“Əzizə
Mustafazadə ilə Azərbaycanı tanıdım,
Bülbüllə sevdim”
Rona Nişliu:
“İnsanlarınız pozitivdir, burada hamını sevirəm”
“Azadinform”un suallarını Albaniyanın “Eurovision-2012” təmsilçisi
Rona Nişliu cavablandırıb.
- Türk dilində sərbəst danışırsınız. Bu
dili necə öyrənmisiniz?
- Mən
türk deyiləm. Lakin kiçik yaşlarımdan türk
dilini çox sevmişəm və televiziyaya baxaraq öyrənmişəm.
Hələ mən kiçik qız olanda türk filmlərinə
çox baxırdım və beləcə öyrənməyə
başladım.
- Siz Bakıya gələndə ilk
məşqdən sonra Azərbaycan mahnısı “Bana-bana gəl”i
ifa etdiniz. Bu mahnıya məhəbbətiniz necə
yaranıb?
-
Sizin ölkəni Əzizə Mustafazadənin sayəsində
tanımışam. Musiqinizə məhəbbətim onun sayəsində
yarandı. İlk dəfə “Bana-bana gəl”
mahnısını onun ifasında eşitdim və çox bəyəndim.
Bu mahnı haqqında maraqlandım və bildim ki, qədim Azərbaycan
mahnısıdır. Sonra Əzizə Mustafazadənin disklərini
aldım, qulaq asıb onun ifasına vuruldum. Bundan sonra isə
internetə girib Azərbaycan, onun musiqi mədəniyyəti
haqqında informasiya topladım, muğam barədə öyrəndim.
Bakıda olduğum müddətdə muğam barədə
kitab alıb oxumaq istərdim, çünki musiqidə improvizə
üçün bu lazımdır. Qismət elə gətirdi
ki, “Eurovision-2012” Azərbaycanda keçirildi və bura gəlməyimə
çox şadam. Oxuduqlarım qədər çox gözəl
ölkədir, bəyəndim buranı. Əsasən Xəzər
dənizinin sahilində gəzməyi, Qız qalasını
çox sevdim. Ümumiyyətlə, axşamlar Bakını
çox sevirəm. İnsanlarınız pozitivdir, burada
hamını sevirəm.
- Başqa hansı Azərbaycan
mahnılarını öyrənmək istərdiniz və gələcəkdə
hər hansı mahnını albomunuza daxil etmək niyyətiniz
varmı?
- Azərbaycan
musiqisi haqqında informasiya toplayanda Bülbül haqqında
çox oxudum. Onun yaradıcılığı ilə
yaxından maraqlandım və disklərini tapıb aldım. Əslində,
mən hər müğənninin diskini almıram. Amma
Bülbülün bütün diskləri məndə var.
Musiqidə vacib olan emosiyaları digərləri ilə
bölüşməkdir. Bülbül nadir müğənnilərdən
biridir ki, bunu bacarır. Böyük məmnuniyyətlə Azərbaycan
mahnılarını oxumaq istərdim. “Bana-bana gəl”
mahnısını öz versiyamda oxuyacağam.
- “Bakı Kristal Zalı”na girəndə
hansı hissləri keçirdiniz, bu səhnədə ifa etmək
sizə hansı əhval-ruhiyyə yaşatdı?
- Gəldiyimiz
gün səhər sürücü bizi şəhərin
içindən gətirdi və nümayəndə heyətimizin
rəhbəri uzaqdan mənə “Bakı Kristal Zalı”nı
göstərib: “Sən bax orada oxuyacaqsan” - dedi. Şoka
düşdüm və “mən orada səhnəyə
çıxacağam?” sualını verdim. Ora qıraqdan məni
heyrətləndirdi, çox böyük və
işıqlı görünürdü. Sonra zala daxil olanda
çaşıb qaldım. Sizi belə bir uğura nail
olduğunuza görə təbrik edirəm, bizləri
yaxşı mənada təəccübləndirdiniz. Bu sizin
dövlətiniz üçün də müsbət imicdir.
- Musiqidən başqa hansı sahə
ilə maraqlanırsınız?
- Bir çox ictimai işlə məşğul oluram. Kosovo Gənclərinin Davamlı İnkişaf İnstitutunun rəhbəriyəm.
Təkcə öz ölkəmdə
deyil, xaricdə də cəmiyyətlə,
insanlarla işləməyi
sevirəm. Mən hələ
tələbəykən bir
çox layihədə
iştirak edirdim, Kosovoda humanitar konsertlər təşkil edirdim. 2009-cu ildə Vuştridə BMT-nin İnkişaf Proqramı çərçivəsində
məktəblilərə könüllülük
işinin əhəmiyyəti
barədə mühazirə
oxumuşam. Autizm xəstəliyindən
əziyyət çəkənlərə
fəal dəstək göstərənlərdənəm. O cümlədən kasıblar,
xəstələr üçün
işlər görürdük,
yardım edirdik. Onlarla birbaşa ünsiyyətdə olduğuma
görə xoşbəxtəm,
onlara baş çəkməyi sevirəm.
Mən yalnız kiməsə yardım edəndə özümdən razı qalıram. Biz məhz bunun üçün dünyaya
gəlmişik, bu, hər birimizin borcudur.
- Sizcə digər iştirakçılardan
hansı fərqliliyinizlə
yadda qalacaqsınız?
- Çox şadam ki, Albaniyada “Eurovision-2012” üçün milli seçimlər keçirildi
və mən qalib gələrək ölkəmi təmsil etmək şansını
qazandım. Müsabiqədə ifa etdiyim “Suus” mahnısı da bir növ
məşğul olduğum
ictimai işlərlə
bağlıdır. İlk növbədə
mahnım mövzu baxımından fərqlidir,
insan həyatının
çətin anlarından
bəhs edir. “Suus” bir növ həyatda inamlarını itirən insanlara həsr edilib. Lakin onlar bilməlidirlər
ki, ancaq inamla bütün çətinliklərin öhdəsindən
gəlmək olar.
Bu səhnədə hər kəsin bir özünəməxsusluğu
var və bilirəm ki, mənim də digərlərindən fərqliliklərim
var.
Palitra.-2012.-22 may.-S.15.