Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspiktivlər
Qaradağda sosial məsələlərin
həllinə həssas yanaşılır
21-ci ildir müstəqillik əldə edən Azərbaycan dövlətinin inkişaf modeli bu gün bir çox dünya ölkələri üçün ən uğurlu nümunələrdən hesab edilir. Azərbaycanın intensiv inkişafı, sürətlə modern dövlətə çevrilməsi həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin inkişaf konsepsiyası əsasında Prezident İlham Əliyevin yürütdüyü dövlət quruculuğu siyasəti bütün sahələrdə tərəqqi və müsbət keyfiyyət dəyişikliklərini təmin etməkdədir. Əldə olunan makroiqtisadi göstəricilər, vlayuta ehtiyatlarının 43 milyard dolları keçməsi, sosial-iqtisadi sahədəki nailiyyətlər bu inkişafı bariz şəkildə ortaya qoymuş olur. Xüsusilə qeyd etmək lazımdır ki, iqtisadiyyatda əldə olunan uğurlar, gəlirlər birbaşa olaraq sosial sferaya yönəldilir və rifah səviyyəsində əks olunur. Bunun konkret göstəriciləri var. Məsələn, hər hansı bir rayonun sosial sferasının inkişafı timsalında da biz bu tərəqqini izləyə bilərik. O cümlədən, Qaradağ rayonunda sözügedən sahədə baş verən tərəqqi də qeyd etdiklərimizə misal ola bilər. Bu rayonda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir. İcra olunan bu proqram o cümlədən Qaradağ rayonunun qəsəbələrində sosial infrastrukturun müasir tələblərə uyğun şəkildə qurulmasında müstəsna əhəmiyyət kəsb edir. Eləcə də son illərdə reallaşdırılan digər proqramlar və layihələr respublikamızın bütün regionları kimi rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətlənməsi və 2012-ci ilin ilk 3 ayında bir sıra sahələrdə yüksək göstəricilərin əldə olunması ilə nəticələnib. Belə ki, Qaradağ Rayon İcra Hakimiiyyətindən aldığımız məlumata görə, ötən rübdə rayonun sənayesində 150 milyon 783,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,9 faiz çox sənaye məhsulu istehsal edilib. Qeyri-dövlət müəssisələri tərəfindən 47 milyon 415,8 min manatlıq və ya ümumi istehsalın 31,4 faizi qədər sənaye məhsulu buraxılıb. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 94,6 min ton xam neft və 85,1 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 252,3 min ton sement istehsal edilib. Bu ilin birinci rübündə rayonun sosial-iqtisadi sahələrinin inkişafına 25 milyon 897,6 min manat investisiya qoyulub. İstifadə edilmiş investisiyaların 10 milyon 85,4 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətdə 73,1 faiz təşkil edir. Nəqliyyat sektorunda 5 milyon 375,0 min manatlıq xidmətlər göstərilib və sərnişindaşıma xidmətində mövcud olan problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Həmçinin cari ilin birinci rübü ərzində rayonda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində də xeyli işlər görülüb. Belə ki, Putada “Xəzər-Boru” şirkətinin İstehsalat Bazasının və Metanol zavodunun, Səngəçalda “AAC” MMC-nin Qazobeton blokları və “As Kompani” MMC-nin Əhəng istehsalı müəssisələrinin tikintisi başa çatdırılıb. Qeyd edilənlər rayon əhalisinin həyat səviyyəsində özünü birbaşa göstərir. Bu barədə bizə məlumat verən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Abbasov qeyd edir ki, son hesabat rübündə rayonda orta aylıq əməkhaqqı 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz artaraq 719,9 manata, sənayedə çalışanlarınkı isə 22,0 faiz artaraq 959,5 manata çatıb: “Bu da ümumrespublika göstəricilərindən yüksəkdir. Ötən rübdə 1253 ailəyə orta hesabla 104 manat məbləğində ünvanlı sosial yardım verilib, əhalinin aztəminatlı təbəqələrinə müxtəlif pensiya və müavinətlər ödənilib. Bununla belə, rayonda ünvanlı sosial yardıma ehtiyacı olan insanların tam əhatə olunması, müvafiq banklar tərəfindən qəsəbələrdə əlavə bankomatların qoyulması və bankomatların nağd pulla vaxtında təchiz edilməsi üçün aidiyyəti qurumlar tərəfindən əməli tədbirlər görülməlidir”. H.Abbasov bildirdi ki, bütövlükdə 2012-ci ilin birinci rübündə 412 yeni iş