“Bir
şəkil min sözü,
bir videoçarx isə
min şəkli ifadə edə bilir”
Vurğun Həsənli: “Xaricdəki
bütün gənclərimizi Azərbaycan mədəniyyətinin
təbliğatı prosesinə cəlb etməliyik”
Layihə çərçivəsində
müsahibimiz Türkiyədə doktorantura təhsili alan
Vurğun Həsənlidir. V.Həsənli bir müddət bir
diploatik nümayəndəliyimizdə
çalışıb
İctimai-siyasi məsələlər və eyni zamanda
diaspor məsələləri ilə bağlı olaraq
dövri mətbuatda aktiv çıxış edir.
- Bəzən
mədəniyyətin ən böyük siyasət olduğunu
deyirlər. Bu barədə nə deyərdiniz ?
- İnsanlar o qədər müharibə,
aqressivlik görüblər ki, artıq bir çox insan siyasətlə
əlaqəli hər şeyə nifrət edir. İnsanlar
televizoru açanda xəbərlər əvəzinə mədəniyyətlə
bağlı müxtəlif proqramlar izləyirlər.
İnsanlar stressdən, mənfi enerjidən uzaqlaşmaq
üçün festivallara, muzeylərə, tarixi abidələrin
olduğu turistik yerlərə gedirlər. Yəni mədəniyyət
tarixdə olmadığı qədər təsir gücü
qazanıb. Məsələn, Yaponiya qeyri-adi mədəniyyətlə
bütün dünyanın diqqətini öz üzərinə
çəkə bilir. Milli geyimləri olan “kimono”, milli idman
növü “sumo” ilə güclü təbliğat apara bilirlər.
İspanlar milli rəqsləri tanqo, samba və festivalları
ilə dünyanı özlərinə heyran qoya bilirlər.
Bu baxımdan Azərbaycan olduqca zəngin tarixi mirasa, mədəniyyətə
sahib ölkədir. Biz milli geyimimizdən tutmuş, milli
musiqimizə qədər, ədəbiyyatımızdan
tutmuş tarixi abidələrimizə qədər zəngin mədəni
sərvətə sahibik. Belə ki, mədəniyyət məsələsində
məqsədyönlü iş aparılarsa, dünyanı
özümüzə valeh etməmək üçün
heç bir səbəb yoxdur.
- Azərbaycan
mədəniyyətinin təbliği ilə bağlı
dövlətimizin yürütdüyü siyasəti necə
qiymətləndirirsiniz?
- Azərbaycan mədəniyyətinin
təbliği məsələsi dövlətimizin müvəffəq
olduğu sahələrin başında gəlir. Müəyyən
çatışmazlıqlar olsa da, qısa zaman ərzində
təqdirəlayiq işlər görülüb. Hər il
keçirilən caz festivalı, muğam müsabiqələri,
idman yarışları və bu qəbildən bir çox mədəni
tədbirlər ölkəmizi ziyarət edən qonaqlarda
xoş təəssürat yaradıb. Bununla yanaşı xaricdə
keçirilən mədəni və humanitar tədbirlərə
dövlətin diqqət ayırması böyük əhəmiyyət
daşıyır. Hər halda, dövlətin bu sahədə
apardığı siyasəti siyasi görüşündən
asılı olmayaraq bütün azərbaycanlıların dəstəklədiyini
iddia etmək yanlış olmazdı.
- Bu
işdə Azərbaycan diaspor qurumlarının
gücünü və rolunu artırmaq üçün nə
etmək lazımdır?
- Diaspor işi Azərbaycanda yeni
olduğu üçün azərbaycanlıların bu sahə
ilə bağlı təcrübəsi bir qədər yeni
formalaşamağa başlayıb. Ona görə də bizlər
elə düşünürük ki, diaspor qurumu bir kimsəyə
məxsusdur və sadəcə o təşkilatın üzvlərini
maraqlandırmalıdır. Amma diaspor təcrübəsi olan
ölkələrə nəzər saldıqda bunun belə
olmadığını görürük. Orada diaspor
qurumlarının fəaliyyətinə hər kəs kömək
edir. İş adamları, xeyriyyəçi təşkilatlar maddi
mənada, tələbələr, gənclər və digər
diaspor təşkilatları təşkilatçılıq mənasında,
dövlət isə bunları koordinasiya edərək geriyə
qalan çatışmazlıqların aradan
qaldırılmasında lazımi köməklik göstərirlər.
