HALAL ÖMRÜN HALAL
BƏHRƏSİ
Bütün
yaxşı işlər halallıqdan başlanır. İnsanı da halallıq səviyyəsinə
yüksəldən kimsədən minnət çəkməyən
zəhməti və özünə inamı,
ehtibarıdır. Buna görə də halal zəhmətin
bu günü
qazanılan hörmət, nüfuz, sabahı isə
rəhmətdir. Belə halal, zəhmətkeş
ömür yaşayan qələmdşlarımızdan biri də öz sözü, imzası ilə
elmi-ədəbi mühitə gələn filologiya üzrə
fəlsəfə doktoru Aypara Behbudovadır. 2007-ci ildə XX əsr
poeziyamızın tanınmış simalarından olan Adil
Babayevin həyat və yaradıcılığı
mövzusunda uğurla müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru adı alan, bu gün də
“M.S.Ordubadi: mühiti və müasirləri” adlı doktorluq
dissertasiyası üzərində səylə elmi
araşdırmalarını davam etdirən Aypara Behbudovanın
tərcümeyi-hal göstəricisindən aydın olur ki, o,
“Naxçıvan Dövlət Universiteti Elmi Kitabxansı-40”
adlı kitabın, respublikamızda, eləcə də
respublikamızdan kənarda elmi-ədəbi mühitimizin ən
müxtəlif problemlərinə həsr edilmiş 40-dan
çox elmi məqlənin müəllifi, akademik İsa Həbibbəylinin
həyat və yardıcılığını əks etdirən
2 hissəli “Ömrün illəri və əsərləri”,
“Akademik Məmməd Cəfər Cəfərovun şəxsi
kitabxanasından Naxçıvan Dövlət Universitetinin Elmi
Kitabxanasına hədiyyə etdiyi kitabların əlifba
katoloqu” , “Yavuz Axundlu: elmin və
təhsilin işığında”, “ Yavuz Axundlu: Biblioqrafiya”,
Vaqif Məmmədov:
“Ömür yolu” kitablarının tərtibçisidir. Və
bütün bunlarla bərabər, o, həm də
Naxçıvan Dövlət Universiteti Elmi
Kitabxanasının direktoru və bu universitetin müəllimidir .2012-ci ildə “Mütərcim”
nəşriyyatı tərəfindən işıq
üzü görən“Adil Babayev: Ömür yolu və sənət
dünyası” kitabı Aypara
Behbudovanın bir alim-tədqiqatçı kimi imzasını
təsdiqləyən 200 səhifəlik ilk irihəcmli tədqiqat
əsəridir. Naxçıvan Dövlət Universiteti Elmi
Şurasının 15 iyul 2011-ci il tarixli qərarı ilə
çapa tövsiyə olunan bu kitaba Naxçıvan Dövlət
Universitetin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli
“Tədqiqatçılıq səriştəsinin göstəricisi”
adlı ön söz yazmışdır. Filologiya elmləri
doktorları, professorlar Himalay
Qasımovun “Ədəbiyyatşünaslığımıza
yeni töhfə”, Adil Babayevin “Yeni dövrün yeni tədqiqatlrı”,
Kamran Əliyevin
“Yaradıcılığın geniş poetik
imkanları”, Yavuz Axundlunun “Coxcəhətli
yaradıcılığın əhatəli tədqiqi”,
filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə
Kazımovanın “Adil Babayev irsinə düşən
işıq” kimi dəyərli məqalələri
ilə oxuculara təqdim edilmişdir. Bu bir reallıqdır ki,
Adil Babayev yaradıcılığa başladığı ilk
günlərdən elmi-ədəbi mühitin və geniş mənada
oxucu auditoriyasının həmişə diqqət mərkəzində
olmuş, haqqında müxtəlif zaman kəsiklərində
bir xeyli məqalələr yazılmlş, dəyərli fikirlər
söylənmişdir . Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən
S.Vurğun, M.İbrahimov, M.C.Cəfərov, A.Zamanov,
K.Talıbzadə, B.Vahabzadə, Ə.Qasımov, Q.Xəlilov,
X.Rza, N.Həsənzadə və onlarla başqalarının
Adil Babayev haqqında yazdığı məqalələr,