yeri açılıb ki, bununla da 2004-cü ildən bu günədək rayonda açılmış daimi iş yerlərinin sayı 8321-ə çatıb: “Yaxın illərdə Ələtdə Beynəlxalq Dəniz Limanının, Sahildə Gəmiqayırma zavodunun inşası və “Qaradağ-sement” zavodunun yenidənqurulması kimi nəhəng layihələrin icrası nəticəsində rayonda yüzlərlə yeni iş yerləri açılacaq. Bununla yanaşı, rayonun mərkəzdən uzaq qəsəbələrində əhalinin məşğulluğunun artırılması, mövcud vakant iş yerləri barədə onların məlumatlandırılması və ehtiyacı olan işsiz vətəndaşların müvafiq işlə təmin edilməsi istiqamətlərində Məşğulluq Mərkəzinin aidiyyəti müəssisələrlə birgə fəaliyyəti gücləndirilməlidir”. Rayonda xeyli sayda olan qaçqın və məcburi köçkünlərin təminatı məsələləri də daim diqqətdə saxlanılır. H.Abbasovun bildirdiyinə görə, rayonda məskunlaşan 15663 nəfər və ya 3614 məcburi köçkün və qaçqın ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində müəyyən işlər görülüb: “Ümid qəsəbəsində kottec tipli fərdi yaşayış evlərinə qaz xətlərinin çəkilişi başa çatdırılıb. Ötən rübdə 195 məcburi köçkün ailəsi ünvanlı sosial yardımla təmin olunub. Prezidentin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” tərəfindən 3800 məcburi köçkün, qaçqın, şəhid, əlil və aztəminatlı ailələrə “Novruz” bayramı münasibəti ilə təxminən 15 ton müxtəlif növ ərzaq məhsullarından ibarət yardımlar paylanıb. Bununla belə, məcburi köçkünlərin məskunlaşdıqları bəzi ünvanlarda ağır yaşayış şəraiti bu gün də qalmaqdadır. Rayonun İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə bu problemlərin həlli üçün bütün imkanları səfərbər edəcək”. Rayonda vətəndaşların müraciət və ərizələrinə baxılması, onların problemlərinə və şikayətlərinə həssas yanaşılır. Ötən rüb rayon İcra hakimiyyəti başçısının yanında Şuranın 3 iclası keçirilib. Şuranın iclaslarında ölkə başçısının aidiyyəti üzrə sərəncamlarının, müvafiq Dövlət Proqramlarının rayonda icra vəziyyəti, rayonun sosial-iqtisadi inkişafı, infrastrukturu, vətəndaşların müraciətlərinə baxılması ilə bağlı 6 məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib: “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Respublika vətəndaşlarının müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması haqqında” 09 mart 2011-ci il tarixli 2/202 saylı direktiv məktubunun icrasının təmin olunması üçün əməli tədbirlər görülüb. Ötən rübdə Rayon İcra hakimiyyətinə 284 xidməti məktub, vətəndaşlardan 334, o cümlədən Prezidentin Administrasiyasından 115 yazılı müraciət daxil olub. Rayon İcra hakimiyyəti başçısı tərəfindən 152 vətəndaş qəbul edilib ki, onlardan 61 nəfəri qəsəbələrdə keçirilən səyyar görüşlərdə dinlənilib. Müraciətlərin 194-ü və ya 42,4 faizi əsasən sosial problemlərin həlli və abadlıq işlərinin aparılması ilə bağlı olub. Yaşayış sahəsi ilə təminat, fərdi ev tikintisi və kommersiya fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, inşaat işlərinin aparılmasına icazə verilməsi məsələləri ilə bağlı 245 ərizə daxil olub ki, bu da ümumi müraciətlərin 49,5 faizini təşkil edib. Müraciətlərin 58-i tam, 2-si qismən təmin edilib və 212-si ilə bağlı vətəndaşlara müvafiq hüquqi izahat verilib. Yazılı ərizələrin 25-i icraya yönəldilib, 15-i aidiyyəti qurumlara göndərilib və 11-i əsassız sayılıb. Ötən rübdə 32 müraciət təkrar, 22 müraciət kollektiv şəklində olub. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşların müraciətlərinin azaldığı müşahidə edilib”. O da qeyd edildi ki, sosial-iqtisadi məsələlərlə bağlı vətəndaşların müraciətlərinin əksər hissəsi təmin edilsə də, mənzil, torpaq və tikinti ilə əlaqədar problemlərin həlli Rayon İcra Hakimiyyətindən asılı olmayan səbəblərdən müəyyən çətinliklərlə üzləşib: “Hazırda Rayon İcra hakimiyyəti tərəfindən respublikanın aidiyyəti qurumları ilə birgə son illərdə mənzil məcəlləsində və torpaq qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bu istiqamətlərdə əlavə tədbirlər görülməkdədir”. Həmçinin cari ildə də rayon əhalisinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülüb: “Müvafiq Dövlət Proqramının icrası qəsəbələrimizin daha da modern hala gəlməsini təmin etməklə yanaşı, bütövlükdə rayonumuzun yeni rəngarəng gözəlliyə qovuşmasına səbəb olmaqdadır. Belə ki, istilik enerjisi ilə təchizat sahəsində Lökbatan qəsəbəsində S.Orucov, V.