«Mədəniyyət vasitəsilə vətənpərvərlik hissini təbliğ edirik»

 

Layihə çərçivəsində müsahibimiz Samux Rayon Mədəniyyət Evinin direktoru  Şəlalə Tağıyevadır:

- Samux rayonunun qəsəbə və kəndlərində 12 mədəniyyət evi, 14 klub, 34 kitabxana və 3 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Rayon mərkəzi Mədəniyyət Evi 1954-cü ildə istifadəyə verilib. Həmin vaxtdan indiyə qədər rayon sakinlərinə yüksək mədəni xidmət göstərir. Hələ sovetlər birliyi dövründə Mədəniyyət Evinin tərkibində xalq teatrı, rəqs qrupu, biçmə-tikmə, bədii qiraət, toxuculuq, şahmat, bilyard dərnəkləri yaradılıb. Hələ o vaxtlar rayonun üzümçülük sovxozunda fəhlələrin istirahət vaxtının səmərəli keçməsi üçün maraqlı konsert proqramı və yumor səhnəcikləri ilə uğurla çıxışlar olub. Mədəniyyət Evi olaraq bu gün rayon əhalisinə yüksək səviyyəli xidmət göstərməyə çalışırıq. Hər il olduğu kimi, bu il başlayandan əvvəlcədən tərtib olunmuş plana uyğun olaraq genişmiqyaslı tədbirlər həyata keçirmişik. İlin əvvəlində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə musiqili  “Qış gecəsi” adlı proqram keçirdik və tədbirdə əsas məqsəd kənarda yaşayan soydaşlarımızı yada salmaq, onların bayramını təbrik etmək və uşaqlara Şaxta babaQar qız obrazını canlı olaraq nağıl vasitəsilə təqdim etmək idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş vermiş qanlı faciə haqqında geniş anım mərasimi təşkil etdik. Tədbirdə sovet ordusunun qəflətən dinc əhalinin üzərinə hücuma keçməsini və həmin gecədə həlak olan  vətəndaşlarımızın xatirəsini əziz tutaraq baş verən faciəni səhnədə kompozisiya vasitəsilə az da olsa tamaşaçılara xatırlada bildik. Burada əsas məqsəd yeniyetmə və gənclərə insani və vətəndaşlıq hisslərini aşılamaq və Vətəni sevdirməkdən ibarət idi. Erməni işğalçıları tərəfindən 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsi olan Xocalı soyqırımı törədilib. Biz hər il ağır da olsa bu qanlı faciəni insanlara xatırlatmaq istəyirik. İstəyirik ki, xalqımız, hər bir vətəndaşımız bu faciəni unutmasın. İnsanlarımıza mübarizə və qələbə hisslərini aşılamaq üçün ideoloji sahədə fəaliyyətimizi əzmlə davam etdiririk və inanırıq ki, ölkə rəhbərinin apardığı siyasət nəticəsində biz qələbəyə nail olacağıq. Mədəniyyət işçiləri olaraq bu sahədə üzərimizə düşən vəzifəni layiqincə icra etməyə çalışırıq, bu, bizim borcumuzdur. Mənfur qonşularımız tərəfindən Şuşanın və digər rayonlarımızın işğalı ilə bağlı anım mərasimləri keçiririk. Bu məraimlərdə əsas məqsəd insanlara qələbə əhval-ruhiyyəsi aşılamaq, iradəli və mübariz olmağı təbliğ etmək və bizim düşmən işğalında olan torpaqlarımızı geri alacağımıza olan sarsılmaz inamı göstərməkdən ibarətdir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon Mədəniyyət Evində konsert proqramı keçirdik. Tədbirdə Samux Rayon Mədəniyyət və Turizm Şöbəsi Həmkarlar İttifaqı təşkilatı tərəfindən qadınlara hədiyyələr təqdim olundu. Novruz bayramını ulu öndərin adını daşıyan istirahət parkında geniş təntənə ilə qeyd etdik. Şənliyin proqramı rəngarəng şəkildə hazırlanaraq gözəl mahnılardan, şeirlərdən, rəqs nömrələrindən və Novruzun ən gözəl atributu olan  Keçəl-Kosa sərgüzəştlərindən təşkil olunmuşdu.

- Mədəniyyət Evində yubileylər keçirilirmi?