Bizlər də, yaşadığımız ölkələrdə,
Azərbaycan təbliğatını aparan qurum və təşkilatlara
gücümüz nəyə çatırsa, o sahədə
köməklik göstərməyi özümüzə borc
bilməliyik. Bu, Vətənimizə olan mənəvi və vətəndaşlıq
borcumuzdur. Ancaq yuxarıda qeyd etdiyim kimi, “diaspor mədəniyyəti”
yaranana qədər, dövlətimiz hərtərəfli
köməklik göstərməlidir ki, xaricdəki diaspor təşkilatlarımız
yox olub getməsin. Bu təşkilatların “öz ayaqları”
üstündə dura bilmələri müəyyən vaxt tələb
edir. Müəyyən təcrübə əldə edənə
qədər əsasən dövlət maddi və koordinasiya dəstəyini
əsirgəməməlidir. Bununla yanaşı o ölkədə
yaşayan hər bir azərbaycanlı da lobbiçilik işinə
cəlb olunmalıdır ki, verimlilik artsın, güclü fəaliyyətlər
həyata keçirilə bilsin.
- Sizcə,
mədəniyyətimizi təbliğ etmə məsələsində
xaricdə təhsil alan Azərbaycan gəncləri hansı
maneələr və əngəllərlə
qarşılaşır?
- Müasir zamanda, dünya şəbəkələşmiş
şəkildə bir-birinə bağlanıb. Bunun əsas səbəblərindən
biri də son illər xaricdə təhsil alan gənclərin
sayında ciddi artım olmasından qaynaqlanır. Hər bir
ölkədən xaricə gedən minlərlə gənc təhsil
almaqdadır. Bu gənclər getdikləri ölkələrdə
həm yaşıdları və ya oradakı insanlarla
ünsiyyətə girirlər, fəallaşırlar, müəyyən
işlər görürlər. Qısaca keçmişə nəzərən
gənclərin cəmiyyətdə rolu artıb. Azərbaycanda
da vəziyyət eynidir. Hər il yüzlərlə və hətta
minlərlə gəncimiz təhsil almaq üçün xaricə
üz tutur. Bunlara, Azərbaycan gəncləri arasından
savadları, fəallıqları ilə seçilən gənclər
olduqları üçün, gəncliyimizin
“qaymağıdır” demək mümkündür. Bu gənclərin
bir çoxu getdikləri yerlərdə ölkəmizin təbliğatına
könüllü qoşulurlar. Bu, ölkəmiz
üçün çox böyük şansdır. Lakin bu gənclər
ilk getdikləri zaman bir sıra maddi və digər problemlərlə
qarşı-qarşıya qalır. Bəzi ölkələrdə
səfirliklərimiz bu gənclərə yetərincə
qayğı göstərmir, bəzi ölkələrdə təşkilatçılıq
məsələsində ciddi problemlər var, bəzi ölkələrdə
gənclər görməzdən gəlinir, yox sayılır.
Ona görə də gənclər müəyyən müddət
öz gücləri ilə “nəyisə etmək istəyir”,
ancaq bacarmadıqda, ya bu işdən tamamilə əl çəkir,
ya da həvəsdən düşür. Dövlət, gəncləri
ən ciddi resurs olaraq görməlidir və hər cür dəstəyi
verməlidir. Hazırda Yaponiyadan tutmuş, ABŞ-a qədər
lobbiçilik məsələsində gənclər dövlətin
bəhrələndiyi ən güclü vasitələrdən
birinə çevrilib. Biz də bu həqiqəti görməliyik
və dünyagörüşündən asılı olmayaraq
xaricdəki bütün gənclərimizi Azərbaycan mədəniyyətinin
təbliğatı prosesinə cəlb etməliyik.
- Xaricdə
yayımlanan Azərbaycan telekanalları mədəniyyətimizi
yetərincə təqdim edə bilirmi?
