«Uşaq İncəsənət Məktəbi gənc nəslin estetik tərbiyəsinin inkişafına çalışır»

 

Layihə çərçivəsində müsahibimiz Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevdir. O, qəzetimizə müsahibəsində rayonun Uşaq İncəsənət Məktəbi haqqında geniş məlumat verdi:

- Kürdəmir Rayon Uşaq İncəsənət Məktəbi 1966-ci ildən 7 illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb və 1984-cü ildən məktəb Uşaq İncəsənət Məktəbinə çevrilib. Məktəb Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Məktəbdə 7 ixtisas (fortepiano, tar, kamança, qarmon, səs, nağara, rəsm,) üzrə 378 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 95 nəfər müəllim məşğul olur. Müəllimlərdən 65 nəfəri qadın, 30 nəfəri kişidir. Onlardan 5 nəfəri ali təhsilli, 75 nəfəri orta ixtisas təhsilli, 15 nəfəri ümumi musiqi təhsillidir. Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş şagird qəbulu planı müntəzəm olaraq yerinə yetirilir. Məktəb üzrə tədbirlər planı tərtib edilərək müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında Yeni il bayramı, 20 Yanvar faciəsilə əlaqədar “Qanlı Yanvar” adlı ədəbi-bədii gecə, Xocalı faciəsinin ildönümü ilə bağlı “Xocalı qan yaddaşımızda” adlı ədəbi-bədii kompozisiya, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20-21 mart Novruz bayramı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər, 9 May Qələbə Günü, 28 May Respublika Günü, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbirlər yaddaqalan olub. Məktəbin müəllim və şagird kollektivi tarixi  əlamətdar günlərdə, el şənliklərində, bayramlarda rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Məktəbin müəllimləri “N” saylı hərbi hissədə mütəmadi olaraq əsgərlər qarşısında konsert proqramları ilə çıxış edir, bayramlarda əsgərlərə sovqat və hədiyyələr aparırlar. 21-27 may tarixlərində YUNESKO-nun Beynəlxalq Bədii Təhsil Həftəsi çərçivəsində Kürdəmir Rayon Uşaq İncəsənət Məktəbində tədbirlər təşkil olunub. Məktəbin akt zalında şagirdlərin yekun konserti baş tutub. Konsertdə fərqlənən ən yaxşı 10 şagirdin rayonun «Gənc Heydərçilər» mədəniyyət və istirahət parkında əhali qarşısında çıxışı olub. Mayın 26-da təşkil olunan yaradıcılıq konsertinə rayon rəhbərliyi və rayon sakinləri tamaşa ediblər. Eyni zamanda məktəbin rəsm sinfinin şagirdlərinin əl işlərindən ibarət “Mənim dünyam” adlı rəsm sərgisi rayondakı “Qələbə” park-kompleksi ərazisində rayon sakinlərinə təqdim olunub. Sərgidə şagirdlərin 35 rəsm işi nümayiş etdirilib.

- Məktəbin şagirdləri müsabiqələrə qatılırmı?

