Regionlarda təhsil və tədris prosesi ilə bağlı maarifləndirmə önəmlidir

 

Layihə çərçivəsində Lənkəranda son zamanlarda keçirilən mədəniyyət və maarifləndirmə tədbirləri barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat aldıq.

 

Son dövrlərdə rayonda təhsil sahəsi ilə bağlı maarifləndirmələrə daha çox diqqət yetirilir. Rayonda son zamanlar keçirilən tədbirlər sırasında Heydər Əliyev Mərkəzində “Müəllimlik fəaliyyəti üzrə işə qəbul qaydaları haqqında” maarifləndirici seminar qeyd edilir. Tədbirə rayonda yerləşən ali və orta ixtisas məktəblərinin müəllimləri, KİV nümayəndələri və tələbələr qatılıb: “Seminarda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli bildirib ki, məlum olduğu kimi son vaxtlar müəllimlərin işə qəbulu test imtahanları vasitəsilə keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinə edilən müraciətdən aydın görünür ki, işə düzəlmək istəyən gənclərin əksəriyyəti bu qəbul qaydalarından xəbərsizdir. Seminarın keçirilməsi də işə düzəlmək istəyən gənclər arasında bu istiqamətdə maarifləndirici tədbirlərin gücləndirilməsi zərurətindən irəli gəlib. Seminarda Lənkəran Dövlət Universitetinin magistri və gənc müəllim Seymur Murtuzayev “Müəllimlik fəaliyyəti üzrə işə qəbul qaydaları və real təcrübələr” mövzusunda çıxış edib. Mövzu ilə bağlı iştirakçılara videoçarx nümayiş etdirilib. Seminarda Lənkəran Dövlət Universitetinin, Lənkəran Dövlət Humanitar Kollecinin və sair təhsil müəssisələrinin sonuncu kurs tələbələrini maraqlandıran suallar cavablandırılıb.Bundan başqa son dövrlərdə keçirilən tədbirlər içərisində Heydər Əliyev Mərkəzi, Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər təhsil şöbəsi ilə birlikdə ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə “Milli təhsil sistemində məktəb psixoloqlarının və uşaq birliklərinin rolu” mövzusunda debatı qeyd etmək olar. Qeyd edək ki, bu tədbir də təhsilin inkişafı, uşaqların tədrib prosesində tərbiyəsi  və bu səpkidə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı  rayonda keçirilən mütəmadi müzakirələr sırasında sadalana bilər: “Tədbiri giriş sözü ilə məktəb psixoloqlarının dayaq məntəqəsinin rəhbəri, Lənkəran şəhər 5 saylı tam orta məktəbin psixoloqu Könül Manafova açaraq, ümummilli lider Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərin qorunması, dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi naminə gördüyü işlərdən söhbət açdı. Sonra ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən video-çarx tədbir iştirakçılarına nümayiş etdirilib. Debatda fikir mübadiləsi edən ümumtəhsil orta məktəblərin psixoloqları və uşaq birliyi təşkilatlarının rəhbərləri tərbiyə işinin təşkilində müasir metodlardan istifadə edilməsinin zəruri olmasını bildiriblər. Onlar bu sahədə səmərəli fəaliyyətin qurulması üçün bir koordinasiya şurasının yaradılmasını təklif etdilər. Şuranın tərkibi 5 nəfərdən ibarət fəal psixoloq və uşaq birliyi təşkilat rəhbərlərindən müəyyənləşdirilib. Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov da bu məsələyə öz münasibətini bildirdikdən sonra, Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Quliyev uşaqlarla bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi, hüquqi institusional bazada edilmiş dəyişikliklər haqqında məlumatlar verib. Qanunvericilik sistemində edilən dəyişikliklərin təhsil müəssisələrində tətbiqi üçün psixoloqların və uşaq birliklərinin xüsusi rolu olduğunu qeyd edib. Heydər Əliyev Mərkəzinin direktoru xanım Seyidzadə Cavadova uşaqların tərbiyə edilməsində ümummilli lider Heydər Əliyev irsinin təbliğ edilməsinin vacibliyini vurğulayıb. Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev mərkəzinin elektron kitabxanası, muzeyi və digər bölmələri ilə tanış olublar”.

