Müasir dövrdə mədəni təbliğat ən güclü təsirə malik təbliğat növüdür

 

Gənc siyasi analitik, Ankara Universitetinin doktorantı Vurğun Həsənli: “Mədəniyyətimizin təbliğatında hər bir ölkə üçün spesifik yanaşma tətbiq edilməlidir”

 

Layihə çərçivəsində müsahibimiz Ankarada yaşayan azərbaycanlı, gənc siyasi analitik, Ankara Universitetinin doktorantı Vurğun Həsənlidir. Onunla söhbətimizdə Azərbaycan mədəniyyətinin dünüyada təbliği məsələləri barəsində danışdıq. 

-         Hazırda Azərbaycan mədəniyyəti xaricdə necə təbliğ olunur ?   -         Müasir dövrdə mədəni təbliğat ən güclü təsirə malik təbliğat növüdür. Məsələn, Yaponiya deyildikdə texnologiya ilə yanaşı onların kulinariya nümunəsi olan suşi yemək növü ağla gəlir. Yəni artıq bir çox ölkələr bunun fərqinə varıb və bu istiqamətdə güclü işlər görür. Qonşuqardaş ölkə Türkiyədə bu sahədə misal çəkilə bilər. Elə də sərvəti olmayan bu ölkə sahib olduğu zəngin mədəniyyəti xaricdə güclü təbliğat apararaq iqtisadi resursa çevirə bilib. Hazırda hər il Türkiyəyə 30 milyondan çox turist gəlməkdədir. Türkiyə mədəni irsinin ölkə iqtisadiyyatına qazandırdığı pullar hər il on milyardlarla dollardır. Mədəni təbliğatın iqtisadi imkanlarla yanaşı ölkəyə dünyada qazandıracağı müsbət imicini də nəzərdən qaçırmamaq lazımdır. Azərbaycan mədəniyyəti, mədəniyyət simvolları hesab olunan Qərbdə fransız mədəniyyəti, Şərqdə isə çin mədəniyyəti qədər zəngin və cazibədardır. Sadəcə onlar təbliğat işini peşəkarcasına həyata keçirərək özlərini bir zirvə olaraq qəbul etdiriblər. Azərbaycanın tarı qədər qulağa xoş gələn musiqi sədasına dünyada rast gəlmək mümkün deyil. Lakin biz bunu o musiqi sədasına yaraşacaq səviyyədə təbliğ etməyi bacarmalıyıq. Həmçinin bizim ədəbiyyatçılarımız, kulinariyamız, kinolarımız, abidələrimiz və ümumilikdə bütün miraslarımız müasir təbliğat metodları çərçivəsində təbliğatı aparılarsa, Fransa qədər dünyada tanına bilərik. Azərbaycanın artıq 20 illik dövlətçilik təcrübəsi var. Demək olar ki, bütün sahələrdə təşkilatçılıq həyata keçirilib və fəaliyyət göstərir. O cümlədən qloballaşan dünyanın əsas xüsusiyyətlərindən hesab olunan xaricdə təbliğat sahəsində də müəyyən işlər görülüb. Artıq dünyanın bir çox ölkələrində - Yeni Zellandiyadan tutmuş Kanadaya, Yaponiyadan tutmuş Argentinaya qədər həmvətənlərimiz həvəsli bir şəkildə zəngin mədəni irsimizi tanıtmağa çalışırlar. Bəzi ölkələrdə bu peşəkar bir şəkildə həyata keçirilir. Bəzilərində isə bu sahə yeni olduğu üçün müəyyən təcrübəsizliklər olur. Ancaq nəticə etibarilə biz artıq mədəniyyətimizin tanıdılması işinə sürətlə başlamışıq. İnanıram ki, on ildən, iyirmi ildən sonra biz bu sahədə müəyyən zirvələri fəth edə biləcəyik.

-         Dünyada Azərbaycan mədəniyyətinin təbliğatı prosesində hansı innovativ ideyalara ehtiyac duyulur?

