«Gənclərin mədəni həyatda rolunun artırılması istiqamətində tədbirlərə üstünlük veririk»

Layihə çərçivəsində müsahibimiz Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevdir:

 

- Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsi fəaliyyətini ilin əvvəlində təsdiqlənmiş plan əsasında həyata keçirir. Şöbəmizin nəzdində fəaliyyət göstərən Mədəniyyət Şurasının, Hərbi Hamilik Koordinasiya Şurasının planları, yanğın təhlükəsizliyi tədbirləri, habelə mədəni-maarif müəssisələrinin fəaliyyət planları ilin əvvəlində geniş şəkildə müzakirə edilərək təsdiqlənir. Əhalinin asudə vaxtının daha səmərəli təşkili, mədəni–kütləvi tədbirlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi işlər görülür. Mədəni-maarif müəssisələrində müxtəlif səpgili mədəni-kütləvi tədbirlər hazırlanaraq rayon əhalisinə mədəni xidmət göstərilir. Rayonumuzun bütün mədəni-maarif müəssisələrində cari ilin əvvəlində Yeni il şənlikləri, klub müəssisələrində və məktəblərdə yolka  şənlikləri təşkil edilib.  Yeni il şənlikləri və məktəblilərin qış tətili günləri ilə əlaqədar rayonun bir sıra məktəbləri və klub müəssisələrində stolüstü oyunlar üzrə yarışlar təşkil edilib, qaliblərə hədiyyələr verilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına əsasən 20 Yanvar ümumxalq hüzn günü,  Gənclər Günü, Xocalı və 31 Mart soyqırımları ilə bağlı mədəniyyət müəssisələrində bir sıra tədbirlər həyata keçirmişik.  Bu məqsədlə mədəni-maarif müəssisələrində “20 Yanvar – şərəf tariximizdirdevizi ilə guşələr, kitab və rəsm sərgiləri, kitab müzakirələri, ədəbi-bədii tədbirlər, dəyirmi masalar, söhbətlər, görüşlər, anım tədbirləri qeyd olunub. Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Bakı – 1990 – cı il” adlı guşə, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və qanlı Yanvar hadisələri” adlı dəyirmi masa, rayon Mədəniyyət Evində ümumrayon tədbiri keçirilib. Xocalı soyqırımı ilə bağlı klub müəssisələrində, kitabxanalarda, muzeylərdə  uşaq incəsənət məktəbində guşələr, kitab və rəsm sərgiləri, müzakirələr, söhbətlər, ədəbi–bədii kompozisiyalar, görüşlər təşkil olunub, faciəni əks etdirən filmlər nümayiş etdirilib. Tarixi faciəyə həsr olunmuş “Xocalı göyərçinləri” kitabı müzakirə edilib, faciəni əks etdirən sənədli xronika nümayiş olunub. Mart ayı əlamətdar günlər və bayramlarla zəngin olub. Rayonumuzun Yenikənd, Qarasaqqal, Ərşəli, Köhünlü kənd, Qarabucaq qəsəbə mədəniyyət evlərində, Qurdbayram, Çərtəyəz, Şüşün klublarında, MKS və filiallarında guşələr, kitab sərgiləri, söhbətlər, məlumatlar və sə. tədbirlər keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı klub müəssisələrində ədəbi-bədii tədbirlər keçirilib. Klub müəssisələrinin və rayon Uşaq İncəsənət Məktəbinin iştirakları ilə mahnı və şeir müasbiqəsi, Kürdəmir Dövlət Rəsm Qalereyasında rayonun həvəskar rəssam və dekorativ tətbiqi sənət ustalarının əl əişləri sərgisi, uşaq incəsənət məktəbinin  müəllim və şagirdlərindən ibarət ansamblların konsertləri maraqla qarşılanıb. Novruz bayramı ilə bağlı çoxsaylı tədbirlərin yekunu olaraq rayon mərkəzində teatrlaşdırılmış ümumrayon tədbiri keçirilib. Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən bayram tədbirlərində rayonumuz yüksək səviyyədə təmsil olunub.

 

- Rayonun mədəni-maarif müəssisələrinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

 