 Bundan başqa, məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 12 iyul 2011-ci il tarixində başlanılmış İDEA ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyası növbəti ölkəmiqyaslı ekoloji maarifləndirmə layihəsinə start verib. Dördüncü həftənin başlaması ilə təlimçilər artıq 2 rayonda 4 məktəbdə seminar keçiblər. Cənubda öncə Masallı rayonunun məktəblərində şagirdlərlə görüşən təlimçilərin növbəti dayanacaq nöqtəsi Lənkəran şəhəri olub.  Lənkəran şəhər 1 saylı orta məktəbində və 4 saylı hümanitar təmayüllü məktəb-liseydə baş tutan təlimdə şagirdlərə ilkin olaraq ekoloji biliklər verilib. Layihənin əsas məqsədi isə şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin İDEA kampaniyasının regionlarda “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir.

Şagirdlərdə ekoloji yaşıl düşüncənin formalaşdırılması yönümündə aparılan təlim çərçivəsində ətraf mühitin mühafizəsi yönümündə hər bir fərdin bilməli və etməli olduğu vacib öhdəliklər barədə informasiyalar verilib. Ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər yaşıl məsələləri əhatə edən təlim müddətində şagirdlərlə birlikdə müxtəlif ekoloji oyunlar keçirilib. Qeyd edək ki, 20 rayon və şəhəri əhatə edən İDEA ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyasının layihəsi çərçivəsində artıq 17 rayonun 34 məktəbində seminarlar təşkil olunub. Təlimçilər layihə müddətində 6000-dən artıq şagirdlə təmasda olublar.

Xatırladaq ki, hazırda İDEA Beynəlxalq Kampaniyasının MoskvaVilnus şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Ən yaxın zamanda İDEA İstanbulda da nümayəndəliyini açmağı planlaşdırır.Məlumdur ki, dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının 20 ili tamam olur. Əlamətdar yubiley münasibətilə respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənəli bayram şənliyi keçirilib: “Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP-ın məsul işçisi Mirkamal Seyidov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra təşkilatların rəhbərləri Heydər Əliyev Xatirə parkına gələrək ulu öndərin əzəmətli abidəsini ziyarət ediblər, abidənin önünə təzə-tər qərənfillər qoyublar.

Şah Sarayı”nda düzənlənən bayram şənliyinə partiyanın veteranları, ilk təşkilatların sədrləri, üzvləri, fəalları və gənclər dəvət olunublar.

YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov yubiley münasibətilə məruzə edib. Natiq əvvəlcə bütün siyasi həmfikirləri əlamətdar bayram münasibətilə təbrik edib, məruzəsində YAP-ın yaranma tarixindən, partiyanın keçdiyi şərəfli yoldan və ölkəmizin həyatında oynadığı ictimai-siyasi rolun əhəmiyyətindən söz açıb, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyindən, Azərbaycanın dünya dövlətləri sırasında indiki özünəməxsus mövqeyindən və bu sahədə iqtidar partiyasının mövqeyindən ətraflı bəhs edib, Lənkəran şəhər təşkilatının fəaliyyətindən, onun üzvlərinin rayonumuzun ictimai-siyasi həyatında fəal iştirakından danışıb.

YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimov öncə YAP-ın 20-ci ildönümü münasibətilə bütün siyasi həmfikirləri təbrik edib. O, daha sonra YAP-ın ulu öndər Heydər Əliyevin sədrliyi altında ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını xüsusi vurğulayıb, hazırda partiyanın sədri Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsindən söhbət açıb, YAP-ın keşməkeşli bir dövrdə – 1992-ci il noyabrın 21-də 91 nəfər ziyalının Heydər Əliyevə müraciətindən sonra Naxçıvanda yaradılması barədə konkret faktlardan danışıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, ulu öndər Heydər Əliyev YAP-ın təməl daşını qoyub. 2013-cü ildə partiyamız yenidən prezident seçkilərində iştirak edəcək və öz layiqli namizədini – İlham Əliyevi dəstəkləyəcək. YAP daim hakimiyyətdə olacaq, daim qələbə çalacaq. Partiya ilə hakimiyyət həmişə birdirdaim bir məqsədə – xalqın daha firavan yaşamasına, Azərbaycanın daha da çiçəklənməsinə xidmət edir”.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə bütün siyasi həmfikirləri əlamətdar bayram münasibətilə təbrik etdi, YAP-ın tarixi zərurətdən yarandığını və xalqın maraqlarına xidmət göstərdiyini xüsusi vurğulayıb.

Tədbirin rəsmi hissəsindən sonra rayonun incəsənət ustalarının ifasında maraqlı, rəngarəng konsert proqramı nümayiş etdirilib. 

 

 

İlkin AĞAYEV

Palitra.-212.-14 noyabr.-S.11