dedikləri fikir və mühalizələr bir daha təsdiq edir
ki, A.Babayev ədəbiyyata və
sənətə M.Arazın dili ilə desək “bir ümman həvəsilə
gəlmişdir”. Buna görə də o, ədəbiyyatın
böyük əbədi
sakininə çevrildi. Bu da imkan verdi ki,
Adil Babayev haqqında geniş elmi araşdırmalar
aparılsın və dəyərli tədqiqatlar
yazılsın. Belə bir uğurlu addım, demək olar ki, hələlik
Aypara Behbudovanın yaradıcılıq taleyinə nəsib
olmuşdur.“Giriş” və “Nəticə”
ilə bərabər “Keşməkeşli ömür yolu”,
“Lirikanın poetik imkanları”, “Şairin poema
yaradıcılığı”, “Nəzmlə nəsrin vəhdəti”,
“Dramaturgiya ənənələrinin davamçisı”,
“Orijinal tərcümənin uğurları”, “Teatr və
teatrşünaslıq fəaliyyəti” “Adil Babayevin ədəbi-tənqidi
düşüncələri və publisistikası”, “Folklordan
qaynaqlanan əsərlər” kimi bölmələri əhatə
edən monoqrafiya yuxarıda adlarını çəkdiyimiz və
elmi-ədəbi mühitdə kifayət qədər söz
demək səlahiyyəti qazanmış tədqiqtçıların
fikrincə “Tam halda “Adil Babayev: Ömür yolu və sənət
dünyası” monoqrafiyası filologiya elmləri namizədi
Aypara Behbudovanın tədqiqatçılıq
imkanlarının genişliyini, yetkin və hərtərəfli
elmi təcrübəsini nəzərə
çarpdırır” (akademik İsa Həbibbəyli), “Aypara
Behbudovanın gərgin axtarışlarının və zəhmətinin
bəhrəsi olan bu monoqrafiyada şairin heç bir əsəri
tədqiqatdan kənarda qalmamış, bütün
yaradıcılıq nümunələri ətraflı təhlil
edilmişdir” (professor Himalay Qasımov), “Monoqrafiyadan aydın
olur ki, tədqiqatçı böyük zəhmət və
vaxt sərf etməklə şairin ədəbi-bədii irsi ilə
bağlı xeyli sənədlərlə tanış
olmuş, hətta şairin müasirləri ilə
görüşmüş, onun haqqında deyilən fikir və
mülahizələrdən də monoqrafiyada ətraflı
şəkildə istifadə etmişdir” (professor Adil Babayev),
“Aypara Behbudovanın çox ciddi tədqiqatlarının bəhrəsi
olan monoqrafiyada Adil Babayevin həyatının digər mühüm mərhələləri
də diqqətdən yayınmamiş, əksinə, əhatəli
şəkildə və diqqətlə
araşdırılmışdır” (professor Kamran Əliyev)
“Filologiya elmləri namizədi Aypara Behbudovanın qədim
Naxçıvan torpağının yetirməsi olan şair
-drmaturq Adil Babayev haqqında
yazdığı monoqrafiya bu sahədə atılan uğurlu
addımların davamıdır” (professor Yavuz Axundlu), “Aypara
Behbudova çalışır ki, şairin həyatına aid ən
xırda detalları belə nəzərdən
qaçırmasın, bəzən xırda bir faktın
arxasında duran mühüm həqiqəti araşdıraraq
Adil Babayev ömrünün bütöv mənzərəsini
yaradır” (dosent Fərqanə Kazimova ) Bu monoqrafiyanın az
müddətdə oxucu və tədqiqatçı
auditoriyasında müsbət mənada doğurduğu fikir və mülahizələri təbii ki, geniş şəkildə
saf-çürük etmək imkanımız yoxdur. Amma
aydın mənzərə budur ki, gərgin və səmərəli
tədqiqatın nəticəsi kimi ortaya çıxan bu
monoqrafiya təkcə Adil Babayevin deyil, həmçinin
şairin ədəbi nəsildaşları haqqında söz
deməyə, təsəvvür yaratmağa xidmət edən mənbədir. Müəllif
monoqrafiyanın hər bir bölməsində elmi qaynaqlardan dəyərincə
istifadə etməklə yanaşı, həm də öz
fikir və düşüncələrini oxucularla, geniş
elmi mühitlə tam sərbəst bölüşə bilir.
