Mədəniyyətimiz xaricdə təbliğ
olunur
Arye Qut:”Bu işdə bütün dəstəyi göstərməyə hazırıq və lazımi potensialımız var”
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan-İsrail Beynəlxalq
Assosiasiyasının(AZİZ) mətbuat katibi, siyasi elmlər
üzrə doktor Arye Qutdur. Onunla müsahibəmizdə
İsraildə Azərbaycan mədəniyyətinin təbliğu
məsələləri barədə danışdıq. A.Qut
söhbətə belə başladı:
- AZİZ beş
ildir ki, yaranıb. Biz siyasi məsələlərdən
əlavə, Azərbaycan mədəniyyətinin təbliği
ilə də geniş məşğul oluruq. Öncə
qeyd edim ki, siyasi sferada məsələn, “erməni
soyqırımı”,
Xocalı faciəsi ilə bağlı ciddi və məqsədyönlü
iş aparırıq. Bu ilk dəfə olaraq
İsraildə akademiya səviyyəsində elmi-praktiki konfrans
keçirəcəyik. Orada faktiki olaraq
bütün İsraildə yaşayan, Azərbaycanda fəaliyyət
göstərən, Qafqazla, Azərbaycanla, keçmiş Sovetlər
birliyi məsələləri ilə məşğul olan
professorlar, mütəxəssislər olacaq. Faktiki olaraq biz orada akademik səviyyədə
Xocalıda baş vermiş soyqırımını müzakirə
edəcəyik. Eyni zamanda Xocalı faciəsini
siyasi müstəvidə müzakirə edib bununla bağlı
qərara gəlinməsinə çalışırıq.
Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin
burada dolğun əksini tapmasına və bu barədə zəngin
informasiyanın geniş yayılması bizim əsas hədəflərimiz
sırasındadır. Çünki Azərbaycan
həqiqətləri, xüsusən də Xocalı
soyqırımı barədə problemlərimiz oradan
başlayır ki, biz özümüz deyib özümüz
eşidirik. Dünyaya həqiqətlərimizi
çatdırmaq üçün biz ermənilərdən
müdafiə olunmamalıyıq, əksinə, ermənilərə
qarşı intellektual aqressiya
aparmalı, hücumu gücləndirməliyik. Bu
baxımdan həm siyasi aqressiya, həm də mədəniyyət
sahəsində aqressiya olmalıdır. Qeyd
etdiyiniz kimi, mədəniyyət sahəsində bu baxımdan
aktivliyin gücləndirilıməsi olduqca məqsədəuyğundur.
Bildiyiniz kimi, Yeganə xanım Salmanın
başçılıq etdiyi Azərbaycan mədəniyyəti
ilə bağlı mərkəz İsraildə fəaliyyət
göstərir. Onun Azərbaycan mədəniyyəti
ilə bağlı fəaliyyəti və İsrail cəmiyyətində
geniş miqyasda təbliğat aparmaq, eləcə də
dünya səviyyəsində mədəniyyətimizi
tanıtmaq əsas vəzifələrdən biridir. Bu
baxımdan düşündüyümüz bir sıra layihələr
var. Məsələn, may ayında Azərbaycan
karikaturaçılarının İsraildə böyük
bir sərgisi keçiriləcək. Bu
baxımdan bizə həm İsrailin Xarici İşlər
Nazirliyi yardım edir, eyni zamanda İsraildə olan
Karikaturaçılar Assosiasiyası da köməyini əsirgəmir.
Eyni zamanda üç-dörd ay bundan öncə - oktyabrda Azərbaycanın
Dövlət Müstəqilliyi Gününü qeyd etdik. Bu tədbirə Azərbaycan mədəniyyətinin
tanınmış nümayəndələri də gəlmişdi.
Bu sıradan olan tədbirlər əvvəllər də
keçirilib, bu tədbirlərdə istər İsrailin, istərsdə
Azərbaycan mədəniyyətinin nümayəndələri iştirak ediblər. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin
təbliği və tanıdılması konketstində burada
bütün dövlətçilik və milli
bayramlarımız keçirilir və təntənəli
şəkildə qeyd olunur. Biz Azərbaycandan
olan diaspor nümayəndələri olaraq bu tədbirlərin
keçirilməsində və təşkil olunmasında
heç bir şeyi əsirgəmirik. Amma
qeyd etməliyəm ki, bu baxımdan bizə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyindən böyük bir kömək hələki
yoxdur. Biz bu köməyi gözləyirik,
burada daha geniş miqyaslı işləri görə bilərik.
