Kitab sərgiləri uşaqların kitaba olan marağını artırır

 

Layihə çərçivəsində müsahibimiz Hacıqabul Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Daxil Həsənovdur: 

 

- Hacıqabul rayonunda Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan biri rayon Mərkəzi Kitabxanası və onun Uşaqlara xidmət şöbəsi, 6-sı şəhər və qəsəbə kitabxanası, 20-si isə kənd kitabxana-filialıdır. Öz vəzifəsini rayonun 68 mindən çox əhalisinə kitabla xidmətdə görən Hacıqabul rayon dövlət kütləvi kitabxanaları rayon ərazisindəki bütün kitabxanalardan oxucuların tam istifadəsinə nail olmaqdan ötrü özünün bütün imkanlarından istifadə edir. 2012-ci ilin cari dövründə Hacıqabul Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondu 225 min 585 ədəd kitabdan ibarətdir. 2012-ci ilin keçən dövründə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna 311 ədəd yeni ədəbiyyat daxil olub. Yeni daxil olan ədəbiyyatlar ayrı-ayrı idarə və müəssisələr, fəal oxucular, şair və yazıçılar tərəfindən hədiyyə edilib. Əhaliyə kitabla xidmətdə rayon Mərkəzi Kitabxanası mühüm rol oynayır. Mərkəzi Kitabxananın fondu hazırda 14 min 953 nüsxə kitabdan ibarətdir. Keçən müddət ərzində kitab fondunun təbliğinə kömək məqsədilə ictimai-siyasi hadisələrlə yanaşı yazıçı M.S.Ordubadinin 140 illiyinə aid sərgi təşkil edilib, 2 aprel Beynəlxalq Uşaq Kitab Günü münasibətilə “Uşaq yazıçı və şairlərindən kimləri tanıyırıq?” adlı sual-cavab gecəsi keçirilib. Həmçinin 20 Yanvar hüzn gününə, Gənclər Gününə, 8 Mart Beynəlxalq Qadınlar Gününə, 20-21 Mart Novruz bayramına, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işgalı gününə, Xalq şairi Məmməd Rahimin 105 illiyinə, şair Əhməd Cavadın 120 illiyinə, faşizm üzərində Qələbənin ildönümünə, Şuşa şəhərinin işgalı gününə aid sərgilər təşkil edilərək söhbətlər keçirilib. Rayon Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevın anadan olmasının 89-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir” başlığı altında kitabjurnallardan ibarət sərgi təşkil edilib. Bu sərgidə “Qurtuluş”, “Azərbaycan tarixinin parlaq səhifələri”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və muzeylərimiz”, “Sülh və təhlükəsizlik naminə”, “Avropa Şurası və Azərbaycan”, “Müstəqilliyimiz əbədidir” adlı kitablar nümayiş olunub. Bundan əlavə ulu öndərin irsinin öyrənilməsi və təbliği ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan”, “Ərazi bütövlüyümüz uğrunda mübariz”, “ Millət atası”, “Dünya şöhrətli siyasi xadim”, “Mədəniyyətin intibah dövrü - Heydər Əliyev dövrü”, “Heydər Əliyev və kitabxana işi” adlı məruzə və mühazirələr hazırlanaraq oxunub. Mərkəzi Kitabxanada “Vətən, vüqarımsan, Vətən, andımsan” şeir gecəsi keçirilib. Həmçinin 1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi hazırlanaraq ümumrayon tədbirində nümayiş etdirilib.

- Gənc nəslin kitaba olan marağını artırmaq üçün hansı tədbirlər həyata keçirirsiniz?

- Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində cari dövrdə uşaqlara kitabla xidmət göstərilib. Belə ki, ilin geridə qalan ayları ərzində Uşaq Kitabxanasından rayon üzrə 1729 nəfər istifadə edib. Uşaqlara 27346 ədəd kitab verilib. Uşaq şöbəsinin fondu 10 min 328 ədəd kitabdan ibarətdir. Bu il kitabxanaya 38 ədəd yeni kitab daxil olub. Uşaqlarda kitaba olan marağı yüksəltməkdən ötrü yazıçı Əlfi Qasımovun 85 illiyinə həsr edilmiş kitab sərgisi təşkil edilib, “İnsan qaranquş deyil” əsərinin müzakirəsi keçirilib. Eyni zamanda burada Vidadi Babanlının 85, Cəlil Məmmədquluzadənin 105, Xalq yazıçısı İsmayıl Şıxlının 90, həmyerlimiz, şair Sabir Almazovun 75, Məmməd Rahimin 105, şair Əhməd Cavadın 120, Xalq şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə aid müxtəlif məzmunlu tədbirlər hazırlanıb. Kitab sərgiləri uşaqların kitaba olan marağını artırır. Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq sərgi təşkil edilib, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı söhbətlər keçirilib. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinə kömək məqsədilə “Qələbə çal, igid əsgər!”, “Azərbaycanın Milli Qəhrəmanları”, “Tarixin qan yaddaşına həkk olunmuş səhifə”, “Generel Həzi Aslanov” adlı tədbirlər keçirilib. 20 Yanvar hüzn gününə, 2 Fevral Gənclər Günü, Novruz bayramı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü, Kəlbəcər, Şuşa və Laçının işğalı ilə bağlı məktəbli uşaqlarla söhbətlər aparılıb. Uşaq şöbəsi 28 May Azərbaycan Demokratik Respublikasının yaranması ilə əlaqədar “Vətən mənə oğul desə, nə dərdim” adlı ədəbi-bədii gecə keçirib, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaq Hüquqları” adlı sərgi təşkil edib.

- Kənd kitabxanalarının vəziyyəti necədir?

- Ümumiyyətlə, 2012-ci ilin cari dövründə rayonun şəhər və qəsəbə kitabxanalarından 1613 nəfər oxucu istifadə edib. Oxuculara 15717 nüsxə kitab verilib. Şəhər və qəsəbə kitabxanalarına bu dövrdə 135 ədəd yeni kitab daxil edilib. Onların kitab fondu hazırda 27 min 727 ədəd kitabdan ibarətdir. Kənd əhalisinə hazırda 20 kənd kitabxanası xidmət göstərir. Kənd kitabxanalarının kitab fondu 172 min 538 nüsxədən ibarətdir. Keçən dövr ərzində oxucuların sayı 7633 nəfərdən ibarət olub. Rayonun şəhər, qəsəbə və kənd kitabxanalarında yazıçı Əlfi Qasımovun anadan olmasının 85, Vidadi Babanlının 85, Əzizə Əhmədovanın 80 illik yubileylərinə aid sərgilər təşkil olunub, söhbətlər keçirilib. Rayonun Navahı, Qubalı-Balaoğlan, Kürçülü, Talış, Qarasu, Şorbaçı, Tava, Paşalı, Qızılburun kənd kitabxanalarında, Muğan qəsəbə kitabxanasında ulu öndərin irsinin təbliği ilə əlaqədar olaraq “Çoxəsrlik tariximizin 34 ili”, “İnkişaf və yüksəliş dövrü”, “Ərazi bütövlüyümüz uğrunda mübariz”, “Müstəqil dövlət quruculuğu”. “Heydər Əliyev və mənəvi dəyərlərimiz” adlı söhbətlər təşkil edilib, məruzələr oxunub. Keçən dövr ərzində kitabxanaların informasiyalaşdırılması sahəsində də işlər görülüb. Prezidentin 6 oktyabr tarixli 3072 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Hacıqabul Rayon Mərkəzi Kitabxanasının internet portalı yaradılıb. Rayon Mərkəzi Kitabxanasında “İRBİS-64”  Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq olunaraq fəaliyyətini davam etdirir. Hazırda 1200-dən çox adda 42 minə yaxın latın qrafikalı kitabın elektron kataloqu yaradılıb. Proqramda kiril qrafikası ilə nəşr olunan kitabların elektron kataloqunun yaradılması işi hər gün davam etdirilir. Mərkəzi Kitabxanada 10 ədəd kompyuter lokal şəbəkəyə qoşulub. Hacıqabul Rayon Mərkəzi Kitabxanasının saytında müxtəlif bölmələr yaradılıb. Bu ilin oktyabr ayında dövlət müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş kitab bayramı keçirilib. Kitab bayramında rayon rəhbərliyi də iştirak edib. Hacıqabul Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi daim əhaliyə kitabla xidmət işini yüksəltməyə çalışır.  

 

 

Anar Miriyev

Palitra.-2012.-6 noyabr.-S.12.