Bu da iki səbəbdən irəli gəlir: birincisi, tədqiqatçı
tədqiq etdiyi mövzunun bütün yön və istiqamətlərini
dərindən mənimsəyib, ikincisi, tədqiqatçının
özünün elmi dünyagörüşü, sistemli və
əhatəli tədqiqatçılıq səriştəsi
var. Buna görə də müəllif fikirlərində
inamlı və israrlıdır. O, məqamı gələndə
Adil Babayevdən elə danışır ki, sanki bu qələm
sahibinin müasiri olmuş, onun bütün ömür və
yaradıcılıq yolunu illərin müşahidəsindən
keçirmişdir. “Adil Babayevin ömür
yolunu izləyərkən onun nə qədər nikbin,
mübariz olduğunun şahidi oluruq. Bu mübarizlik təbiətən
sakit, mülayim, ətrafdakı hər şeyə və
hamıya son dərəcə həssaslıqla yanaşan bu
insanın xırda hisslərə əsir olmamasından,
saxtakarlığın, riyakarlığın, şöhrətpərəstliyin,
yaltaqlığın hər cür təzahürlərinə
açıq düşmən kəsilməsində,
amallarından bir an belə dönməməsində, qəlbinə
xəyanət etməməsində özünü büruza
verir. O, bir insan və şair kimi xoşbəxtliyini bunda
görür”.(A.Behbudova) Qeyd edim ki, mən Adil Babayev
haqqında mən də 5 illik elmi-tədqiqt işi
yazmışam. Demək olar ki, bu mövzuya az-çox bələdçiliyim
var. Və bu mövzuda Adil Babayevin bir sıra qələmdaşlarının
həm elmi, həm də elmi xatirə xarakterli məqalələrini
oxumuşam və yeri gəldikcə onlardan bir mənbə kimi də
istifadə etmişəm. Ancaq etiraf edim ki, filologiya üzrə
fəlsəfə doktoru Aypara Behbudovanın Adil Babayevin istər şəxsiyyətini,
istərsə də şəxsiyyətinin parlaq təzahürü
olan yaradıcılığını bu qədər dərin
müşahidə və həssas münasibətlə şərh
edən, oxucuya tanıdan ikinci bir qələm adamına az rast
gəlmişəm. Ona görə də monoqrafiyanı oxuyan hər
bir kəs Adil Babayevi
görməsə belə, onun haqqında aydın təsvvür
əldə edə bilər. Çoxcəhətli
yaradıcılığa malik olan Adil Babayevin
yaradıcılığında teatrşünaslıq fəaliyyəti
ayrıca bir mərhələ təşkil edir. Bu da
A.Babayevin müəllifin də qeyd etdiyi kimi, 1956-1961-ci illərdə
Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi
hissə müdiri vəzifəsində
çalışmasından irəli gəlir. Onu
çağdaşlarından fərqli olaraq teatra təkcə
dram yaradıcılığı ilə məşğul
olması yox, həm də teatr sahəsində aspirantura təhsili
alması və teatrın bilavasitə onun doğma ixtisası
olması da bağlayırdı. Və onu
da etiraf edək ki, 50-ci illərin axırı, 60-cı illərin
əvvəli elmi-ədəbi və ictimai həyatımızın
bir çox sahələrində olduğu kimi, teatr sahəsində
də bir milli özünəqayıdış dövrü
başladı. Adil Babayev təkcə bu dövrdə səhnəyə
qoyulan əsərlər haqqında deyil, həm də
ayrı-ayrı professional aktyorlarımızın
ifaçılıq məharətindən, sənətkarlıq
talelərindən bəhs edən kitablar, məqalələr
yazırdı ki, bu əsərlərdən bu gün də
teatrşünaslarımız
yeri gələndə dəyərli bir mənbə kimi istifadə edilir. Monoqrafiyada tədqiqatçının Adil Babayevin
yaradıcılığının ayrılmaz tərkib hissəsi
sayılan teatrşünaslıq fəaliyyətinin
araşdırılması da tədqiqata bir bütövlük
və sambal gətirir. Ona görə də tədqiqatçı
yazır: “Yuxarıda qeyd olunanlara əsaslanıb,