Məsələn, bu yaxında belə bir məsələ
meydana çıxdı ki, Rusiyada çoxlu azərbaycanlı
yaşamasına baxmayaraq orada azərbaycanlıların siyasi
lobbisi hələki təzə formalaşır. Amma bizdə -
İsraildə artıq formalaşmış Azərbaycan siyasi lobbisi var. Bu
baxımdan İsrailin həm Mədəniyyət, həm də
Xarici İşlər nazirliklərinə, bütün nazirliklərə
müraciət edəndə bizimlə əməkdaşlıq
edirlər. Ona görə ki, İsraildə Azərbaycana
çoz önəmli və prioritet ölkə kimi
baxırlar. Bu baxımdan mədəniyyətimizi
tanıtmaq və digər Vətən üçün
faydalı işləri görməyə biz həmişə
hazırıq. Məsələn, bu yaxında Ofir Naxşon adlı
İsrailin çox tanınmış telejurnalisti ilə
söhbətim oldu. Ona dedim ki, yaxşı olar ki, Azərbaycan
haqqında bir sənədli film çəkilsin. Yəni Azərbaycan
“Eurovision”a hazırlaşır, bu məsələ
hamımız üçün çox önəmlidir. Bunun üçün Azərbaycana səfər etməyi,
orada çəkilişılər aparmağı müzakirə
etdik. İsrailli telejurnalist mənim bu
ideyama böyük dəstək verməyə hazırdır.
Burada çoxları Azərbaycanın mədəniyyəti və
təbiəti,.gözəllikləri barədə
hələ də səthi məlumatlara malikdirlər. Bu aradan qaldırılmalıdır. Ermənistanda daş daş üstündə yoxdur,
amma onlar guya mədəniyyətlərinin və turizm
potensiallarının yüksək olduğu barədə ciddi
təbliğat aparırlar, vəsait sərf edirlər. Ermənilər burada
qələmə verirlər ki, guya Ermənistan gözəl
kurort mərkəzidir. Mədəniyyət
baxımından isə Ermənistanın “yaratdığı”
mədəniyyət Azərbaycan mədəniyyətinin surətidir.
Dünya bunu bilmir, biz bunu yaxşı formada
dünyaya çatdırmalıyıq. Bu
baxımdan çoxlu layihələr həyata keçirmək
olar. Biz də bu gün hazırıq ki, Azərbaycan
mədəniyyətin təbliği baxımından hansı məsələni
qaldırmaq istəyirsə, bu barədə də bütün
gücümüzü sərf edək. Biz
burada Azərbaycanın diaspor ordusuyuq. İndiyə
qədər Mədəniyyət və Turizm Nazirliyinə bir
neçə dəfər müraciət etmişik, amma o tərəfdən
hələki yetərincə dəstək gözləyirik.
Hazırda bizim işlərə real dəstəyi Heydər
Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi
göstərir. Siyasətçilər
arasında bizə ən böyük dəstəyi çox
hörmət etdiyim və Azərbaycan naminə real
çalışan millət vəkili Qanirə xanım
Paşayeva edir. Bizim tədbirlərin
keçirməyində, Qənirə hanımın rolu əvəzsizdir. Bu baxımdan Azərbaycan
filmlərini, Azərbaycan televiziyasını da bura gətirmək
olar. Televiziyalararası münasibətləri
inkişaf etdirmək olar. Azərbaycan mədəniyyətinin
gözəl bir hissəsi olan
xalçaçılığı təbliq etdirmək və
tanıtmaq olar. Bu gün dünyada
çox yerdə bilmirlər ki, bir çox ölkələrin
adlarına çıxılan xalçalar əslində Azərbaycan
mədəniyyətinə aid, azərbaycanlıların
yaratdıqları, toxuduqları xalçalardır. Bu barədə bir neçə dəfə
özüm müraciət etmişəm ki, bu xalçalar Azərbaycan
mədəniyyətinə aiddir, çünki hamısı
tarixi Azərbaycan xalçaçılıq məktəbinin
nümunələridir. Bütün
bunları biz dünyaya deməyi bacarmalıyıq, bu barədə
ciddi təbliğat olmalıdır. Əslində
mədəniyyət Azərbaycanın təbliği
üçün ən effektli sahələrdən biridir və
bu potensialdan istifadə edilməlidir. Bir nüansı
deyim ki, biz Xocalı soyqırımının Knessetdə
müzakirəsi üçün çalışırıq - Xocalı məsələsini
Knesset səviyyəsinə çatdırmaq istəyirik. Biz Xocalı
soyqırımının dünyada tanıdılması
üçün əsas təşəbbüs göstərən
diaspor qurumlarından öndə gedəniyik. Bunun üçün bütün təbliğat
maşını işə salınmalıdır və
diasporun gücündən tam bəhrələnmək
lazımdır. Məsələn, çox
vaxt ermənilərin istifadə etdiyi musiqilərin Azərbaycan
musiqisi olduğunu dünya bilmir. Biz bununla
bağlı dərhal burada reaksiya veririk və hesab edirəm
ki, bu barədə ayrıca aqressiya nümayiş etdirmək və
ermənilərin bu məsələdə surətçıxaran
olduqlarını dünyaya sübut etdirmək lazımdır.
