Azərbaycan ədəbiyyatının önəmli səhifələrindən biriHüseyn Razi yaradıcılığı

 

Görkəmli şair Hüseyn Razi ölkəmizin seçilən və istedadlı şairlərindən biri kimi tanınmışdır. O, əsasən əyalətdə yazıb-yaratsa da, çox məhsuldar yaradıcılığa malik olmuşdur. Əslində tarix boyu Azərbaycanın ən görkəmli yazıçıları, şairləri, ədibləri əsasən əyalət yerlərində yetişiblər. Eləcə də şeir, sənət məktəbləri məhz ölkəmizin müxtəlif əyalətlərində formalaşıb – “Məclisi-üns”, “Fövcül-füsəha”, “Məcməüş-şüəra” və sair. Həmçinin onları formalaşdıran görkəmli şair və ədiblərimiz də həmin əyalətlərin yetirmələri olublar. Bu sıradan Naxçıvanda yaşayıb-yaratmış, özünəməxsus poeziyası və ideyaları ilə diqqəti cəlb edən, sevilən ədiblərimizdən biri olan Hüseyn Razimüasir dövrümüzə aid tanınmış şairlərdən biri kimi qeyd edilməlidir.     Hüseyn Razi - –Rzayev Hüseyn Məmməd oğlu 1924-cü il oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun gözəl təbii mənzərələri, görkəmli ziyalıları və insanları ilə fərqlənən Dəstə kəndində anadan olub. O, səkkizillik məktəbi bitirəndən sonra Ordubad pedaqoji məktəbinə daxil olub, buranı bitirdikdən sonra sonra isə Culfa rayonunun Ərəzin kəndində orta məktəb müəllimi işləyir. 1942-ci ilin payızında isə İkinci Dünya Müharibəsində iştirak etmək üçün çağrılır və ordu sıralarına yollanır. Müharibə bitəndən sonra 1945-ci ildə ordudan tərxis olunan Hüseyn Razi Vətənə qayıdır. Bir sıra vəzifələrdə çalışan H.Razi 1947-ci ildə Naxçıvan şəhərinə köçür və “Şərq qapısı” qəzeti redaksiyasında əməkdaşlıq edir. Naxçıvan Radio Verilişləri redaksiyasında əvvəl redaktor, sonra ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MSSR üzrə xüsusi müxbiri vəzifəsində çalışır. 1962-ci ildən – təxminən 30 ildən artıq bir müddətdə “Şərq qapısı” qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləyir. H.Razi ədəbi mühitə 1947-ci ildə “Şərq qapısı” qəzetində çap olunanMoskva” adlı şeiri ilə qədəm qoyub. Şair şeir yazmağa məhz 1947-ci ildən başladığını “Gözün aydın” kitabında qeyd edib: “Müharibədən qayıtdıqdan sonra ədəbi yaradıcılığıma həvəsim 1947-ci ildən mətbuat səhifələrində görünən şeirlərlə aşkarlanırdı”.  Mərkəzi ədəbi mətbuata gəlişi isə “İnqilab və mədəniyyət” jurnalında işıq üzü görmüş “Naxçıvan” şeiri ilə başlayır. 1959-cu ildə H.Razi Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirir.Ədibin çoxlu kitabları nəşr olunub. O, poetik yaradıcılıqla yanaşı bədii tərcümə ilə də məşğul olub, S.Mixalkov, V.Pasternak, K.Çukovski, M.İsakovski, S.Smirnov, S.Şipaçev, o.Şestinskinin, həmçinin Rəsul Həmzətov, Ruhulla Uyğunbaşqa şairlərin şeirlərini Azərbaycan dilində səsləndirib. Həmçinin şairin arxivində onun rus, tatar, türk, fars. Gürcü, özbək, və sair xalqların ədəbiyyatından etdiyi çoxlu tərcümələr də saxlanılır.60-cı illərdə H.Razi müəyyən müddət nəsr yaradıcılığı ilə də məşğul olub, Böyük Vətən müharibəsi illərində Azərbaycan oğullarının qəhrəmanlığından söz açanBuludlar arasında”(əsər ilk dəfə 1960-cı ildə “Azərbaycan” jurnalında çap olunub) və “Həyəcanlı gecə” povestlərini qələmə alıb. O, həmçinin bir sıra pyeslərin müəllifidir. “Odlu diyar”(1960), “Alovlu yollar”(1961), “Günəş” (1968), “Arxalı dağlar”(1971), “Haray səsi” (1978), “Şirinliyin acısı”(1981) pyesləri respublika teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulub.  