-         Müasir dünyada hər bir cəmiyyət göz oxşayan, qulaqlarda xoş sədalar buraxan fəaliyyətlər istəyir, tələb edir. Yəni müharibə ilə bağlı bir konfransa getmək istəyən insanların sayı olduqca azdır. İndi insanların əksəriyyəti sərgilərə, şeir gecələrinə, musiqili proqramlara, fərqli mədəni fəaliyyətlərə getmək istəyir. Bu işi ustaca həyata keçirəcək olanlar mədəniyyətlə inkişaf edəcəklər, keçmiş trendlə hərəkət edənlər isə yox olmağa məhkum olacaqlar. İnnovativ ideyalar, dünyada sınaqdan çıxmamış və uğur əldə edə biləcəyimiz ideyalardır. Yəni biz elə etməliyik ki, Azərbaycan musiqisini tanıdanda hər bir xalq heyran qalsın. Ancaq bunu peşəkarcasına etməliyik. Məsələn, elə ölkələr var ki, orada muğam konserti versək, yaxşı nəticə əldə edə bilərik. Lakin elə ölkə də var ki, orada muğamdan daha çox caz musiqi nümunələrimizlə uğur əldə edə bilərik. Qısası, biz xaricdə təbliğat həyata keçirmək üçün, Bakıdan dünyaya vahid pəncərədən baxmamalıyıq. Ölkələr ayrı-ayrılıqda dəyərləndirilməlidir. Allaha şükür, Azərbaycan gəncləri dünyanın hər yerinə yayılıb və artıq istənilən ölkə üzrə mütəxəssisimiz mövcuddur. Bu işi həyata keçirərkən aidiyyəti olmayan insanlardan çox, o ölkədə olan həmvətənlərimizin fikirləri mütləq alınmalıdır. Biz müasir dünyada tələb olunan yenilikləri yaxşı oxumalıyıq.

-         Bu yeniliklər nələrdən ibarətdir?

-         Bu suala cavab çoxdur. Əsas innovativ meyar yuxarıda da qeyd etdiyim kimi, lokal ya da o bölgəyə xas amilləri kəşf etməkdir. Məsələn, biz Pakistanda ya da Brazilyada Azərbaycanı hansı vasitələrlə təbliğ edə bilərik? Sözügedən ölkələrin hər ikisi üçün eyni üsul seçəcəyiksə, böyük səhv etmiş olacağıq. Bu, müasir dünya təbliğat vasitələrinə uyğun olmazdı. Təbliğat prosesində bəzi ölkələrdə Azərbaycan ədəbiyyatına üstünlük verəcəyiksə, bəzi ölkələrdə ölkəmizin zəngin musiqisinə üstünlük verməliyik. Hətta musiqi növündə də “lokal modaya” diqqət yetirilməlidir. Qısası, dünya, region, ölkələr və hətta fəaliyyət keçiriləcək şəhər, şəhərin əhalisi yaxşı bilinməli, analiz edilməli, ondan sonra qərar verilməlidir. Yoxsa biz Parisdə küçədə kabab çəkə bilmərik. Xalq deyər ki, bunlar haradan gəlib havaya tüstü buraxırlar.

-         Xaricdə təhsil alan gənclərimiz və diaspor fəaliyyəti həyata keçirən həmvətənlərimiz bu işdə hansı səviyyədə iş birliyi qura bilirlər?

-         Son günlərdə Türkiyədə keçirilmiş Taksim mitinqindən nümunə çəkim. Türkiyədə ilk dəfə tələbələrlə diaspor birgə fəaliyyət göstərdi. Nəticə göz qabağındadır. Taksim mitinqi həftələrlə Türkiyə mediasının gündəmindən düşmədi. Tələbələrlə diaspor təşkilatlarımız birgə fəaliyyət göstərərlərsə, ABŞ-da, Fransada, Almaniyada, İsveçdə, Çində, qısaca, dünyanın hər yerində əvvəlki işlərindən qat-qat böyük və müsbət mənada səs-küy gətirən işlərə imza ata biləcəklər. Təəssüf ki, xaricdə tələbə və diasporumuz hələ kifayət qədər birgə işləyə bilmir. Eyni ölkədə olan tələbələr öz aralarında belə birlik yarada bilmirlər. Belə olduğu təqdirdə bir sıra hallarda görülən işlər qoyulan məqsədə çatmaqda cılız və təsirsiz qalır. O baxımdan tələbə və diasporumuzun yüksək səviyyədə birliyindən bəhs etmək hələki tezdir. Lakin mədəniyyətimizin təbliğatı sahəsində əldə olunacaq təcrübə artıqca sözügedən məsələdə də irəliləyiş olacağına ümid etməyə əsas verir.

-         Mədəniyyətimizin xaricdə təbliğatında tələbə və diaspor təşkilatlarının keçirəcəyi tədbirlərə hökumətimiz hansı məsələlərdə köməklik göstərə bilər?