Əsgərov, Bünyadzadə küçələrindəki 530, 531 və 532 saylı qazanxanalar rayonun 10 saylı İstilik Sistemləri İstismarı Sahəsinin balansına verilib. Bu qış mövsümündə rayon üzrə 92 çoxmərtəbəli yaşayış binası, 17 bağça, 24 təhsil və 10 səhiyyə müəssisəsi istilik enerjisi və təbii qazla normal şəkildə qızdırılır. Bununla belə, rayonun istilik enerjisi ilə təchizatı sistemində çox ləng aparılan yenidənqurma prosesinin, xüsusilə çoxmərtəbəli yaşayış binalarının istiliklə təchizatı işlərinin sürətləndirilməsinə kəskin ehtiyac var. Belə ki, rayon üzrə 914 çoxmərtəbəli yaşayış binasından yalnız 92-si, yəni təxminən 9 faizi normal şəkildə istilik enerjisi ilə təmin olunur. Rayonun 10 saylı İstilik Sistemləri İstismarı Sahəsinin fəaliyyət dairəsi 11 qəsəbədən yalnız Lökbatan, Sahil, Səngəçal, Qobustan, Ələt və Müşfiqabad daxil olmaqla cəmi altı qəsəbəni əhatə edir. İstilik sahəsinin fəaliyyət dairəsi genişləndirilməli, maddi-texniki bazası möhkəmləndirilməli və qəsəbələrdə yeni müasir istilik qazanxanaları tikilməlidir. Qaradağ rayonunun istiliklə təchizatı sistemi əsaslı şəkildə yenidən qurulur. Rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 13 488 metr yüksək gərginlikli hava xətləri, 7515 metr kabel xətti çəkilib, 261 metr yüksək gərginlikli kabel xətti, 23 transformator məntəqəsi təmir edilib, 10 ədəd yüksək gərginlikli elektrik dayağı quraşdırılıb. Eyni zamanda qəsəbələrdə 1 808 p/metr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 3 müasir qaz tənzimləyici şkafı, 1 ədəd siyirmə təmir edilib. Rayonun enerji daşıyıcıları ilə təminatı sistemində elə bir ciddi problem müşahidə edilməsə də, hazırda məlum Dövlət Proqramı çərçivəsində qəsəbələrin, xüsusi ilə də yeni salınmış yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təchizatının daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməkdədir”. Əhalinin içməli su ilə təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülüb: “Belə ki, Lökbatan, Sahil, Puta, Korgöz, Ümid, Səngəçal, Qobustan və Ələt, qəsəbəsinə cəmi 1 681 p/metr yeni su kəmərləri çəkilib, 740 p/metr məhəllədaxili su xətləri dəyişdirilmiş, 2 su nasosxanası təmir edilmiş və 4 yeni su siyirtməsi quraşdırılıb. Eyni zamanda 344 p/metr yeni kanalizasiya kəmərləri çəkilib, 652 p/metr binadaxili kanalizasiya xətləri, 16 quyu və 21 lyuk təmir edilib. Bununla belə, rayonun su təsərrüfatında və kanalizasiya sistemində uzun illərdir həllini gözləyən və sakinlərin haqlı narazılığına səbəb olan bir sıra ciddi problemlər mövcuddur. Belə ki, rayon mərkəzi də daxil olmaqla demək olar ki, bütün qəsəbələrin su və kanalizasiya xətləri uzun illərdir əsaslı təmirsiz istismar olunduğundan yararsız vəziyyətdədir. Onların əsaslı şəkildə yenidənqurulmasına, qəsəbələrdə yeni su anbarlarının, nasosxanaların, müasir su təmizləyici və kanalizasiya ötürücü qurğuların inşasına ehtiyac var. Müvafiq Dövlət Proqramının aparıcı istiqamətlərdən birini təşkil edən paytaxtətrafı qəsəbələrin su və kanalizasiya təchizatı sistemlərinin əsaslı şəkildə yenidənqurulması işlərinə başlanması 2013-cü ilədək Qaradağ rayonunun da bu sahələrdə mövcud olan problemlərin böyük əksəriyyətinin həll olunması ilə nəticələnəcək”. Rayonun təhsil, səhiyyə, mədəni-maarif müəssisələrinin tikintisi və təmiri ilə bağlı xeyli işlər görülüb. Buraya çoxlu sayda yeni təhsil və səhiyyə müsəssisələrinin, uşaq bağçalarının və sair sosial obyektlərin tikintisi və təmiri fəaliyyəti daxildir.
İlkin AĞAYEV
Palitra.-2012.-1 may.-S.10.