“Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının çox parlaq bir səhifəsidir”
Vaqif Bəhmənli: ““Boz” ədəbiyyat mötəbər xarici sərgilərdə təbliğ olunur, amma buna nisbətdə Azərbaycan ədiblərinin əsərlərinə az rast gəlinir”
Layihə çərçivəsində müsahibimiz müasir ədəbiyyatımızın tanınmış nümayəndələrindən biri, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevdir(Bəhmənli). Vaqif müəllimlə Azərbaycan ədəbiyyatı mövzusunda və ədəbiyyatda baş verən proseslər barədə söhbətləşdik.
- Redaksiyanıza təşəkkür edirəm ki, belə bir ciddi mövzu ilə bağlı mənə müraciət etmisiniz. Həqiqətən də şəxsən bir yaradıcı insan kimi bu məsələlərlə - ədəbiyatın müəyyən janrları üzrə çalışmaqla, real iş görməklə bərabər bu barədə danışmağı, ədəbi proseslər barədə fikir bildirməyi çox vacib sayıram. Hesab etsək ki, 3-cü sinifdən yazı yazmağa başlamışam, onda demək olar ki, bütün ömrüm ədəbiyyatla keçib və sözlə bağlı olub. Güman edirəm ki, nə qədər canım var, sonuna qədər də ədəbiyyata bağlı olacağam. Həmişə düşünürəm ki, yazdıqlarım yazmaq istədiklərimin az bir hissəsidir. Həmişə yazıram və sonda görürəm ki, demək istədiyim nə isə qalır – bunu şeirlərimdə də ifadə etmişəm. Düşünürəm ki, bu, tək mənimlə bağlı deyil. Amma hər bir Azərbaycan ədibi özünü xoşbəxt sana bilər ki,o, Azərbaycan ədəbiyyatına məxsusdur. Bu, həm də çətinlik yaradan bir məsələdir. Yəni Azərbaycan ədəbiyyatına mənsub olmaq xoşbəxtlik olsa da, həm də böyük çətinlik yaradır. Bu, onunla bağlıdır ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının çox parlaq bir səhifəsidir. Bizim ədəbiyyata məxsus olan elə şəxslər, elə qələm sahibləri var ki, hər hansı bir xalqda həmin ədiblərdən birinin olması bəs edərdi. Amma Azərbaycanda həqiqətən də qüdrətli sənətkarların bir bolluğu olub və var. Bu da təsadüfi deyil. Demək olar ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının bütün istiqamətlərini, mərhələlərini, eyni zamanda bütün janrlarını əhatə edir. Hətta dünya ədəbiyyatında mövcud olan bütün janrlar Azərbaycan ədibləri tərəfindən istifadə olunub. Yəni bizə məxsus olan və olmayan janrlar – sonet, oda və digərlərinə aid nümunələr var ki. Azərbaycan ədibləri o janrlarda əsərlər yaradıblar. Elə janrlar da var ki, onların yaradıcıları ümumiyyətlə, Azərbaycan ədibləridir. Dünyanın başqa xalqlarının ədəbiyyatlarında bu janrlara təsadüf olunmur və ya bizdən iqtibas edib aparanları da var. Məsələn, qoşma sırf Azərbaycan şifahi xalq ədəbiyyatına aiddir. Qoşmaya aid təcnislər, cığalı təcnislər, dodaqdəyməz və sair növlər var. Bütün bunların hamısı bizdə yaranıb. Bu mənada götürəndə həqiqətən də böyük tədqiqata ehtiyac var. Əslində Azərbaycan xalqı ilə Azərbaycan ədəbiyyatı iç-içədir. Eyni zamanda, yaxşı ədəbiyyatların hamısında bu keyfiyyət olmalıdır. Həmçinin bu janrlarda estetik qənaətlər, yüksək yaradıcılıqla yanaşı, sırf Azərbaycan-türk ruhu özünü göstərir. Mən ədəbiyyatın mərhələlərini, xüsusilə dünya ədəbiyyatını, rus ədəbiyyatını çox diqqətlə oxumuşam və indi də oxumaqda davam edirəm. Amma bir daha təsdiq edirəm ki, dünya ədəbiyyatında hansı mərhələlər yaşanıbsa, onların hamısı Azərbaycan ədəbiyyatında da əks olunub.
-
Ədəbiyyatımızda bu mərhələləri
necə xarakterizə etmək olar?
- Son yüz ilə aid ədəbiyyatı
dövrlərə böləndə görərik ki, çox
zəngin bir mənzərə alınır. Görərik
ki, bizdə hətta hər on ildən bir yeni ədiblər, yeni əsərlər,
yeni ədəbiyyat nümunələri meydana çıxıb. Hər növbəti on ildə artıq başqa
ədiblərin parladıqlarını və
yaratdıqlarını görürük.
Əslində on il ədəbiyyatda
yeni əsərlərin yaranması, keyfiyyət
və nəsil dəyişikliyinin baş
verməsi üçün çox azdır. Amma Azərbaycan ədəbiyyatında
proseslər o qədər dərin, intensiv baş verib və ədəbi düşüncə
insanlarımızın beynində o qədər
oturuşub ki, hər onillik üzrə yenu əvəzlənmələr
baş verib. 80-ci illərin
sonu-90-cı illərin də bir hissəsində
olmuş boşluğu
çıxmaq şərti ilə yeni
dövrdəki qalan onilliklərin
hamısı Azərbaycan ədəbiyyatının ayrıca
mərhələləridir. O cümlədən bu dövrlərdən əvvəlki mərhələlər
barədə də eyni sözü
demək olar. Hətta 2000-ci ildən başlayaraq indiyə qədər davam edən mərhələ var.
