«Dubayda yaşayan
insanların böyük əksəriyyəti
“Eurovision”u izləyərək
paytaxt Bakının gözəlliyinin şahidi oldular»
Samir
İmanov: “Son aylar Azərbaycana turist kimi və digər məqsədlərlə
gəlmiş insanlar artıq özləri həmkarlarına
oraya səfər etməyi tövsiyə edir, Azərbaycanda
harada və necə gözəl vaxt keçirmək haqda məsləhətlər
verirlər”
Xaricdə
fəaliyyət göstərən diaspor təşkilatlarımız
müxtəlif istiqamətlərdə həyata keçirdikləri
tədbirlərlə ölkəmizin təbliği istiqamətində
mühüm addımlar atırlar. Bu
gün öz fəallığı
ilə seçilən diaspor təşkilatlarımızdan
biri Birləşmiş Ərəb
Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan”
Cəmiyyətidir. Müsahibimiz cəmiyyətin
sədri Samir İmanovdur:
- Azərbaycan
xalqı öz vətənini çox sevən xalqdır,
xüsusən də insan vətənindən kənarda yaşayanda bu hisslər bir
qədər də artıq olur. Tədbirlərin
keçirilməsi ilə bağlı onu
deyərdim ki, fəal təbliğat
işləri və keçirilən tədbirlər vasitəsilə
Azərbaycan haqqında dünya ictimaiyyətinə
məlumat vermək mümkündür. Bu ölkədə cəmiyyətimiz tərəfindən
hərtərəfli təbliğati işlər
aparılır. Hər il
50-dən artıq yerli nazirlik
və komitələrdə rəhbərlərlə
görüşlər keçirilərək onlara
Prezident İlham
Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən inkişaf, bütün sahələrdə
əldə edilən uğurlar haqda məlumatlar verilir.
Nəzərə alsaq ki,
hər göruşdə 10-a yaxın dövlət rəsmisi iştirak edir, bu, il ərzində tərəfimizdən
neçə dövlət rəsmisinin şəxsən məlumatlandırılmasının
göstəricisidir. Bildiyiniz kimi, Azərbaycanın uğurları, tərəqqisi
və Qarabağ problemi
ilə bağlı müsahibələrim və məqalələr
davamlı olaraq yerli
dövlət və qeyri-dövlət qəzetlərində dərc
edilir. Bu qəzetləri təkcə BƏƏ deyil, ümumiyyətlə, milyonlarla
insan oxuyur. Ən əsası
isə odur ki, burada yaşayan həmvətənlərimiz
çox vətənpərvər və fəaldırlar.
İşlədikləri, təhsil aldıqları yerdə Azərbaycan
həqiqətlərini maksimum dərəcədə
ətraflarında olan müxtəlif
xalqların nümayəndələrinə çatdıraraq
ölkəmizi təbliğ edirlər. Bu
tədbirlərin və təbliğat fəaliyyətinin daha da güclü
və yüksək müstəvidə aparılması üçün cəmiyyətimizin dövlətin
hər cür dəstəyinə
ehtiyacı var.
- Orada bu gün həm cəmiyyət,
həm dövlət səviyyəsində Azərbaycana
münasibət necədir?
- Azərbaycana münasibət ümumilikdə
yaxşıdır. Qeyd etdiyim
kimi, aparılan işlər nəticəsində
istər burada yaşayan
çoxmillətli cəmiyyətin, istərsə dövlət
rəsmilərinin Azərbaycana münasibətini düzgün istiqamətləndirə bilmişik. Dövlət
qurumlarında çalışan yerli vətəndaşların
Azərbaycana turist qismində gəlmə
sayına nəzər salsaq, bunun necə inkişaf etdiyinin şahidi
olarsınız. Ümumiyyətlə, çoxsaylı
görüşlərdə təbliğat işləri ilə
bərabər qarşı tərəfə Azərbaycana səfər
edilməsi də təklif edilir
və növbəti təkrar görüşlərdə o insanlar Azərbaycanda
olduqlarını böyük sevinc hissi ilə qeyd edərək gəzdikləri yerlərin,
daddıqları milli təamlarımızın
adlarını tam dəqiqliklə deyirlər.
Bu cür təbliğat
işlərimizlə sevinməyə bilmərik. Son aylar Azərbaycana turist kimi və digər məqsədlərlə gəlmiş
insanlar artıq özləri həmkarlarına
oraya səfər etməyi tövsiyə edir, Azərbaycanda harada və
necə gözəl vaxt keçirmək haqda məsləhətlər verirlər.
