Sənətdə mənaya üstünlük verirəm...

 

Vaqif Ucatay (Hüseynov) 1955-ci il iyun ayının 22-də Dəvəçi (indiki Şabran) şəhərində anadan olub. Əslən Dəvəçi rayonunun Təkyə obasından, Mahmarzalılar nəslindəndir. Artıq dördüncü sinifdən rəssam olacağını bilən Vaqif müəllimin sözlərinə görə, nəslində bu sənətdə çalışan olmayıb. Orta məktəbdə bütün fənlərin asanlıqla öhdəsindən gəlməsinə baxmayaraq onun qəlbini ovsunlayan rənglər dünyası və Allah tərəfindən verilən yaradıcı istedadı onu məhz bu sənəti seçməyə vadar edib. Rəssamlığa böyük həvəsi və meyili olan atası Hüseyn bəy oğlunun bu  seçimini dəstəkləyərək onun üçün əlindən gələni edib. Vaqif müəllim 1972-78-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Boyakarlıq fakültəsində təhsil alıb. Ancaq o, bu təhsillə kifayətlənməyib. Rəssamlıq sənətinin incəliklərini öyrənmək məqsədilə 1979-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola düşüb. 1981-ci ildə ağır səylər nəticəsində İ.Y.Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsinə daxil olub. Rəssamın 1982-ci ildə İkinci Dünya müharibəsi zamanı Leninqrad mühasirəsinə həsr edilmişİnam işığı” adlı tablosu olduqca təsirlidir. Rəssam bununla bağlı belə deyir: “Çəkdiyim “İnam işığı” tablosunun əsas ideyası insanlığın, haqqın, ədalətin qələbəsinə sonsuz inamdır. Əsərdə boş, soyuq otaqda körpəsilə Yeni ili qeyd edən ana təsvir olunub. Soyuqdan büzüşmüş ana ilə bala masa arxasında əks olunub. Masanın üzərinə sərilmiş, istifadəsiz qaldığından qatı açılmamış süfrə, onun üzərində isə bankada bir neçə oyuncaqla bəzədilmiş küknar ağacının budağı, yeganə işıq mənbəyi “kaptilka”, həmçinin içərisində 125 qramlıq qara çörək və qırağına bıçaq dirədilmiş boşqab əks olunub”. Maraqlıdır, nədənsə bu əsərə baxdıqda Van Qoqun 1885-ci ildə yaratdığı “Kartof  yeyənlər” əsəri yadıma düşür.  Lakin Van Qoqdan fərqli olaraq Vaqif müəllim əsərində yalnız ağır prosesidaimi aclığın insanların üzlərində əksini yaratmayıb. Rəssam burada təsvir olunan ananın üzündə həmçinin qorxu, bəlkə də döyüşdə olan ailə başçısının, qardaşının, qohumunun həyatına görə olan narahatçılığı, tənhalığı əks etdirə bilib. Bundan əlavə o, əsərində inam, ümid işığı verib. Vaqif müəllim 1987-ci ildə akademiyadakı təhsilini başa vurub vətənə qayıdır. Onun diplom işi olanNizami işığında” adlı tablo Nizami adına Ədəbiyyat Muzeyində saxlanılır. Rəssamın dediyinə görə, bu mövzunun araşdırılmasına 8 il vaxt sərf olunub. Məsuliyyətlə yanaşdığı bu mövzu məhz Azərbaycana, onun şairinə aid olduğu üçün hər dəfə müəyyən maneələr yaradılmasına, təsdiqi xeyli müddət uzadılmasına baxmayaraq sonunda işlənilib. Əsərdə iri pəncərələri olan divarların önündə qoyulmuş planşetdə Nizami Gəncəvinin isti, sarı və açıq qəhvəyi tonlarda işlənmiş portreti, onun önündə isə al rəngli süfrə sərilmiş iri masaonun ətrafında toplanmış əhalinin müxtəlif zümrələrini təmsil edən insanlar təsvir olunub. Burada işığın mənbəyi verilməyib. Masa ətrafına, insanların üzlərinə düşən işıq sanki şairin portretindən əks olunan nur kimi təsvir olunub. Rəssam 1993-cü ildən Ə.