir ki, bu da öz növbəsində Azərbaycan mədəniyyəti və incəsənəti haqqında bitkin təsəvvür yaratmağa bizə böyük imkanlar yaradır. Yaxud Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birinionun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim zamanlardan indiyə qədər davam etdirilən bu cür sənət növləri çoxçeşidli və orijinaldır.     

- Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları tərəfindən Azərbaycan mədəniyyəti ilə bağlı aparılan tədqiqatlar, elmi araşdırmalar lazımınca beynəlxalq səviyyədə təqdim və ya təbliğ edilə bilirmi?

- Mədəniyyətin kifayət qədər təbliğ edilməsinin aktuallığı barədə çox danışılsa da, bu məsələyə bir qədər başqa rakursdan da yanaşmaq lazımdır. Belə ki, mədəniyyət hər hansı bir əşya deyil ki, onun reklamı ilə məşğul olasan. Yəni bu səviyyədə və mənada mədəniyyətin təbliğatının aparılmasından çox, mədəniyyətin maddi-mənəvi varlıq kimi qiymətini dərk etmək lazımdır. O varlığı təbliğ etməkdən daha çox, o varlıqla yaşamaq lazımdır. Azərbaycan xalqının, cəmiyyətinin son illərdə yaşadığı, ev sahibliyi etdiyi daha geniş miqyaslı, qlobal, dünya çaplı mədəniyyət tədbirləri, hadisələri bir daha göstərdi ki, Azərbaycan özünün qədim və orijinal mədəniyyət ənənələri əsasında inamla yaşayır və dünyanı heyran qoyur. Bunu istər musiqi, istərsə də incəsənət, ədəbiyyat və sair sahələr barəsində əminliklə demək olar. Azərbaycan mədəniyyətin bütün sahələrindəki inkişafda özünün qədim, orijinal və zəngin ənənələrinə əsaslanır. Bunun əsasında da Azərbaycan özünün malik olduğu zəngin dəyərləri və ənənələrini qoruyub saxlaya bilib. Azərbaycan keçmişdə uzun illər ərzində müxtəlif dövlətlərin təsiri altında olub. Azərbaycan zaman-zaman yadellilərin basqısı, daxili çəkişmələr və sair tarixi böhranlar yaşayıb. Tarixən tez-tez baş vermiş bütün bu cür basqılara, daxili parçalanmalara, çəkişmələrə və tənəzzül dövrlərinə baxmayaraq Azərbaycan xalqı həmişə öz qədim mədəniyyət, ədəbiyyat, incənət ənənələrini və nümunələrini qayğı və israrla qoruyub saxlaya bilib. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti xalqımızın qanında və genetik yaddaşındadır. Bu nümunələr kimsəyə yox, məhz bizə məxsusdur. Buna görə də minilliklərdən və yüzilliklərdən bəri biz bu mədəniyyət nümunələrini qoruyub saxlaya və gələcək nəsillərə ötürə bilmişik.

- Azərbaycan mədəniyyətinin daşıyıcılarından və ötürücülərindən biri də doğma dilimizdir. Bu yöndə sizin fikirlərinizi bilmək istərdik...

 