- Görkəmli yazıçılarımızın, şairlərimizin, elm adamarının yubileylərini təşkil edir, bu insanların daha geniş təbliğ olunmasına çalışırıq. Bu il ərzində də bir sıa yubileylər təşkil etmişik. Məsələn, yazıçı Vidadi Babanlının 85 illik yubileyi ilə bağlı “Poeziya gecəsi” keçirdik. Gecədə iştirak edən qonaqlar onun yaradıcılığı və yazdığı əsərlər haqqında fikirlər söylədilər. Gecədə onun ən gözəl əsərlərindən biri olan “Qağayı fəryadı” əsərindən tamaşaçılara balaca bir səhnəcik təqdim olundu. Mədəniyyət Evində rejissor-pedaqoq Lütfi Məmmədbəyovun anadan olmasının 85 illik yubileyi ilə bağlı təşkil edilən dəyirmi masada onun səhnə fəaliyyətindən, rejissorluq etdiyi əsərlər və pedaqoji sahədə göstərdiyi xidmətlər haqqında dəyərli fikirlər səsləndirildi. SSRİ Xalq artisti N.Şaşıqoğlunun anadan olmasının 85 illik yubileyi ilə bağlı gecə maraqla qarşılandı. Gecədə N.Şaşıqoğlunun iştirak etdiyi filmlər, məsələn, “Uzaq sahillərdə”, “Telefonçu qız”, “Onun böyük ürəyi”, “Leyli və Məcnun” və s. filmləri haqqında maraqlı fikirlər söylənildi və onun oynadığı rollardan bizim həvəskar aktyorlarımız epizodlar göstərdilər. Xalq artisti Şövkət Məmmədovanın 115 illik yubileyi münasibətilə 1 saylı Şəhər Musiqi Məktəbi ilə birgə onun repertuarında olan mahnılardan ibarət proqram hazırladıq. Gecədə rayon orta məktəb, uşaq bağçaları və digər təşkilatlar fəal iştirak etdilər.

- Mədəniyyətimizin təbliği, vətənpərvərlik hissinin aşılanması üçün hansı tədbirlərə üstünlük verirsiniz?

- Elə sonuncu keçirdiyimiz tədbir sizin sualınıza cavabdır. Vətənpərvərlik mövzusunda hazırladığımız “Sevin Azərbaycanı” adlı tədbir böyük maraqla qarşılandı. Bizim peşəmiz ideoloji sahə olduğu üçün Vətənə məhəbbət, torpaq qeyrəti, qələbə ruhu ilə yaşamaq kimi insani hissləri aşılamaq məsuliyyətini daşıyırıq. Eyni zamanda insanları unutqanlıqdan çəkindirmək, itirilən torpaqlarımızı hər an göz önünə gətirmək istəyirik. Keçirilən kompozisiyada əsasən Xalq şairimiz X.R.Ulutürkün, M.Arazın, C.Novruzun, Z.Yaqubun şeirlərindən, poemalarından ibarət şeir çələngi hazırlandı. Tədbirdə məktəb şagirdləri, rayon icra aparatından nümayəndələr və digər idarə və təşkilatlar iştirak etdilər. Hesab edirik ki, belə tədbirlər mədəniyyət vasitəsilə insanları tərbiyələndirmək, onlarda vətənpərvərlik hissini inkişaf etdirmək baxımından əhəmiyyət daşıyır. II Dünya müharibəsi ilə bağlı keçirilən tədbirdə alman faşizmin üzərində qələbədə Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq, cəsarət, fədakarlıq və hünər xatırladıldı. Bu sahədə tədbirlər həyata keçirərkən uşaqları da unutmuruq. Rayon uşaq bağçaları və orta məktəb kollektivləri ilə mütəmadi görüşərək uşaqlar üçün maraqlı, rəngarəng proqramlar təqdim edirik. Rayonun mədəniyyət evləri və klublar müntəzəm olaraq Toğana kəndindəki “N” saylı hərbi hissəyə baş çəkirlər. Əsgərlərimizin qarşısında möhtəşəm konsert proqramı ilə çıxış etmək, onlara müxtəlif sovqatlar aparmaq hər birimizdə qürur hissi yaradır. Biz əsgərlərimizə sərhəddə ayıq-sayıq durmağı, itirilən torpaqlarımızı almaq üçün daha mübariz olmağı tövsiyə edirik. 1 Oktyabr Ahıllar Günü münasibətilə Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə tədbir keçirildi. Rəsmi hissə başa çatdıqdan sonra Mədəniyyət Evimusiqi məktəbinin kollektivinin birgə hazırladığı musiqi proqramı qonaqlara təqdim olundu. Proqram əsasən mahnılardan, şeirlərdən, rəqslərdən və səhnəcikdən hazırlanmışdı. Oktyabr ayında müəllimlərin peşə bayramını yüksək səviyyədə qeyd etmişik. Çıxış edən qonaqlar ölkəmizdə gedən təhsilin inkişafından, islahatlardan söhbət açdılar və eləcə də bu il məktəbi qurtaran məzunlarımızın ali təhsil ocaqlarına və digər məktəblərə daxil olmasından, qazanılan uğurlardan danışdılar. Hər bir çıxışdan sonra musiqi nömrəsi təqdim olunurdu. 18 Oktyabr Müstəqillik Günü ilə bağlı rayon Mədəniyyət Evinin zalında geniş tədbir keçirildi. 9 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü, 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı konsert proqramı hazırlamışıq.  

 

 

Anar Miriyev  

Palitra.-2012.-7 noyabr.-S.11.