“Azərbaycanın olduqca unikal bir mədəniyyət potensialı var”

 

Əhməd Qəşəmoğlu: “Bir tərəfdən folklorumuzu, klassik musiqimizi dünyaya tanıdırıq, digər tərəfdən də Qərb musiqiçiləri ilə yarışır, qalib oluruq”

 

- Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği sahəsində müəyyən uğurlarımız var. Buraya məsələn, musiqi sahəsində bəzi uğurlarımızı aid etmək olar. Muğam musiqisinin təbliği bu sahədə ciddi uğurlarımızdandır. İndi artıq dünya Azərbaycanı muğam mərkəzi kimi tanımaqda, Azərbaycan müğamına maraq göstərməkdədir.  “Eurovision” sahəsindəki uğurlarımız da mədəniyyətimizin təbliği sahəsində mühüm nailiyyətdir. Aşıq musiqimizə   YUNESKO-nun diqqəti sevindiricidir. Çox maraqlı bir mənzərə yaranır. Bir tərəfdən biz öz folklorumuzu, klassik musiqimizi dünyaya tanıdırıq, digər tərəfdən də Qərb musiqiçiləri ilə yarışır, qalib oluruq. Bu, Azərbaycan musiqisinin çoxşaxəliliyindən, imkanlarından xəbər verir. Amma təəssüf ki, nailiyyətlərmiz hələlik ancaq bu istiqamətdədir. Bu isə hələ Azərbaycan mədəniyyətinin tam mənada təbliği demək deyil. Burada musiqimizin yüksək səviyyədə təbliğindən söhbət gedə bilər. Mədəniyyət isə olduqca geniş anlayışdır. Musiqi mədəniyyət sisteminin bir qoludur. XX əsrin ikinci yarısında gedən proseslər göstərdi ki, ölkələrin inkişafında mədəniyyət faktoru daha həlledicidir. Mədəniyyəti yüksək olan ölkə öz iqtisadiyyatını da, siyasətini də daha ahəngdar şəkildə tənzimləyir. Yapon, Cin, Cənubi Koreya, Malayziya, Sinqapur və s. bu cür ölkələrin sürətli inkişafında ən mühüm rolu mədəniyyət potensialı yerinə yetirdi. Azərbaycanın da xüsusi bir mədəniyyət potensialı var. Azərbaycanın olduqca unikal bir mədəniyyət potensialı var. Burada yer üzünün  aparıcı mədəniyyətləri(Şərq, Qərb; Qafqaz, türk, İran, ərəb, yəhudi, slavyan; şamanlıq, atəşpərəstlik, xristian, İslam, sovet və s.) əsrlər boyu təbii-tarixi yolla inteqrasiya olunub. Dünyada sürətlə qlobollaşma getdiyi indiki dövrdə bu unukal mədəniyyət daha mühüm əhəmiyyət kəsb edir. Yer üzündə indi mədəniyyət sistemləri müəyyən siyasi, sosioloji texnologiyalarla inteqrasiya etdirilir. Azərbaycanda isə bu inteqrasiyanın tarixi- təbii modeli var. Və bu modelin dərindən öyrənilməsi ümumiyyətlə, yer üzünün gələcəyi üçün əhəmiyyətli nəticələr əldə etməyə imkan verər. İndiki vaxtda əslində mədəniyyət modelimizin yer üzünə verə biləcəyi fayda neftin verəcəyi faydadan qat-qat artıqdır. Biz öz mədəniyyət potensialımızın dərinliklərini beynəlxalq aləmdə daha ətraflı açdıqca, ölkəmizin nüfuzunu misilsiz dərəcədə artıra bilərik. Amma bunun üçün əvvəlcə biz özümüz bu potensialı dərindən öyrənməliyik. Təəssüf ki, bu sahədə mütəxəssislərin hazırlanmasına lazımi diqqət verilmir. Doğrudur, bu sahədə indi müəyyən addımlar atılmaqdadır. Heydər Əliyev Fondunun, ölkənin birinci xanımının bu sahədəki fəaliyyəti hər kəs tərəfindən yüksək qiymətləndirilir. Mədəniyyət və Turizm Nazirliyi də bəzi tədbirləri həyata keçirməkdədir. Son illərdə Azərbaycanda kulturoloqların 2 beynəlxalq forumunun keçirilməsi də müsbət qiymətləndirilməlidir. Amma  bunlar görülməsi vacib olan işlərin hələ bir hissəsidir.

