Novosibirskdə yaşayan Əli Muradov: “Harada oluramsa olum, Vətənimi heç
nəyə dəyişmərəm”
“Azərbaycan mahnılarından da
klassik əsərlər ifa etməyə
çalışıram. Əsasən unudulmuş
mahnıları tapıb oxuyuram”
Layihə
çərçivəsində növbəti müsahibimiz
skripka və vokal ifaçılığı üzrə bir
sıra müsabiqələrin qalibi olan, İspaniyada
keçirilən qala-konsertin 1-ci dərəcəli laureatı
diplomuna layiq görülən və hazırda Novosibirskdə
yaşayan Əli Muradovdur:
- Mən
Rusiyada doğulmuşam və hazırda Novosibirskdə
yaşayıram, mayın 17-də 11 yaşım tamam olacaq.
Hazırda 4-cü sinfi bitirirəm, musiqi məktəbində də
5-ci sinfə keçirəm. Həm vokal, həm skripka
şöbələrində təhsil alıram. Nəinki məktəbdə,
Novosibirsk Filarmoniyasında və Operada keçirilən konsert
proqramlarında tez-tez iştirak edirəm. Bu yaxınlarda
filarmoniyada akademik orkestrlə çıxışım oldu.
Azərbaycan diasporunun təşkil etdiyi bütün tədbirlərdə
də iştirak edirəm. Burada tez-tez Azərbaycan gənclər
təşkilatlarının tədbirləri olur. Leyla Əliyevanın
rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) ən gənc üzvüyəm. Burada da AMOR-un filiali var
və mən tədbirlərdə azərbaycanlı kimi gəncləri
təmsil edirəm. Azərbaycanlı uşaqlarla əsasən
diasporun tədbirlərində görüşürük.
Müxtəlif dillərdə, o cümlədən Azərbaycan
dilində, italyanca da mahnılar ifa edirəm. Hətta ana
haqqında italyanca mahnı oxuduğum konsertdə bəzi
insanlar gözyaşları ilə mənə
yaxınlaşırdılar. Məktəbdə ingilis dili
öyrənirəm, əlavə olaraq isə artıq 3 ilə
yaxındır italyan dili dərsləri alıram. İtalyan
dilini öyrənməyimi valideynlərimdən özüm
xahiş etdim. Çünki oxuduğum klassik əsərlərin,
ariyaların çoxu italyanca oldugu üçün əvvəl
sözlərini basa düşmürdüm, indi isə
götürdüyümüz yeni əsərlərin sözlərini
artıq başa düşürəm və daha ürəkli
oxuyuram. Doğma ana dilimi də təmiz bilirəm, evdə
öz dilimdə danışıram, rus dili də ki öz
yerində.
- Musiqi fəaliyyətin dərslərinə
problem yaradırmı?
- Bəli,
hərdən olur. Müsabiqə qabağı məşqlərlə
bağlı, ya da səfərdə olanda bəzən dərslərin
bir neçə gününü buraxmalı oluram. Ancaq
çalışıram ki, dərslərimi
çatdırım, buraxılan materialları oxuyuram və
sinifdə heç kimdən geri qalmıram. Məktəbdə
qiymətlərim əladır, medalistlərin qrupundayam,
yalnız idman dərsindən bir 4 qiymətim var. Ümumiyyətlə,
idmanı çox sevirəm, amma vaxtım olmur. Heç
üzgüçülüyə vaxt tapa bilmirəm, amma
şahmat oynamağı bilirəm. Demək olar ki, səhər
çıxıb, axşam gəlirəm. Səhər 8-də
məktəbə, 2-dən sonra həftədə 2 dəfə
vokal, 2 dəfə skripka, solfecio dərsləri, musiqi ədəbiyyatı
dərslərinə gedirəm. Hələ müsabiqə
qabağı, hətta bazar günləri də hər gün
məşqlərdə oluram. Konservatoriyaya gedirəm. Skripka
müəllimim Rusiyanın Əməkdar incəsənət
xadimidir və Qlinka adına Konservatoriyanın dosentidir. Vokal
müəllimim isə beynəlxalq müsabiqələr
laureatıdır. Azərbaycanlı olduğumu getdiyim
müsabiqələrdə hər kəs bilir. Mən də
çalışıram ki, Azərbaycanı
bacardığım qədər tanıdım.
- İspaniyada keçirilən
qala-konsertin qalibi kimi bununla bağlı nə deyərdin?
