“Eurovision”un Azərbaycan
üçün əhəmiyyəti böyükdür
Saleh Bağırov: “Müsabiqəyə
hazırlıq yüksək səviyyədə təşkil
olunub”
Bildiyimiz
kimi, bu il “Eurovision” paytaxt Bakıda keçiriləcək.
İstər Bakı sakinləri, istərsə də
müsabiqəni izləməyə gələn əcnəbi
qonaqlar həmin günləri həyəcanla gözləyir.
Müsabiqənin Azərbaycan üçün necə əhəmiyyətli
olması danılmaz faktdır. Avropadan uzaqda - Qafqazda yerləşən
və ərazisinin 20 faizini itirən Azərbaycan
üçün bu müsabiqə özünü təsdiqləmək
baxımından böyük bir şansdır. Avropalılar
işğala məruz qalan, müharibə şəraitində
yaşayan, lakin böyük bir əzmlə mövcudluğunu
sürdürən bu ölkəni yaxından tanıyaraq onun həqiqətlərini
öz gözləri ilə görməlidirlər. İndi cəmiyyətdə
bu müsabiqə ətrafında mübahisəli fikirlər
yürüdülür. Hətta Azərbaycanın xaricində
bu müsabiqəni boykot etmək üçün “dəridən-qabıqdan
çıxan” azərbaycanlıları görəndə
onların bu xalqa mənsub olmasını şübhə ilə
qarşılayıram. Axı bu müsabiqənin nəyi
pisdir? Bu günə qədər Azərbaycan haqqında
çox az sayda ölkə məlumatlıdırsa, bu gün
Eldar və Nigar dueti sayəsində bütün Avropanın
diqqəti bizə yönəlib. Ölkə daxilində də
bəzi müxalif qüvvələr bu nüfuzlu
yarışmanı kölgələmyə cəhd edirlər.
Hətta artıq turistlərin ölkəyə cəm
olduğu bir vaxtda Azərbaycanın siyasi imicini sarsıtmaq
üçün müxtəlif gülünc aksiyalar
keçirməyə cəhd edirlər. Gülünc deyirəm,
çünki həqiqətən istər Bakı sakinləri,
istərsə də xaricilər bu cür aksiyalara və
onların iştirakçılarına sadəcə
gülümsəyirlər. Və düşünürəm
ki, yüzlərlə insanın gecə-gündüz çalışması
sayəsində əldə edilən qalibiyyətimizə
özümüzünkülər niyə belə aqressiv
yanaşır?
Azərbaycan
teleməkanında “Eurovision” Mahnı Müsabiqəsi ilk dəfə
2006-cı ildə yayımlanıb. İctimai Televiziya və
Radio Yayımları Şirkətinin efir fəaliyyətinin bir
ili tamam olmamış onlar bu müsabiqənin
yayımçısı hüququnu aldılar. Həmin ərəfədə
xatırladığım bir məqamı xüsusi qeyd etmək
istəyirəm. Hər kəs bu müsabiqədə Ermənistanın
iştirak etməsini, bizim isə kənarda
qalmağımızı tənqid edirdi. Hətta bəziləri
bu yarışmaya ölkəmizin qatılmamasında dövləti
günahlandırırdılar. Məhz bu fikirlərə
aydınlıq gətirmək üçün müsabiqə
tarixinə və ona qatılma şərtlərinə
aydınlıq gətirim. Qeyd edək ki, ilk baxışda
qeyri-real olan bu layihə Avropa Yayımları İttifaqı ilə
qurulan sıx əlaqələr nəticəsində
reallaşdı. Həm də heç bir ili tamam olmayan
teleşirkətin buna nail olması sözügedən qurumun fəaliyyəti
ərzində ilk istisna hal idi. Çox keçmədən
İctimai Televiziya həmin qurumun üzvünə
çevrildi. Qeyd edək ki, bundan əvvəl ittifaqa üzv
seçilən televiziyaların ən azı bir ili tamam
olmalı idi.. Qeyd edək ki, 2008-ci ildə müsabiqəyə
ölkəmiz “Day after day” adlı kompozisiya ilə
qatıldı. Yenə də bir çoxları Azərbaycanın
bu ilk addımını dəyərləndirmədi. Əslində
bu müsabiqəyə illərlə qatılan və heç
onluğa belə düşməyən ölkələr
olduğu halda Azərbaycan bu onluqda qərarlaşdı.
Növbəti ildə isə Aysel və Araş
cütlüyünün uğurlu ifası bizi Avropada
üçüncü etdi. Müsabiqəyə
qatıldığı dördüncü ildə isə Azərbaycan
Eldar və Nigar sayəsində qalib oldu. Və budur, bir həftə
sonra bu möhtəşəm
müsabiqə ölkəmizdə keçiriləcək.
