“Elə meyarlar tətbiq edilməlidir ki, bu meyarlar həqiqi ədəbiyyatı “boz” ədəbiyyatdan ayırsın”

Vaqif Bəhmənli: “Tənqidçilər dost-tanış prinsipindən uzaq düşməlidirlər”

 

Layihə çərçivəsində müsahibimiz müasir ədəbiyyatımızın tanınmış nümayəndələrindən biri, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlidir. Vaqif müəllimlə ədəbiyyat məsələləri barədə söhbətləşdik. O, söhbətə belə başladı:                               

-         Bu saat ədəbiyyatda məni düşündürən əsas məsələlərdən biri oxucularla bağlıdır. Qabaqkı vaxtlarda belə idi ki, fikri ifadə etmək üçün intellektual düşüncə ilə yanaşı mexaniki üsullar da vardı. Məsələn, sözümüzü yazmaq üçün qələm, vərəq vardı, yaxud kimsə yazı makinəsi ilə yazırdı. İndi isə doğrudan da sənətlə məşğul olmaq və əsər yaratmaq üçün texniki vasitələr tamamilə dəyişib. Məsələn, əvvəllər kitab müqəddəs bir əşya kimi o vaxt evlərə daxil olurdu. Amma bu gün oxucunun həm kəmiyyətini, həm də keyfiyyətini müəyyən etmək üçün lazımi metod demək olar ki, yoxdur. Məsələn, deyə bilmərəm ki, ay oxucu, sən əgər çap üsulu ilə kitab oxumamısansa, deməli, kitab oxumamısan. Çünki o, deyə bilər ki, internetdən oxuyur. Yaxud da televiziyadan vizual formada informasiya alırlar.  Belə bir vaxtda kökündə kitab söz yaradıcılığı olan, bizim ədiblərimizin yaratdığı sərvətlər müdafiəyə ehtiyac duyur. Onlar müdafiə olunmalıdır. Məsələn, yaxşı kitabı romanı olan bir ədib hələ internet aləmində görünmür, çap etdiyi kitabları dost-tanışlarına verir. Bu adamlar həmin ədibi şəxsən tanıdıqları üçün onun maraqlı kitablarına sahib olurlar. Amma elə insanlar da var ki, onlara bu kitablar daha çox lazımdır. Həmin insanlar isə internetlə işləyir, amma o ədibin romanları isə internetdə yoxdur. İnternetdə isə o qədər bəsit nümunələr yerləşdirirlər ki, bu zaman maraqlı, əsl ədəbiyyat nümunələrindən xəbərsiz olanlar da onların təsirinə qapılmış olurlar. Belə hallarda isə ədəbiyyatla bağlı qəribə təzadlar yaranmış olur. Bütün bunlar əslində yeni dövrün xüsusiyyətləri ya incəlikləridir. Bunların hamısı yoluna qoyulmalıdır bizim ədiblərimizə, qələm sahiblərimizə çox böyük dəstək verilməlidir. Yaradıcı insan son dərəcə həssas, son dərəcə kövrək, bəzən isə haqqını müdafiə etməkdə bacarıqsız, utancaq olur. Çünki onların enerjisi bacarığı yalnız söz qurmağa, fikir yaratmağa yönəlir. Belə olduqda isə onlar kitabln makleri ya kitabı bazara aparan adam kimi çaş-baş qalırlar səriştəsiz olurlar. Onlar tiraj yığa, kitablarını kimsəyə sata bilirlər. Bütün bu nüanslar incəliklər nəzərə alınsa, məncə, elə meyarlar tətbiq edilməlidsir ki, bu meyarlar həqiqi ədəbiyyatıbozədəbiyyatdan ayrısın. Kəmiyyət etibarilə bu gün yaxşı əsərlər barmaqla sayılacaq qədərdir. Əgər o hesabla götürsək, on kitabdan səkkizi elə-belə, tanışlıqla, şəxsi maddi imkanlar hesabına çap edilən kitablardır. Yəni burada elə etmək lazımdır ki, yaxşı ədəbiyyatın qiymətini itirməməsi əsl dəyərini tapması üçün  ciddi ölçü götürülsün. İndiki halda bir vicdan məsələsi olaraq bu cür meyarların tətbiqi ədəbi tənqidçilərin üzərinə düşür. Tənqidçilər tendensiyalardan, məhəlli düşüncələrdən uzaq olmalıdırlar. Tənqidçilər dost-tanış prinsipindən uzaq düşməlidirlər. Ortada olan həqiqi ədəbiyyatçı hazırda 50, uzaqbaşı 100 nəfər ola bilər ki, onların yaradıcılığını da tənqidçilər daim diqqətdə saxlamalıdırlar. Bu yazıçıların əsərləri çıxdı-çıxmadı, tənqidçilər onlar barədə düşünməli düşüncələrini ifadə etməlidir. Əslində yazıçılar da tənqidçilərlə əlaqə saxlamağı bacarmalıdırlar. Yazıçı qədər istedadlı olsa belə, onun özü qədər istedadlı tənqidçi oxucuya ehtiyacı var.

