“Alman
ictimaiyyətində Azərbaycanın daha
çox tanınmasında
“Eurovision”dakı qələbənin də mühüm
rolu oldu”
Samira Patzer-İsmailova:
“Xaricdəki gənclərimiz təkcə siyasi
fəaliyyətlə kifayətlənməməli, mədəniyyətimizi
təbliğ etməklə adət-ənənələrimizi
də yaşatmalıdırlar”
Layihə çərçivəsində
növbəti müsahibimiz Almaniyadakı
Azərbaycanlıların Koordinasiya Mərkəzinin
icraçı direktoru Samira
Patzer-İsmailovadır: -
Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi (AAKM) Almaniyada fəal olan cəmiyyətlərin bir-biri
ilə əlaqələndirilməsi zərurətindən irəli
gələrək 4 il bundan
öncə yaranıb. Yaradılan zaman məqsəd
orada fəaliyyət göstərən cəmiyyətləri
əlaqələndirməklə yanaşı məlumatlandırmaq
və diasporla birlikdə onların məlumat
bazasını möhkəmləndirmək olub.
Artıq bu məqsədlərlə bərabər
daha yüksək hədəflərə əl
atmışıq. Belə ki, Azərbaycanın
Almaniyada təqdimatı, alman
ictimaiyyətinə ölkəmizlə bağlı həqiqətin
çatdırılması, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Xocalı
soyqırımı ilə bağlı məqsədyönlü
tədbirlər həyata keçiririk.
AAKM ildə təxminən 50-yə yaxın tədbir
reallaşdırır. Bizim əsas məqsədlərimizdən biri
də odur ki, Almaniya üzrə müxtəlif şəhər
və əyalətlərdə olan cəmiyyətlərlə
əlaqəli tədbirlər keçirməkdə onlara materiallar, əyani vəsaitlərlə
kömək etmək, həmçinin məsləhətləşmələr
nəticəsində daha böyük aksiyalar təşkil
etməkdir. Həmçinin alman dövlət
və qeyri-dövlət qurumları ilə birgə tədbirlər
keçirməkdir ki, bu
həm konfrans, həm mühazirə
axşamları, həm mədəniyyət gecələri
şəklində, həm də yazılı məlumat
aksiyaları olur. Bizə bu
işdə həm maddi, həm də mənəvi
cəhətdən Almaniyadakı Azərbaycan səfirliyinin böyük dəstəyi var.
Həmçinin Diasporla İş
üzrə Dövlət Komitəsinin sayəsində Berlində
büromuz, işçi
qüvvəmiz var. Biz
elektron məkanda hər zaman
aktual durumdayıq. İnternet
səhifəmiz var, “Facebook”da bütün məlumatları
işıqlandırırıq. Yalnız Almaniya
üzrə 700-ə yaxın ünvanımız var, biz onların
hamısına orada nə baş
verirsə, hansı məlumatı alırıqsa,
yayımlayırıq və aylıq press-relizlər
buraxırıq ki, orada
da biz diasporla
bağlı məlumatlar veririk. Hər zaman olduğu kimi, cari ildə yanvar-fevral ayları bizim qan yaddaşımız olan
aylardır ki, Almaniyanın bir neçə şəhərində 20 Yanvar faciəsinə həsr olunan
tədbirlər keçirmişik.
Xocalı soyqırımının 20 illiyinə dair isə çox böyük vüsətlə Almaniyanın 22
şəhərində tədbirlər keçirildi.
Bu o deməkdir ki, 16 əyalətin hər birində bu tədbirlər reallaşıb. Bundan başqa həmin günlər ərzində
Dağlıq Qarabağ icmasının, səfirlik
və AAKM-nin əməkdaşlığı
ilə baş tutan tədbirlərdə
həm Xocalı soyqırımının şahidləri, həm
də o zaman
yaşamış insanlar iştirak
edirdi. 4 gün hərtərəfli,
ətraflı proqram keçirildi. Bundan əlavə
biz ictimai fəaliyyətlə
də məşğuluq. AAKM Bundestaq
üzvlərinin hər birinə Xocalı ilə bağlı
məlumatlandırıcı məktub göndərib.
