İstedadlı uşaqlar
üçün xüsusi
bağça açıldı
Dünən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsinin açılışı olub. Şirkət rəhbərinə Bakı İstedadlar Təhsil Kompleksi haqqında ətraflı məlumat verilib və bildirilib ki, bu təhsil ocağı bütün dünyada məşhur olan ingilis məktəbləri tipində və həmin məktəblərin standartları əsasında fəaliyyət göstərəcək. Bibiheybət qəsəbəsində 7 hektar ərazidə inşa olunmuş Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsində təhsil alacaq 3-5 yaşlı uşaqlar üçün rəsmxət otağı, interaktiv lövhə, musiqi, təsviri sənət nümunələri, teatr səhnəciklərinin hazırlanması üçün otaqlar, fənn kabinetləri, kitabxana, konstruksiya bürosu, emalatxana, istirahət guşəsi, üzgüçülük hovuzu, idman zalı, 200 nəfərlik zal, yeməkxana və mətbəx yaradılıb.
Bağça və məktəbəqədər, ibtidai
və orta təhsil bölmələrindən
ibarət 1 200 şagird üçün
planlaşdırılmış Bakı İstedadlar
Təhsil Kompleksində yaxın müddətdə digər
bölmələr üçün 100 yerlik kitabxana, iki idman zalı, 400 metrlik qaçış zolağı, 900 nəfərlik
akt
zalı, konfrans otaqları, pedaqoji heyət üçün
iş otaqları, elmi
laboratoriyalar, daxili hovuz, futbol və basketbol meydançaları, ibtidai
və orta təhsil bölmələri
üzrə ayrı-ayrı yeməkxana və mətbəxlər,
120 şagirdlik yataqxana,
tibb məntəqəsi, 3D planetarisi,
robot texnikası və animasiya
otaqlarının yaradılması planlaşdırılır.
Yüksək səviyyəli kadr
hazırlığına, respublikada praktiki öyrənmə metodlarının, o cümlədən İngiltərə-Uels kurikulumunun aspektlərinin tədris olunmasına
xidmət edəcək kompleksdə təhsil alacaq
şagirdlərin yaşına və inkişaf
dövrünə uyğun olan
mütərəqqi təlim mühitinin
təmin edilməsi, zəkalı düşüncə tərzi
üzrə zəruri bacarıqların inkişaf
etdirilməsi, informasiya
texnologiyalarından istifadə etməklə effektiv
tədrisin həyata keçirilməsi nəzərdə tutulur. Yaradılmış şəraitdən
razı qaldığını söyləyən R.Abdullayev bildirib ki, Bakı İstedadlar Təhsil
Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün
bölgələrində yaşayan,
yüksək intellektual qabiliyyətə və
parlaq istedada malik uşaqların aşkara
çıxarılması və onlara müasir standartlar səviyyəsində
bilik və bacarıqların
aşılanması üçün nəzərdə
tutulmuş yeni tipli təhsil müəssisəsidir. ARDNŞ
rəhbəri onu da bildirib ki, kompleksdə
imkansız ailələrdən olan uşaqlara xüsusi
qayğı və diqqət göstəriləcək. Qeyd edək ki, kompleksin açılış mərasimində
ARDNŞ rəhbərliyi, İngiltərənin «Gabbitas» təhsil məsləhətçi
şirkətinin nümayəndəsi Hyu Monro, məktəbin rəhbərliyi və
valideynlər iştirak ediblər.
Palitra.-2012.-2 noyabr.-S.5.