- Bildirim ki, cari ilin geridə qalan dövründə mədəni-marif müəssisələrinin fəaliyyəti ilə bağlı şöbə tərəfindən bir sıra  monitorinqlər aparılıb. Nəticələr rayon mədəniyyət işçilərinin seminar-müşavirəsində müzakirə edilibmüvafiq tədbirlər görülüb. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Heydər Əliyev Muzeyi 1 fevral 2012 – ci il tarixdən Heydər Əliyev Mərkəzi kimi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti üçün münasib şərait yaradılıb, ad göstəriciləri və digər sənədlərin uyğunlaşdırılması təmin edilib. Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklərin işi davam etdirilməklə yeni bölmələrin açılması istiqamətində işlər davam etdirilir. Mərkəzin kitabxanasında elektron  kitabxana yaradılıb, internet saytı istifadəyə verilib. Heydər Əliyev Mərkəzi rayonun mədəni həyatında yaxından iştirak edir, əlamətdar tarixi günlərin,bayramların qeyd olunmasında fəallıq göstərir. Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyinin işi qənaətbəxş olub, diyarşünaslığın təbliği istiqamətində işlər davam etdirilib. Belə ki, rayonun tarixini əks etdirən eksponatların nümayiş etdirilməsi təşkil edilibyeni muzey əşyalarının əldə edilməsi  üçün rayon əhalisi ilə vaxtaşırı görüşlər keçirilib. Rayon ərazisindən toplanmış və muzeyə bağışlanmış əşyalar muzeydə qorunur və vaxtaşırı olaraq muzeyin əməkdaşları rayonun Sığırlı və Ərəbqubalı kəndləri ərazisindəki tarixiarxeoloji abidələr kiçik ekskursiyalar təşkil edirlər. Kürdəmir Dövlət Rəsm Qalereyası işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Qalereyanın əməkdaşları ümumrayon tədbirlərində yaxından iştirak etməklə müxtəlif  səpgili rəsm sərgiləri, müsabiqələr və guşələr hazırlayaraq tamaşaçılara təqdim edirlər. Kürdəmir rayon Uşaq incəsənət məktəbində tədrisin keyfiyyəti ilə bağlı vaxtaşırı monitorinqlər keçirilir, şagirdlərin dərsə davamiyyəti yoxlanılır və müafiq tədbirlər görülür. Məktəbin müəllim və şagirdlərindən ibarət ansambllar yaradılır. Rayon tədbirlərində onların gücündən istifadə edilir. Məktəbin rəsm şöbəsi üzvlərinin əl işləri Macarıstan və Çex respublikalarında keçirilən uşaq təsviri və tətbiqi incəsənət müsabiqələrinə göndərilir. Hal-hazırda növbəti baxış–müsabiqələrə hazırlıq işləri davam etdirilir. Məktəbin müəllim və şagirdləri rayonda keçirilən mədəni- kütləvi tədbirlərin bədii hissələrinin təşkilində ,”N” saylı hərbi hissələrdə , çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimlərində  iştirak ediblər. İlin əvvəlindən Kürdəmir Mərkəzləşdirilmiş Kitabxana Sistemində də planına uyğun olaraq tədbirlər həyata keçirilir.

 

- Mədəniyyət müəssisələri gənclərlə işi necə qurur?

 

- Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011–2015– ci illərdə” Dövlət Proqramının icrası istiqamətində tədbirlər ilboyu davam etdirilir. Bu məqsədlə rayon Gənclər və İdman İdarəsi ilə müntəzəm əlaqə saxlanılır, gənclərlə bağlı həyata keçirilən bütün tədbirlərin bədii hissəsinin təşkili təmin edilir. Biz xüsusilə gənclərin mədəni həyatda rolunun artırılması istiqamətində tədbirlərə üstünlük veririk. “Gənc istedadlar” adlı baxış – müsabiqə keçirilib və müsabiqədə 14-30 yaşlı yaradıcı gənclərin iştirakı təmin edilib. Müsabiqənin nəticəsi olaraq gənc müğənni Zamiq Kərimov xüsusi diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Gənclərin asudə vaxtlarının təşkili ilə əlaqədar olaraq rayonun parklarında müntəzəm şəkildə bir sıra tədbirlər həyata keçirilir. Kürdəmir Olimpiya İdman Kompleksində keçirilən gənclər arasında turnirlərdə xüsusi “Mədəniyyət” mükafatı təsdiqlənib və qalib idmançıya təqdim olunur. İl ərzində işə qəbul prosesində gənclərə üstünlük veririk  gənc mütəxəssislərin işlə təmin olunması diqqət mərkəzində saxlanılır. Qeyd etdiyim kimi, şöbəmizin nəzdində Mədəni Hərbi-Hamilik Koordinasiya Şurası fəaliyyət göstərir. Hamiliyə götürülmüş Kürdəmir Hərbi Qarnizonunun əsgər və zabitlərinə mədəni xidmət göstərilir. Əsgər və zabitlər üçün təşkil edilmiş bayram və əlamətdar günlərlə bağlı tədbirlər yüksək səviyyədə qarşılanır. Deyim ki, ənənə halını almış andiçmə mərasimləri günlərində əsgərlər və onların valideynləri ilə görüşlər daha maraqlı olur. Bayram günlərində “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları və hədiyyələr paylanır. Hərbi-vətənpərvərlik tərbiyəsi işi ilboyu davam etdirilərək bütün mədəni–maarif müəssisələrinin diqqət mərkəzində saxlanılır. “İşğal altında qalan torpaqlarımız”, “Mən əsgər gedirəm”, “Qarabağda qalan ellərimiz” adlı tematik gecələr, ədəbi kompozisiyalar, görüşlər, müzakirələr, əyani vəsaitlər, eləcə də “Vətənə oğul gərək” devizi ilə görüşlər, ədəbi-bədii əyləncəli proqramlar, konsertlər, guşələr və müxtəlif kitab və rəsm sərgiləri təşkil edilir. İdman və Gənclər İdarəsi ilə birlikdə ənənəvi “Narkomaniyaya yox deyirik” adlı aksiya keçiririk. Gənclərdə narkotik vasitələrə, psixotrop maddələrə və narkomaniyaya meyilin qarşısını  almaq məqsədi daşıyan bu tədbir rayonun bir sıra müəssisə və təşkilatlarında həyata keçirilib.  “Narkotiklərə yox deyirik”, “Narkomanlıq cəmiyyətin bəlasıdır”, “Narkomaniya ölümdür”, “Narkomanlıq və cəza” adlı guşələr və sərgilər təşkil edilib.

 

 

 

Anar Miriyev

Palitra.-2012.-13 iyun.-S.12.