- Almaniyada Xocalı faciəsi ilə
bağlı abidə ucaldılıb ki, bu abidə mükafata
layiq görülüb. Bununla
bağlı nə deyərdiniz?
-
Berlində Xocalı soyqırımı ilə bağlı 4
gün tədbir keçirildi ki, hər günün öz məlumatlandırıcı
və bədii şəkildə qurulmuş proqramı var idi. Açılış
günü biz
Xocalı soyqırımı ilə bağlı abidəni
ziyarət etdik. Bu da bizim üçün böyük fərəhdir ki,
Almaniyada böyük bir mədəniyyət ocağı olan kitabxananın bağında Xocalı faciəsinə
abidə qurulub və bu
ən yaxşı incəsənət abidəsi kimi “Zirvə” mükafatına layiq
görülüb. Bu
abidə bizim diasporun
görkəmli nümayəndəsi, rəssam, Bakı
qalereyasının rəhbəri İbrahim
Əhrarinin əməyi sayəsində ərsəyə gəlib.
Azərbaycan səfirliyinin, həmçinin Mədəniyyət
və Turizm Nazirliyini
dəstəyilə həyata keçirilib.
Bundan başqa orada Xocalı
soyqırımı ilə bağlı filmlər nümayiş olundu, Almaniyada
Xocalı soyqırımı ilə bağlı istehsal olunan cizgi filmi, həmçinin
məktəblərdən birində Xocalı
soyqırımına həsr olunmuş rəsm
müsabiqəsi keçirildi. Bunlar hamısı diasporumuzun
əməyi idi. 30 alman
uşağı Xocalı soyqırımına ithaf
olunan mahnı ifa etdilər.
Bundan başqa alman müəllifin yazdığı
Xocalı ilə bağlı kitabın diaspor
təşkilatlarımızın rəhbərlərindən biri Yaşar Niftəliyevin
iştirakı ilə Bakıda təqdimatı keçirildi.
Eləcə də Xocalı soyqırımına həsr olunmuş rəsmlərin əsasında
yaradılan uşaq cizgi
filmləri çox gözəl bir əsərdir. Pantomima
Teatrının, həmçinin pianoçu
E.İsmayılovun da
çıxışı oldu.
- Bugünlərdə Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayı oldu. Bu qurultayın
gənclərinin fəaliyyətində rolunu necə qiymətləndirirsiniz?
- Bəzən
bu qurultaylar birgünlük tədbir hesab edilsə də, mən
bu cür qəbul etmirəm. Qurultayların vəzifəsi
odur ki, məhz
insanları səfərbər etsinlər. Bir
tədbirlə onlar müəyyən impuls, mübadilə etsinlər və o impuls əsasında iş daha da
inkişaf etsin, yeni pillələrə yüksəlsin. Bu baxımdam diasporla
bağlı qurultayların keçirilməsini müsbət
qiymətləndirirəm. Bugünlərdə keçirilən
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı mühüm
önəm daşıyır. Bu aktual bir mövzudur.
Gənclər bizim gələcəyimizdir.
Onlara diqqət yetirmək, əlaqə yaratmaq hər zaman
yaşlı nəslin borcudur. Çünki biz o əlaqəni itirməməliyik. Dünyada çox azərbaycanlı
gənclər fəaliyyətdədir. Onlarla
əlaqə çox vacibdir.
Çünki onlar Azərbaycanın
gələcək zəkasıdır, mədəniyyətidir.
Hətta Almaniyanın müxtəlif universitetlərində təhsil
alan tələbələrimiz var ki, təkbaşına olsalar belə tədbir keçirmək istəyirlər.
Bu onu göstərir ki, bizim gənclər harada olmalarından asılı olmayaraq Vətənə sevgisini
qoruyub saxlayır və problemləri dünya ictimaiyyətinə çatdırmaq
niyyətindədirlər. Onlar təkcə
siyasi fəaliyyətlə kifayətlənməməlidirlər,
mədəniyyətimizi təbliğ etməklə adət-ənənələrimizi
də yaşatmalıdırlar.
- Bu gün Almaniyada diasporumuz öz
sözünü yetərincə deyə bilirmi və bu istiqamətdə
hansı tədbirlərin keçirilməsi nəzərdə
tutulur?