- Azərbaycan mədəniyyətinin təbliğində elm adamlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu sahədə elm adamlarının fəaliyyəti hələ qənaətbəxş səviyyədə deyil. Bunun bir tərəfi onların bir çoxunun mədəniyyətimizin mahiyyəti barədə təsəvvürlərinin lazımi səviyyədə olmaması ilə bağlıdırsa, digər tərəfi təsəvvürü olan elm adamlarının belə, bu mədəniyyəti təbliğ etmək imkanlarının az olmasıdır. Bu iş ölkədə kompleks şəkildə yerinə yetirilməlidir və indiki mərhələdə təşkilati işlərin görülməsinə çox ehtiyac var. Bizim bir çox elm adamlarımız mədəniyyət deyəndə Avropa mədəniyyəti ilə tanışlıq səviyyəsini nəzərdə tutur. Bəzən klassik Avropa musiqisini dinləyə bilmək, Qərb ədəbiyyatı ilə daha geniş tanışlıq, müasir Qərb musiqisi barədə bilgilərə malik olmaq, ingiliscə danışa bilmək mədəniyyətin əsas göstəricisi kimi ön plana çəkilir. Belə insanlar beynəlxalq aləmdə Qərb mədəniyyəti barədə bilgilərini nümayiş etdirdikdə ölkənin mədəniyyətini təbliğ etdiklərini düşünürlər. Amma əslində Qərb mədəniyyəti barədə geniş məlumata malik olmaq, özlüyündə müsbət hal, müsbət imkandır. Amma bu imkandan Azərbaycan mədəniyyətinin təbliğində istifadə etmək üçün başqa işlər görülməlidir. Azərbaycanın elm işçiləri hələ bu sahədə lazımi təsəvvürə, lazımi vərdişlərə malik deyillər. Bu sahədə ölkə daxilində ciddi işlər görülməlidir.

-Azərbaycan mədəniyyətinin təbliği istiqamətində elmi-tədqiqatların aparılması vacibdirmi?

- Təbii ki, heç bir müzakirəsiz, belə elmi-tədqiqatlar olduqca vacibdir. İndiki dövr elmi idarəetmə dövrüdür. İndi elmin potensialından istifadə etmədən uğur qazanmaq qeyri-mümkündür. İndi bu sahədə ciddi elmi araşdırmalar aparılmalı, konsepsiyalar, fəaliyyət proqramları hazırlanmalıdır. Azərbaycan Prezidenti 2020-ci ilə qədər bütün sahələrin inkişafı ilə bağlı inkişaf konsepsiyaları hazırlamaq barədə göstəriş verib. Mədəniyyətimizin təbliği də elmi araşdırmalar əsasında hazırlanmış fəaliyyət proqramları vasitəsi ilə həyata keçirilməlidir. Bu, uğurlarımızın daha yüksək olmasına imkan verər.

- Azərbaycan mədəniyyəti yetərincə elmi-intellektual müstəvidə dünya ölkələrinin mədəni elitalarına təqdim oluna bilirmi?

- Bu suala bir az əvvəl aydınlıq gətirdik. Təəsüf ki, yox.

- Bu məsələlərlə bağlı hansı təklifləriniz var?

