Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu

 

Biz hazırıq ki, mədəniyyətimiz hamının üzünə açıq olsun, öz zənginliyini bölüşsün. Ancaq mədəniyyətimizi kiminsə mənimsəməsinə imkan verməyəcəyik”

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kulturoloqların II Beynəlxalq Bakı Forumu başladı. Tədbirin əsas mövzusu “Dövlətin inkişafında mədəniyyət siyasətinin roludur. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki,  forumda yerli mütəxəssislərlə yanaşı 10 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələr iştirak edir. Nazir qeyd etdi ki, ilk dəfə bu forum iki il bundan əvvəl keçirilib və həmin il tədbirdə 4-5 ölkədən nümayəndələr iştirak edib. Əbülfəs Qarayev forumun işini yüksək qiymətləndirdi: Kulturologiya elminin müasir elm olduğunu nəzərə alaraq onun ətrafında müzakirələr, dövlət siyasəti müəyyənləşdirən nəzəri ixtiralar bizim üçün vacibdir. Əgər ilk forumda 4-5 ölkə iştirak edirdisə, bu gün artıq 10 ölkənin nümayəndəsi təmsil olunur. Bu da ondan xəbər verir ki, qeyd olunan sahə bizim alimlər və xaricdə yaşayan mütəxəssislər üçün olduqca maraqlıdır. Azərbaycan son illər öz mədəniyyətinin inkişaf tempi ilə, onun xarici ölkələrdə nümayiş olunma imkanları ilə, silsilə şəkildə keçirilən tədbirlərlə dünya ictimaiyyətinin diqqətini cəlb edir. Belə konfranslar elm və nəzəriyyənin inkişafına yeni qapılar açır”.

Qabaqcıl elmi qurumlarla əməkdaşlıq əlaqələri yaradılmalıdır

Nazir bildirdi ki, mədəniyyət siyasətinin aktuallığının artması amili respublikamızda son dövrlərdə böyük vüsət alıb. Ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi misilsiz diqqət və qayğı nəticəsində mövcud sahənin inkişafı üçün lazımi şərait yaradılıb. Mədəniyyət sahəsində aparılan struktur islahatlarla yanaşı mahiyyət etibarilə strateji əhəmiyyət kəsb edən yeni fəaliyyət istiqamətləri müəyyən edilib ki, onlardan da biri də mədəniyyət siyasətinin həyata keçirilməsində respublikanın qabaqcıl elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bunun vasitəsilə sahənin inkişafında elmin iştirakının təmin edilməsidir. O da vurğulandı ki, hazırkı tədbir ölkədə həyata keçirilən mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakının təmin edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlarla sıx əməkdaşlıq əlaqələrinin yaradılması, kulturologiya elminin populyarlaşması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsində mühüm rol oynayır.

Mədəniyyətimizi beynəlxalq aləmə düzgün təqdim etməliyik

Nazir bildirdi ki, bu gün beynəlxalq təşkilatlar olan TÜRKSOY, MDB ölkələrinin mədəniyyət qurumları, Qara dəniz İqtisadi Əmək Təşkilatı, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı kimi təşkilatların öz qarşılarında qoyduğu məqsəd mədəniyyətlərin anlaşması, qarşılıqlı hörmət mühitinin formalaşdırılması və bu mübadilə nəticəsində mədəniyyətin təkmilləşdirilməsidir: “Əgər bu qədər mötəbər beynəlxalq qurumlar bu işlərlə məşğuldursa, Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələr bu təşkilatların üzvləriyiksə, deməli, bizi qlobal həcmdə gedən proseslər maraqlandırmaya bilməz. Beynəlxalq proseslərə daxil olaraq bir tərəfdən öz mədəniyyətimizi götürüb beynəlxalq aləmə düzgün təqdim etməyə nail olmalıyıq, digər tərəfdən də orda bizə mane olmayan yeni fikirləri, istiqamətləri, tendensiyaları götürüb öz mədəniyyətimizə zərrə-zərrə daxil etmək üçün yollar axtarmalıyıq. Qloballaşan dünyada beynəlxalq tədbirlər nəticəsində bizim mədəniyyətimiz, ayrı-ayrılıqda götürdükdə milli mədəniyyət, dini və digər mədəniyyətlər hansı təsirlər altında qalır? Bunun üçün qanunvericilik, qloballaşma mövzuları ortaya çıxır. Bu düşüncələr müasir mədəniyyət məkanını bürüyüb əhatə etməlidir. Əgər bu gün fikirlərimizi yalnız bir auditoriyada bölüşsək, geniş müzakirə etməsək, bu, ölkə daxilində qalır”. Son illər Azərbaycanın böyük və təyinatlı məqsədi olduğunu deyən nazir bildirdi ki, bu, dünya miqyasında öz mədəniyyətini tanıtdırmaq, əldə etdiyi böyük nailiyyətləri təbliğ etmək, eyni zamanda müasir, dünyəvi, böyük inkişafa nail olmuş ölkə kimi özünü tanıtmaqdır: Bunun üçün həm dövlət, həm QHT-lər, Heydər Əliyev Fondu, Mədəniyyətin Dostları Fondu, həm də Azərbaycanda keçirilən neçə-neçə tədbirlərin təşkilatçılarının adlarını çəkmək olar ki, müstəqil yaradıcı qruplarla bu istiqamətdə işimizi aparırıq”.