Müsabiqənin Azərbaycanda keçirilməsi Azərbaycanın
dünyada tanınmasına bərabərdir. Çünki bu
müsabiqə yalnız Avropada deyil, həmçinin
iştirakçı olmayan Avstraliyada, Kanadada, Misirdə,
Honqkonqda, Hindistanda, İordaniyada, Koreyada, Yeni Zellandiyada və
ABŞ-da yayımlanır.
İçərişəhərdə
günün ayrı-ayrı hissələrində “Eurovision”
fanları gəzintilər keçirir
Etiraf etməliyik
ki, ölkəmiz indiyə qədər müxtəlif idman və
ya musiqi yarışmalarında təmsil olunsa da, ilk dəfədir
ki, belə mötəbər müsabiqəyə ev sahibliyi
edir. Bu müsabiqəyə dövlətin külli miqdarda vəsait
xərclədiyini qeyd edən yazıları oxuduqda isə
insanların primitiv düşüncələrinə təəccüblənirəm.
Aydın məsələdir ki, təbliğat
üçün pul xərclənməlidir. Hətta ölkəmizin
turizm sektoru bu müsabiqə sayəsində qoyulan puldan dəfələrlə
çox qazanacaq. İllərlə turist üzü görməyən
otellərimizin “bəxti açılacaq”. Əcnəbilərə
xaricdə erməni milli mətbəx nümunələri
olaraq tanıdılan milli təamlarımız, mineral
sularımız, nəhayət ki, bizə aid olduqlarını
Bakıda “sübut edəcəklər”. Əcnəbi Şəki
kimi qədim bir məkanı gəlib Azərbaycanda görəcək,
İçərişəhərdə gəzib
xalqımızın tarixi haqqında məlumat alacaq. Və ən
nəhayət, Qarabağ həqiqətlərini
öz gözləri ilə görəcək. İndi şəhərimizə turistlərin
olduqca güclü bir axını var. Xüsusilə
İçərişəhərdə günün
ayrı-ayrı hissələrində “Eurovision” fanları gəzintilər
keçirir. Turistlər burdan alış-veriş edirlər.
Otellərlə yanaşı restoran və kafelərin də
işində aktivlik yaranıb. Hətta yaşadığım
Sahil qəsəbəsinin dənizkənarı restoranlarına
xaricilərin hər gün gəlişinin şahidi oluram. Hətta
bir nəfər ticarətçi deyirdi ki, Binədə ölkəmizlə
bağlı olan aksessuarların satışından təkcə
bir gündə 1600 manat gəlir əldə edib.
Göründüyü kimi, müsabiqə sadə vətəndaşlar
üçün də real gəlir mənbəyi yaradıb.
Müsabiqə Bakı sakinlərinin əhval-ruhiyyəsinə
də təsir göstərib. Şəhərdə hamı
bayram əhval-ruhiyyəsindədir. Hamı turistlərə
qarşı qonaqpərvərlik nümayiş etdirir, onlarla
münasibət saxlamağa çalışır, ölkəmiz
haqqında onlarda xoş təəssüratlar yaratmağa səy
göstərirlər.
“Bu müsabiqənin bizim ölkəmizin
incəsənəti və mədəniyyətinin təbliği
üçün əhəmiyyəti böyükdür”
Müsabiqənin
Azərbaycan üçün nə kimi önəm
daşıması ilə bağlı ilk olaraq “Palitra”ya uzun
müddət Rusiyada yaşayan həmyerlimiz, bəstəkar
Sevinc Tofiqqızı danışdı: “Əvvəllər
bütün dövlətlər bu müsabiqədə
iştirak edirdi. Bir Azərbaycanın belə bir mötəbər
yarışmada adı hallanmırdı. Bilirsiniz ki, orda ilk
mahnımız həmkarım Gövhər Həsənzadəyə
aid olub. Artıq onda biz tanınmağa başladıq. Sonra
Aysel və Araşla üçüncülük əldə
etdik. Bunun nəyi pisdir axı? Mən uzun müddət Moskvada
olmuşam və hara gedirdimsə, ancaq ermənilər
haqqında danışırdılar. Azərbaycan haqqında
onların məlumatları az idi. İndi isə bizim musiqimiz
bütün dünyada tanındı. Bizim
mahnılarımız muğam üzərində qurulur.