Əzimzadə adına Rəssamlıq Kollecində dərs deyir. 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 2011-ci ildən isə Rəssamlıq Akademiyasında da tədrislə məşğuldur. Müəllim kimi də fəaliyyət göstərən rəssam vətənə qayıtdıqdan sonra bir müddət sırf yaradıcılıqla məşğul olub. O, bu dövrdə bütün janrlara müraciət edib. Bunlara mənzərə janrında işlədiyi “Leninqradın görünüşü” (1987), “Dəvəçi baharı” (1990), “İlin fərəhləri” adlı silsilə əsərləri, “Yaz fərəhi” (1991), “Payız fərəhi” (1989), “Yay fərəhi” (1990), “Qış fərəhi” (1995), “Biz necə vardıqsa” (1995), “Dəvəçi bahar vaxtı” (1991), “Dəvəçi qış vaxtı” (1989) və digərləri, portret janrında işlədiyi “Zərifənin portreti” (1987), “Plastika” (1996), “Həya” (1996), “Elgünün portreti” (1996), “İşığa doğru” (1995) və s. kimi əsərləri misal göstərmək olar. Bu işlərindən diqqətimi daha çox cəlb edən “İşığa doğru” adlı əsəridir. Sanki qurulanmamış kətan üzərində 1-2 rəngdən cüzi istifadə edərək körpənin maraqlı təsvirini yaradıb. Rəssam vətənə onun ağır vaxtında qayıdıb. Burada artıq erməni nankorlarının açıq şəkildə irəli sürdükləri torpaq iddiaları, Azərbaycanın müstəqilliyə can atmasının Sovet Rusiyası tərəfindən qarşısının alınması səyləri Azərbaycanı çox ağır vəziyyətə salmışdı. Demək olar ki, bu dövr Azərbaycanın tarixində bir keçid dövrü oldu. Bir tərəfdən kədərli, digər tərəfdən sevindirici, bir tərəfdən qürurlu, digər  tərəfdən isə faciəli hadisələr baş verdi. Bu ağır, çətin zamanda Vaqif  Ucatay da biganə qalmadı. Millətini sevən, azərbaycanlı olduğu ilə fəxr edən rəssam öz əsərlərində çəkdiyi acını, qəmi, qüssəni əks etdirib. Lakin rəssamın ən qəmli, kədərli təsvirlərində belə inam var, mübarizə ruhu, optimistlik nişanəsi, türk ərənlərinə xas olan cəsurluq var. Vaqif müəllimin məhz müstəqilliyin bərqərar olması ilə əlaqədar 1991-ci ildə ərsəyə gətirdiyi “Möcüzə” əsəri maraqlı tərzdə işlənib. Əsərdə mərkəzdən zəncirləri qıran qandallı əllər və mərkəzdə uzaqdan fonda Azərbaycan bayrağı əks olunub. Bayraqdan əks olunan nur hər tərəfə yayılaraq ətrafı işıqlandırır. Çox sadə, amma məna dolu bu əsərdə iki-üç rəngdən istifadə olunub. Maraqlısı odur ki, rəssam əksər əsərlərində, əsasən kompozisiyalarında rəng bolluğundan istifadə etmir. Sanki çatdırmaq istədiyi fikri rənglər vasitəsilə yayındırmaq istəmir. Ümumiyyətlə, o, əksər işlərində göy, mavi rənglərə üstünlük verir, onlardan bol-bol istifadə edir. Onun Qarabağ müharibəsi mövzusunda 