-         Hökumətin aidiyyəti qurumları istər öz hesabına, istərsə dövlət hesabına xaricdə təhsil alan tələbələrlə diaspor arasında əlaqə qura bilər. Yəni bir növ “atalıq” ya dayol göstərən” işini görə bilər. Hökumətin o sahə üzrə səlahiyyətli orqanları əvvəlcə tələbə və diaspor arasında əlaqələri gücləndirməlidir. Bu iki blok ayrı-ayrılıqda gücsüz olsa da, birlikdə hərəkət edərlərsə, olduqları ölkə ictimaiyyətinə təsir gücünü əldə edəcəklər. Bədnam qonşumuz olan ermənilərdə bu kimi problemin olduğu nəzərə çarpmır. Erməni diasporu olduqları ölkəyə təhsil almağa gələn gəncləri vaxt keçmədən “ələ alırlar” və aidiyyəti diaspor təşkilatının fəaliyyətinə inteqrasiya etdirirlər. Ona görə də onların gördükləri işlər daha təsirli olur. Allaha şükür, Azərbaycanda olan potensial nə Ermənistanda var, nə də digər bu kimi ölkələrdə. Bizim ölkəmizdə insan resursundan tutmuş maddi resurslara qədər heç bir problemimiz yoxdur. Tək məsələ təcrübəsizlik xaricdəki həmvətənlərimizin birliyinin yaradılmasıdır. Bu məsələ həll olunduğu təqdirdə keçirəcəyimiz hər mədəni tədbirimiz o ölkənin ictimaiyyətində günlərlə danışılacaq. Buna hər bir azərbaycanlı inanmalıdır işlərimizi bu istiqamətdə gücləndirməliyik.

-         Azərbaycan mədəniyyətinin xaricdə təbliğatı prosesində hansı istiqamətlərdə informasiya resurs qıtlığı hiss olunur ?

-         Məsələn, son illər Azərbaycan beynəlxalq turizm sərgilərinin çoxunda iştirak edir. Bəzi pavilyonlarımız gözəl hazırlansa da, bəzilərinin çoxquruolduğu nəzərə çarpır. Nəzərə alaq ki, bu sərgiləri on minlərlə insan ziyarət edir. Başa düşməliyik ki, bu kimi sərgilərə xüsusi hazırlaşmalıyıq. Biz bu sərgilərdə ölkəmizi təbliğ etmək əvəzinə, sanki bir neçə turizm şirkətinin hazırladığı məlumat kitabçalarını reklam etmək üçün iştirak edirik. Həmçinin Azərbaycanla bağlı yerli dillərə tərcümə olunmuş kitabların qıtlığı mövcuddur. Sadəcə ingilis, fransız dilləri yetərli deyil. Məsələn, yapon dilində, koreya dilində, malay dilində bunun kimi bir çox böyük ölkələrin yerli dillərinə tərcümə edilmiş, ölkəmizi mədəniyyətimizi təbliğ edən həm kitab-dərgi, həm videoqaynaqlar demək olar ki yoxdur. Eyni zamanda dünyada hər kəsin qəbul etdiyi dünya mirası olan azərbaycanlılar var. Nizamimiz, Füzulimiz, Dədə Qorqudumuz var. Bunlar nədənsə təbliğat vasitəsi kimi artıq çox vaxt istifadə olunmur. Türkiyə Mevlana ilə yüz minlərlə turisti ölkəsinə çəkə bilir. Biz Nizaminin dəyəri heç vaxt ölməyən fikirləri ilə yüz minlərlə deyil, milyonlarla turist çəkə bilərik onun düşüncələri ilə Azərbaycan xalqının zəka səviyyəsini dünyaya göstərə bilərik. Bir yaxşı olardı ki, ölkəmizlə bağlı peşəkar videoçarx hazırlanardı. Burada dünyada məşhur olmuş azərbaycanlılar oynadılsa, ya da Azərbaycandan yolu keçmiş dünyanın məşhur şəxslərinə yer verilsə, yaxşı nəticə doğuracağına inanıram. Sonda yenə vurğulamaq istəyirəm ki, bu kimi çatışmazlıqlar təcrübəsizliyimizlə bağlıdır. Təbliğat işində təcrübələr qazandıqca istedadlı xalqımızın xariqələr yaradacağına inamım tamdır. 

 

İlkin AĞAYEV 

Palitra.-2012.-7mart.-S.11.