Dramaturq yaradıcılığı ilə H.Razi təkcə Naxçıvan teatrındakı pyes qıtlığını aradan qaldırmayıb, həm də şeirlərində, poemalarında ifadə edə bilmədiyi həyat həqiqətlərini dram dilinə çevirib. Belə ki, həyatda baş verən ictimai-siyasi prosesləri, mənəvi-əxlaqi konfliktləri mənalandırmaq üçün dramaturgiya ən əlverişli janrdır və H.Razi bu janrdan məharətlə yararlanıb. H.Razinin yaradıcılığında poemaların xüsusi yeri var. OnunUlyanovsk dəftəri”, “Qanadlı nəğmələr”, “Koroğlunun Karpat səfəri”, “Canlı tonqal”, “Baltik göylərində”, “Zülmətdə işıq”, “Arpa çayı aşdı daşdı”, “Ucalıq”, “Səadət”, “Sahil həsrəti”, “İnsanlar, tələsin xeyirxahlığa” kimi poemaları da məhz şairin yaradıcılıq imkanlarının hərtərəfli meydana çıxmasını şərtləndirib. Sonuncusu istisna olmaqla, bu poemalar əsasən 70-80-ci illərdə yazılıb.  Qeyd edək ki, H.Razinin bir sıra şeirləri rus dilinə tərcümə olunub. “Buludlar arasında” povestirus dilinə çevrilib, “Qartal”(“Oryol”) adı ilə “Literaturnıy Azerbaydjan” jurnalının 1964-cü il 3-cü sayında çap edilib. H.Razi Naxçıvanın və həmçinin bütün respublikanın ədəbi-ictimai həyatında fəal iştirak edib, Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərinə görə müxtəlif fərmanlarla təltif edilib. Şairin 50 və 60 illik yubileyləri həm Naxçıvanda, həm də Bakıda respublika miqyasında qeyd olunub. Yubileyləri təntənəli keçib, şairin qələm dostları, bir sıra görkəmlıi yazıçılar onu ürəkdən təbrik ediblər. Anadan olmasının 60 illiyi münasibətilə H.Razi Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Xüsusilə qeyd etmək lazımdır ki, ədibin yaradıcılığına münasibət respublika mətbuatında mütəmadi bildirilib, onun konkret əsərləri haqqında məqalələr dərc edilib və müxtəlif vaxtlarda məqalə sahibləri onun əsərlərini olduqca yüksək qiymətləndiriblər. Bir sıra ölkələrdə səfərlərdə olan şair ömrünün son illərində İranİraqa səfər edib, Məşhəd və Kərbəla ziyarətində olub. Şair 1998-ci ilin fevral ayının 28-də dünyasını dəyişib və öz vəsiyyəti ilə doğma kəndində dəfn edilib.                    H,Razi Naxçıvanda yaşasa da, paytaxtda yaşayan bir çox şair və ziyalılarla əlaqə saxlayır, məktublaşırdı.Övladlarının bildirdiyinə görə də şairin arxivində onunla həmfikir olan bir çox görkəmli şair  alimlərin, yazıçıların məktubları hifz olunub saxlanılır. Bu məktublarda onun poeziyasına, respublika mətbuatında çap olunan yazılarına münasibət bildirilir. Xalq yazıçısı Mehdi Hüseynin,  xalq şairləri S.Rüstəmin, B.Vahabzadənin, Qabilin, Xəlil Rzanın, M.Arazın, N.Həsənzadənin, B.Azəroğlunun, görkəmli aimlərimizdən Ə.Şərifin, A.Zamanovun, M.Seyidovunonlarla başqa tanınmış şəxsiyyətlərin şairə yazdıqları məktubları buna misal göstərmək olar. Hüseyn Razi Bakıya yola düşdükcə Azərbaycanın tanınmış şair və yazıçıları, sənət adamları ilə görüşər, söhbətləşərdi. O, eyni zamanda Naxçıvana yolu düşən böyük sənətkarlarla görüşər, Naxçıvanı gəzdirər, bu sənətkarların Muxtar Respublikaya gəlişini izlədiyi “Şərq qapısı” qəzetinin səhifələrində müxtəlif yazılarla işıqlandırardı. Bu görüşlərdən yaddaqalan xatirələrin bir çoxunu isə yaxınlarına ətraflı danışardı. Gündəliklərində R.Behbudov, R.Təhmasib, M.Abdullayev, T.Salahov, S.Rüstəm,R.Rza, M.Hüseyn, M.Araz, M.Dilbazi,İ.Qasımov, H.Seyidbəyli,F.Kərimzadə və onlarla adını çəkmədiyimiz görkəmli şəxsiyyətlər haqqında marqlı qeydlərə, xatirələrə rast gəlmək olar.  Ümumiyyətlə, şair bütün yaradıcılığı boyu ədəbiyyat, sənət məsələləri ilə məşğul olmuş, ayrı-ayrı klassiklər haqqında məqalələr yazdığı kimi, müasirlərin ədəbi əsərləri haqqında da mətbuatda öz mülahizələrini çap etdirib ki, bunlar da şairin ədəbi görüşlərini ifadə etməklə yanaşı, onun zəngin, çoxcəhətli  yaradıcılığından xəbər verir. Sonda şairinKül olmaz” adlı şeirindən bir parça ilə yazını bitiririk: Bu yerin torpağı, daşı alovdur, Yandıqca alışar, odu kül olmaz.Qüruru tufandır, düşüncəsi nur, Namərdə əyilməz, yada dil olmaz...     

 

İlkin AĞAYEV

Palitra.-2012.-14 mart.-S.11.