- Əvvəla, deyim ki, “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”nın  icrası ilə bağlı məktəbdə müəllim kadrlarının say və keyfiyyət baxımından formalaşdırılması diqqət mərkəzində saxlanılır. İşə qəbul zamanı ixtisas və biliklərə üstünlük verilir. Müəllimlər dərs ili ərzində Mədəniyyət və Turizm Nazirliyinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində gücləndirilmiş ixtisasartırma kurslarında iştirak edir, öz ixtisaslarını daha da təkmilləşdirirlər. Hər il plan üzrə nəzərdə tutulan müəllimlər ixtisasartırma kurslarına cəlb edilirlər. Məktəbin şagirdləri mütəmadi olaraq müsabiqələrdə iştirak edirlər. Belə ki, rəsm  sinfi üzrə şagirdlərimiz Bakı şəhərində keçirilən “Şərq-Qərb dünyası uşaqların gözü” ilə beynəlxalq müsabiqəsində, Belarus Respublikasında VI Beynəlxalq Uşaq Rəsmləri Müsabiqəsində, Bakıda keçirilən “Novruz - bahar bayramı” adlı  respublika müsabiqə-sərgisində fərqləniblər. Bundan əlavə məktəbin şagirdləri “İstedadlı uşaqlarrespublika müsabiqəsində, “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının əsərlərində islami dəyərlər” mövzusunda sərgidə, Uşaq Xor Kollektivlərinin Respublika Müsabiqəsində, Milli Musiqi Alətləri Festivalında,  Xan Şuşinski adına Respublika Muğam Festivalında, Muğam İfaçılarının VI Respublika Müsabiqəsində fəxri fərmanlara və mükafatlara layiq görülüblər. Məktəb məzunları aliorta ixtisas məktəblərində təhsillərini davam etdirirlər. Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir, yeni inventar və avadanlıqlar alınır. Kürdəmir Rayon  Uşaq İncəsənət Məktəbinin işinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. Gənc nəslin estetik tərbiyəsinin  inkişaf etdirilməsi işi daimi olaraq diqqət mərkəzində saxlanılır.

- Hansı problemləriniz var?

- Rayon Uşaq İncəsənət Məktəbi, Kürdəmir MKS və Kürdəmir Dövlət Rəsm Qalereyası üçün müasir tələblərə cavab verən yeni binaların tikintisinə ciddi ehtiyac var. Uşaq İncəsənət Məktəbində maddi-texniki bazanın vəziyyəti qənaətbəxş olsa da, musiqi alətlərinə böyük ehtiyac var. Hazırda fəaliyyət göstərən  N.Nərimanov adına rayon Mədəniyyət Evi 1971-ci ildə tikilib və əsaslı şəkildə təmir olunmayıb. Kənd və qəsəbələrdə müasir tələblərə cavab verən mədəniyyət mərkəzlərinin tikilməsinə ehtiyac duyulur. Şöbəmiz üçün xidməti və səyyar xidmətlər göstərən avtomobillərin alınması günün vacib məsələlərindəndir. MKS və filialların, klub müəssisələrinin, muzeylərin və digər strukturların müasir informasiya texnologiyaları ilə təmin edilməsi vacibdir. Şöbənin və müəssisələrin internet saytlarının yaradılması məqsədilə yeni texnologiyaların alınaraq istifadəyə verilməsi üçün maliyyə ayırmalarının həcminin artırılmasına zərurət var. «Nizami» kinoteatrında yenidənqurma işlərinin aparılması çox vacibdir. Qarabucaq, Sığırlı, Köhünlü, Xırdapay, Topalhəsənli kənd mədəniyyət evlərinin, Qocalı və Qurdbayram  kənd klublarının, Şahbəyli, Çölərəb, Şüşün, Dayıkazımlı kənd kitabxanalarının əsaslı təmirə ehtiyacı var. Rayonda fəaliyyət göstərən mədəni-maarif müəssisələrindən şəxsi evlərdə yerləşəni yoxdur. 2007-ci ildə Yenikənd Mədəniyyət Evinin yanındakı yardımçı tikililərdə qəza vəziyyəti yaranmışdı. Binanın bir hissəsi 2008-ci ildə möhkəmləndirilib və Mədəniyyət Evi öz işini davam etdirib. 2011-ci ilin dekabr ayında kənd Mədəniyyət Evinin binasında yenidən qəza vəziyyəti yarandı, binanın divarlarının bir hissəsi uçdu. Yenikənd Mədəniyyət Evinin fəaliyyətini davam etdirməsi istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Yenikənd kənd Mədəniyyət Evi fəaliyyətini müvəqqəti olaraq kənd icra nümayəndəliyinin binasında davam etdirir.

 

Anar Miriyev

Palitra.-2012.-22 iyun.-S.11.