- Əvvəlki illərlə müqayisədə diasporumuzun fəaliyyətində daha çox irəliləyiş müşahidə olunur. Mən 17 ildir ki Almaniyada yaşayıram və bu prosesi izləmişəm. Diasporla bağlı ilk qurultayın və sonuncu 3-cü qurultayın da iştirakçısı olmuşam. Ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən də davam etdirilən siyasət çox önəmli imkandır. Məsələn, 4 il bundan öncə heç bizim mərkəz yox idi, ancaq bu gün olmasa, hansısa boşluq hiss olunar. Bu gün bizə böyük axın var. Alman ictimaiyyəti hətta bizi və digər diaspor təşkilatlarını tam bir Azərbaycan nümayəndəliyi kimi qəbul edir. Bu da onu göstərir ki, diasporumuz yaxşı bir səviyyədə inkişafdadır. Son illər Azərbaycanın reallıqları ilə bağlı çox böyük fikir dəyişiklikliyi baş verib. Bu istiqamətdə Almaniyadakı səfirliyimizin fəaliyyətini xüsusi qeyd etmək lazımdır ki, məqsədyönlü və effektiv iş görür. Həqitətlərin həm dövlət, həm də cəmiyyətlər tərəfindən çatdırılması ikitərəfli informasiya mənbəyi kimi artıq müsbət nəticələr verir. Alman ictimaiyyətində Azərbaycanı daha çox tanıyırlar, ölkəmizin “Eurovision”da qalib olmasının da mühüm rolu oldu. Maraqlar artanda birinci o ölkədə olan qurumları axtarırlar. Orada erməni lobbiçilyi olsa da, bizim fikrimiz ortaya gələndə onlar narahat olurlar. Çünki 10 il bundan öncə onların fikrini təkzib edən bir fikir yox idi. Amma indi biz varıq və alman ikinci bir tərəfi eşidir, ermənilərlə bağlı tərəddüdlərə başlayır. Yəni əks reaksiya yox idi, amma indi var. Məsələn, alman mətbuatında Xocalı ilə bağlı bir neçə məqalə nəşr olundu, Xocalı soyqırımının tanıdılması ilə bağlı qətnamə oldu.Qarşıda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Orada böyüyən nəsil var və biz bayramlarla ənənəmizi yaşatmaq istəyirik. Bugünlərdə AAKM-də uşaqların iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Mən qonaqlara Novruzun Azərbaycan xalqının tarixində mədəni-irsi rolundan danışdım və qeyd etdim ki, gələcək nəslin milli ruhda tərbiyəsinə dair tədbirlər AAKM-də artıq ənənəyə çevrilib. Sonra AAKM-nin əməkdaşı Kəmalə Məmmədovanın rəhbərliyi altında uşaqların iştirakı ilə hazırlanmış “Torpağın var qarış-qarış, Azərbaycan, Azərbaycan!” adlı musiqili-ədəbi proqram təqdim edildi. Kiçikyaşlı həmvətənlərimiz Azərbaycanın müxtəlif regionlarına səyahətə çıxaraq oradakı Novruz adət-ənənələrini tamaşaçılara təqdim etdilər. Uşaqların səyahəti musiqi və vizual görüntülərlə müşayiət olundu. Onlar həmçinin şeir, bayatı, oyun və gülməcələrlə çıxış etdilər. Sonda uşaqlardan ibarət rəqs qrupu qonaqlara xalq rəqsi təqdim etdi. Uşaqların çıxışı alqışlarla qarşılandı. Daha sonra Novruz şənliyi canlı musiqi və rəqslərlə davam etdi. Tədbirdə AAKM-nin digər əməkdaşları, Azərbaycan diasporunun üzvləri və alman ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bundan başqa digər tədbirlər də nəzərdə tutulub ki, 31 Mart soyqırım günü hər il erməni səfiriliyinin qarşısında mitinq keçiririk. Alman ictimaiyyətini məlumatlandırır, özlərini qurban kimi göstərən ermənilərin soyqırım törədən olduğunu çatdırmaq istəyirik.
Nigar Abdullayeva
Palitra.-2012.-28 mart.- S.11.