Muğamımız bir vaxtlar laqeydlik ucbatından kənarda
qalmışdı. Sağ olsun Mehriban xanım ki, muğama belə
önəm verdi. İlk dəfə biz muğamı Avropa səhnəsinə
daşıdıq. Bu, dövlət qayğısının sayəsində
oldu. İndi adi rus mahnılarında belə mən balaban
ifasının, muğam elementlərinin səslənməsinin
şahidi oluram. Bu artıq bzim üçün olduqca müsbət
bir haldır. Bizim musiqidən artıq digər xalqlar da
yararlanırlar. Səbinə Babayevanın bu il ifa etdiyi
mahnı da bizim istedadlı oranjemançı Yaşar
Baxış sayəsində olduqca milli kaloritdədir. Hətta
fonda Alim Qasımovun səsi mahnıya özünəməxsus
bir rəng qatır. Çox vaxt deyirlər ki, guya biz Avropaya
milli kaloritdə mahnı aparmırıq. Ancaq bu
xırdalıqlara fikir vermək lazımdır. Elə Aysel və
Araşın da ifa etdikləri mahnıda tar alətindən
istifadə buna bir nümunədir. Mən incəsənət
sahəsinin bir nümayəndəsi kimi deyirəm ki, bu
müsabiqənin bizim ölkəmizin incəsənəti və
mədəniyyətinin təbliği üçün əhəmiyyəti
böyükdür. Hətta düşünürəm ki, gələcəkdə
avropalı müğənnilər bizim bəstəkarlardan
mahnılar götürüb ifa edəcəklər.
Bütün dünyadan hamı Azərbaycana axışıb
gəlib və bizim mədəniyyətimizlə
maraqlanırlar. Bizim müğənnilər məhz bundan
istifadə edib konsert proqramları hazırlaya bilərlər.
Latviya təmsilçisi “Sarı gəlin”i ifa etdi və bizim
dilimizdə. Artıq dünya bu xalq mahnısının ermənilərə
məxsus olmadığını nəhayət ki anlayıb. Yəni
bu yarışmanın keçirilməsi bizim dövlətçiliyimiz
üçün də önəmli bir şeydir. Çox
maraqlı bir müsabiqədir. Mən də, uşaqlarım
da müsabiqəni hər il maraqla izləyirik.
Dördüncü dəfədən qalib olmuşuq. Kiçik
bir dövlət üçün bu böyük bir uğurdur.
Hətta baxın, ermənilər belə bu uğura dözməyib
yarışmaya qatılmadı. Mənə elə gəlir ki,
Ermənistan bu müsabiqədə iştirak edə bilməzdi.
Bilirsiniz, Qarabağ həqiqətlərini Avropadaan gələn
qonaqlar burda daha yaxşı anlayacaqlar. Şəhid düşənlər,
əsirlikdə olanlar barədə məlumat alacaqlar. Və
bütün bunlardan sonra həmin avropalılar
qarşısında ermənilərin səhnəyə
çıxması olduqca gülünc idi. Yəqin buna görə
də gəlməkdən boyun qaçırdılar”.
Saleh Bağırov: “Final gecə səsvermədə
Azərbaycandan verilən xalları mən elan edəcəm”
“Eurovision”
həyəcanını səhnədə yaşayacaq
İctimai Televiziyanın aparıcı simalarından Saleh
Bağırov isə müsabiqəyə hazırlıqlardan
danışdı: “Mənə elə gəlir ki, buna ancaq
sevinmək lazımdır ki, ölkəmizdə mühüm
bir hadisə baş verir. Bu müsabiqəni canla-başla qəbul
edib yüksək səviyyədə keçirmək
lazımdır. Müsabiqəyə hazırlıq yüksək
səviyyədə təşkil olunub. “Kristal Hall”, məşqlər,
iştirakçıların məşqləri, sonra
müsabiqənin jurnalistlər tərəfindən
işıqlandırılması, hər bir şey yüksək
səviyyədə hazırlanıb. Yəni burda heç bir
maneə törədən qüvvə yoxdur və ola da bilməz.
Mühafizə yüksək səviyyədə təşkil
olunub. Bir məlumat da verim ki, mayın 22-si və 24-ü
yarımfinal mərhələləridir. Orda iki şərhçi
var. Biri mənəm, digəri isə Könül
Arifqızıdır. Final gecəsi bildiyiniz kimi, ayın
26-sı baş tutacaq, onu Könül xanım tək şərh
edəcək. Çünki həmin gecə səsvermədə
Azərbaycandan verilən xalları mən elan edəcəm.
Hazırda müsabiqə gecəsi üçün
hazırlaşırıq. Müsabiqədə təmsil olunan
ölkələrin iştirakçılarını da hər
gün efirə qonaq edirik. Həftə boyu da bütün
müxtəlif ölkə təmsilçiləri efirimizə
qonaq olacaqlar. Onlar xüsusi vurğulayırlar ki, dənizin
qoynunda belə bir arenanın qurulması olduqca gözəldir.
Ölkəmiz haqda gözəl təəssüratları var.
Onlar boş vaxlarında İçərişəhəri gəzirlər.
Yəni Bakı və onun sakinlərindən ağızdolusu
danışırlar”.
Nüşabə
Palitra.-2012.-16 may.-S.7.