“Biz bütün mənəvi xəzinəmizi lazımınca qiymətləndirməyi bacarmalıyıq”

 

“İRƏLİ” Ədəbi Məclisinin sədri Orxan Muxtarlı: “Bir misirli öz ehramları, yunan öz Aristoteli ilə necə fəxr edirsə, biz də Nizamimizlə, Nəsimimizlə və digər dahi yaradıcı şəxslərimizlə lazım olduğu səviyyədə və onları yaxşı dərk etməklə, pafossuz fəxr etməyi bacarmalıyıq”

 

Layihə çərçivəsində müsahibimiz “İRƏLİ” Ədəbi Məclisinin sədri Orxan Muxtarlıdır. O, mədəniyyətimizin təbliği məsələləri ilə bağı fikirlərini bildirərkən musiqidən başladı:

-  Biz yazılarımızda ermənilərlə olan münaqişələrimizə görə, daha çox bir “Sarı Gəlin” mahnısının üzərində dayanmışıq. Bizim bundan başqa da çoxlu qədim musiqi və mahnı növlərimiz var ki, bunlar hələ də kifayət qədər araşdırılmayıb. Bu məsələlərə kifayət qədər elmi, yaradıcı yanaşma nümayiş etdirmək lazımdır. Bütün bunlar bugünkü gənclərə düzgün və əhatəli çatdırılmalıdır ki, mədəniyyətimizin bütün sahələrindən, o cümlədən musiqimizin dərin qatlarından xəbərdar olsunlar. Belə olmasa, gənclər mədəniyyətimiz barəsində tam təsəvvürlü bir şəkildə formalaşa bilməzlər. Məsələn, Türkiyədə bir çox xalq mahnıları, bir çox türküləri yenidən canlandırılmış bir şəkildə xalqa təqdim edirlər, bu da çox maraqlı və zövqverici olur. Milli roklar, etnoroklar formalaşdırırlar. Məsələn, Vaqif Mustafazadə də bizdə etnocazı formalaşdırıb. Dünyaya özümüzü bununla da tanıdırıq, musiqi inciləri sırasında bununla yer alırıq. Amma bu cür orijinal musiqi formaları daha çox tanıdılmalı və dünyaya təqdim edilməlidir. Çox yaxşı haldır ki, bu gün dövlət səviyyəsində muğamın dirçəldilməsi və dünyaya tanıdılması kampaniyası aparılır. Bu, Azərbaycan musiqisinin, mədəniyyətinin nə qədər zəngin, qədim və rəngarəng olduğunun dünyaya tanıdılmasında, qəbul etdirilməsində çox yaxşı bir taktikadır. Biz məhz bu cür öz daxilimizdə də qədim, milli mədəniyyət nümunələrimizi qorumaq, yaşatmaq və inkişaf etdirməklə, eyni zamanda onları dünyaya təqdim etməklə öz milliliyimizi qoruya, qloballaşmada zəngin milli kimliyimizlə fəxr edə bilərik. Bu məsələ eyni dərəcədə də ədəbiyyatla bağlıdır və yazarların da boynuna düşən bir məsuliyyət məsələsidir. Çünki yazarların və ədiblərin də bu məsələdə öz stilistikası, yanaşmaları var. Ümumiyyətlə, azərbaycanlı yazar məfkurəsi, özünəməxsusluğu yaxşı mənada dünyada duyulmalıdır ki, hər  bir azərbaycanlı bir əsər yazanda desinlər ki, bax bu, azərbaycanlı  ədibin qələminin məhsuludur. Biz azərbaycanlı məfkurəsi daşıya-daşıya, bir fransız, ərəb qafası ilə yaza bilmərik. Yəni hər bir toplumun məcazi mənada qaymağı da, qazmağı da özünə aid olmalıdır. Məsələn, bizim dahilərimizin qabartdığı problemlər əlbəttə ki, uzaq Hindistandan, Afrikadan qaynaqlanmayıb. Bizim cəmiyyətimizə aid olan problemləri onlar vaxtilə qabardıblar, eyni zamanda buna ümumbəşəri çalarlar da qatılıb ki, dünya bu gün onları yüksək səviyyədə qəbul edir. Bu dahilərimizin problemləri həmişə aktual olduğu üçün zaman-zaman ziyalılarımız, ədiblərimiz bir daha onlara toxunublar və onları qabardıblar. Məsələn, nahaq yerə demirlər ki, Cəlil Məmmədquluzadənin qaldırdığı problemlərin bir çoxu aktual olaraq qalır. Milli məsələlərin həllində bu kimi məqamlara diqqət yetirmək olduqca önəm daşıyır. Azərbaycan ərazisində yaşayan bizlər dünyaya bir çox ideologiyaları ixrac etmişik. Məsələn, Zərdüştdən başlayaraq, Şah İsmayılda ümumi şiələşdirmə düşüncəsinə qədər bütün Yaxın və Orta Şərqdə idelologiyalarımız yayılıb, digər mədəniyyətlərə təsir göstərib. Yəni bunların hamısı ədəbiyyatın içərisindən gələn məsələlərdir. Biz Zərdüştün, eləcə də Şah İsmayılın və digər tarixi şəxsiyyətlərimizin ideologiyalarını istər onların, istərsə də onlardan sonrakı dövrün şairlərinin, ədiblərinin şeir və əsərlərində görürük. Bu ideologiyalar indi də daha çox ədəbiyyatda, söz sənətində  yaşayır. Yaxud ortaq türk tarixinə aid ideoloji yanaşmalarımız olub ki, bu da ümumilikdə regionun və dünyanın ideoloji aləminə ciddi təsir göstərib. Məsələn, Nəsiminin hürufiliyi uzun müddət ideoloji aləmdə öz təsirini itirməyib, şeirdə-ədəbiyyatda da hələ qalmaqdadır. Yaxud başqa misallar da çox çəkmək olar ki, bizim ideoloji nümunələrimizin digərlərinə təsiri açıq-aşkar ortaya qoyulsun. Bizim indiki gənclərimiz bu cür məqamları daha çox dəyərləndirməlidirlər və tarixin, elə indinin də  göstərdiyi nümunələrdən nəticə çıxarmalıdırlar. Məsələn, bir misirli necə öz ehramları, yunan öz Aristoteli ilə fəxr edirsə, biz də Nizamimizlə, Nəsimimizlə və digər dahi yaradıcı şəxslərimizlə lazım olduğu səviyyədə və onları yaxşı dərk etməklə, yaradıcılıqlarını mənimsəməklə, pafossuz fəxr etməyi bacarmalıyıq. Biz bütün bu mənəvi xəzinəmizi lazımınca qiymətəndirməyi bacarmalıyıq. Bunun üçün təhsildə, mütaliədə çox ciddi məsuliyyət lazımdır. Yaxşı vətəndaşın formalaşmasında, yetişməsində bu qeyd etdiyim məqamlar çöx böyük rol oynayır. Yəni çox az sayda millətlər var ki, öz ideoloji xəzinəsini, ədəbiyyatını daha böyük miqyasda ortaya çıxara bilir. Əlbəttə, biz müasir İKT vasitələrindən də istifadə edərək bu cür tarixi nailiyyətləri əks etdirən məqamları yüksək effektli bir şəkildə efirləşdirə də bilərik. Məsələn, Türkiyə bu gün öz möhtəşəm tarixini “Möhtəşəm yüzil” serialı və başqa filmlərlə yüksək səviyyədə təqdim edir, cəmiyyətin müzakirəsinə buraxır. Bununla tarixini insanlarına daha çox sevdirir. Biz də öz ədəbiyyatımız və mədəniyyətimizlə həm həmin tarixi məqamları yenidən ədəbi-bədii bir şəkildə dünyaya bəxş edə, göstərə bilərik, həm də öz yeni nəslimizə daha yaxşı bir şəkildə çatdırmış olarıq. Bu tariximizi və mədəni nailiyyətlərimizi birinci növbədə özümüz sevməliyik. Doğrudur, bu gün bizim öz seriallamız meydana çıxır, amma bu serialların ssenarisi çox bəsit olur. Bizdə bu sahədə daha çox təkmil kadr yetişdirilməsi, bu kadrların xarici ölkələrdə təhsil və təkmilləşmək üçün formalaşdırılması çox məqsədəuyğun olardı. Doğrudur, bu məsələlər bir qədər vaxt aparan məsələlərdir, amma yaxşı serialların ortaya qoyulması üçün birinci növbədə kadrların təkmilləşdirilməsinə fikir verilməlidir. Məsələn, Üzeyir Hacıbəyov konservatoriya qurmamışdan qabaq xarici gəzərək ən yaxşı müəllimləri ora dəvət edib. Musiqiçilərin təkmil yetişməsi üçün Üzeyir bəy məhz bütün bu çətin mərhələləri keçməli olub. Biz də bu yolla  getməliyik ki, mədəniyyətin ümumi inkişafına daha çox töhfələr verə bilək.

