“Bu gün
gənclərdə təsviri sənətin bütün
sahələrinə maraq var”
Səyyar Əliyev: “Müəyyən yaş həddində olanlar, tarixçilər, incəsənət adamları əsərləri dəqiqliklə anlaya bilirlər. Buna görə də əsərə dəqiqliklə baxmaq lazımdır ki, onu anlaya biləsən”
Layihə
çərçivəsində müsahibimiz Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Təsviri sənət, rəsmxətt
və onun tədrisi metodikası kafedrasının müəllimi
Səyyar Əliyevdir:
- Bu
gün rəssamlıqla bağlı ölkədə çox
böyük inkişaf var. Gənclər bu
sənətə böyük həvəs
göstərirlər. Ümumiyyətlə, bu
inkişafı ölkəmizdə hiss etmək
mümkündür. Hər gün muzeylərimizdə istedadların əsərlərindən
ibarət sərgilər açılır. Çox
maraqlı əsərlər nümayiş
olunur. Həm daxili aləmi
əks etdirən, həm də təbiət təsvirləri,
ümumilikdə müxtəlif janrlarda əsərlər
var. 7-9 may tarixlərində
bir qrup rəssamın
Şuşanın işğal günü ilə bağlı sərgisi oldu. Orada Şuşadan
olan rəssamların əsərləri nümayiş olundu ki, bu əsərlərin
içərisində mənim də əsərlərim var idi. Bu
sərgidə mənim əsərlərimlə yanaşı gənc
rəssamların da əsərləri öz əksini tapmışdı. Sərgi çox maraqla
qarşılandı. Gənc rəssamların əsərlərində
əsasən Şuşanın işğaldan
əvvəlki dövrü təqdim olunurdu. Mən isə rəsmlərimdə
Şuşanın işğal
dövrünə daha çox
üstünlük vermişəm.
Ümumiyyətlə, mən bu mövzuda əsərlərimdə
dağılmış kəndlərimiz, şəhərlərimizlə
bağlı daxilimdə olan
yanğıları tabloya
köçürmüşəm. Məsələn, bir əsərimdə
“Xarıbülbül”ü canlandırmışam ki, o, pərişandı.
Eləcə də “Lalələr” əsərimdə onları
kədərli təsvir etmişəm. Bundan
başqa Xocalı, Meşəli kəndi
ilə bağlı bu səpgidə əsərlərim
var. Mən bütün
bunları böyük ürək
ağrısı ilə çəkmişəm və bu əsərlər yadda qalan bir tarixdir.
Mən heç vaxt
müharibə arzulamıram, istəyərəm ki, daim sülh
olsun və digər səpgidə əsərlər
çəkilsin. Ancaq bu
bir faktdır və biz
bu faciələri yaşamışıq.
Mən Şuşada həmin faciənin
içində olmuşam. İşğal
nəticəsində bizim bir
çox din, təhsil,
mədəniyyət ocaqlarımız dağıdıldı. Halbuki bu məkanlar müqəddəsdir
və onlara toxunmaq
günahdır. Müharibənin itkilərini bərpa etmək
üçün uzun
illər lazımdır. Hamımızın arzusudur
ki, torpaqlarımız işğaldan
azad olunsun və məcburi
qaçqın, köçkünlərimiz öz
evlərinə qayıtsın. Biz hər bir sahədə torpaqlarımızın
işğalını dünyaya
çatdırmalıyıq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Xocalı faciəsini Avropada geniş
işıqlandırdı. “Xocalıya ədalət”
kampaniyası çərçivəsində böyük
təbliğat işləri aparıldı. Mən bir pedaqoq, rəssam kimi ona öz
təşəkkürümü bildirirəm. Mən Şuşada yaşadığım zaman da rəssamlıqla məşğul
olurdum, amma geniş şəkildə deyil.
Mənim bu sahəyə daha
da üstünlük
verməyimin səbəbi məhz torpaqlarımızın
işğalıdır. Elə olub ki, mən 4-5 saat bir tablonun arxasında əyləşmişəm,
əsər yaratmışam. Bu tablolar sərgidə də
tamaşaçıların rəğbətini qazanıb.
- Hazırda rəssamlıq sahəsində
təhsil alan gənclər həqiqətən bu sənətə
sevərəkmi gəlirlər?
- Çox yaxşı bir haldır ki, şəhərimiz gündən-günə gözəlləşir. Kimin ki, istirahət üçün bağı yoxdur, Dənizkənarı Milli Park – Bakı bulvarı onun bağına çevrilib. Burada gənclər də rəsm çəkirlər və bu çox yaxşıdır. Bu gün gənclər bu sənəti sevirlər. Hətta onların valideynləri də bu sahəyə maraq göstərirlər. Hazırda rəssamlıq geniş yayılıb. Təsviri sənətin bütün sahələrinə meyillilik var. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu var. Bu yaxınlarda onun təşəbbüsü ilə Luvr Muzeyindən əsərlər gətirildi və İncəsənət Muzeyində sərgi təşkil olundu. Orada görkəmli rəssamların əsərləri vardı. Mən də bu sərgiyə tamaşa etdim və mənə çox yaxşı təsir bağışladı. Bu gün artıq əhali muzeylərə, sərgilərə gedir. Tez-tez müxtəlif sərgilər təşkil olunur və maraqla qarşılanır. Bu işlərdə gənclər də fəal iştirak edir. Hazırda İncəsənət Universitetində rəssamlıq şöbəsi var. Həmçinin Ə.Əzimzadə adına İncəsənət Kollecində, Rəssamlıq Akademiyasında da rəssamlıq tədris olunur və ADPU-da da Rəssamlıq fakültəsi fəaliyyət göstərir. Tələbələr çox maraq göstərir. Onlar da sərgilərdə iştirak edirlər və müxtəlif yerlər qazanır, mükafatlar alırlar. Mehriban Əliyeva incəsənətimizin bütün sahələrinə diqqət yetirir, muğamatımızı dünyada tanıtdırıb. Arzu edərdim ki, Avropa rəssamları kimi, bizim rəssamlarımız da dünya şöhrətli olsunlar, beynəlxalq səviyyədə tanınsınlar. Hazırda bizim böyük rəssamlarımız var. Tarixən də belə rəssamlarımız olub. Məsələn, rəssam, həmçinin astronom olan Mir Mövsüm Nəvvabın gözəl əsərləri olub. Mən onun ev muzeyində olmuşam. T.Salahov, T.Nərimanbəyov, F.Xəlilov, A.İbrahimov kimi yaxşı rəssamlarımız var.