-         Ədəbiyyatı necə xarakterizə edərdiniz?

-         Ədəbiyyat əslində elmdir. Çox adam ədəbiyyata barmaqarası yanaşır və deyir ki, ilham gəldisə, bu zaman ədəbiyyat da öz-özünə yaranır. Əlbəttə, ilham da vacib şərtdir.  Eyni zamanda ilhamlı duyğuları uzun illərdən bəri sözə çevirməyi bacarmaq lazımdır. Bu zaman əsl ədəbiyyat yaranmış olur. Ədəbiyyatçının fərqi budur. Ədəbiyyat incəsənətin ciddi sahələrindən biridir. Məsələn, rəssam işığı, kölgəni düz salıb, yaxud məsafə ardıcılıığını qurub proyeksiya yarada bilmirsə, deməli, o, bitkin rəssam deyil. Ədəbiyyatda da belədir. Gərək strukturu qurmağı bacarasan. Bircə cümlənin də strukturu var. İstər əsər bir, istərsə də min səhifə olsun, o, ciddi struktura malik olmalıdır. Bu strukturu, söz ardıcıllığını qurmaqyaxud burada bir estetik mənzərə, harmoniya yaratmaq yazıçıının işidir. Bu harmoniya böyük ideyanı daşımaalıdır, yəni təkcə harmoniya ilə bitmir. Burada böyük ideya olmalıdır və bütün bunların hamısı birləşib böyük bir heyrət yaratmalıdır. Yəni əsər bitkin ədəbi təsir gücünə malik olmalıdır. Məsələn, o qədər sadə sayılan əsərlər oxumuşam ki, onların təsiri hələ də yaşayır. Amma çox mürəkkəb, guya yüksək təbəqə tərəfindən müdafiə olunan, “evrika” sayılan əsərlər isə bəzən məni darıxdırıb. Bundan fərqli olaraq sadə sayılan bir çox əsərlər mənə zövq veribindizövq verməkdədir. Məsələn, bu əsərlər “Başsız atlı” kimi əsərlərdir. Bu əsəri zaman-zaman insanlar oxuyublar  o qədər  canlı təsir bağışlayır ki, əsərin təsirinə düşürsən. Məsələn, Markesin yaradıcılığı çox maraqlı təsir bağışlayır, onun dili, ifadə tərzi barədə çox söz demək olar. Bütün bu qeyd edilənlər ədəbiyyatın sirləridir. Bütün əsərləri bizim dəyərli tənqidçilərimiz dəyərləndirəndə yenə də bütün münasibətlər qırağa durmalıdır və ədəbiyyat qanunları önə çəkilməlidir. Bu, həm də bir vicdan məsələsidir. Yaxşı yazıçıların, əsl gənc istedadların üzə çıxması üçün də tənqidçilərin aktivliyi, obyektivliyi lazımdır.

