«Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir»

 

Əli Həsənov: «Azərbaycan mili-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir»

 

Dünən Bakıda "The business year" jurnalının Azərbaycana həsr olunmuş “Azerbaijan 2012” xüsusisi buraxılışının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Xüsusi buraxılış barədə məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu deyib ki, buraxılış “Evrovisiona hərs olunub. Jurnalda 160-dək dövlət və adamından, o cümlədən Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan müsahibələr əksini tapıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir: «İlk növbədə, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və sədrlik edir. Bu il Azərbaycan Prezidenti bu tribunadan Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, ümumiyyətlə, erməni vandalizmi barədə bütün dünyaya səsləndi. Bundan başqa, artıq ötən ildən bəri "Eurovision" ilə bağlı bütün dünyanın diqqəti Azərbaycandadır".

Dünyada informasiya monopoliyası yaratmaq istəyən informasiya agentlikləri və televiziyalar var    PA rəsmisi qeyd edib ki, ötən il təmsilçilərimiz Eldar və Nigarın qələbəsi sayəsində belə möhtəşəm mahnı müsabiqəsi bu ay Azərbaycanda keçiriləcək: "Məhz bu səbəbdən artıq dünyanın müxtəlif yerlərindən Azərbaycan mədəniyyəti, həyatı ilə bağlı məlumatlar toplayırlar, ölkəmizlə tanış olurlar. Bir sözlə, bu il bütün mədəniyyət sevərlər Azərbaycanla bağlı məlumat axtarışındadırlar. Öyrəndilər ki, biz dünyaya örnək verə bilən bir xalqıq. Artıq tanış olurlar ki, Azərbaycan Şərqdə ilk operanın yarandığı yerdir. Biz Şərqdə ilk demokratik respublika yaratmışıq, Şərqdə qadınlara səs hüququ ilk dəfə bizdə verilib". PA rəsmisinin məlumatına görə, bu yaxınlarda Cenevrədə dünyanın bəzi QHT-ləri, mətbuat orqanları yığışıb ciddi-cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışıblar ki, Azərbaycanda "Eurovision" keçirilməsin: "Onlar iki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərər vurmağa çalışırlar". Ə.Həsənovun sözlərinə görə, bu gün təəssüf ki, dünyada informasiya monopoliyası yaratmaq istəyən informasiya agentlikləri və televiziyalar var: "Biz imicimizə ziyan vuran böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan mili-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar".  

"Eurovision" Azərbaycan üçün mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır  

PA rəsmisi deyib ki, "Eurovision" Azərbaycan üçün mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır: "Bütün dünyaya göstərəcəyik ki, biz nəinki "Eurovision"u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər". Ə.Həsənovun sözlərinə görə, "The business year" kimi belə nüfuzlu jurnal ikinci dəfə Azərbaycana xüsusi buraxılış həsr edir ki, bu da ölkəyə marağın yüksək göstəricisidir.

"Azərbaycan zəngin mədəniyyətə, bölüşə biləcəyi sosial, iqtisadi dəyərlərə malikdir. Elə ölkələr var ki, onların tərifi üçün cəmi bir məqalə kifayət edir. Lakin elə ölkələr də var ki, onların uğurları bir nömrəyə sığmır" – deyə Əli Həsənov qeyd edib.

Keçən il Azərbaycana gələn turistlərin sayı 2 milyon 234 min nəfər olub

Mədəniyyət turizm naziri Əbülfəz Qarayev il ərzində Azərbaycanın turizm potensialı barədə məlumatların 15 ölkədə təqdim olunduğunu, ölkənin azı 10 sərgidə iştirak etdiyini söyləyib: “Keçən il Azərbaycana gələn turistlərin sayı 2 milyon 234 min nəfər olub turistlərin sayı 14% artıb”.  

Dövlət investisiyaları son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olub 

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan dünyada maliyyə böhranından şərəflə çıxan azsaylı ölkələrdən biridir: “Ölkədə yoxsulluq problemi həllini tapıb. Dörd milyondan artıq insan yoxsulluq həddindən çıxıb. Yoxsulluq həddi 8 ildə 4 dəfə azaldılıb, hansı ki, bir çox ölkələrdə bu proses bir neçə onillik tələb edir. Dövlət investisiyaları son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olub. Strateji ehtiyatlar dövlət borcunu 10 dəfə üstələyib. Son 10 ildə əhalinin gəlirlərinin orta illik artımı 22% təşkil edib. Xarici ticarətdə tərəfdaşların sayı 2 dəfə artıb. Yaxın 10 ildə ölkə iqtisadiyyatının həcmi 2 dəfə artacaq. Bu artımla Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq”.

Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə bildirib ki, fonda indiyədək 70 milyard dollardan artıq vəsait daxil olub: “Fond tərəfindən ölkənin sosial-iqtisadi həyatına aid çoxsaylı layihələr maliyyələşdirilib. Hazırda fondda 32 milyard dollardan artıq vəsait mövcuddur. Azərbaycan eyni zamanda beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulub”. Tədbirdə  jurnalın bölgə direktoru Jason Nash, “Gilan Holding” şirkətlər qrupunun təmsilçisi Rəşad Qasımov digər şəxslər çıxış ediblər. 

 

 

Anar

 

Palitra.-2012.-9 may.-S.4.