-  Təhsil sistemi gənclərin mütaliə mədəniyyətinin, yeni ədəbi nəslin formalaşmasındakı çatışmazlıqlarda rol oynaya bilərmi?

- Məktəblilər arasında neqativliklərin olması, münasibətlərdə “güclü” ilə “gücsüz”ün fərqləndirilmıəsi, zorakı təfəkkür tərzi aşılayan fərdlərə rast gəlinməsi halları var ki, bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, bu cür tələbələr kitab oxumağa meyilli deyil. Çünki kitab oxumağa belə, bu cür tələbələr normal yanaşmırlar. Ümumiyyətlə, adi metroda gedərkən kitab oxuyursansa, hamı  sənə qəribə bir tərzdə baxacaq. Bu məsələ mütaliə ilə bağlı ümumi bir problemdir və təhsil sistemində də öz növbəsində mütaliə mədəniyyətinin formalaşmasına ciddi fikir verilməlidir. İstər müəllimlər, istərsə də valisdeynlər məktəblilərin İKT vasitələrindən, mobil telefondan və sair əşyalardan düzgün və qədərincə istifadəsinə fikir verməlidirlər. İKT-nin, mobil telefonların çoxfunksiyalılığı şəraitində çox vaxt təhsil, kitab, mütaliə məktəblilərin yadından çıxır. Bu baxımdan həmin vasitələrlə bağlı bir sıra qaydalara təhsil müəssisələrində əməl edilməsinə ehtiyac var.

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2012.-9 may.-S.11.