“Gənc yazarlarımız siyasi polemikaya girişiblər, nəsillərarası süni münasibətlərin gərginləşdirilməsi ilə məşğuldurlar”

 

“İRƏLİ” Ədəbi Məclisinin sədri Orxan Muxtarlı: “Enerjini bu cür işlərə sərf etməkdənsə, həqiqi yaradıcılıqla məşğul olmaq, və ortaya yaxşı ədəbiyyat nümunərləri qoymaq ümumi işin xeyrinə olardı”

 

“Yazarların bir çoxu nəinki tənqidi, ümumiyyətlə, “sarı” yazılara üstünlük verir”

 

Azərbaycanda ədəbi proseslərlə bağlı baş verən məsələlər son zamanlar gündəmi daha çox məşğul etməyə başlayıb. Belə ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında yaradıcılıq məsələləri yox, daha çox qalmaqallar, gənc və yaşlı ədəbi nəsil arasında baş verən qarşıdurmalar, qarşılıqlı ittihamlar daha çox qabardılır. Bir çox hallarda ƏDƏBİ sferaya aid olan bu sahənin də sanki əməlli-başlı şoulaşdığının şahidi oluruq. Belə ki, bəzi yazarlar, xüsusilə də gənclər arasında yazar adına iddia edən bir iqsim insanlar ədəbi yaradıcılıqla məşğul olmağı, bununla fərqlənməyi, seçilməyi unudub, qalmaqallara daha çox meyil göstərməyə başlayıblar. Yaxşı ədəbi əsərlə yox, qalmaqallı açıqlamalarla gündəmə gəlmək sanki bu cür “ədiblərimizin” sevimli şakərinə çevrilib. Bu da ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki, onsuz da ölkədə oxucu mədəniyyəti və mütaliə səviyyəsi çox aşağıdır. Belə bir zamanda, ədiblərin bir çoxunun məhz şou əhli kimi qalmaqallarla gündəmə gəlməsi, real yaradıcılıqla məşğul olmaması onları oxumaq istəyənlərin də sayını azaldıb. Yəni indiki vaxtda bir çox yazarların da əslində ədəbiyyatdan uzaq insanlar olması mütaliə səviyyəsini bir qədər də aşağı salmağa zəmin yaradan amillərdəndir. Necə deyərlər, yazarlarla oxucular bir-birini çox uyğun bir şəkildə “tamamlayırlar”. Bu isə əslində cəmiyyətin aktual problemlərindən biri kimi müzakirə olunmalıdır. Çünki bu məsələ eyni zamanda cəmiyyətin intellektual səviyyəsinə, mütaliəyə, insanların zamanın tələbinə uyğun olaraq məlumatlanmasına mənfi təsir göstərir. Bu göstərici hazırkı dönəmdə - qloballaşan dünyada və informasiya əsrində qətiyyən arzuolunan deyil... Beləliklə, Azərbaycan ədəbiyyatında təmsil olunmaq istəyən gənclərin iddiası və istəkləri nə dərəcədə əsaslıdır? Onlar hansı səviyyədə yaradıcılıqla məşğul ola bilirlər? Onların problemləri nələrdən ibarətdir? Bu sahədə vəziyyəti normallaşdırmaq üçün hansı məsələlərə diqqət yetirməyə ehtiyac var? Bu mövzuda suallarımızı gənc yazarlardan biri, “İRƏLİ” Ədəbi Məclisinin sədri Orxan Muxtarlı cavablandırır.

-  Hazırda Azərbaycandakı gənc ədəbi nəslin fəaliyyəti ilə bağlı nələri deyə bilərsiniz?

- Çox gözəl haldır ki, bəzi nəşriyyatlar son zamanlar satış xeyrini nəzərə almaqla bir çox gənc yazarların kitablarını nəşr etdirirlər. Bu da gənc yazarların çap olunmamaq problemini aradan qaldırmaqda keyfiyyətli vasitələrdən biridir. Bundan başqa çap olunmaq, oxunmaq imkanı qazanmaq vasitələri arasında virtual məkanı da nəzərdən qaçırmaq lazım deyil. Çünki hazırda gənc yazarlar virtual məkanda müxtəlif üsullarla yazılarını yayaraq tanınmaq imkanı əldə edirlər. Amma onu da qeyd etməliyəm ki,  burada artıq kəmiyyət məsələsi ortaya çıxır və keyfiyyət itmiş olur. Yazıları gələcəkdə müəyyən qədər ümidli ola biləcək gənc yazarlarımız getdikcə yaradıcılıqdan daha çox siyasi polemikaya və ədəbi polemikaya girişiblər, nəsillərarası süni münasibətlərin gərginləşdirilməsi ilə məşğuldurlar. Bunlar da hardasa yaradıcılığa əks olan məsələlərdir. Çünki enerjini bu cür işlərə sərf etməkdənsə  həqiqi yaradıcılıqla məşğul olmaq, axtarışlar aparmaq və ortaya yaxşı ədəbiyyat nümunərləri qoymaq ümumi işin xeyrinə olardı. Bu, çox faydalı bir iş olardı. Yazarların bir çoxu nəinki tənqidi, ümumiyyətlə, “sarı” yazılara üstünlük verir. Onların bu cür yazıları heç bir elmi əsası olmayan və ədəbi çalar daşımayan yazılardır. Bu cür yazılar sadəcə təhqirlərdən və bulvar ifadələrindən ibarət olan bir yazıdır. Bu cür cəhətlər gənclərimizin yaradıcılığında çatışmayan cəhətlər kimi qeyd olunmalıdır.