-         Son dövrlərdəki ədəbi fəaliyyətiniz barədə nələri bildirərdiniz?

-         Mən ədəbiyyatda ardıcıllığı, oturmağı çox sevirəm. Yəni ədəbiyyatla özünü bağlayan insan heç olmasa, şənbə-bazar günü yaradıcılıq üçün oturmalıdır. Bu mənada əlimdə işlərim həqiqətən də çoxdur. 2011-ci ildə mənim üç kitabım nəşr olundu. Onlardan biri şərikli müəlliflə birgə yazdığım “Azərbaycan xalq bayramı -Novruz  kitabıdır. Orada ümumiyyətlə, Novruzun tarixinə insanlığın tarixi kimi yanaşılır. Bu kitabda Novruza yeni bir münasibət var. Doğrudur, bu mövzuda çox irəli getmək olmaz. Çünki etnoqrafik-folklor örnəkləri demək olar ki, sabitləşib. Çalışmışıq ki, Novruzun tarixi, onun Azərbaycanda nə üçün bu qədər geniş yayılması barədə mövqe ifadə edək. Bütün bu məsələlərin özü də səbəbsiz və ya təsadüfi deyil. Bundan başqa, bilirsiniz ki, Azərbaycan böyük bir mədəniyyət ölkəsinə və mərkəzinə çevrilməkdədir. Mən bunu nazirlikdə işlədiyim üçün demirəm. Ümumiyyətlə, bunu dünya da getdikcə daha çox hiss edir və qiymətləndirir.  Azərbaycan dünya çapında böyük mədəniyyət layihələrinin həyata keçirildiyi mərkəzlərdən biri olaraq tanınır. Bizim mədəniyyətin xalqa yeni bir enerji verməsinə yönəlmiş layihələr reallaşır. Azərbaycan qlobal mənada mədəniyyətlə bağlı böyük diskussiyaların aparıldığı ünvandır. Son səkkiz il ərzində Azərbaycan mədəniyyəti sahəsində həqiqətən də çox böyük işlər görülüb. Bu işlərin içərisində olduğum üçün bunu əminliklə deyə bilərəm. Bütün bunlara görə, mədəniyyətimizin sürətli inkişafı və onu təmin edən faktorlar barədə ədib olaraq mövqe bildirməyi özümə borc bildim. Belə ki, Prezident İlham Əliyevin 50 illlik yubileyinə həsr olunmuş  “Vətənin İlhamı – ömürdən reportaj” adlı kitab nəşr olundu. Azərbaycan dövlətinin mədəniyyətin inkişafına nə üçün bu qədər önəm verməsi, buna xalqı yüksəltməyin bir yolu kimi yanaşması kimi məsələlər kitabda göstərilir. Həmçinin ötən ildə “Hamı” adlı bir poeziya kitabım çap olundu. Ümumiyyətlə, nəsri hamı oxusa da, şeiri bu gün hamı oxumağa meyilli deyil. Çünki əsl şeir daha yüksək duyuma malik təbəqənin ədəbi zövqünə uyğundur. Bu baxımdan müasir dövrdə yaranan layiqli şeirlərin də yayılmasına, səsləndirilməsinə ciddi ehtiyac var. Qeyd edim ki, bundan öncəki ildə də “Səndən özgə” adlı bir kitabım çapdan çıxmışdı, bu kitabın isə hətta diski də hazırlanmışdı. Burada həmin kitabdan seçmə  şeirlər öz ifamda səsləndirilirdi. Bundan başqa da hələ çap olunmayan kitabım durur. Ümumiyyətlə isə çalışıram ki, ədəbi fəaliyyətdə ardıcıllığı qoruyub saxlayım.

 

İlkin AĞAYEV 

Palitra.-2012.-30 mart.- S.6.