-
Türkiyədə, İspaniyada, Sankt-Peterburqda, Krasnoyarskda,
Moskvada beynəlxalq müsabiqələrdə və
qala-konsertlərdə iştirak etmişəm. Bu sonuncu
müsabiqədə İspaniyanın mərkəzi
meydanında qala-konsert və diplomların təqdimat mərasimi
keçirildi. O konsertdə yalnız qaliblər
çıxış edirdi. Mən hələ müsabiqənin
nəticəsini bilmirdim. Çünki nəticə konsertin
sonunda bilinəcəkdi. Ancaq adımı qala-konsertin
iştirakçılarının siyahısında görəndə
sevindim. Mərkəzi meydanda Dvorjakın “Melodiya”sını
ifa etdim. İspanlar tərəfindən çox yaxşı
qarşılandı. Çünki onlar klassikanı çox
sevirlər. Sonda diplomlar təqdim edildi və mən 1-ci dərəcəli
laureat diplomuna layiq görüldüm. Konsertin səhəri
günü yolda bir neçə ispan məni tanıyıb
yaxınlaşdı və soruşdular ki, sən
skripkaçı oğlansan? Yəqin ki, meydanda konserti izləyən
tamaşaçılardan idilər. İspan dili ilə italyan
dili bir-birinə çox oxşayır və mən ona görə
bəzən başa düşürdüm.
- Həm skripka ifaçısı,
həm də vokalçı kimi çıxış edirsən.
Gələcəkdə bunların hansının ardınca
getmək istərdin?
- Mən
vokalı daha çox sevirəm. İtaliyada vokal üzrə təhsilimi
davam etdirmək istəyirəm. Ancaq skripkada da vokal kimi, eyni
uğurlarım olduğuna görə hələki paralel
gedir. Heyfim gəlir, skripkanı ata bilmirəm. Vokalçı
olmaq istəyirəm. Əsasən klassik əsərlər,
ariyalar ifa edirəm. Baxın, Şubertin, Bethovenin, Vivaldinin əsərlərinə
müraciət edirəm. Alman, italyan, rus dilində klassik əsərlər
oxuyuram, skripkada da klassik əsərlər ifa edirəm.
- Repertuarında
Azərbaycan mahnılarına
yer verirsənmi?
- Azərbaycan mahnılarından
da klassik əsərlər ifa etməyə çalışıram.
Əsasən Rəşid Behbudovun,
Müslüm Maqomayevin
repertuarından mahnılar
seçib oxuyuram.
Ancaq neopolitan mahnılarını
çox sevirəm.
İtalyan dilində oxumaq
xoşuma gəlir, Pavarottiyə, Boçelliyə,
Lorettiyə çox qulaq asıram. Tofiq Quliyevin mahnılarını
oxuyuram. Hazırda Rəşid
Behbudovun ifa etdiyi, Rauf Hacıyevin
“Əziz şəhər”mahnısının
üzərində çalışıram.
İnşallah, bu yay Bakıda efirə dəvət ediləndə
ifa edəcəm.
Bundan başqa Rəşid Behbudovun “Malçik iz Karabaxa” adlı
mahnısını oxuyacam.
Əsasən unudulmuş mahnıları
tapıb oxuyuram.
Bu baxımdan da bu mahnını oxumaq istədim, “Malçik iz Karabaxa” mahnısını
heç kim
oxumur, unudulub, amma çox gözəl mahnıdı.
Rusiyada verilişlərə çox
dəvət olunmuşam.
Hətta
burada telekanallarda bir neçə dəfə mənim haqqımda verilişlər
də hazırlanıb.
Azərbaycanda da bir sıra telekanallarda müxtəlif verilişlərin
qonağı olmuşam.
Mənim
haqqımda oçerklər
hazırlanıb.
- Bakıya tez-tez gəlirsən?
- İldə 2 dəfə
gəlirəm. Dekabrın 26-da Filarmoniyada Fidan
və Xuraman Qasımovaların konsertinə
dəvət olunmuşdum.
Orkestrin rəhbəri Rauf Abdullayev idi. Konsert çox yaxşı keçdi. İtalyanca Pavarottinin repertuarından
“Torna A Surryento” əsərini ifa etdim. Solo konsert
vermək istərdim, amma hələ çox kiçiyəm.
Azərbaycanı çox sevirəm.
Harada oluramsa olum,
Vətənimi heç
nəyə dəyişmərəm.
Biz ailədə 2 qardaşıq, böyük
qardaşım 5 yaş
məndən böyükdür.
O da Bakını
çox sevir. İkimiz də yayın gəlişini səbirsizliklə
gözləyirik. Bakının gözəl, görməli
yerlərini gəzirəm.
Azərbaycanın bölgələrini, rayonlarını gəzməyi
sevirəm. Tez-tez dənizə
gedirəm. Bakı Bulvarı
çox xoşuma gəlir.
Nigar Abdullayeva
Palitra.-2012.-16 may.-S.12.