Əslində mən heç vaxt yaş və ya məşğul olduğu
janr üzrə ədiblərin və ədəbiyyatın
bölgüsünü aparmağın tərəfdarı
deyiləm. Burada da sevindirici bir cəhət var ki, ədəbi mərhələlərin
hamısında ədiblərimiz yaş fərqinə
baxmadan iştirak ediblər.
Məsələn, doğrudan da diqqəti cəlb edən ədiblər
içərisində yetmiş
yaşlı, iyirmi yaşlı müəllif
də var. Bunların hamısı göstərir
ki, ədəbi proses
Azərbaycanda bütün
qaynarlığı və çalarlılığı ilə
baş verib və verməkdədir.
Bu isə bizim ədəbiyyatımızın
üstünlüyü və xoşbəxtliyidir.
Bu, eyni zamanda Azərbaycan xalqının özünün ruhundan gələn
bir qabiliyyətdir. Sözün
istiqaməti nə qədər dəyişsə də, ədəbi
proseslərdə yeni meyillər nə qədər
yaransa da, yenə də
Azərbaycan ruhu, azərbaycanlılıq
düşüncəsi ədəbiyyatda özünü
göstərir.
-
Azərbaycan ədiblərinin dünya ədəbiyyatından
bəhrələnməsi, qarşılıqlı əxzetmələr
barədə hansı fikirləriniz var?
- Azərbaycan ədibləri zaman-zaman sözün yaxşı mənasında dünya ədəbiyyatından qidalanmağa çox böyük səy göstəriblər. Əksər hallarda da buna qismıən nail olublar. Məsələn, dünya ədəbiyyatından Azərbaycan ədəbiyyatına gələn enerji, təcrübə həmişə Azərbaycan ədəbiyyatının yüksəlişinə xidmət edib. İstər roman , istər dramaturgiya sahəsində bunu müşahidə etmək çətin deyil. Yəni əsasən nəsr sahəsində biz bu müsbət təsirin özünü göstərdiyini müşahidə edə bilərik. Hətta publisistika sahəsində də bu təsirləri daha çox görmək olar. Amma çox təəssüf ki, Azərbaycan ədəbiyyatı bu qədər zəngin olduğu halda, özünün enerjisini dünyaya yetirməkdə sanki bir az ləngiyib. Baxın, bu, şəxsən məni düşündürən əsas problemlərdən biridir. Deyərdim ki, Azərbaycan anlayışının məlum arealı var, amma bu nümunələrimizi şübhəsiz ki, yaymaq lazımdır. Çünki Azərbaycan sözünün mahiyyətində elə enerji var ki, o, bütün dünyaya lazımdır. Məsələn, dünyanın harasındasa mərhəmət azalıbsa, hardasa insanlar azadlıq, haqq uğrunda mübarizə aparırsa, Azərbaycan ədəbiyyatı həmin yerlərdə nümunə ola və ədəbiyyatımıza daha çox mənəvi ehtiyac duyula bilər. Çünki Azərbaycan ədəbiyyatı yüksək yaradıcılıq keyfiyyəti ilə bərabər, ümumbəşəri, insani dəyərlərin təqdimatı və yozumu ilə zəngindir. Buna görə də ədəbiyyatımız bütün mərhələləri ilə mütləq dünya ədəbiyyatı xəzinəsinə daha sürətlə daxil olmalıdır. Əslində klassik ədəbiyyatımız qismən bu səviyyəyə yüksəlib. Məsələn, Nizami Gəncəvi, Xaqani, həmçinin daha sonrakı dövrə aid nəsr əsərləri tərcümə olunub və dünyaya yayılıb. Amma elə bilirəm ki, bu yayılmalar həmin ədiblərin real yaradıcılığına adekvat deyil. Yəni bu ədiblərimiz reallıqda daha yüksək mərhələ və mövqeyə malikdir və daha böyük ədəbiyyatı təmsil edirlər. Ona görə də onları dünyaya lazımi səviyyədə tanıtmaq üçün yenidən işə başlamaq lazımdır. Bu baxımdan ədəbiyyatda Azərbaycan məkanının qapıları dünyaya daha geniş açılmalıdır. Necə ki, Markes, Kafka və başqaları bizim gənc ədiblərimizə təsir edir, bizdə də elə romanlar ortaya çıxacaq və onlar ümumən dünya ədəbiyyatının inkişafına təsir edəcəklər. Əvvəllər bizim ədiblərimizin rusca vasitəsilə tərcümələri olub, amma mən bu tərcümələri qənaətbəxş saymazdım. Yəni bu cür tərcümələr o vaxt müəyyən şəraitdə, növbətçi tərcüməçilər tərəfindən edilib ki, bu da ədiblərimizin yaradıcılığını əcnəbi dildə tam dolğunluğu ilə ifadə etməyə mane olub. Ümumən götürsək. ədiblərimizin əsərlərinin dünyaya tanıdılması işi qənaətbəxş deyil və bunun üzərində xeyli çalışmaq lazımdır. Mən tez-tez kitab-sərgi yarmarkalarında iştirak edirəm. Görürəm ki, son dərəcə “boz” ədəbiyyat üstünlük təşkil edir. Xüsusən Türkiyədə olanda bu cür ədəbiyyat nümunələrinin sərgilərdə üstünlük təşkil etdiyinin şahidi olmuşam. “Boz” ədəbiyyat mötəbər xarici sərgilərdə təbliğ olunur, amma buna nisbətdə Azərbaycan ədiblərinin əsərlərinə az rast gəlinir. Azərbaycan ədiblərinin əcnəbi dillərə tərcümə olunmuş kütləvi sayda kitablarını dünyaya çıxarmaq zamanın tələbidir.
İlkin Ağayev
Palitra.-2012.-28 mart.- S.6.