- Təbii ki, Azərbaycan dili mədəniyyətimizin əsas daşıyıcısıdır. Zaman-zaman dilimizin özünə də xeyli basqılar olub, müxtəlif zamanlarda dilimiz sıxışdırılıb. Hətta vaxt olub ki, dilimizinölü dillər” sırasına salınmasına da çalışıblar. Amma bütün bu kənar basqılara və qəsdlərə baxmayaraq Azərbaycan dili yaşadı və bütün basqıları dəf etdi. Buna görə də dilimiz qədimlərdən üzübəri gələn mədəniyyət nümunələrimizin yaddaşlara həkk olunmasında, gələcək nəsillərə çatdırılmasında əsas funksiyasını qoruduindibu önəmli missiyanın öhdəsindən uğurla gəlməkdədir. Bu işdə dövlətin də ciddi diqqəti və məqsədyönlü siyasəti var.  Azərbaycan ədəbi dilinin yüksək inkişaf səviyyəsi ilə bağlı da xüsusi qeyd etməyə dəyər. Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir ki, bu dövrlərdə yaradılan zəngin ədəbi nümunələr xalqımızın ədəbi istedadını ortaya qoymuş olur.  Xalqımızın öz doğma dilinə möhkəm bağlılığı nəticəsində biz yeni nəsillərə sırf Azərbaycan dilində öz mədəniyyətimizi çatdıra, bununla bağlı gələcək nəsilləri lazımınca məlumatlandıra bilirik. Bunu Azərbaycandan kənardakı tarixi ərazilərimizdə, eləcə də xarici ölkələrdə yaşayan soydaşlarımıza da şamil etmək olar. Bu cür toplu halda öz tarixi ərazilərində yaşayan soydaşlarımıza da hər zaman basqılar və təpkilər olub, onların dillərinin unutdurulmasına çalışılıb. Amma bütün bu maneələrə baxmayaraq, o soydaşlarımız da dillərini unutmayıblar, onlar  indiöz doğma dillərində yazıb-yaratmaqla məşğuldurlar. Həmin ölkələrdə sodyaşlarımıza qoyulan qadağalar onları daha inadla öz dillərinə, soykökünə bağlı olmasına vadar edir.

Azərbaycan mədəniyyətinin hazırda da daha sürətlə inkişaf etməsinin əsas səbəbi odur ki, biz bütün bu işlərin hamısını şüurlu şəkildə həyata keçiririk. Çünki ölkəmiz bütün yeniləşmə proseslərinə şüurlu şəkildə qoşulur. Azərbaycan mədəniyyəti, incəsənəti həm qədim, həm klassik, həm də müasirdir. Yaxud Azərbaycan incəsənətində incəsənətin dünyada mövcud olan bütün növləri ehtiva edilir. Konservatoriyanın, Şərqdə ilk operanın Azərbaycanda yaranması - bütün bunların hamısı mədəniyyətimizin yeni dövrə uyğun zənginləşməsi, müasirləşməsi deməkdir. Azərbaycan mədəniyyəti həm müasirləşir, həm də öz qədimliyini, kökünü saxlamaqla  orijinallığını və zənginliyini qorumuş olur. Bütün bunların hamısı Azərbaycan mədəniyyətinin dünyada yüksək mövqeyə malik olması və öz layiqli yerini tutmasını təmin edib. Başqalarından fərqli olaraq biz kimlərinsə mədəniyyətini təkrarlamaq və yaxud kimlərdənsə nəyisə götürərək özününküləşdirməklə məşğul olmamışıq və indiolmuruq. Azərbaycanlılar öz mədəniyyətini başqalarına göstərməklə bu mədəniyyəti tanıdır, qəbul etdirirsevdirir.

- Son dövrlərdə dövlət tərəfindən elmin müxtəlif sahələrinin inkişafını və daha keyfiyyətli tədqiqatları təmin etmək üçün xeyli miqdada vəsaitlər ayrılır və bu məsələyə xüsusi strateji yanaşma nümayiş etdirilir. Bununla bağlı nələri bildirmək olar?

- Bütün bunlar həm də mədəniyyəti  ehtiva edən fundamental tədqiqatların aparılmasına, ümumilikdə mədəniyyətin tədqiqi və inkişafına ciddi dəstək sayılmalıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda mədəniyyətə yüksək səviyyədə dövlət qayğısı varelmi səviyyədə də bu məsələnin əksini tapması bu qayğının məqsədyönlü və hərtərəfli olduğunu açıq göstərir.  Prezident tərəfindən hər il ardıcıl olaraq elmə ayrılan vəsaitlər də bunun bariz təzahürüdür.

 

 

İlkin AĞAYEV     

Palitra.-2012.-12 iyun.-S.6.