Azİz-in qurultayında Azərbaycan maraqlarının lobbiləşdirilməsi ilə bağlı yeni istiqamətlərin müzakirəsi gözlənilir

 

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak: “Avropa Azərbaycanlıları Konqresinin qurultayında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələ üzərində ətraflı dayandı”

 

Müsahibimiz Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) baş direktoru, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Lev Spivakdır. O, qəzetimizə müsahibəsində Azərbaycan həqiqətləri və mədəniyyətinin İsraildə təbliği, bu barədə rast gəlinən çətinliklər və digər məsələlər barəsində danışdı.    

- İsraillilər Azərbaycan, onun mədəniyyəti və dəyərləri barədə kifayət qədər məlumata malikdirlərmi?

- Mən artıq qısaca olaraq bu cür suala bir neçə dəfə “yox” cavabı vermişəm. Amma bu gün sevinclə deyə bilərəm ki, bu sahədə ciddi irəliləyiş var. Azərbaycanın “Eurovision” müsabiqəsindəki qələbəsi və İsraildən böyük miqdarda silah alması nəticəsində ortastatistik israilli Azərbaycanın harada yerləşdiyi barədə xeyli məlumatlandı. Bu isə artıq yaxşı bir haldır. Amma bu cür məlumatlanma sadəcə xalis israillilərə aiddir. Ölkənin 20 faizi isə SSRİ və MDB-dən çıxmış insanlardan ibarətdir ki, onlar da çox böyük məmnuniyyətlə bizim bütün tədbirlərimizə təşrif buyururlar. Məsələn, Müslim Maqomayevin xatirəsinə həsr olunmuş konsertlərə, Azərbaycan rəssamlarının sərgilərinə və sair tədbirlərə onlar məmnuniyyətlə gəlirlər.

- Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin İsraildə təbliği ilə bağlı olaraq hansı maneələrə və çətinliklərə rast gəlirsiniz?

- Belə bir müdrik xalq məsəli var: “Halva-halva deməklə ağız şirin olmaz”. Biz israillilərə Azərbaycanın zəngin və və çoxçalarlı mədəniyyətinin olması barədə bilgilər çatdırmaq üçün bütün imkanlardan yararlanırıq. Məsələn, ötən ay “Reşet Bet” adlı dövlət radiosunda Azərbaycanın tarixi və mədəniyyəti barədə üçsaatlıq proqram yayımlandı. Bu cür proqram artıq ikinci dəfədir ki, həmin radioda yayımlanır. Amma qeyd edim ki, təkcə söhbət açmaqla iş bitmir. Eyni zamanda da vizual olaraq göstərmək lazımdır. Amma son beş ildə təkcə iki dəfə tanınmış Azərbaycan pianoçusu Fərhad Bədəlbəylinin konserti keçirilib. Onu da deyim ki, bu iki konsert çox böyük uğurla keçirildi. Mayın 10-da isə Xolon karikaturalar muzeyində Azərbaycan karikaturaçılarının açıq sərgisi keçiriləcək. Bununla da hələlik bu sahədə məsələ tamamlanmış olur. Razılaşın ki, bu, Azərbaycanın çox zəngin mədəniyyəti ilə tamhəcmli tanışlıqla müqayisədə  çox azdır.

- Bəs, mədəniyyətimizin təbliği məsələsində İsrail kütləvi informasiya vasitələri, telekanalları ilə münasibət qurulmasında hansı çətinliklər var?

- İsrail kütləvi informasiya vasitələri yeni olan hər şeyə tamamilə açıqdır. Hətta onlar özləri daim yeni mövzular axtarırlar. Problem ondadır ki, mən İsrail jurnalistlərinə Qara Qarayev, Vaqif  Mustafazadə və Nizami barəsində danışanda, bu, onlara heç nə demir.  Deməli, Azərbaycanla tanışlığa jurnalistlərlə başlamaq lazımdır. Biz bir neçə dəfə Bakıya aparıcı ivrit KİV-lərinin jurnalistlərini gətirməyə cəhd etmişik, amma buna hələki nail olunmayıb. Bundan başqa digər layihələr də həyata keçirmək mümkündür. Misal üçün, İsrailə Rus Dram Teatrının qastrol səfərini təşkil etmək. Yaxud, əminəm ki, “Yeddi gözəl” baleti, Xalça Muzeyi, yaxud müasir Azərbaycan incəsənəti burada uğur qazanmış olardı. Amma bu cür layihələr açıq-aşkar maliyyə tələb edir və dövlət, ya da sponsor köməyi olmadan reallaşa bilməz. Bəlkə, sizin qəzetiniz vasitəsilə bu layihələrin reallaşmasına kömək edə biləcək xeyriyyəçi tapılsın?

- İsrail kütləvi informasiya vasitələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri nə dərəcədə işıqlandıra bilirlər?

-  Bu da o mövzulardan biridir ki, jurnalistlərin özləri də bu barədə demək olar ki heç nə bilmirlər. Bu il bizə birinci dəfə bu mövzuya diqqət cəlb etmək müyəssər oldu. Belə ki, Netani Akademik Kolleci ilə birgə təşkil edilmiş və Xocalı soyqırımına həsr olunmuş elmi konfrans sayəsində bu, mümkün oldu.

- İyunun 7-də keçiriləcək Azİz-in qurultayında Azərbaycan maraqlarının lobbiləşdirilməsi ilə bağlı yeni istiqamətlərin müzakirəsi gözlənilirmi?

- Az öncə mən Avropa Azərbaycanlıları Konqresinin 4-cü Qurultayının işində iştirak etdim. Özünün salamlama nitqində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələ və eyni zamanda KİV-lə işləmək məsələsi üzərində ətraflı dayandı. Onun bu barədə bütün dedikləri eynilə İsraildəki fəaliyyətimiz üçün də aktualdır. Buna görə də biz bu barədə iclasda mütləq danışacağıq və buna aid məsələləri müzakirə edəcəyik. Amma gəlin, bir qədər tələsməyək və bu barədə bir ay sonra münasibət bildirək.

 

 

İlkin AĞAYEV   

 

Palitra.-2012.-9 may.-S.6.