1992-ci ildə işlədiyi “Xocalı”, “Fəryad” (1992), “İşıq sevgisi” (1994) əsərləri, saysız-hesabsız satiraları, karikaturaları hər bir əsl vətəndaşın ürəyindəki sızlayan yaranı biraz da ağrıdır. Lakin bu əsərlər həm də ümidə, qisasa çağırışdır. Vaqif müəllimin əsərlərinin əksəriyyətində mübarizə təsvir olunub. Bu, mənəvi mübarizədir, həqiqət, ədalət axtarışlarıdır. Rəssam deyir: “Sənətdə mənaya üstünlük verirəm... Fikrimcə, forma mənaya xidmət etməlidir. Əks halda forma nə qədər gözəl olsa da, mahiyyəti olmayan əsər yaşamaz, zirvəyə çatmaz”. Maksimalist rəssam üçün ya yaxşı, ya da pis, ya çirkin, ya gözəl, ya xoşbəxt, ya da bədbəxt var. Nəyinsə nəyə görəsə olan nisbətini qəbul etməyən rəssam məhz bir vətəndaş, vətən oğlu kimi özünü məsul hesab edir. Qarabağ acısı olan yerdə nə sevinc?! Rəssam tablolarında sanki Azərbaycanın üzləşdiyi problemlərə toxunur, dönə-dönə və həlli yollarını göstərir. Sovetlər birliyinin dönəmində və sonrakı dövrlərdə yaşanan haqsızlıqları “Zordan üstün” (1997), “Zor gücsüzlüyü” (1998),  Paradoks” (1996) əsərlərində əks etdirib. Sanki bu əsərlərində Vaqif müəllim  özünüdərkə, fəlsəfəyə çağırır. Diqqətəlayiq əsərlərindən biriZor gücsüzlüyüdür. Bu əsəri rəssam 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın Rusiyaİran arasında iki yerə bölünməsinə həsr edib. Tariximizin bu kədərli səhifəsini iri gövdəli ağac vasitəsilə göstərib. Əsər belə təsvir olunub: ağacın gövdəsi qandallar vasitəsilə aralanıb. Qan ağlayan ağacın birləşmə ümidlərini kəsməkdən ötəri bir çox budaqları kəsilib. Lakin yuxarıya doğru gedərək qandallar qırılıb, budaqlar bir-birinə yenidən sarmaşıb. Şimali Azərbaycanı təmsil edən ağacın sağ tərəfində artıq yaşıllıq var, inkişaf var, sağdan ağacın sol tərəfinə - Cənubi Azərbaycanı təmsil edən tərəfə işıq şüaları düşür. Bu, gələcəyə inam işığıdır. Ağacın qabığı kiçik ölçülü insan fiqurları kimi təsvir edilib. Qeyd edim ki, bu əsərində də bir çoxunda olduğu kimi, rəng bolluğuna üstünlük verməyib. Rəssam həmçinin daimi mübarizədən başqa həyatın gözəlliyini, insanların sevgisiniSevgi işığı” (1994) əsərində əks etdirib. Vəhdət halında təsvir olunan cütlük Ay işığında öz dünyasını yaradıb. Sonrakı dövrlərdə yaratdığı “Dədə Qorqud” (1999-2000), “Tükənməzlik” (2000), “Quzular” (2000), “Qayğısızlıq” (2003), “Meyvələrim” (2002), “Günəşdən tez oyanan” (2000), “Göydən üç alma düşdü” (2003) kimi kompozisiyalarda rəssam müxtəlif mövzulara toxunub. “Qayğısızlıq” əsərində təsvir olunan şən rəqs edən uşaqların siması böyük insanların üz cizgilərini xatırladır. Uşaq simalarını əks etdirməkdə heç bir çətinlik çəkməyən rəssam sanki qəsdən üz cizgilərini çəkərkən yaşa dolmuş insanların simalarına bənzədib. Maraqlıdır, böyüklərin qayğısızlıq arzusunu təsvir edib...