Xüsusilə, Rusiya telekanallarına yol tapan ermənilərin
Azərbaycan mudiqisini oğurladıqları aşkar
görünür, bu kimi halların qarşısını
almaq üçün aqressiyanı gücləndirmək
lazımdır, informasiya savaşında yeni metodlar və
üsullar axtarıb tapılmalıdır. Azərbaycan mədəniyyət nümayəndələri
daha çox və mütəmadi İsrailə göndərilməlidir,
biz də öz növbəmizdə onlarla görüşləri
təşkil edə bilərik. Bu
baxımdan bizim üçün burada heç bir problem yoxdur.
- Hazırda İsraildə Azərbaycan
mədəniyyəti ilə bağlı bilgiləri necə
xarakterizə edərdiniz?
- Təkcə İsraildə
yox, bir sıra ölkələrdə bəzən Azərbaycanın
yerini səhv salırlar. Məsələn, belə bir hal olub
ki, mən Azərbaycandan olduğumu demişəm, bunun
müqabilində dəqiqləşdirmək üçün
soruşublar ki, “bu, Özbəkistandadırmı?”. Bu, əslində bir çox
ölkələrlə bağlı informasiya
qıtlığından qaynaqlanan məsələdir. Belə hal olduqda, mən bu cür insanlar
üçün xəritə təşkil edib, Azərbaycanı
göstərirəm, onun mədəniyyəti, həqiqətləri
barədə müfəssəl məlumat verirəm, lazımi
informasiya resurslarını təqdim edirəm. Bu cür işləri hər bir diaspor nümayəndəsi
canla-başla yerinə yetirməlidir, bunun üçün Vətənə
hər zaman sevgi və səbir nümayiş etdirmək
lazımdır. Düşünürəm ki, mən
ötən ilin iyul ayında diaspor nümayəndələrinin qurultayında iştirak edəndə
Prezident İlham Əliyev çıxışında gözəl
bir fikir işlətdi və dedi ki, mən istəyirəm ki,
Azərbaycanın bütün yerlərində Azərbaycan evləri
yaradılsın. Bu, çox böyük bir
ideyadır. Mən də çox istəyirəm ki, Azərbaycan
evi həm də
Tel-Əvivdə yaradılsın. Bizim
nə gücümüz varsa, bu işə sərf edə bilərik.
Buna böyük bir vəsait də lazım
deyil. Sadəcə, dəstək olsa, bu evi
özümüz yaradacağıq. Bununla
bağlı lazım olanlar bizdə var. Azərbaycanın bir az
yardımı olsa, biz bu evi yaradarıq. Bundan
sonra daha geniş miqyasda və effektli bir şəkildə mədəniyyətlə
bağlı tədbirlər keçirə, təbliğat
apara bilərik. Belə bir ev
yaradılsa, ora insanlar da kütləvi axın edəcək. Azərbaycanlıların özləribni də
İsraildə öz evləri yoxdur. Eyni zamanda,
İsraildə yaşayan diaspor nümayəndələrinin də
təşkilatlanmış bir mərkəzdən - Azərbaycan evindən
toplanmaq və yaxşı fəaliyyət göstərmək
üçün imkanları olacaq.
İlkin
AĞAYEV
Palitra.-2012.-21 fevral.-S.6.