“Biz mədəniyyətlər arasında dialoqun tərəfdarıyıq”

Tədbirin əhəmiyyətindən və forumun ölkəmizin həyatında mühüm hadisə olmasından danışan Ə.Qarayev bildirdi ki, Prezident İlham Əliyevin mədəniyyətimizə diqqət və qayğısının nəticəsi olaraq son vaxtlar respublikamızda mədəniyyət siyasətinin aktuallığı xeyli artıb: “Azərbaycan elə bir funksiyanı öz üzərinə götürmək qərarına gəlib ki, bu mövzu bizim üçün hər zaman aktualdır. Azərbaycanda iki ildən bir beynəlxalq ümumdünya mədəniyyətlərarası dialoqa həsr olunan forum keçirilməsi tapşırığı almışıq. Belə ki, Prezidentin sərəncamına əsasən, bu, iki ildən bir keçirilməlidir. Bu tədbir yeganə forumdur ki, təşkilatçılıq baxımından 5 bir-biri ilə bu mövzuda rəqabət aparan beynəlxalq təşkilatların iştirakı ilə keçirildi. Adətən belə təşkilatlar bir-biri ilə rəqabət aparırlar. Biz ona nail olmuşuq ki, bizim ölkədə keçirilən tədbirdə həmin təşkilatların hamısı iştirak edir. Biz mədəniyyətlər arasında dialoqun tərəfdarıyıq. Gedib hansısa qonşunun mədəniyyətini götürmək niyyəti daşımırıq. Bir məqsəd daşıyırıq ki, bizim mədəniyyətimizi biz tanıyaq, Azərbaycanda yaşayan millətlərin mədəniyyətini bütün dünya tanısın. Bilsinlər ki, normal cəmiyyətdə bu mövcuddur. Ümumiyyətlə, kulturologiya mövzusu bizim üçün doğmadır. Biz hazırıq ki, mədəniyyətimiz hamının üzünə açıq olsun, öz zənginliyini bölüşsün. Ancaq mədəniyyətimizi kiminsə mənimsəməsinə imkan verməyəcəyik. Əminəm ki, bu forum çərçivəsində veriləcək tövsiyələr müasir dünyada mədəniyyət proseslərinin idarə olunmasına, tənzimlənməsinə, nailiyyətlərin bölüşdürülməsinə böyük imkan yaradacaq”. Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov forumun mövzusunun Azərbaycan üçün doğma olduğunu bildirdi. Milli Məclisdə mədəniyyətlə bağlı yeni qanun layihəsi hazırlandığını deyən millət vəkili qeyd etdi ki, hazırkı forumun nəticələri də layihədə öz əksini tapacaq. Forumda Rusiyanın Prezidenti yanında Kənd Təsərrüfatı və Dövlət Qulluğu üzrə Akademiyanın professoru Olqa Astafyeva, Gürcüstan Siyasi Tədqiqatlar İnstitutunun əməkdaşı Malxas Matsabiridze, Macarıstanın Eötvöş Lorand Universitetinin nümayəndəsi Cudit Bartoli və başqaları çıxış edərək tədbirin böyük əhəmiyyət daşıdığını vurğuladılar.   Qeyd edək ki, forum bu gün davam edəcək. Tədbir zamanı mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətə görə nazirliyin diplomları ilə təltif olunma mərasimi də təşkil olunacaq. 

 

 

Nigar Abdullayeva

Palitra.-2012.-13 iyun.-S.11.