Tam əminliklə
qeyd etmək istəyirəm ki, Dubayın Milli, Dini və Xeyriyyə Nazirliyi
ilə etdiyimiz mütəmadi əməkdaşlıq
və qurduğumuz isti
münasibətlərin nəticəsi olaraq
son bir il
ərzində Azərbaycanın məcburi qaçqın və
köçkünlərinə Dubayda qeydiyyatdan keçmiş cəmiyyətlər
tərəfindən bir milyon
dollardan artıq yardım edilib.
Öncəki illərin rəqəmlərini yoxlasaq,
bunun ildə 3 min dollardan artıq olmadığının şahidi olarıq. Cəmiyyətimiz Azərbaycan-BƏƏ
əlaqələrinin bütün sahələrdə
ugurla inkişaf etməsi
sahəsində çoxlu işlər görür. Mən görüşlərdə
və tədbirlərdə yerli dövlət
rəsmilərinə çoxlu sayda kitablar və broşürlər
təqdim edirəm. Bu kitabların çoxu Diasporla İş üzrə Dövlət Komitəsi
tərəfindən göndərilib. Xahiş
edirəm ki, digər dövlət
qurumları da mütəmadi olaraq hazırladıqları ədəbiyyatları
cəmiyyətimizə göndərsinlər. Dövlətin dəstəyi
olmadan dünya azərbaycanlıları
güclü ola bilməz.
- Bakıda təşkil olunan
“Eurovision-2012” artıq başa
çatıb. Bu
musiqi yarışması orada
necə qarşılandı?
- Cəmiyyətimiz müsabiqə öncəsi 2 tədbir keçirmişdi, ərəb və ingilis dillərində bu mövzuda 2 səhifədən ibarət illüstrasiyalı məqalələr dərc etdirmişdi. Burada yaşayan əhalinin təxminən 20 faizinin Qərb ölkələrindən olduğunu nəzərə alsaq, müsabiqəyə marağın yüksək olduğunu deyə bilərik. Onların nümayəndələri ilə danışıqlarım zamanı aydın oldu ki, burada yaşayan insanların böyük əksəriyyəti müsabiqəni izləyib, Azərbaycanın və paytaxt Bakının gözəlliyinin şahidi olublar. Müsabiqə öncəsi də qeyd etdiyim kimi, burada yaşayan həmvətənlərimizlə yanaşı yerli ərəblər də müsabiqəni izləmək üçün Azərbaycana səfər etmişdilər.
- Qarşıdan 15 İyun Milli
Qurtuluş Günü gəlir. Bununla bağlı indiyədək
cəmiyyətiniz tərəfindən hansı tədbirlər
təşkil olunub?
- Bildiyiniz kimi, 15 iyun 1997-ci ildən rəsmi bayram kimi qeyd edilir. Bu gün həqiqətən də Azərbaycan xalqı üçün böyük bayramdır. 1993-cü ildə Azərbaycanın düşdüyü ağır vəziyyətdə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir dövrdə ulu öndər Heydər Əliyev xalqın arzusu ilə Bakıya gələrək vətəndaş qarşıdurmasını aradan qaldırmasaydı, müstəqilliyimiz möhkəmlənməz və bu gün əldə edilmiş uğurlar olmazdı. 19 il əvvəl daxili və xarici qüvvələr Azərbaycan dövlətçiliyini məhv etmək, ölkənin ərazi bütövlüyünü parçalamaq, vətəndaş qarşıdurması yaratmaq istəsələr də, ulu öndər Heydər Əliyev xalqa arxalanaraq xarici düşmənlərin və onların daxildəki əlaltılarının planlarını puça çıxardı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının istər siyasi, istərsə də ictimai, iqtisadi və mədəni həyatında dönüş başlandı, bir-birinin ardınca həyata keçirilən genişmiqyaslı layihələr müstəqil Azərbaycanın inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri də “Azərbaycan” və “azərbaycanlı” sözlərinin əhəmiyyətinin, dəyərinin və mahiyyətinin dünyada artırılması, dünyaya səpələnmiş soydaşlarımızın “azərbaycançılıq” adı altında birləşməsidir. Ulu öndər olduqca mürəkkəb bir dövrdə bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutub. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri var. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Heydər Əliyev eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Çox sevindirici haldir ki, bu gün Heydər Əliyevin planlarını və məfkurəsini Prezident İlham Əliyev böyük məharətlə həyata keçirir və nailiyyətlərimiz də göz qarşısındadır. Məhz bütün bunları nəzərə alaraq 15 İyun Qurtuluş Günü kimi nəinki Azərbaycanda, ondan kənarda yaşayan hər bir soydaşımız üçün də çox önəmlidir.
Nigar Abdullayeva
Palitra.-2012.-12 iyun.-S.7.