- Xaricdə
yayımlanan Azərbaycan kanalları, oradakı yerli
telekanallarla rəqabət edə biləcək gücdə
deyil. Bu, bir həqiqətdir. Bundan başqa Azərbaycan
telekanalları hər ölkədə də
yayımlanmır. Türkiyədən nümunə versək,
burada Azərbaycan kanalları baxılan kanallar arasında yer
ala bilmir. Çünki Azərbaycan telekanalları həm
keyfiyyətcə, həm də yayım strategiyası
baxımdan çox aşağı səviyyədədir. Azərbaycan
kanalları arasında, bir az AzTv-nin normal kanal olduğunu demək
mümkündür. Digərlərinin həqiqətən də,
xarici kanallarla müqayisə etdikdə standartlarının
çox aşağısında olduğunu görürük.
Bu baxımdan AzTv istisna olmaqla digər kanallarımızla mədəniyyətimizi
təbliğ edəcəyimizə inanmaq xəyalpərəstlik
olardı. Əlbəttə, Azərbaycanda bu sahənin yeni
olduğunu da unutmamaq lazımdır. Məsələn “Mədəniyyət”
kanalının açılışı olduqca yeni
olmasına baxmayaraq, Azərbaycan daxilində izlənən
kanal ola bildi. Bu kanalın məqsədyönlü yayım
strategiyası mənimsəməsi kanala olan rəğbəti
artırıb. Xaricdə, Azərbaycan kanallarının izlənməməsinə
digər səbəb dil məsələsidir. Azərbaycan
dilində yayımlanan proqramlar ən çox Türkiyədə,
İranda, müəyyən qədər də azərbaycanlıların
çoxluqda yaşadığı Rusiya, Gürcüstan kimi
ölkələrdə izlənə bilər. Dilimizdə
yayımlanan kanallarımızın Bu ölkələrdən
başqa ölkələrdə izlənməsi real deyil.
Çünki xaricdə izlənməsi üçün o
kanalın ya yerli dildə, ya da ingilis dilində
yayımlanması vacibdir. Biz də öz kanalımızın
xaricdə izlənməsini istəyiriksə, modaya “ayaq
uydurmalıyıq”. Bunu edə bilsək, geniş izləyici
kütlələrinə xitab etmə şansını
yaxalayarıq. Belə olarsa, mədəniyyətimizi istədiyimiz
səviyyədə tanıda bilərik.
- Bununla bağlı kanalların fəaliyyətində
hansı çatışmazlıqlar var?
- Əvvəla,
çox təəssüflə bildirməliyəm ki, AzTv
istisna olmaqla, digər kanalların keyfiyyət səviyyəsi
çox aşağıdır. Eyni zamanda teleyayım
strategiyaları mövcud deyil. Prodüserin kefi nə istəyir,
onu da efirə verir. Bu, olduqca zərərlidir. Kanal keyfiyyətini
aşağı salmaqla yanaşı, izləyici kəmiyyətini
də itirir. Ən başlıcası isə, yuxarıda da qeyd
olunduğu kimi, Azərbaycanın ingilis dilində yayımlanan
keyfiyyətli kanala ehtiyacı var. Bu kanal dövlət nəzarətində
ölkəmizin təbliğatına yönəlməlidir. Zərərli
və müasir deformasiyaya məruz qalmış modaya uyğun
heç bir meyara yer verilmədən, zəngin mədəni
irsimizin mütəşəkkil formada təbliğatı
aparılmalıdır. Yəhudilərin bir sözü var,
onlar deyirlər: Bir şəkil min sözü, bir video
çarx isə, min şəkli ifadə edə bilir. Yəni
görüntülü medianın təsir gücü təsəvvür
ediləndən qat-qat güclüdür. Allaha
şükür, ölkəmizin maddi problemi də yoxdur. Onun
üçün, qısa zaman ərzində ingilis dilində və
peşəkar televiziya işçiləri cəlb olunaraq bu
çatışmazlıq aradan qaldırılarsa, gözlədiyimizdən
daha yüksək müsbət nəticə əldə edə
biləcəyimizə inanıram.
İlkin
Palitra.-2012.-8 may.-S.11.