- Bu gün rəssamlıqda təbii
boyalardan istifadə edilirmi?
-
Keçmişdə təbii rənglər olub ki, xaricə
ixrac olunurdu. Bir vaxtlar
nar bağlarından təbii rənglər
üçün istifadə edilirdi. Rəssamlıqda da
rənglər təbii yolla əldə edilirdi. Bu rənglər
yalnız rəssamlıqda deyil,
xalçaçılıqda da tətbiq edilirdi. Elə yarpaqlar var idi ki,
onu paltara toxundurduqda silinmirdi. Bu, yazıçı alimlərin arxivlərində
var. Hətta Herodotun
kitabında da Qafqazda
belə yarpaqların olması göstərilir. Məsələn,
tut yarpağından həm ipək istehsal olunurdu, həm də
ondan rəng alınırdı. Sonralar isə Rusiyada fabriklər açıldı və kimyəvi boyalar istehsal olundu. Bundan sonra təbii boyalar azalmağa başladı. Elə bir
meyvə, ağac, bitki yox idi
ki, onlardan rənglər alınmasın.
Bizim təbiətimiz zəngindir.
- Tamaşaçılar
əsasən hansı
janrlara maraq göstərir?
- Tamaşaçılar müxtəlif janrlara üstünlük verirlər. Mənim əsərlərim əsasən Qarabağla bağlı, işğal mövzusundadır ki, bu janr da tamaşaçıların marağına səbəb olur. “Narahat ruhlar” əsərim var ki, burada Ü.Hacıbəyov, X.Şuşinski, S.Şuşinski, C.Qaryağdıoğlu, K.Məhəmməd, Bülbül kimi şəxsiyyətlərin əksini vermişəm. Bu əsər sərgidə nümayiş olundu. Bir il yarımdır ki, mən bu əsər üzərində işləyirəm, amma bütün korifeyləri, Şuşada ağsaqqallar olub ki, onları da bu əsərdə təsvir etmək istəyirəm. Eləcə də məşhur sənətkarlar olub ki, məsələn, boyaçı Qəmbər, o, təbii boyalardan istifadə edirdi və onun boyaq sexi var idi. Adətən onlar bir tayfa olurdu. Ağdamda da boyaqçı tayfası vardı. Şuşalı xalçaçı alim L.Kərimovu təsvir etmişəm, eləcə də burada Xalq artisti Q.Rüstəmov, Ş.Bədəlbəyli, Ə.Bədəlbəyli, S.Ələsgərov, Q.Zakir, Natəvan əks olunub. Bu əsərin üzərində işləyəcəm və bu, tarixi bir əsərdir. Sərgidə maraqla qarşılanan əsərlərimdən biri Şuşa qalası ilə bağlıdır. “Ağa körpüsü” tamaşaçıların çox xoşuna gəldi. Ümumiyyətlə, adi tamaşaçıya bəziləri çətin anlaşılır. Ancaq müəyyən yaş həddində olanlar, tarixçilər, incəsənət adamları əsərləri dəqiqliklə anlaya bilirlər. Buna görə də əsərə dəqiqliklə baxmaq lazımdır ki, onu anlaya biləsən. Hələki xaricdə əsərlərim sərgilənməyib. Amma istərdim ki, xüsusilə də Qarabağla bağlı əsərlərimiz xaricdə təqdim olunsun. Ümumiyyətlə, sərgilərdə mənim tək-tək əsərlərim nümayiş olunub. Amma ilk dəfə idi ki, 18 əsərimdən ibarət sərgi nümayiş olundu. Bu sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. Gələcəkdə bütün əsərlərimdən ibarət fərdi sərgi təşkil edəcəm. Torpaqlarımız alındıqdan sonra Şuşaya gedəcəm. Şuşada gözəl qalereya var idi. Şuşanın özü bütünlüklə təbiət əsəridir. Təbiətin qoynunda rəsm çəkmək əvəzsizdir.Hazırda mənim çalışdığım Bilik İncəsənət Tədris Məktəbi var və uşaqlar burada rəssamlıqla məşğul olurlar. Mən həmin məktəbi rəsmi olaraq M.M.Nəvvab adına İncəsənət Məktəbi adlandırmışam. Artıq burada uşaqlara dərs keçilir. Bu işi daha da genişləndirmək istəyirəm. Savadlı müəllimlər var. Həvəskarları bir yerə toplayaraq rəssamlığın tədrisi ilə məşğul oluruq. İstərdim ki, daha da yaxşı rəssamlar olsun.
Nigar Abdullayeva
Palitra.-2012.-20 iyun.-S.12.