Vaqif müəllimin işlədiyi “Dədə Qorqud” əsəri müsabiqə üçün hazırlanan digər Dədə Qorqud obrazlarından fərqlənir. Burada rəssam Dədə Qorqudu el ağsaqqalı kimi yox, mənəvi ata, peyğəmbər kimi təsvir edib. Kompozisiyanın yuxarısında buludlar həyat dövrəsini yaradıb. Aşağı hissəsində isə Yer üzü təsvir olunub. Burada heyvan heykəlləri təsvir olunub ki, bu, qədim türklərin yaylaqlarda qoyduqları heykəllərdir. Bu heykəllər sərhədi müəyyənləşdirmək üçün idi. Bu heykəllərin yaxınlığında iri tısbağa heykəli də var ki, onun bel hissəsində sütun yerləşdirilib. Və bu sütunun üzərində Orxon əlifbası ilə “Tanrı Türkü qorusun!” yazısı var. Rəssamın dediyinə görə, bu sütunlarda türklər sağdan sola öz tarixlərini yazırdılar. Türklər tısbağanı müqəddəs hesab edirdilər. odur ki, tısbağanın naxışlanmış forması həm Dədə Qorqudun əbasında, həm də qopuzunda təsvir olunub. Bu işarə əbədiyyat, həyat, müqəddəslik rəmzi idi. Əsərin mərkəzində əlləri yuxarıya doğru uzadılmış halda Dədə Qorqud obrazı verilib. Rəssam onu bir hadisə kimi təsvir edib. Onun sağ əli güclü, iri, qopuz tutan sol əli isə daha incə təsvir olunub.Rəssam deyir: “...Burada Dədə Qorqud  xalqın öz proobrazıdır. Xalqın həm vuran əli, həm də yaradan əli var”. Əsərdə Dədə Qorqud göylərdən gələn işığı, nuru yerlərə ötürür sanki... Vaqif müəllim bu əsərində qədim türklərin təsəvvüründə üçlük vəhdətini rəmzlərlə təsvir edib. İşığın düşdüyü üç məkan, qopuzun üç simis. Vaqif  müəllim Qarabağ müharibəsi dövründə bu mövzuda işlədiyi əsərləri ilə kifayətlənməyərək 1994-cü ildə cəbhə bölgəsinə, Murovdağa gedib, vətənin müdafiəsinə qalxmış əsgərlərimizin, qəhrəmanlarımızın portretlərini yaradıb. Xalqına daim mənəvi dəstəyi olan Vaqif müəllim başımızın üzərindən ötən qara buludları unutmamağa çağırır. Bu məqsədlə o, 2009-cu ildə “Bax! Gör! Unutma!” adlı sərgisini keçirib. 2011-ci ildə isə eyniadlı kitabını dərc etdirib. Bu kitabda erməni nadanlığı, ikiüzlülüyü, vəhşiliyi, faşistliyi haqqında çox sayda materiallar toplanıb. Tarix boyu müxtəlif şəxsiyyətlərin onlar haqqında düşüncələri, onların öz etirafları və nəhayət, azəri türklərinin başına gətirdikləri fəlakətlər əks olunub. Rəssam müxtəlif insanların şahid olduqları erməni vəhşiliklərini bir arada toplayıb. Burada hər acı fakta uyğun, hadisələri təsvir edən qrafik silsilə təsvirlər var. Bu kitabı milliyyətindən asılı olmayaraq vərəqləyən istənilən bir şəxs buna biganə qala bilməz. Rəssam bununla göstərdi ki, onun üçün hər şeydən üstün doğma Vətəndir! Rəssamın yaratdığı əksər kompozisiyalar vətən haqqındadır. Deyir: “Düzdür, mənim işlərimin əksəriyyətində Vətənim əks olunub.  Mən öz gördüyümü, mühitimi, ölkəmin, xalqımın yaşadığı problemləri, sevincini, adət-ənənəsini, musiqisinis. təsvir edirəm. Bəs Leonardo Da Vinçi, Soltan Məhəmməd, Fransisko Qoyya nədən təsirlənib, nədən bəhrələniblər?...”

 

Həqiqətən düşünəndə öz-özümə sual verirəm, elə olmalı deyildirmi?!

Palitra.-2012.-13 iyun.-S.13.