yazıçı-publisist Əfqan Əsgərovun fikrinə
qüvvət olaraq qətiyyətlə demık olar ki, “Adil
Babayev Azərbaycan teatrşünaslığının əsasını
qoyanlardan biri olmuşdur”.Ədəbiyyata həyatın və
ictimai mühitin qaranlıqlarını bir işıq kimi
yara-yara gələn Adil Babayev sözün həqiqi mənasında,
xalq adamıdır. Əgər belə
olmasaydı, onun yaradıcılığında
xalqımızın min illərlə yaratdığı
folklor materialları gərəyincə özünə yer
tuta bilməzdi. Şairin mövzularının çoxu xalqın tarixindən,
folklorundan gələn mövzulardır. Bu da
onunla bağlıdır ki, A.Babayev həmişə dünənimizlə
bu günümüzü vəhdətdə, bütöv şəkildə
görmüşdür. Müəllifin bu
incə məqamı tutması və ona ayrıca bir bölmə
həsr etməsi də monoqrafiyanın tamlığına xidmət
edir. Bu bir həqiqətdir
ki, hər bir məqalə, kitab, elmi monoqrafiyanın başlıca dəyərlərindən
biri müəyyən bir şəxsiyyəti, tarixi epoxanı
anlamağa, yaddan çıxarmamağa, unudulmamağa nə dərəcədə
xidmət göstərməsi ilə şərtlənir. Anmaq
və andırmaqsa tədqiqatçının, yazarın o
şəxsiyyəti, tarixi epoxanı nə dərəcədə
anlamağından, dərk etməyindən asılıdır. Bunsuz layiqli, dəyərli əsərlər yazmaq
çox çətindir. Aypara
Behbudovanı fərqləndirən cəhətlərdən
biri də odur ki, o, bu günə qədər nə yazıbsa
anlayaraq, dərk edərək yazıb. Əgər belə
olmasaydı, o, bu gün ədəbi-elmi mühitdə öz
sözünün sahibi ola bilməzdi. Təbii ki,
monoqrafiyanın bütün bölmələri haqqında bir
məqalə çərçivəsində ayrıca
danışmaq və fikir bölüşmək
imkansızdır. Ancaq bir faktı qeyd edək
ki, hər bir ciddi elmi-tədqiqat əsərinə dəyər
verən ən başlıca cəhətlərdən biri də
tədqiqatçının hansı mənbələrə
istinad etməsi ilə bağlıdır. Bu,
elə bir mühüm şərtdir ki, az-çox
anlayışı olan oxucu mənbələrin sambal və
tutumuna görə tədqiqatçıya, müəllifə
dəyər verir, onun elmi potensialının səviyyəsinə
bələd olur. Bu baxımdan yanaşanda
da Aypara Behbudovanın zəhməti göz
qabağındadır. Tədqiqatın
yazılması prosesində istifadə edilən iki yüzə
yaxın mənbənin göstəricisi müəllifin elmi
dünyagörüşünün səviyyəsindən xəbər
verir. Hər bir mənbəyə orijinal və
yaradıcı münasibət bəsləyən tədqiqatçının
fikrincə “...Adil Babayev Azərbaycan ədəbiyyatinda öz
dəst-xətti, istedadı ilə seçilən sənətkar
olmuş, bütün dövrlər üçün müasir
olan ölməz əsərlər yaratmışdır”. Monoqrafiya Adil
Babayevin həyat və yaradıcılıq anlarının bir
qismini əks etdirən müxtəlif məzmunlu foto şəkillərlə
tamamlanır. Bu fotolar təkcə
şairin ömür salnaməsinin əvəzsiz səhifələri
deyil, həm də monoqrafiyanı tamamlayan bir “söz ardı”
təsiri bağışlayır. Inanırıq ki, halal
ömrün halal bəhrəsi kimi diqqəti cəlb edən
bu monoqrafiya təkcə Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi olan şair-dramaturq
Adil Babayevin deyil, həmçinin filologiya üzrə fəlsəfə
doktoru Aypara Behbudovanın da yaradıcılıq taleyində və
çağdaş elmi mühitimizdə öz yeri, sözü
olan əsər kimi yaşayacaq.
XANƏLİ
KƏRİMLİ, Filologiya
üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü
Palitra.-2012.-7mart.-S.13.