- Bəzən iddia edirlər ki, gənclərin bu cür yaradıcılığı müasir dünya ədəbiyyatı və dünyada baş verən ədəbi proseslərlə uyuşur. Bu, nə dərəcədə doğrudur?

-Dünyada yeni ədəbi janrlar yetişir, dramaturqlar ortaya gəlir. Onlar müəyyən dərəcədə öz işlərini ortaya qoyurlar. Bizdə isə bu proses ləng gedir. Müasir gənclər arasında dramaturqlar demək olar ki yox səviyyəsindədir. Bununla bağlı işlər ortaya qoyulmalıdır. Bizim ədəbiyyatımızda hələ olmayan janrlar var. Onları formalaşdırmaq, inkişaf etdirmək lazımdır. Bu gün biz Azərbaycan seriallarına baxırıq. Əlbəttə ki, bu, böyük zövq verir ki, milli seriallarımız yaranır. Amma təəssüf ki, bu sahədə də böyük boşluqlar var. Çünki bu sahədə ssenari yazan yazarlarımız çox azdır. Ssenari yazmağa gənc yazarlarımız meyilli deyillər. Bilmirəm ki, bu, nə ilə bağlıdır. Amma fakt budur ki, yazarlar bu barədə yazılarını ortaya qoymağa həvəs göstərmirlər. Bu da müəyyən qədər Azərbaycan izləyicisiniin teleseriallarımıza maraq göstərməməsinə səbəb olur.

- Gənc yazarların əsərləri bu gün lazımınca oxunurmu?

- Bizim dahi yazarlarımız həmişə oxucu problemindən əziyyət çəkdikləri barədə şikayətləniblər. Onlar millətin intellektual səviyyəsindən gileyləniblər. Əlbəttə ki, indiki dönəmdə də bu barədə keyfiyyət dəyişikliyi bir o qədər nəzərə çarpmır. İnsanlarımız oxumağa bir qədər az meyil göstərir. Bəlkə də bunun genetik səbəbləri var. İnsanlarımız, xüsusilə gənclərimiz tərəfdən kitablardan, mütaliədən daha çox yüngül əyləncələrə fikir verilir. Bizdə sənət növlərindən daha çox toxuculuğa, musiqiyə və sair sənət növlərinə tarixən meyil olub. Ümumiyyətlə, dünyaya əslində bir çox sənət növləri, eləcə də ədəbiyyat baxımından da çox böyük incilər bəxş etmişik. Amma buna baxmayaraq oxumağa meyil və  maraq kütləvi olmayıb. Bu baxımdan insanlarımızın mütaliəyə kütləvi marağını artırmaq üçün çox ciddi tədbirlər həyata keçirilməldir və bu tədbirlər ardıcıl olmalıdır. Bizdəki ədəbiyyat və əsər nümunələri, ədəbiyyata maraq cəmiyyət, toplum halında deyil, fərdlərin bilik və bacarıqları nəticəsində meydana çıxır. Halbuki toplum ümumilikdə biliklidirsə, o topluma təsir etmək və onu idarə etmək, parçalamaq o qədər də çətindir. Bu gün artıq “informasiya bombaları”  yağdırılan bir zamanda yaşayırıq. Dünyada informasiyası çox olmayan, mütaliəyə həvəs göstərməyən cəmiyyətlər daha tez informasiya müharibəsinin təsiri altına düşür və yanılmalara məruz qalırlar, zərər çəkirlər. Bizim insanlarımızın bu təsirlərdən kənar qalması üçün ciddi ədəbi nümunələri çox oxumaları lazımdır. Ümumiyyətlə, kitab oxumağa, mütaliəyə həvəs göstərməliyik. Eyni zamanda müəyyən qədər milli düşüncəni, əqidəni formalaşdıran əsərlər yazılmalıdır, bu əsərlər yüksək səviyyədə olmalıdır. Eyni zamanda da həmin əsərlər kütləvi şəkildə oxunmalıdır, insanlarımız bu cür mövzularda müzakirələr aparmalıdırlar. Biz öz tariximizdən, kimliyimizdən, qonşularımızdan və nəhayət, dünyadan yaxşı xəbərdar olmalıyıq. “Babaların düşdüyü quyulara bir daha düşməməyimiz” üçün biz daha çox mütaliəli, savadlı və məlumatlı olmalıyıq. Biz gənclər informasiya, savad, ədəbi zövq baxımından müasir dövrə uyğun olaraq daxilən cilalanmış, saf, eyni zamanda da öz milli kimliyini qoruyan səviyyədə formalaşmalıyıq. Məsələn, bu gün dünyada məşhur olan Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa və sair cəmiyyətlərin nümayəndələri dünyada ən inkşaf etmiş insanlardır. Amma adi bir kino, serial və  yaxud ədəbiyyat nümunəsi kimi vasitələrdən istifadə edərək onlar özlərini dünyada daha da tanıdırlar. Bununla onlar digərlərinə də təsir edirlər. Bizim oxucular və eləcə də yazarların hamısı bu səviyyədə olmalıdır ki, biz də digər cəmiyyətlərə bu baxımdan təsir göstərək. Yaxud biz əlimizdə olan potensialdan, zəngin nümunələrdən çox mahir bir şəkildə yararlanaraq, irsimizi daha da z\nginləşdirməli, eyni zamanda bunları dünyaya nadir və orijinal nümunələr olaraq daha geniş miqyasda təqdim etməliyik.

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2012.-2 may.-S.11.