- Biz Azərbaycan mədəniyyətinin təbliği işinin genişləndirilməsini ilk növbədə elə ölkənin öz daxilində başlamalıyıq. Azərbaycana hər gün minlərlə qonaq, turist gəlib gedir. Bu insanlar mədəniyyətimizin təbliği sahəsində müstəsna rol oynayır. Onların ölkəmizin mədəniyyəti barədə fikirləri elə onların vasitəsi ilə sürətlə yayılır. Xüsusi ilə belə adamlar jurnalistdirsə, elm, mədəniyyət, incəsənət sahələrinin nümayəndələridirsə, bu təbliğat işində daha mühüm rol oynayırlar. Ölkə daxilində mədəniyyətin səviyyəsi qalxmadıqca, sadəcə onu xaricdə təbliğ etmək davamlı uğur verə bilməz. Ona görə də əvvəlcə öz mədəniyyətimizin potensialını elmin köməyi ilə dərindən öyrənməli, aydın, effektli proqramlar hazırlayıb həyata keçirməliyik. Buraya əhalinin sanitariya mədəniyyətindən tutmuş, ictimai yerlərdə davranışı, qonaqpərvərliyi, həqiqətsevərliyi, dürüstlüyü, vətənpərvərliyi, öz mədəniyyəti barədə bilgisi kimi bir çox cəhətlər daxildir. Azərbaycan mədəniyyət siyasətinin əsas məqsədi öz böyük potensiallı mədəniyyətimizi müasir elmin köməyi ilə daha çoxşaxəli şəkildə üzə çıxararaq, müasir dövrün tələbləri ilə zənginləşdirərək, ölkənin tərəqqisi  üçün istifadə etmək ola bilər.  Yəni biz mədəniyyətimizi elə şəkildə inkişaf etdirməliyik ki, bu, hər sahədə - istər siyasətdə, istər iqtisadiyyatda, hüquqda, elmdə, təhsildə, səhiyyədə, ekologiyada, musiqidə və sair sahələrdə  ölkədə ahəngin daha da artmasına kömək etsin. Amma təbii ki, bu işlərlə paralel olaraq daha sürətli şəkildə mədəniyyətimiz barədə xarici ölkələrdə geniş təbliğat işləri aparılmalıdır. Bunun üçün fəal bir şəbəkə yaradılmalı, diasporumuzun fəaliyyətindən ciddi istifadə olunmalıdır. Öz milli mədəniyyətimizin mahiyyətini daha dərindən araşdıra bilən mütəxəssislərin yetişdirilməsi, xüsusi qurumların yaradılmasına, mədəniyyətimizin təbliği sahəsində xarici təcrübənin öyrənilməsinə böyük ehtiyac var. Biz bu gün xarici ölkələrdə mədəniyyətin təbliğatı ilə bağlı tədbirlərimizdə yalnız milli paltar geyinmiş gənclərimizin milli musiqi sədaları altında ölkənin nemətlərini qonaqlara paylaması ilə yerinə yetirməməliyik. Bu cür və digər tədbirlərdə Azərbaycanın mədəniyyət potensialının öyrənilməsinin istər qərbli, istərsə də şərqli insanların öz mənəvi zənginlikləri üçün nə qədər faydalı olduğuna inandıran tədbirlərə üstünlük verməliyik. Milli, ekzotik mədəniyyətimizin bəşəri cəhətlərini dünyaya çatdırmaq üçün ciddi fəaliyyət göstərməliyik. Mədəniyyətimizlə bağlı elə işlər var ki, onlar elə milli müstəqil dövlət quruculuğu mərhələsində, məhz indiki vaxtda görülməlidir. Bu, gələcək tərəqqimiz üçün möhkəm özül ola bilər. Bu işlərə indiki zamanda biganəlik ölkənin gələcəyi üçün təhlükəli ola bilər. İqtisadiyyatda və başqa  sahələrdə bəlkə də bəzi işləri bir qədər sonraya saxlamaq olar. Mədəniyyət sahəsində isə bu işlərin təxirə salınması boyük sürətlə qlobollaşma getdiyi indiki vaxtda təhlükəlidir. Yer üzündə sürətli inteqrasiya getdiyi indiki vaxtda mədəniyyət sistemi strateji baxımdan həm ciddi müdafiə vasitəsi, həm də hücum, diplomatik faəliyyət vasitəsidir.

 

İlkin AĞAYEV

Palitra.-2012.-19 iyun.-s.6.